Məhkəmə qərarları › İş №e-2-2(113)-10623/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-10623/2025

17.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-10623/2025 17.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı alqı-satqı müqaviləsi üzrə borc tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı, malları göndərmə müqaviləsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı alqı-satqı müqaviləsi üzrə borc tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMCdən 10 934,08 manat məbləğində pulun və ödənilmiş 123,00 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixli 119-23 saylı alğı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən, “Satıcı” alıcıya qaimə və ya əlavələrdə göstərilən avtomobil ehtiyat hissələrini satır, “Alıcı” isə həmin malları qəbul edir və razılaşdırılmış müddətlərdə malın haqqını ödəyir. Müqavilənin 2.2.2-ci bəndinə əsasən, alınmış malların dəyəri 7 (yeddi) gün müddətində ödənilməlidir. Elektron qaimə-fakturalardan görünür ki, cavabdehə müqavilə üzrə ƏDV daxil olmaqla 10 934,08 manat məbləğində mal təqdim edilmişdir. Belə ki, malların ƏDV-siz dəyəri 9266,18 manat, ƏDV məbləği isə 1667,90 manatdır. Cavabdeh göstərilən malların dəyərini müqavilədə nəzərdə tutulan müddətdə tam ödəməmiş, nəticədə hazırda 10 934,08 manat məbləğində borc yaranmışdır. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386, 425, 442, 443, 567, 569.1-ci maddələrinə istinad olunmuşdur. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəməyə elektron qaydada ünvanladığı ərizəsində iddia tələbini müdafiə etdiyini və iddianın təmin olunmasını xahiş etdiyini bildirmişdir. Məhkəmənin xx.xx.2026-cı il tarixli iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianı etiraf edərək, iddia tələbini qəbul etdiyini, tərəflər arasında bağlanmış müqavilə üzrə "xxxx" MMC-yə 10934,08 manat məbləğində borcunun qaldığını bildirmişdir. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: "xxxx" MMC ilə Cavabdeh MMC arasında imzalanmış xx.xx.2023-cü il tarixli 119-23 saylı alğı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən Müqaviləyə əsasən “Satıcı” Alıcıya qaimə və ya əlavələrdə göstərilən avtomobil ehtiyat hissələrini satır, “Alıcı” isə həmin malları qəbul edir və razılaşdırılmış müddətlərdə malın haqqını ödəyir. 2.1.1-ci bəndinə əsasən mallarla birlikdə təhvil-təslim sənədləri (qaimə-faktura) verilməlidir. 2.2.2-ci bəndinə əsasən alınmış malların dəyəri 7 gün müddətində ödənməlidir. Bundan başqa Alıcı malların dəyərini avans şəklində ödəyə bilər. 3.1-ci bəndinə əsasən müqavilənin ümumi dəyəri təhvil veriləcək qaimələrin məbləği əsasında tənzimlənir. 3.2-ci bəndinə əsasən ödəniş “Alıcı” tərəfindən köçürmə formasında həyata keçiriləcəkdir. 6.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı gündən qüvvəyə minir və 2023-ci il dekabrın 31-dək qüvvədədir. Müddətin sonunda tərəflərdən birinin yazılı müraciəti olmadığı halda müqavilənin müddəti avtomatik olaraq hər növbəti 1 il müddətinə uzadılmış hesab olunur. İddiaçı tərəfindən cavabdehə EBDZ seriyalı, 301842 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 428.49 manat, EBDY seriyalı, 232529 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 5454.32 manat, MT2401 seriyalı, 00125279 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 3091.9422 manat, MT2403 seriyalı, 00074907 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 240.9324 manat, MT2403 seriyalı, 00317145 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 1718.3986 manat olan elektron qaimə-fakturalar göndərilmişdir. Göndərilən qaimələrin siyahısından görünür ki, elektron qaimə-fakturalar “sistem tərəfindən təsdinlənmiş” statusdadır. Həmçinin iddiaçı tərəfindən cavabdehə MT2403 seriyalı, 00317145 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 262.12 manat, MT2403 seriyalı, 00074907 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 36.75 manat, MT2401 seriyalı, 00125279 nömrəli, xx.xx.2024-cü il tarixli, dəyəri 471.65 manat olan olan elektron qaimə-fakturalar da göndərilmişdir. Yalnız iddiaçı tərəfindən imzalanmış 17 dekabr 2025-ci il tarixli üzləşmə aktına əsasən Cavabdeh MMC-nin həmin tarixə borcu 10 934,08 manat təşkil edir. xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən 123 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 630.1-ci maddəsinə əsasən mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir. 631.1-ci maddəsinə əsasən mal göndərən malları göndərmə müqaviləsində nəzərdə tutulan nəqliyyatla və müqavilədə müəyyənləşdirilmiş şərtlərlə çatdırır. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 52.5-ci madddəsində iddianın cavabdeh tərəfindən etiraf edilməsinin qanuna zidd olduğu və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozduğu təqdirdə məhkəmənin bu hərəkəti qəbul etməməli olduğu qeyd edilmişdir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq müvafiq həcmdə malları təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək aldığı malların dəyərini müəyyən olunmuş müddətdə ödəməmişdir. Cavabdehin iddiaçıya borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla (müqavilə, elektron qaimələr, cavabdehin nümayyəndəsinin etirafı) öz təsdiqini tapmışdır. Cavabdehin nümayəndəsi iddianı qəbul edərək iddiaçıya 10934,08 manat borcu olduğunu etiraf etmişdir. Buna görə də, iddiaçının cavabdehdən Mülki Məcəllənin 637.2-ci maddəsinə əsasən satdığı malların dəyərini tələb etmək hüququ yaranmışdır və onun tələbi haqlıdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, qanunvericilik normalarını, müqavilənin şərtlərini, cavabdehin müqavilə üzrə öhdəliklərini tam icra etmədiyini, yəni təhvil verilmiş malların dəyərindən 10934,08 manat pul məbləğini ödəmədiyini, belə olan halda isə iddiaçının öhdəliyin icrasını, satdığı malların qalan dəyərini tələb etmək hüququna malik olmasını, cavabdeh tərəfin iddianı etiraf etməsini nəzərə alaraq hesab edir ki, iddia təmin olunmalıdır. Çünki cavabdehin nümayəndəsi iddianı etiraf etməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Buna görə də onun iddianı etiraf etməsi məhkəmə tərəfindən təsdiq olunmalı və 10934,08 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa iddia təmin olunduğundan məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 123 manat dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 10934 (on min doqquz yüz otuz dörd) manat 08 (səkkiz) qəpik pul vəsaiti, ödənilmiş 123 (bir yüz iyirmi üç) manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar