Məhkəmə qərarları › İş №e-2-2(113)-1075/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1075/2023

17.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1075/2023 17.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, icarə müqaviləsi üzrə öhdəliyin cavabdeh tərəfindən yerinə yetirilməməsi nəticəsində yaranmış cəmi 2.300 manat məbləğində borcun, mediasiya xidməti üçün ödənilmiş 70 manat məbləğin, habelə hüquq və nümayəndəlik xidmətlərinin göstərilməsi üçün çəkilmiş xərclərin əvəzi olaraq 800 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq "X1 Company " MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh 1 mart 2019-cu il tarixində icarə müqaviləsi bağlayıblar. İddiaçı həmin müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdeh müvafiq ödənişləri icra etməyərək Müqavilə üzrə öhdəliklərini pozub. Bundan sonra iddiaçı cavabdehlə əlaqə saxlamaq və ödənişi tələb etmək üçün dəfələrlə cəhd etsə də, bu cəhdlər nəticəsiz qalıb. Borc 2020-ci ilin 1 mart tarixindən 19 mart tarixinədək Müqaviləyə uyğun olaraq hesablanmış icarə haqqı, xidmət haqları və müvafiq vergiləri təşkil edir. Müqavilənin 4.3-cü bəndinə əsasən, aylıq icarə haqqı və xidmət haqları hər aya görə həmin ayın 5-dək İcarəçi tərəfindən İcarəyə verənə ödənilməlidir. Beləliklə, ödəniş üçün son tarix 5 mart 2020-ci il olub. Bu tarixdən artıq 2 ildən çox vaxt keçməsinə baxmayaraq, cavabdeh Müqavilə üzrə lazımi ödənişi etməyib. Cavabdeh Müqavilə üzrə borcunu 25 iyun 2021-ci il (Qoşma 2) və 17 yanvar 2022-ci il (Qoşma 3) tarixlərində imzaladığı qarşılıqlı borcların üzləşdirilməsi barədə aktlarda qəbul etsə də, ödənişin edilməsi üçün zəruri hərəkətləri etməyib. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1075/2023 saylı qərardadı ilə kiçik iddiaya dair kommersiya işi iddia icraatına keçirilmişdir Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli BH020319 saylı icarə müqaviləsi bağlanmışdır. Məhkəmə ilk növbədə qeyd edilmiş müqavilədə “Unique Luxury” sözlərinə nəzər yetirilməsini zəruri hesab edir. Məhkəmə iclasında iddiaçı tərəfindən “Unique Luxury”-nin müqavilənin tərəfi olubolmaması soruşulmuşdur. İddiaçı tərəf “Unique Luxury”–nin brend adı olduğunu və müqavilənin tərəfinin məhz Cavabdeh olduğunu qeyd etmişdir. Məhkəmə qeyd edir ki, xx.xx.2019-cu il tarixli BH020319 saylı icarə müqaviləsinin son səhifəsində “Unique Luxury” adı qeyd edilsə də, müqavilədə qeyd edilmiş ********** saylı VÖEN məhz Cavabdeh məxsusdur. Belə olan halda məhkəmə hesab edir ki, müqavilə münasibətləri məhz İddiaçı MMC ilə Cavabdeh arasında yaranmışdır. xx.xx.2019-cu il tarixli BH020319 saylı icarə müqaviləsinə əsasən icarəyə verən (İddiaçı MMC) ona məxsus Bakı Bulvar Otelində olan ümumi sahəsi 12 m² olan sahəni icarəçiyə (Cavabdeh) verir, icarəçi isə icarə haqqını ödəməyi öhdəsinə götürür. Müqavilənin 4.1-ci bəndinə əsasən aylıq icarə haqqı ilk 3 (üç) ay (mart, aprel, may 2019) 2.500 manat, sonrakı aylarda isə 3.000 manat təşkil edəcəkdir. Müavilənin 4.2-ci bəndinə əsasən aylıq təmizlik 70 manat, aylıq elektrik sərfiyyatı 110 manat təşkil edəcək. Məhkəmə iddia üzrə tələbin qanuni əsası kimi aşağıdakı normaların nəzərdən keçirilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675-ci maddəsinə əsasən Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəyə əsasən İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 700.3-cü maddəyə əsasən Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış icarə müqavilələrindən irəli gəlir. Məhkəmə həmçinin qeyd edir ki, sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəlikləri tam icra etmədiyindən onun icarə haqqını ödəmək vəzifəsi və iddiaçının müqavilə üzrə öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş icarəyə verən tərəfindən təsdiqlənmiş cədvəldən müəyyən olunur ki, 2019-cu ilin mart ayından 2020-ci ilin mart ayına kimi cavabdeh tərəfindən aylıq icarə haqları ödənilmişdir. Bu isə tərəflər arasındakı icarə münasibətlərinin mövcudluğunu təsdiq edir. Hazırda isə iddaçı 2020-ci ilin 1-19 mart ayları üçün icarə haqqını, 2.300 manat məbləği tələb edir. İşdə olan xx.xx.2021-ci il tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktından görünür ki, Cavabdeh İddiaçınə 2.300 manat məbləğində borcunun olduğunu etiraf etmişdir. Bu qeyd edilmiş üzləşmə aktında da, “Unique Luxury” bredinin adına istinad olunsa da, məhz Cavabdeh məxsus olan ********** saylı VÖEN qeyd edilmişdir. İşə əlavə edilmiş digər xx.xx.2022-ci il tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktından görünür ki, Cavabdeh İddiaçınə 2.300 manat məbləğində borcunun olduğunu etiraf etmişdir. Qeyd edilmiş üzləşmə aktını isə Cavabdeh fərdi sahibkar qeydi ilə imzalamışdır. Görünür ki, cavabdehin icarə haqqı üzrə ödənilməmiş 2.300 manat borcu vardır və cavabdeh tərəfindən də, borcun ödənilməsi barədə hər hansı bir sənəd təqdim edilməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.2019-cu il tarixli BH020319 saylı icarə müqaviləsi üzrə 2.300 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddianın mediasiya xərclərinə görə 70 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı MMC tərəfindən Bakı 10 saylı Mediasiya Təşkilatına 60 manat məbləğində pul ödənilmişdir. “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli, 308 saylı qərarına əsasən iddianın qiyməti 1001 manatdan 5000 manatadək olduqda mediasiya xidmətinin göstərilməsinə görə haqq 60 manat müəyyən olunmuşdur. İddianın qiyməti nəzərə alındığında ödənilməli mediasiya xərci 60 manat təşkil edir. Belə olan halda mediasiya xərcinin əvəzi olaraq 60 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddianın 800 manat hüquqi yardım göstərilməsinə dair xərcin tələb edilməsi hissəsində də iddia qismən təmin edilməlidir. Belə ki, Mülki Prossesual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş sənədindən görünür ki, İddiaçı MMC tərəfindən ona hüquqi yardım göstərilməsi üçün fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə hesabına 800 manat məbləğində pul köçürülmüşdür. Məhkəmə iddia tələbinin məbləğini nəzərə aldıqda hesab edir ki, cavabdehdən vəkil xərcinə görə 500 manat məbləğin tutulması daha ağlabatandır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanılmış 01 mart 2019-cu il tarixli BH010319 saylı icarə müqaviləsi üzrə 2.300 (iki min üç yüz) manat məbləğində pul Cavabdeh tutularaq X1 Company” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilsin. Hüquqi yardım göstərilməsinə görə vəkilə ödənilmiş pulun əvəzi olaraq 500 (beş yüz) manat məbləğində pul Cavabdeh tutularaq X1 Company” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 60 (iki yüz) manat məbləğində pul Cavabdeh tutularaq X1 Company” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar