Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1081/2025 28.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi, kreditin müddəti, dəbbə pulu, prosessual maraq) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit razılaşması üzrə 4150,08 manat əsas borc, 217,51 manat faiz borcu, 249 manat cərimə məbləği olmaqla ümumilikdə 4616,59 manat məbləğində pulun və ödənilmiş 66,17 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə bağlanmış xx.xx.2022-ci il tarixli razılaşmaya əsasən Cavabdeh2 30 ay müddətinə illik 21% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 20000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2-ci bəndinə görə kredit, borcalanın ərizəsi əsasında kreditverən tərəfindən borcalanın cari hesabına köçürməklə veriləcəkdir. Kreditin alınma tarixi kreditin borcalanın cari hesabına köçürüldüyü tarix hesab edilir və kredit üzrə faizlər həmin tarixdən etibarən hesablanacaqdır. Həmin tarix ilə razılaşmanın bağlanması tarixi arasında fərq olarsa, bu zaman, kreditin geri qaytarılmalı olduğu sonuncu tarix razılaşmaya əlavə edilmiş ödəniş cədvəlində qeyd edilmiş son ödəniş tarixi ilə müəyyən ediləcəkdir. 2.2. Kredit üzrə öhdəliklərin icrasının təminatı olaraq kimi cavabdehlər Cavabdeh3 və Cavabdeh1 ilə 10FİZAM101108002, 10FİZAM135513001 saylı xx.xx.2022-ci il tarixli zaminlik müqavilələri bağlanmış, sonuncular borcalanın öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərilərinə götürmüşlər. Lakin kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh2 xx.xx.2024-cü il tarixə iddiaçıya 4150,08 manat məbləğində əsas borc, 217,51 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu və 249 manat məbləğində penya olmaqla cəmi 4616,59 manat məbləğində borcu qalmaqdadır. Cavabdehlərə dəfələrlə şifahi və bildirişlə müraciət edilməsinə baxmayaraq, sonuncular kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, müqavilələrdən irəli gələn öhdəlikləri lazımi qaydada icra etməmişlər.
3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 421, 443, 472-ci və maddələri göstərilmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-8836/2024 nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmış, cavabdehlərə iddia ərizəsinə dair yazılı etirazın və etiraza aid sübutların 20 gün ərzində məhkəməyə təqdim edilməsi təklif olunmuşdur.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
6. İddiaçı məhkəməyə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixlərdə ərizələr ünvanlayaraq, məhkəmə iclaslarının iştirakları olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, məhkəmə iddiaçı tərəfin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir.
7. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvana məhkəmə iclaslarının yeri və vaxtı barədə məhkəmə bildirişləri, “SMS” xəbərdarlıq göndərilməklə məlumat verilmiş, lakin cavabdehlər məhkəmənin iclaslarında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxmışdır. III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Kredit müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı
9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
11. İddia ərizəsinə əlavə olunmuş İddiaçı ASC (Kreditverən qismində) ilə Cavabdeh2 (Borcalan qismində) arasında bağlanmış 28 fevral 2022-ci il tarixli kreditin verilməsinə dair razılaşmanın şərtlərindən görünür ki, bu razılaşmanın imzalanması ilə Kreditverən (Bank) 20000 (iyirmi min) AZN məbləğdə və illik faiz dərəcəsi 21 (iyirmi bir) olmaqla, xx.xx.2024 tarixədədək, 0 (sıfır) ay güzəşt müddəti olmaqla dövriyyə vəsaitlərinin artırılması və cari xərclər məqsədli kredit verir, Müştəri (Borcalan) isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə Kreditverənə qaytarmağı öhdəsinə götürür. Kredit üzrə faktiki illik faiz dərəcəsi (FiFD) 21,9 (iyirmi bir tam onda doqquz) %-dir (1-ci bənd). Kredit, Borcalanın ərizəsi əsasında Kreditverən tərəfindən Borcalanın cari hesabına köçürməklə veriləcəkdir. Kreditin alınma tarixi kreditin Borcalanın cari hesabına köçürüldüyü tarix hesab edilir və kredit üzrə faizlər həmin tarixdən etibarən hesablanacaqdır. Həmin tarix ilə bu Razılaşmanın bağlanması tarixi arasında fərq olarsa, bu zaman, kreditin geri qaytarılmalı olduğu sonuncu tarix bu Razılaşmaya əlavə edilmiş ödəniş cədvəlində qeyd edilmiş son ödəniş tarixi ilə müəyyən ediləcəkdir (2-ci bənd). Ödəmə vaxtı çatmış, lakin Borcalan tərəfindən ödənilməmiş kreditin aylıq ödənişinin əsas məbləğinin gecikdirilmiş hissəsi illik 21 (iyirmi bir) %, üstəgəl 5 (beş) % gecikdirmə faizi ilə hesablanır (3-cü bənd). Əsas borc və faizlər, kredit məbləğinin borcalanın cari hesabına köçürüldüyü günündən hesablanmağa başlanacaq və bu Razılaşmanın tərkib hissəsi sayılan, Kreditverən tərəfindən tərtib edilmiş, ödəniş cədvəli üzrə Borcalan tərəfindən ödəniləcək (4-cü bənd). Borcalan bu razılaşmaya əsasən verilmiş kreditin faizləri ilə birlikdə qaytarılmalı olduğu son tarixədək öhdəliklərini icra etmədiyi, yaxud lazımi qaydada icra etmədiyi təqdirdə Kreditverənə gecikdirilmiş borc məbləğinin 40 (qırx) faizi məbləğində cəriməni ödəyir. Qeyd olunanlarla yanaşı Kreditverən dəbbə pulunu yaxud öhdəliyin icra olunmaması nəticəsində dəymiş zərərin ödənilməsinin tələb edilməsini seçmək hüququnu özündə saxlayır (6-cı bənd). Borcalanın bu razılaşmadan irəli gələn öhdəliyinin icrasını təmin etmək məqsədilə Cavabdeh3 İsmayıl oğlu ilə 28 fevral 2022-ci il tarixli 10FİZAM101108002 saylı zaminlik müqaviləsi, Cavabdeh1 Azər oğlu ilə 28 fevral 2022-ci il tarixli 10F1ZAM135513001 saylı zaminlik müqaviləsi bağlanılır. Bu məqsədlə bağlanmış zaminlik müqaviləsi bu razılaşmaya əsasən verilən kreditin faizi ilə birlikdə qaytarılmasına dair öhdəliyin vaxtında və lazımi qaydada icrasının təmin edilməsi üsuludur (11-ci bənd).
12. Məhkəməyə təqdim edilən 28 fevral 2022-ci il tarixli razılaşmaya əlavə olan ödəniş cədvəlindən görünür ki, ilk ödəniş tarixi xx.xx.2022-ci il, sonuncu ödəniş tarixi xx.xx.2024-cü il olmaqla ümumilikdə 20000 manat əsas məbləğ, 5929,24 manat faiz məbləğinin ödənilməsi razılaşdırılmışdır.
13. İş materiallarında olan iddiaçı (Kreditor qismində) ilə Cavabdeh1 (Zamin qismində) arasında bağlanmış xx.xx.2022-ci il tarixli 10FİZAM135513001 nömrəli, Cavabdeh3 (Zamin qismində) arasında bağlanmış xx.xx.2022-ci il tarixli 10FİZAM101108002 nömrəli zaminlik müqavilələrinin şərtlərindən görünür ki, Borclunun Kreditor qarşısında müqavilənin 1.2-ci bəndində göstərilən əsas kredit limiti razılaşması və həmin razılaşmanın ayrılmaz tərkib hissəsi olan kredit razılaşmalardan irəli gələn öhdəliklərin tamamının icra edilməsi üçün Zaminin Kreditor qarşısında birgə məsuliyyətinin əsaslarını müəyyən edir (1.1). Əsas öhdəlik və onun məzmunu: Kreditorun https://www.bankrespublika.az/az/pages/kompleks-bank-xidmeti-muqavilesi_1310 rəsmi saytında PDF və ya ASANDOC formatında yerləşdirilmiş Kompleks Bank Xidmətləri müqaviləsininin şərtlərinin Qoşulma razılaşması imzalamaqla qəbul edilməsi ilə Borclu Cavabdeh2 xx.xx.2022-ci il tarixli razılaşmaya əsasən 20000 (iyirmi min) AZN məbləğində, illik faiz dərəcəsi 21 (iyirmi bir) %-dən artıq olmamaq şərti ilə, 30 (otuz) ay müddətinə verilmiş kredit (1.2). Tələb edilə biləcək borc: 20000 (iyirmi min) AZN kredit, hesablanacaq faiz borcları və kreditin qeyd edilmiş müddətdə geri qaytarılmamasına görə qalıq borcun 40%-i məbləğində cərimədir (1.3).
14. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, xx.xx.2022-ci il tarixli kredit razılaşması üzrə əsas borc 4150,08 manat, faiz borcu 217,51 manat, cərimə borcu 249 manat təşkil edir.
15. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli kredit razılaşmasından irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı 20000 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu dövriyyə vəsaitlərinin artırılması və cari xərclər məqsədi ilə müqavilədə göstərilən şərtlərlə Cavabdeh2 verməyi, cavabdeh isə aldığı pul vəsaitini 21 ay müddətə illik 21 faiz dərəcəsi ilə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin sözügedən krеdit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh3 ilə zaminlik müqavilələri bağlanmış, sonuncular borcalanın iddiaçı qarşısında öhdəliklərini icra etməsi üçün birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Cavabdeh kredit məbləğini təşkil edən 20000 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu əldə etsə də, kredit müqaviləsi üzrə öhdəliklərini icra etməmişdir.
16. İddiaçı xx.xx.2022-ci il tarixli kredit razılaşması üzrə 4150,08 manat əsas borc, 217,51 manat faiz borcu və 249 manat cərimə məbləğinin cavabdehlərdən tutulmasını tələb edir.
17. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına rəğmən iddiaya heç bir etiraz etmir.
18. Məhkəmə cavabdehlərin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
19. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).
20. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.
21. Buna görə də məhkəmə cavabdehlərin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına baxmayaraq, mülki mühakimə icraatında onlardan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqelərini ifadə etməmələrini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.
22. Məhkəmə kredit müqaviləsi üzrə borcun tutulması tələbinə hüquqi qiymət verilməsi üçün əvvəlcə tərəflər arasında bağlanmış kredit müqaviləsinin hüquqi qüvvəsi məsələsinin müqavilə bağlanarkən qüvvədə olan maddi hüquq normaları əsasında şərh edilməsini zəruri sayır.
23. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən (müqavilə bağlanarkən qüvvədə olan redaksiyası) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
24. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
25. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir.
27. X1 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur.
28. Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir.
29. Hazırkı mübahisə üzrə borc verən pula mülkiyyət hüququnu borc alana keçirmək öhdəliyini icra etsə də, borc alan müqavilə üzrə öhdəliyini icra etməyərək aldıqlarını borc verənə qaytarmaq öhdəliyini icra etməmişdir.
30. Məhkəmə iddiaçının tələbini təşkil edən borcun məbləği (annuitet ödənişlər – əsas məbləğ və hesablanmış faizlər) ilə bağlı qeyd edir ki, xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, xx.xx.2022-ci il tarixli kredit razılaşması üzrə əsas borc 4150,08 manat, faiz borcu 217,51 manat, cərimə borcu 249 manat təşkil edir.
31. Hesabdan çıxarışı və ödəniş cədvəlini müqayisəli şəkildə təhlil etdikdə aydın olur ki, xx.xx.2022-ci il tarixli kredit razılaşması üzrə xx.xx.2024-cü il tarixə əsas borc 4150,08 manat, faiz borcu isə 217,51 manat təşkil edir.
32. Məhkəmə dəbbə puluna münasibətdə göstərir ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
33. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
34. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).
35. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl pretenziya məktubu göndərilmiş, cavabdehlərlə mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır. Həmçinin cavabdehlər tərəfindən öhdəlik hissəvi olaraq icra edilməmişdir
36. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları, cavabdehlər tərəfindən öhdəliyin pozulma dərəcəsini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulmalı cərimə məbləğinin 242,62 manat həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir.
37. Beləliklə, xx.xx.2022-ci il tarixli kredit razılaşması üzrə xx.xx.2024-cü il tarixə əsas borc 4150,08 manat, faiz borcu isə 217,51 manat və dəbbə pulu məbləği isə 242,62 manat təşkil edir.
38. Cavabdeh2 məxsus bank hesabından xx.xx.2022 – xx.xx.2025-ci il tarixlərini əhatə edən çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixdən sonra cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə 600 manat ödəniş edilmiş, həmin məbləğdən 3 manat komissiya haqqı kimi çıxılmış, qalan məbləğin 354,38 manatı faiz məbləği, 242,62 manatı cərimə məbləğinə silinmişdir. Beləliklə, cərimə məbləği tam ödənilmiş, faiz borcu üzrə isə maliyyə arayışında qeyd olunan məbləğdən artıq silinmə aparılmışdır.
39. Məhkəmə qeyd edir ki, xx.xx.2022-ci il tarixli kredit razılaşmasının müddəti bitdiyindən, müqavilə müddəti başa çatdıqdan sonrakı dövrə kreditdən istifadəyə görə faiz borcunun hesablanmasının qanuni əsası olmadığından və müddətin sonuna faiz borcu 217,51 manat təşkil etdiyindən faiz borcu üzrə artıq silinmə aparılan 136,87 (354,38- 217,51) manat əsas borca silinməlidir.
40. Belə olan halda yekun olaraq xx.xx.2022-ci il tarixli kredit razılaşması üzrə qalıq borc 4013,21 (4150,08 – 136,87) manat əsas məbləğ təşkil edir.
41. Mülki Məcəllənin 470.1-ci maddəsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
42. Həmin Məcəllənin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.
43. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
44. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
45. Qeyd olunanlara əsasən məhkəmə bu qənaətə gəlir ki, xx.xx.2022-ci il tarixli kredit razılaşması üzrə 4013,21 manat əsas borc cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
b) Məhkəmə xərcləri ilə bağlı
46. İddiaçı eləcə də 66,17 manat dövlət rüsumunun cavabdehlərdən tutulmasını xahiş etmişdir.
47. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, **********80 nömrəli mədaxil qəbzi ilə 66,17 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
48. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
49. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
50. Məhkəmə iddia tələbinin əsaslı olduğunu, iddianın təmin olunmayan hissəsinin cavabdeh tərəfindən məhkəmə icraatının gedişində edilmiş ödənişə əsasən olduğunu nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 66,17 manat pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
V. Nəticə:
51. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit razılaşması üzrə 4013,21 manat əsas borc cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 66,17 manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova