Məhkəmə qərarları › İş №e-2-2(113)-107/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-107/2025

09.01.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-107/2025 09.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “əmtəə nişanından istifadənin qadağan edilməsi, vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: əqli mülkiyyət hüququ, əmtəə nişanı, maddi və mənəvi zərər) X4 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmtəə nişanından istifadənin qadağan edilməsi, vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" MMC-yə məxsus "xxxx" əmtəə nişanından və həmin əmtəə nişanına oxşadılmış “X6” kombinasiyalı və digər oxşar adlardan istifadənin qadağan edilməsi, ünvan 1 ünvanında vurduğu "xxxx" əmtəə nişanına oxşadılmış “X6” kombinasiyalı reklam lövhəsinin sökülməsi, gələcək də həmin əmtəə nişanı və oxşar adlardan istifadənin qadağan edilməsi, iddiaçıya vurduğu maddi zərərə görə 10000 manat, mənəvi zərərə görə 10000 manatın və ödənilmiş 150 manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı məxsus "xxxx" əmtəə nişanına oxşadılmış “X6” kombinasiyalı addan istifadənin qadağan edilməsi, ünvan 1 ünvanında vurduğu "xxxx" əmtəə nişanına oxşadılmış “X6” kombinasiyalı reklam lövhəsinin sökülməsi, gələcəkdə həmin əmtəə nişanından istifadənin qadağan edilməsi, iddiaçıya vurduğu maddi zərərə görə 10000 manat, mənəvi zərərə görə 10000 manatın və ödənilmiş 150 manat dövlət rüsumunun alınıb İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" əmtəə nişanından qanuni şəkildə istifadə olunur. Lakin, araşdırma zamanı müəyyən olunmuşdur ki, Cavabdeh adlı şəxs ünvan 1 ünvanında "xxxx" əmtəə nişanındakı iki sözün arasına “Vip” sözü əlavə edərək, eyni dekor və eyni mətn dizaynda –“X6” şəklində kimi istifadə olunmaqda, həmin marka adı altında eyni xidmətlər göstərməkdədir. Tərəfin qanunsuz əməli nəticəsində qanuni fəaliyyət göstərən "xxxx" MMC-inin müştəriləri yanlışlıqla digər qanunsuz fəaliyyət göstərən salona müraciət edirlər. Bu da həm "xxxx"-nin imicinə zərər vurur, istehlakçıları aldadır, həm də maddi ziyan vurur. İddia tələbinin maddi hüquqi əsası kimi “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 25, 28, 32-34-cü maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsində göstərilənləri təsdiq edib iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar: İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən təqdim edilən 2020 0416 nömrəli əmtəə nişanı şəhadətnaməsindən məlum olur ki, "xxxx" əmtəə nişanın sahibi İddiaçıdır. Əmtəə nişanının ilkinlik tarixi xx.xx.2019-cu ildir. Əmtəə nişanı xx.xx.2029-cu il tarixinədək qüvvədədir, xx.xx.2020-ci il tarixində dövlət reyestrində qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş 18 oktyabr 2024-cü il tarixli, 4/1399-5/1021 nömrəli ekspert rəyinin nəticəsində qeyd edilmişdir ki, təqdim edilmiş 2020 0416 nömrə ilə qeydiyyata alınmış "xxxx" əmtəə nişanı və “X6” yazıları səsli (fonetik) və məna ifadəli (semantik) əlamətlərinə görə qarışdırılacaq dərəcədə oxşarlıq təşkil edir. 2020 0416 nömrəli nömrə ilə qeydiyyata alınmış "xxxx" əmtəə nişanı “X6” yazıları ilə ümumi görünüşdə oxşarlıq təşkil edirlər. "xxxx" əmtəə nişanı və “X6” yazıları qarışdırılacaq qədər oxşardırlar. İş materiallarına əlavə edilmiş Vergilər Nazirliyi yanında Bakı şəhəri X3 Departamenti tərəfindən verilən arayışda "xxxx" MMC-nin xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək fəaliyyətini dayandıracağı qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş sadələşdirilmiş vergi bəyannaməsində vergi ödəyicisi X1 vergi məlumatları qeyd edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən əmtəə nişanı — sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır (kombinasiyasıdır). 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən qeydə alınan əmtəə nişanlarının və coğrafi göstəricilərin hüquqi mühafizəsi bu Qanunla müəyyənləşdirilmiş qaydalara və nişanların beynəlxalq qeydiyyatına dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə və müqavilələrə uyğun olaraq həyata keçirilir. 21-ci maddəsinin birinci abzasına görə əmtəə nişanının qeydiyyatı iddia sənədinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi quruma verildiyi tarixdən 10 il müddətində qüvvədə olur. Bu müddət nişan sahibinin ərizəsinə əsasən haqq ödənilməklə məhdudiyyət qoyulmadan hər dəfə 10 il müddətinə uzadıla bilər. 25-ci maddəsinin birinci və ikinci abzasına görə əmtəə nişanının qüvvədə olduğu müddətdə nişan sahibinin Azərbaycan Respublikasının ərazisində onun barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır. Qeydiyyata alınmış əmtəə nişanının sahibi razılığı olmadan ona məxsus əmtəə nişanının əhatə etdiyi əmtəə və ya xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətlər üçün eyni və ya oxşar əmtəə nişanından (işarədən) üçüncü şəxsin ticarətdə istifadə etməsinin qarşısını almaqda müstəsna hüquqa malikdir (əgər belə istifadə nəticəsində əmtəə və ya xidmətlərin qarışdırılma ehtimalı yaranırsa). Eyni işarə eyni əmtəə və ya xidmətlərdə istifadə olunduqda qarışdırma ehtimalı yaranmış hesab edilir. 26-cı maddəsinin birini və ikinci abzasına görə əmtəə nişanının və coğrafi göstəricinin, bir qayda olaraq, onların aid edildiyi əmtəələrdə, əmtəə qablarında və göstərilən xidmətlərdə tətbiqi onlardan istifadə sayılır. Onların reklamlarda, mətbu nəşrlərdə, lövhələrdə, Azərbaycan Respublikasında keçirilən sərgilərin və yarmarkaların eksponatlarında və əmtəələrin bazara çıxarılması ilə bağlı digər sənədlərdə tətbiqi də istifadə sayılır. Yuxarıda sadalan hallarda istifadə məqsədilə əmtəənin istehsalı, anbara yığılması, bazara çıxarılması, idxalı, ixracı da nişandan istifadə sayılır. 32-ci maddəsinin birinci abzasına görə bu Qanunun 25-ci və 26-cı maddələrinə uyğun olaraq əmtəə nişanı sahibinin razılığı olmadan ondan istifadə edilməsi qeydə alınmış əmtəə nişanına dair hüquqların pozulması sayılır. 33-cü maddəsinə görə bu Qanunun icrası ilə əlaqədar əmtəə nişanına dair müstəsna hüququn pozulması barədə mübahisəyə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada məhkəmədə baxılır. 34-cü maddəsinə görə əmtəə nişanından və coğrafi göstəricidən qanunsuz olaraq qismən və ya tamamilə istifadə edən hüquq sahibinin tələbi ilə istifadəyə son qoymalı və nişan sahibinə dəyən ziyanı ödəməlidir. Əmtəə nişanları, coğrafi göstəricilər və ya onlara qarışdırılacaq dərəcədə oxşar olan nişanlarla qeyri-qanuni təchiz olunan mallar kontrafakt hesab edilir. Mülki mühakimə icraatı qaydasında mübahisələrə baxarkən, məhkəmə üçüncü tərəflərin qanuni hüquqlarına xələl gətirməmək şərtilə, hüquq pozuntusunun təhlükəlilik dərəcəsindən və miqyasından asılı olaraq kompensasiya ödənilmədən aşağıda göstərilən malların ticarət dövriyyəsindən çıxarılmasına və/və ya sonradan məhvinə dair qərar qəbul edə bilər: a) hüquq pozuntusunun obyekti olan malların; b) gələcəkdə baş verə biləcək hüquq pozuntularının qarşısının alınması məqsədilə bilavasitə kontrafakt malların istehsalında istifadə olunan material və avadanlıqların. “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən əqli mülkiyyət hüquqları - müəlliflik hüququnun obyekti olan əsərlərə, ifalara, fonoqramlara, yayım təşkilatlarının verilişlərinə, inteqral sxem topologiyalarına, məlumat toplularına, folklor nümunələrinə (ənənəvi mədəni nümunələrə), ixtiralara, faydalı modellərə, sənaye nümunələrinə, əmtəə nişanlarına, coğrafi göstəricilərə hüquqlardır. 1.0.2-ci maddəsinə əsasən əqli mülkiyyət hüquqlarının sahibi (hüquq sahibi) - əqli mülkiyyət hüquqlarının məxsus olduğu fiziki və ya hüquqi şəxsdir, o cümlədən folklor nümunələrinə (ənənəvi mədəni nümunələrə) münasibətdə Azərbaycan Respublikasıdır. 1.0.11-ci maddəsinə əsasən kontrafakt məhsul – əmtəə nişanları, coğrafi göstəricilər və ya onları qarışdıracaq dərəcədə oxşar nişanlarla qeyri-qanuni təchiz olunan maldır. 3-cü maddəsinə əsasən əqli mülkiyyət hüquqlarının mülki hüquqi müdafiəsini təmin edən prosedurlar bərabər, ədalətli və sadə olmalı, səmərəsiz ləngimələrə gətirib çıxarmamalı və Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyində nəzərdə tutulan qaydada həyata keçirilməlidir. 7-ci maddəsinə əsasən məhkəmə hüquqpozmaya səbəb olan malların kompensasiya ödənilmədən ticarət şəbəkəsindən çıxarılması, malların hazırlanmasında (istehsalında) istifadə olunan materialların və avadanlıqların istifadəçidən götürülməsi, müsadirə və ya məhv edilməsi barədə qərar çıxarmaq hüququna malikdir. Belə məsələlərə baxılarkən üçüncü şəxslərin qanuni maraqları nəzərə alınmalıdır. 20 mart 1883-cü il tarixli “Sənaye mülkiyyətinin mühafizəsi haqqında” Paris Konvensiyasının(1900-cü il dekabrın 14-də, 1911-ci il iyunun 2-də, 1925-ci il noyabrın 6da, 1934-cü il iyunun 2-də, 1958-ci il oktyabrın 31-də, 1967-ci il iyulun 14-də, 1990-cı il oktyabrın 2-də edilmiş dəyişikliklərlə): 9-cu maddəsinin 1-ci bəndinə əsasən əmtəə nişanı yaxud firma adı ilə qeyri-qanuni təchiz edilmiş hər hansı məhsul, bu məhsul həmin işarə, yaxud firma adının qanuni mühafızə hüququ olan İttifaq ölkəsinə idxal prosesində həbs edilir. 10-cu maddəsinə əsasən bundan qabaqkı maddənin müddəaları məhsulların mənşəi, yaxud istehsalçının, sənayeçinin, yaxud təcirin şəxsiyyətininin həqiqiliyi barədə düzünə, yaxud dolayı yolla yalan göstərişlərdən istifadə edilən halda tətbiq edilir. İstehsalla, hazırlama ilə, yaxud məhsulu satmaqla məşğul olan və fiziki, yaxud hüquqi şəxs olmasından asılı olmayaraq hər hansı istehsalçı, sənayeçi, yaxud tacir yalandan məhsulun mənşə yeri kimi göstərilən yerdə, yaxud bu yerin olduğu rayonda, ya yalandan göstərilən ölkədə, ya da mənşə haqqında yalan göstəriş tətbiq olunan ölkələ məskən salmışsa, maraqlı tərəf hesab olunur. 10bis maddəsinə əsasən İttifaq ölkələri həmin İttifaqda iştirak edən ölkələrin vətəndaşları üçün qeyri-səmimi rəqabətdən təsirli müdafiə təmin etməlidirlər. Sənaye və ticari işlərdə namusldu adətlərə zidd olan rəqabət aktı qeyri-səmimi rəqabət aktı hesab olunur. Məsələn, aşağıdakılar qadağan olunur:

1. müəssisə, məhsullar, yaxud rəqibin sənaye, yaxud ticari fəaliyyət baxımından hər hansı bir üsulla qarışıqlıq yarada bilən fəaliyyətlər;

2. kommersiya fəaliyyətini yerinə yetirərkən müəssisəni, məhsulları, yaxud rəqibin sənaye, yaxud ticarət fəaliyyətini hörmətdən sala bilən uydurma fikirlər;

3. kommersiya fəaliyyətini yerinə yetirərkən əmtəənin xarakteri, hazırlanma qaydası, xüsusiyyətləri, işlətməyə yararlı olması, yaxud miqdarı baxımından cəmiyyəti çaşdıra bilən göstərişlər, yaxud fıkirlərin istifadə edilməsi. 10ter maddəsinə əsasən İttifaq ölkələri İttifaqın başqa ölkələrinin vətəndaşları üçün 9, 10 və 10bıs maddələrində göstərilən fəaliyyətin qarşısını effektli almaq üçün qanuni vasitələr təmin etməyi öhdələrinə götürür. Bundan başqa onlar mövcudluğu ölkələrinin qanunları ilə ziddiyyət təşkil etməyən və marağı olan sənayeçiləri, istehsalçıları, tacirləri təmsil edən ittifaq və birliklər üçün məhkəmə, yaxud inzibati orqanlar vasitəsilə 9, 10 və 10bis maddələrində nəzərdə tutulmuş fəaliyyətlərin baxılan ölkələrin ittifaq və birlikləri üçün mühafizə xahiş edilən ölkənin qanunu çərçivəsində qarşısını almaq üçün tədbirlər görməyi öhdələrinə götürürlər.

Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 4.1 və 5.1-ci maddələrinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcədə maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi Məhkəmə iclasında aparılmış araşdırma nəticəsində tədqiq olunan sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı "xxxx" əmtəə nişanının sahibidir və onun Azərbaycan Respublikasının ərazisində həmin nişan barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır. Cavabdeh iddiaçının razılığı olmadan həmin əmtəə nişanına oxşar “X6” nişanından istifadə etməklə iddiaçının qeydə alınmış əmtəə nişanına dair hüquqlarını pozmuşdur. Bu fakt ekspert rəyi ilə də öz təsdiqini tapmışdır. Buna görə də iddiaçı ona məxsus əmtəə nişanına oxşar əmtəə nişanından cavabdehin istafədə etməsinin qarşısını almaqda müstəsna hüquqa malikdir. Odur ki, iddiaçı özünə məxsus əmtəə nişanından qanunsuz olaraq istifadə edən cavabdehdən həmin nişandan istifadəyə son qoymağı tələb etməkdə haqlıdır. Məhkəmə qanunvericilik normalarını, nişan sahibi olaraq iddiaçının əmtəə nişanına müstəsna hüququnun cavabdeh tərəfindən pozulduğunu, həmin halın ekspert rəyi ilə öz təsdiqni tapdığını, eyni zamanda iddiaçıya məxsus müstəsna hüquqların pozulmasının yuxarıda sadalanan hüquqi aktlarla da öz təsdiqini tapdığını əsas götürərək hesab edir ki, iddia tələbi əmtəə nişanından istifadənin qadağan edilməsi və reklam lövhələrinin sökülməsi hissəsində təmin edilməli və cavabdehə iddiaçıya məxsus "xxxx" əmtəə nişanına oxşadılmış “X6” kombinasiyalı addan istifadə qadağan edilməli, ünvan 1 ünvanında vurduğu "xxxx" əmtəə nişanına oxşadılmış “X6” kombinasiyalı reklam lövhəsi sökülməli, gələcəkdə həmin əmtəə nişanından istifadə qadağan edilməlidir. Eyni zamanda iddiaçı 10000 manat maddi və 10000 manat mənəvi zərərin də ödənilməsini tələb etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı on min manat maddi zərərə məruz qaldığını qeyd etmiş olsa da belə, həmin halı sübut edə bilməmişdir. Beləl ki, iddiaçı iddia tələbində vergi dövriyyəsinin azaldığın qeyd etmiş, bununla bağlı məhkəməyə vergi çıxarışlarını təqdim etmişdir. Bununla belə məhkəmə qeyd edir ki, ümumiyyətlə maddi zərərin vurulması halı o zaman sübuta yetirilmiş hesab edilməlidir ki, törədilmiş əməllə onun nəticəsi arasında hansısa səbəbli əlaqə olsun. Hazırki iş üzrə isə qeyd edilən səbəbli əlaqə öz təsdiqini tapmamış, bununla yanaşı iddiaçının təqdim etdiyi vergi hesabatları ilə bağlı sənədlər onun hansısa maddi zərərə məruz qaldığını demək üçün heç bir əsas vermir. Belə olan halda isə məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən ona 10000 manat maddi ziyan dəyməsi bildirilmiş, lakin buna dair hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. İddiaçının iddia tələbinin qeyd edilən hissəsində sübut olaraq istinad etdiyi sənədləri vrgi hesabından çıxarışlardır ki, həmin hallar da iddiaçının iddia tələbinin əsaslı hesab edilməsi üçün kifayət etmir. Bundan başqa iddiaçı on min manat mənəvi ziyanın ödənilməsini də tələb etmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Konstitusiya Məhkəməsinin göstərilən Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Həmin Qərara əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Göründüyü kimi həmin Qərarda qeyd edilənlər belə bir nəticəyə gəlməyə əsas verir ki, şəxsə yetirilən mənəvi zərərin kompensasiyasından söhbət gedir. Belə olan halda Konstitusiya Məhkəməsi bu cür kompensasiya etməni məhkəmənin mülahizəsinə görə təyin edilməli olmasını müəyyən edir. Bundan əlavə Ali Məhkəmənin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli Qərarının 2-ci bəndində belə bir mövqe əks etdirilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. ... Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. ... Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi, bir qayda olaraq, pulla müəyyən edilir və ödənilir. ... Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. İddiaçı mənəvi zərərin məbləğinin hansı səbəbdən 10000 manat təşkil etməsini, cavabdeh tərəfindən sağlamlığına 10000 manat məbləğində bərpa olunmayan xəsarət yetirilməsini əsaslandırmamış, bununla bağlı məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Belə olan halda isə məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zərərin vurulması hissəsində də sübuta yetirilmədiyindən təmin olunmamalıdır. Qeyd edilənlərdən əlavə məhkəmə MPM-in 119-cu maddəsinə əsasən hesab edir ki, iddia qismən təmin olunduğundan ödənilmiş 150 manat dövlət rüsumunun 100 manatının əvəzi cavabdehdən tutularaq iddiçıya ödənilməli, 300 manat ekspertiza xərci isə cavabdehdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı məxsus "xxxx" əmtəə nişanına oxşadılmış “X6” kombinasiyalı addan istifadə qadağan edilsin, ünvan 1 ünvanında vurduğu "xxxx" əmtəə nişanına oxşadılmış “X6” kombinasiyalı reklam lövhəsi sökülsün, gələcəkdə həmin əmtəə nişanından istifadə qadağan edilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 150 manat dövlət rüsumunun 100 (bir yüz) manatının əvəzi Cavabdeh İddiaçı xeyrinə tutulsun. İş üzrə 300 (üç yüz) manat məhkəmə-ekspertiza xərci Cavabdeh tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar