Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-107/2023 13.01.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi ilə, Mehdiyeva Hafizə Etibar qızının katibliyi iddiaçının nümayəndəsi Nümayəndə Cavabdeh1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh1, Cavabdeh2 Cavabdeh3nə qarşı kredit borcunun tutulması, tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair iş kommersiya işinə Bakı şəhərindən Bakı Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasınada baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 Cavabdeh3nə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 15 fevral 2018ci il tariхli, 109876-483925/1 nömrəli kredit xətti müqaviləsi üzrə əsas borc – 247654.87 (iki yüz qırx yeddi min altı yüz əlli dörd manat, səksən yeddi qəpik) manat, əsas borca hеsablanmış faiz borcu 111962.57 (bir yüz on bir min doqquz yüz altmış iki manat, əlli yeddi qəpik) manat olmaqla, cəmi 359617.44 (üç yüz əlli doqquz min altı yüz on yeddi manat, qırx dörd qəpik) manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 (on) manat dövlət rüsumu və 30 (otuz) manat xidmət haqqı olmaqla, cəmi 40 (qırx) manat pulun və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 650.59 (altı yüz əlli manat, əlli doqquz qəpik) manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın bank qarşısında ipotеkaya qoyulmuş Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.05769 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 353.05 kv.m-dən ibarət fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin hərracda satılması üçün ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmeti hərracda satıldıqda Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən 0.05769 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 353.05 kv.m-dən ibarət fərdi yaşayış evindən çıxarılması və həmin evin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 15 fevral 2018-ci il tariхli, 109876-483925/1 nömrəli kredit xətti müqaviləsi imzalanmışdır. Bağlanmış kredit xətti müqaviləsinin şərtlərinə görə İddiaçı ASC tərəfindən "xxxx" MMC-yə əsas vəsaitlərin artırılması məqsədilə illik 21 faiz dərəcəsi ilə 42 ay müddətinə 300000 (üç yüz min) manat məbləğində krеdit xətti açılmış və və həmin məbləğ "xxxx" MMC tərəfindən hissə-hissə olaraq götürülmüşdür. Həmin kredit xətti müqaviləsinin təminatı olaraq, Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.05769 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 353.05 kv.m-dən ibarət fərdi yaşayış evi 15 fevral 2018-ci il tariхli, 109876-483925/1 nömrəli ipotеka müqaviləsinə əsasən banka ipotеka qoyulmuşdur. Borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bununla əlaqədar, dəfələrlə yazılı formada xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh bundan heç bir nəticə çıxarmamışdır. Bu halda, bank tərəfindən “İpoteka haqqında” AR-nın Qanununun 36.1-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka predmetinə tutma yönəldilməsi barədə xx.xx.2021-ci il tarixli, 001/007/3340/2021 nömrəli bildiriş ipotekaqoyan Cavabdeh1 xx.xx.2021-ci il tarixdə sifarişli poçt göndərişi üsulu ilə göndərilmişdir. Poçt göndərişi vasitəsilə göndərilmiş həmin bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, yəni xx.xx.2021-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Məhkəməyə müraciət edilməmişdən əvvəl mübahisənin mediasiyada həll edilməsi üçün müvafiq qaydada Bakı şəhəri 4 saylı Mediasiya Təşkilatına müraciət edilmişdir. Bank tərəfindən mediasiya xərci olaraq, 400 manat məbləğində xidmət haqqı ödənilmişdir. Tərəflər mediasiya prosesində iştirak etsələr də, mübahisəni qarşılıqlı razılıqla həll etmək barədə razılığa gəlməmişlər. Bu səbəbdən Bakı şəhəri 4 saylı Mediasiya Təşkilatının mediatoru X1 tərəfindən 24 iyun 2022-ci il tarixli, MŞB/4-01320 nömrəli “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” Arayış verilmişdir. Kredit Müqaviləsi üzrə borclu "xxxx" MMC öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə, İddiaçı ASC-nin ipoteka predmetinə tutmanın yönəldilməsinə başlamaq hüququ yaranmışdır. Bununla bağlı olaraq, qanunvericiliyin tələbinə uyğun ipoteka predmetinə tutmanın yönəldilməsinin tam əsaslı olması qanunvericiliklə bağlı müddəalarda ətraflı qeyd edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, eyni zamanda cavabdehin nümayəndəsi və vəkili tərəfindən iddia tələbinə etiraza münasibətdə qeyd etmişdir ki, tərəflər arasında müqavilə bağlanarkən əmlakın qiyməti 600.000 manat məbləğində müəyyən edilmişdir. Hazırda qiymətləndirici təşkilat tərəfindən əmlakın qiyməti 950.000 manat məbləğində qiymətləndirilmişdir. Bununla belə qarşı tərəfin qeyd etdiyi kimi əmlakın ilkin satış qiymətinin 1.150.000 manat olması əsassızdır. İddiaçının nümayəndəsi tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil məhkəməyə izahatında hesablanmış faiz borcuna etiraz etməmiş, əlavə olaraq qeyd etmişdir ki, iddia tələbi ümumilikdə əsas borc hissəsində 247.654, 87 manat, əsas borca hеsablanmış faiz borcu hissəsində 111.962,57 manat olmaqla, cəmi 359.617,44 manat qeyd olunmuşdur. Cavabdeh ayrı-ayrılıqda 5 dəfə olmaqla ümumilikdə 300.000 manat məbləğində kredit götürüb və bu borcdan 141.367 manat ödəniş edib. Ekspert rəyində 247.000 manat 238.000 manat olaraq göstərilib. Fazilər də həmçinin aşağı göstərilib. Gecikmələr varsa, faizdən deyil əsas borcdan çıxılmalıdır. Əsas borc məbləğindən ümumi ödənilən məbləğ çıxdıqda 158.632,94 manat borc qalmalı idi. Əsas borca nisbətdə qeyd olunan məbləğ tutulmalıdır. Belə ki, cavabdehin ödədiyi ödənişlərin əsas borc üzrə hesablanması lazımdır. İpoteka predmetinin hərracda satılması üçün ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi hissəsində məhkəmənin hansı qiyməti nəzərə alması əsasdır. Belə ki, qiymətləndirmə zamanı 1.150.000 manat bazar qiyməti, 985.000 manat likvid dəyəri qeyd olunmuşdur. İlkin satış qiyməti 1.150.000 manat olmalıdır. İddia tələbinin fərdi yaşayış evindən çıxarılması və həmin evin boşaldılması hissəsi isə əsassızdır. Belə ki, məhkəmə müəyyən edə bilməz ki, ipoteka predmetini hərracdan kim alacaq. Ola bilər ki, ev hərracdan mülkiyyətçi tərəfindən deyil başqa şəxs tərəfindən alındıqda və cavabdehlər evdən çıxmaqda bu zaman bank yeni bir iddia ilə məhkəməyə müraciət edə bilər, lakin bəlkə evi ipoteka qoyan şəxsin özü aldı, məcburi çıxarılması hissəsi əsassızdır. İddia tələbinin qeyd olunan hissədə də məhkəmə tərəfindən təmin edilməməsini xahiş etmişdir. Digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ipoteka predmeti hərracda satıldıqda Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən 0.05769 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 353.05 kv.mdən ibarət fərdi yaşayış evindən çıxarılması və həmin evin boşaldılması hissədə iş üzrə icraata xitam verilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.3, 59.3.1 və 59.3.2-ci maddələrinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. xx.xx.2018-ci il tarixdə isə “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.4-cü maddəsinə dəyişiklik edilmişdir. Həmin maddənin yeni redaksiyasında göstərilmişdir ki, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Göründüyü kimi qanunverici ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin ipoteka qoyulmuş yaşayış sahəsindən çıxarılmasının yeni qaydasını müəyyən etmişdir. Həmin qaydaya görə bunun həyata keçirilməsi üçün ayrıca iddianın qaldırılması və məhkəmə tərəfindən qərarın qəbul edilməsi tələb olunmur. Çünki qanunun imperativ göstərişinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqdan sonra ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Bu baxımdan məhkəmə hesab edir ki, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin ipoteka qoyulmuş yaşayış sahəsindən çıxarılması ilə bağlı ayrıca iddianın irəli sürülməsi və məhkəmə tərəfindən baxılması üçün əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinin tələbinə görə iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən, məhkəmə iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarır. Beləliklə, iddiaçı tərəfindən irəli sürülmüş ipoteka predmeti olan əmlak satıldıqdan sonra cavabdeh yaşayış sahəsindən çıxmadıqda məcburi qaydada çıxarılmaqla əmlakların tam boşaldılması barədə tələbə ayrıca məhkəmə icraatında baxılmadığını nəzərə alaraq və qeyd olunan prosessual hüquq normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, həmin tələblərə aid hissədə iş üzrə icraata xitam verilməli, həmçinin iddiaçıya izah olunmalıdır ki, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı ASC-nin Cavabdeh1, Cavabdeh2 Cavabdeh3nə qarşı kredit borcunun tutulması, tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair ipoteka predmeti hərracda satıldıqda Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən 0.05769 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 353.05 kv.m-dən ibarət fərdi yaşayış evindən çıxarılması və həmin evin boşaldılması hissəsində iddia tələbi üzrə icraata xitam verilsin. İddiaçıya izah olunur ki, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan elektron kabinet vasitəsi ilə Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-107/2023
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-107/2023
13.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver