Məhkəmə qərarları › İş №e-2-2(113)-1085/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1085/2024

13.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1085/2024 13.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: maddi zərər, mənəvi zərər) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh MMC -yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında olan Quba şəhəri, 22-ci məhəllə, Heydər Əliyev prospektində yerləşən, ümumi sahəsi 152,3 kv/molan qeyri-yaşayış sahəsinin 75 kv.msahəsinin icarəyə verilməsinə dair 11 oktyabr 2019-cu il tarixli icarə müqaviləsi üzrə 28 noyabr 2022-ci il tarixli ilkin müqavilə üzrə həmin tarixdən 07 fevral 2023-cü il tarixədək 2300 manat, 07 fevral 2023-cü il tarixdən 14 noyabr 2023-cü il tarixədək 2600 manat -28.910 manat vurulmuş maddi ziyan, 210 manat mediasiya xərci və 10.000 manat mənəvi ziyana görə cəmi 39.120 manat pul vəsaitinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Quba şəhəri, 22-ci məhəllə, Heydər Əliyev prospektində yerləşən, ümumi sahəsi 152,3 kv/m olan qeyri-yaşayış sahəsi xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışa əsasən tam mülkiyyət hüququ əsasında ona məxsusdur. Mülkiyyətində olan qeyri-yaşayış sahəsinin 75 kv.m sahəsi tərəfindən cavabdehə icarəyə verilmişdir. Tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş 11 oktyabr 2019-cu il tarixli icarə müqaviləsinin 3-cü bəndinə görə icarə müddəti xx.xx.2020-ci ilədək müəyyən edilir və onun bitməsinə 1(bir) ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha 1 (bir) il müddətinə uzadılmış hesab edilir. İcarə müqaviləsinin 8-ci bəndinə əsasən müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqcadan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilməsi nəzərdə tutulmuşdur. O, bu hüquqdan istifadə edərək icarə müqaviləsinin ləğv edilməsi və icarə obyektinin boşaldılması, eyni zamanda tələbin icra edilməməsinə görə ona vurulan ziyanla bağlı qanunvericiliyə əsasən məsuliyyət daşımaları barədə ekspres poçt vasitəsilə göndərilmiş, cavabdeh tərəfindən xx.xx.2022-ci tarixdə qəbul edilsə də, tələbi yerinə yetirilməmişdir. Bundan sonra, Quba rayon məhkəməsində 11 oktyabr 2019cu il tarixli icarə müqaviləsinə xitam verilməsi, cavabdehin icarəyə verdiyi qeyri-yaşayış sahəsini boşaldıb əvvəlki vəziyyətində ona təhvil verərək oradan çıxarılması, icarə obyektinin vergi qeydiyyatının ləğvi, kassa qeydiyyatının ləğvi, icarə sahəsində olan cavabdehə məxsus dərman və digər tibbi ləvazimatların pərakəndə satış lisenziyasının ləğvi, icarə obyektində olan mühafizə polisi ilə olan müqavilənin ləğv edilməsi, eyni zamanda 07 fevral 2023-cü il tarixdən aylıq 2600 (iki min altı yüz) manat pul vəsaitinin icarə obyektinin boşaldılıb təhvil verilən tarixədək hesablanmaqla ona ödənilməsi üçün cavabdeh üzərinə öhdəlik qoyulması barədə iddia qaldırılmışdır. İddia tələbi təmin edilmədiyi üçün həmin qətnamədən apellyasiya şikayəti verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilərək Quba rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(027)-848/2023 saylı qətnaməsi ləğv edilmiş və işə mahiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh "xxxx" MMC xx.xx.2023-cü il tarixdə icarə obyektini boşaltmışdır. Hazırda icarə müqaviləsi üzrə 28.910 manat cavabdeh tərəfindən mülkiyyətçi İddiaçı ödənilməmişdir. 01 iyul 2021-ci ildən qüvvəyə minmiş “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə həmin Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Bununla əlaqədar Bakı 8 saylı Mediasuya təşkilatına müraciət etsəmdə Cavabdeh MMC İMS da iştirak etməkdən imtina etmiş və ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixdə Arayış verilmişdir. Bundan sonra cavabdehə elektron qaydada xx.xx.2023-cü il tarixdə Pretenziya göndərilmişdir xx.xx.2024-cü il tarixdə iddia ərizəsi göndərilmişdir.

3. Cavabdeh iddia ərizəsinə etiraz edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Etiraz onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixdə iddiaçı və cavabdeh arasında notarial qaydada icarə müqaviləsi bağlanılmışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə Quba rayon Məhkəməsinə müraciət edərək Quba şəhəri, 22-ci məhəllə. Heydər Əliyev prospektində yerləşən, ümumi sahəsi 152,3 kv/m olan qeyri-yaşayış sahəsinə dair 11 oktyabr 2019-cu il tarixli İcarə müqaviləsinə xitam verilməsini, cavabdehə icarəyə verdiyi 75 kv/m qeyri-yaşayış sahəsini boşaldıb əvvəlki vəziyyətində ona təhvil verərək oradan çıxarılmasını, icarə obyektinin vergi qeydiyyatının ləğvi, kassa qeydiyyatının ləğvi, icarə sahəsində olan cavabdehə məxsus dərman və digər tibbi ləvazimatların pərakəndə satış lisenziyasının ləğvi, icarə obyektində olan mühafizə polisi ilə olan müqavilənin ləğv edilməsi, eyni zamanda 28 noyabr 2022-ci il tarixli ilkin müqavilə üzrə həmin tarixdən 07 fevral 2023-cü il tarixdək hər ay 2300 manat, 07 fevral 2023-cü il tarixdən isə aylıq 2600 (iki min altı yüz) manat pul vəsaitinin icarə obyektinin boşaldılıb təhvil verilən tarixədək hesablanmaqla ona ödənilməsi, eyni zamanda sonradan iddia tələbinin artırılması barədə ərizə ilə müraciət edərək mütəxəssis rəyinə çəkilmiş xərc, sağlamlığının pozulması ilə əlaqədar çəkdiyi xəstəxana xərclərinin geri qaytarılması və iddiaçıya dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi üçün cavabdeh üzərinə öhdəlik qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, lakin Quba rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)- 848/2023 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Bundan sonra sözügedən qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)-1568/2023 saylı qərardadının 43,44 və 45-ci bəndlərindən göründüyü üzrə mübahisə məhkəmə tərəfindən kommersiya mübahisəsi hesab olunduğu üçün qətnamə ləğv edilərək aidiyyatı üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(119)-1409/2023 saylı qərardadına əsasən iddiaçı tərəfindən mediasiya sessiyasında iştirakı təsdiq edən sənəd təqdim olunmadığı üçün iddia baxılmamış saxlanılmışdır. Belə ki, iddiaçı tərəfindən verilmiş iddia ərizəsinə etiraz ediri. Belə ki, iddianın əsasının təşkil edən halların sübut edilməsi ilə əlaqədar iddiaçı tərəfindən iddia ərizəsinə heç bir sənəd əlavə edilməmişdir. xx.xx.2023-cü ildə notarial qaydada bağlanılmış müqavilə və həmin müqaviləyə düzəlişə dair əqd uydurma əqddir, yəni etibarsızdır. İddiaçı tərəfindən təqdim edilmiş müqaviləyə düzəlişə dair müqavilədə xx.xx.2022-ci il tarixli İlkin müqaviləyə istinad edilsə də, həmin müqavilənin surəti və ya əsli iddia ərizəsinə qoşma sənədlərə əlavə edilməmişdir. Həmin əqd birmənalı olaraq əhəməyyətsiz əqd hesab olunur və bağlanıldığı andan etibarsızdır. Quba şəhəri, 22-ci məhəllə, Heydər Əliyev prospektində yerləşən, ümumi sahəsi 152,3 kv/m olan qeyri-yaşayış sahəsinin icarə haqqı vergi daxil olmaqla 1163.00 manat olduğu halda ilkin müqavilədə aylıq 2600.00 manat göstərilmişdir. Əsas icarə müqaviləsi üzrə icarə münasibətləri davam etdirilərkən digər şəxslərlə ilkin icarə müqaviləsi bağlamaq və gələcəkdə icarəyə verilib-verilməyəcəyi sual atında olan, icarə münasibətlərinə qanunvericiliyə uyğun qaydada xitam verilib-verilməyəcəyi məluma olmayan əmlak üzrə başqa şəxslər qarşısında öhdəlik götürmək yolu ilə müqavilənin bağlanılması mülki qanunvericiliyə ziddir və etibarsız əqddir. Qüvvədə olan mülki qanunvericiliyin tələblərindən və İddiaçı tələblərindən görünür ki, xx.xx.2023-cü ildə X4 arasında notarial qaydada bağlanılmış ilkin müqaviləyə düzəlişə dair müqavilə, həmçinin ilkin müqavilənin özü, mahiyyət etibarilə sadəcə olaraq Cavabdeh MMC-yə qarşı qanunsuz olaraq maddi ziyan (əldən çıxmış fayda) tələbi irəli sürməkdən ibarətdir. 3. Mühüm məqamlardan biri də budur ki, həmin sahə faktiki olaraq Cavabdeh MMC-nin istifadəsində və sahibliyində olaola, həmçinin notarial qaydada bağlanmış icarə müqaviləsinə qanunvericiliyin tələblərinə əsasən xitam verilmədən, həmin müqavilə üzrə icarə münasibətləri davam edərkən, iddiaçının başqa şəxslərlə yüksək qiymətlərlə ilkin icarə müqaviləsinin bağlaması və buna uyğun olaraq cavabdehdən maddi ziyanın əvəzinin ödənilməsinin tələb etməsi sadəcə cavabdehə qarşı əsassız iddialar irəli sürülməsinə, sübut qismində sayıla bilməyən və mahiyyət etibarilə yekunda heç bir hüquqi nəticəyə səbəb ola bilməyən saxta sübutların əldə edilməsindən ibarətdir və heç bir hüquqi əsası yoxdur. AR Mülki Məcəlləsinin 337.4-ci maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Bütün bunları nəzərə alsaq, həmin əqdin bağlanılması və uydurma əqdlər əsasında cavabdehdən 07 fevral 2023-cü il tarixdək hər ay 2300 manat, 07 fevral 2023-cü il tarixdən isə aylıq 2600 (iki min altı yüz) manat pul vəsaitinin icarə obyektinin boşaldılıb təhvil verilən tarixədək hesablanmaqla iddiaçıya ödənilməsi üçün cavabdehin üzərinə öhdəlik qoyulması qanuni olaraq qəbuledilməzdir və tərəfimizdən rədd edilir. Bundan əlavə cavabdeh tərəfindən iddiaçının sağlamlığının pozulmasına səbəb olan heç bir hüquqa zidd əmələ yol verilmədiyindən mənəvi zərərin əvəzinin ödənilməsi tərəfimizdən qəbul edilməzdir. Eyni zamanda AR Mülki Məcəlləsinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” AR Ali Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarına və bununla bağlı digər qanunvericilik aktlarına əsasən iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirinin olmasını təsdiq edən hər hansı sübut da təqdim olunmamışdır. Belə olduğu təqdirdə cavabdehdən bununla bağlı 10.000 (on min) AZN dəyərində pul məbləğinin tələb edilməsi əsasssız və qanunsuzdur. 6. Yekun olaraq, cavabdeh tərəfindən uydurma əqd əsasında kompensasiya tələb olunduğu tarixdən hazırki tarixədək icarə müqaviləsinin şərtlərinə əməl edilməklə icarə müqaviləsi üzrə icarə haqqı müqaviləyə uyğun qaydada iddiaçıya ödənilmişdir. Son olaraq isə məhkəmənin diqqətinə çatdırmaq istərdik ki, iddianın əsas məqsədi vaxtilə cavabdehin işçisi və xx.xx.2019-cu il tarixli icarə müqaviləsini imzalamış və işdən ayrıldıqdan sonra haqsız rəqabət nəticəsində tək bu iş üzrə deyil, Quba-Xaçmaz ərazisində bir neçə icarəyəverənlə uydurma əqdlər bağlayan X3 dövlətin əsas faəliyyət qollarından biri olan səhiyyə faəliyyətinə maneələr yaratmasından ibarətdir. Sadəcə buna diqqət etməklə bütün bu iddiaların və tələblərin uydurma və yalançı əqdlər əsasında olduğunu anlamaq mümkündür. Məhkəmə təcrübəsinə nəzər salsaq, "xxxx" MMC-nin direktoru X3 Xaçmaz rayonunda yerləşən apteklərdən birinin mülkiyyətçisi ilə bu dəfə fiziki şəxs olaraq deyil qanuni təmsilçisi olduğu hüquqi şəxsin adından icarə haqqı 2000 AZN olduğu təqdirdə, 5500 AZN icarə haqqı üzrə fantastik qiymətlərlə ilkin icarə müqaviləsi bağladığını və Cavabdeh MMC ilə sözügedən mülkiyyətçi arasında bağlanmış icarə müqaviləsinə xitam verilməsinə nail olunmasına çalışıldığını görə bilərik (Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlar qoşma ilə əlavə olunur). Lakin tam, hərtərəfli və obyektiv məhkəmə araşdırmasına nəticəsində Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-4460/2023 saylı qətnaməsi ilə birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməməsi barədə çıxarılmış qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan kassasiya şikayəti verilmiş, kassasiya şikayəti təmin edilməmiş və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-4013/2023 saylı qərarı ilə apellyasiya məhkəməsinin sözügedən qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

5. İddiaçı cavabdeh tərəfindən təqdim edilmiş etiraza da mülahizə təqdim edərək bildirmişdir ki, mülkiyyətimdə olan qeyri-yaşayış sahəsini cavabdeh tələb edilən müddətdə mənə təhvil verməməklə qanunsuz və əsassız istifadə etdiyi 14 noyabr 2023-cü il tarixədək mənə 28.910 manat maddi ziyan və 10.000 manat mənəvi ziyan vurmuşdur. Belə ki, mən icarə obyekti barədə 28 noyabr 2022-ci il tarixdə X4 ilə 72 kv/m sahəni əvvəlcə aylıq 2300 (iki min üç yüz) manat olmaqla (ilkin müqavilə üzrə), daha sonra razılaşma əsasında 07 fevral 2023-cü il tarixli Müqaviləyə düzəlişə dair müqavilə ilə aylıq 2600 (iki min altı yüz) olmaqla icarəyə vermək barədə notarial qaydada müqavilələr bağlamışam.cavabdehin təqsiri üzündən həmin müqavilələrin reallaşması mümkün olmamış və mənə xeyli miqdarda maddi ziyan vurulmuşdur.(müqavilələrin surəti əlavə edilir) Cavabdeh iddia ərizəsinə verdiyi etirazda bildirir ki, xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə icarə haqqları iddiaçıya tam ödənilmişdir. İcarə haqqı 1163 manat olduğu halda icarə obyekti barədə 28 noyabr 2022-ci il tarixdə X4 ilə 72 kv/m sahəni əvvəlcə aylıq 2300 (iki min üç yüz) manat olmaqla (ilkin müqavilə üzrə), daha sonra razılaşma əsasında 07 fevral 2023-cü il tarixli Müqaviləyə düzəlişə dair müqavilə ilə aylıq 2600 (iki min altı yüz) olmaqla icarəyə vermək barədə notarial qaydada müqavilələr guya uydurma əqddir. Lakin cavabden dəqiq bilir ki, mülkiyyətimdə olan icarə obyektinin onunla bağladığım xx.xx.2019-cu il tarixli icarə müqaviləsinin əmlak bazarında faktiki real məbləği 1000 manat deyildir (sonradan 1163 manata qaldırılıb). Göstərilənlərlə yanaşı qeyd lazımdır ki, "Dokta mmc"nin mülahizələrinə görə hər hansı bir vətəndaş adı çəkilən mmc-nin apteklərində satılan dərmanların qiymətlərin heç bir əsas olmadan fantastik qiymətlərə satıldığını ıddia edə bilər. Həmçinin, icarə haqqını fantastik hesab etsə də, keçən ilin mart ayına qədər məndən vaxt istədilər ki, könüllü olaraq çıxsınlar və mənə iki ay 2,0 min manat ödədilər, bir mini hesablaşma hesabıma, digər bir mini isə kartıma yatırdılar. Bu barədə həm bankın aiddiyyatı sənədi, həm də Dokta MMC tərəfindən çıxarış Quba məhkəməsinə təqdım edilmişdir. Bundan başqa, Dokta MMC müqavilənin müddəti başa çatdığına baxmayaraq, yenə də qeyri yaşayış sahəsini boşaltmaq fikrində deyildir və mən artıq aptekin müdirinə suyun, qazın kəsmək məcburiyyətində oluram və bir daha xahiş etdim ki, bu məsələ sivil qaydada həll edilsin. Bundan sonra, Dokta rəsmi olaraq çixaçağını bildirdi və sonradan əldə edilmiş razılığa əsasən axırıncı aya görə yenə 2,0 min manat ödənildi, onun bir minini oktyabr, digər bir minini isə noyabr ayında ödəmişdir (hesabımdan bank çıxarışı əlavə edilir). Yəni, göründüyü kimi, Dokta MMC-nin mövqeyi sərt olaraq qeyri səmimidir. Qeyd etmək istəyirəm ki, yəqin mmc bildərəcəkdir ki, 2,0 min manat vəsait səhv köçürülüb. Lakin, mənə qarşı olan münasibətə baxmayaraq, əvvəlcədən bu belə deyil, çünki, belə olan halda, mmc ona xidmət göstərən bank vasitəsi ilə mənə xidmət göstərən banka "charge back" - yəni, vəsaitin səhv köçürülməsi barədə tələb qoya bilər di, və yaxud, ən azı bu barədə mənə rəsmi müraciət edərdi. İş materiallarında olan "xxxx"MMC-nin 02 may 2023-cü il tarixli rəyi də təsdiq edir ki, icarə obyektinin yerləşdiyi ərazilər üzrə qeyri-yaşayış sahələrinin 1 kv. m orta aylıq icarə dəyəri 35-45 manat təşkil edir. Belə olan halda hesab edirəm ki, mənim icarə obyekti barədə 28 noyabr 2022-ci il tarixdə X4 ilə 72 kv/m sahəni əvvəlcə aylıq 2300 (iki min üç yüz) manat olmaqla (ilkin müqavilə üzrə), daha sonra razılaşma əsasında 07 fevral 2023-cü il tarixli Müqaviləyə düzəlişə dair müqavilə ilə aylıq 2600 (iki min altı yüz) olmaqla icarəyə vermək barədə notarial qaydada müqavilələrin uydurma olması barədə cavabdehin fikirləri tamamilə əsassızdır. Eyni zamanda bildirirəm ki, Cavabdeh MMC-nin təqsirindən məni uzun uzadı məhkəmə çəkişmələrinə məcbur etdiyindən mən mülkiyyətimdə olan icarə obyektini yuxarıda qeyd edilən müddətdə icarəyə götürənə təhvil verə bilmədiyimdən həmin müqavilələr icra olunmamış və mənə xeyli miqdarda maddi ziyan vurulmuşdur. Bundan sonra mən maddi ziyanlarımı ödəmək borclarımı qaytarmaq üçün icarə obyektini tələm-tələsik aylıq icarə haqqı 1600(bir min altı yüz ) manat olmaqla icarəyə vermək barədə 19 dekabr 2023-cü il tarixdə notarial icarə müqaviləsi bağlamışam.

6. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, onun cavabdehə qarşı 28 noyabr 2022-ci il tarixli ilkin müqavilə üzrə həmin tarixdən 07 fevral 2023-cü il tarixədək 3061 manat, 07 fevral 2023-cü il tarixdən 14 noyabr 2023-cü il tarixədək 14400 manat olmaqla, 17061 manat vurulmuş maddi ziyan, 210 manat mediasiya xərci və 10000 manat mənəvi ziyana görə cəmi 27271 manat pul məbləğinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Daha sonra cavabdeh iddia tələbinin həcminin azaldılması barədə ərizəyə etiraz edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixli ilkin müqavilənin 3.2-ci maddəsindən də açıq aydın görünür ki, İddiaçı və X4 arasında əsas müqavilənin bağlanma tarixi xx.xx.2024-cü il olaraq göstərilmişdir. Lakin, iddiaçı həmin müddəti gözləmədən cavabdehə ilkin müqavilənin bağlandığı gün bildiriş göndərməklə icarə sahəsinin boşaldılmasını tələb etmiş, əks təqdirdə iddiaçının özünün 18.02,2024-cü il tarixdə elektron məhkəmə kabineti vasitəsilə məhkəməyə təqdim etdiyi vəsatətlərdə də qeyd etdiyi kimi icarəçinin qeyriqanuni olaraq icarə obyektindəki kommunal xidmətləri kəsməklə və digər yollarla hədəqorxu gəlmiş, bununla Azərbaycan Respublikası Mülki Məcəlləsinin təməl prinsip və müddəaları üzrə pozuntulara yol vermiş və hüquqlarından sui-istifadə etmişdir. Eyni zamanda iş üzrə materiallardan göründüyü kimi ilkin müqavilənin şərtlərinə iddiaçı tərəfindən əməl edilməmiş, xx.xx.2024-cü il tarix gözlənilmədən digər şəxslərlə icarə müqaviləsinin bağlanması cavabdehdən əsassız qaydada pul tələblərinin irəli sürülməsini bir daha sübut edir. Cavabdeh iddiaçı ilə bağlanmış icarə müqaviləsi müddətində icarə müqaviləsinin şərtlərinə əməl etmiş və icarə haqqının tam qaydada icarəyə verənə ödənilməsini sübut edən ödəniş tapşırıqlarım elektron məhkəmə kabineti vasitəsilə məhkəməyə təqdim etmiş və bununla bağlı iddiaçının heç bir etirazı olmamışdır. İddianın əsasının təşkil edən halların sübut edilməsi ilə əlaqədar iddiaçı tərəfindən iddia ərizəsinə heç bir mötəbər sübut əlavə edilməmişdir. xx.xx.2023-cü ildə notarial qaydada bağlanılmış müqavilə və həmin müqaviləyə düzəlişə dair əqd uydurma əqddir, yəni etibarsızdır. Həmin əqd birmənalı olaraq əhəməyyətsiz əqd hesab olunur və bağlanıldığı andan etibarsızdır. Belə ki, əsas icarə müqaviləsi üzrə icarə münasibətləri davam etdirilərkən digər şəxslərlə ilkin icarə müqaviləsi bağlamaq və gələcəkdə icarəyə verilib- verilməyəcəyi sual atında olan, icarə münasibətlərinə qanunvericiliyə uyğun qaydada xitam verilib-verilməyəcəyi məluma olmayan əmlak üzrə başqa şəxslər qarşısında öhdəlik götürmək yolu ilə müqavilənin bağlanılması mülki qanunvericiliyə ziddir və etibarsız əqddir. Qüvvədə olan mülki qanunvericiliyin tələblərindən və İddiaçı tələblərindən görünür ki, xx.xx.2022-ci il və xx.xx.2023-cü ildə X4 arasında notarial qaydada bağlanılmış ilkin müqavilə və ilkin müqaviləyə düzəlişə dair müqavilə mahiyyət etibarilə sadəcə olaraq Cavabdeh MMC-yə qarşı qanunsuz olaraq maddi ziyan (əldən çıxmış fayda) tələbi irəli sürməkdən ibarətdir. Buradan iddiaçının, həmçinin iddianın qaldırılmasının əsasını təşkil edən ilkin müqavilənin digər tərəfi olan X3 əsl niyyətini görmək mümkündür. Məhkəmə tərəfindən işin hallarının tam, obyektiv və hərtərəfli araşdırılması məqsədilə X4 barəsində apellyasiya və kassasiya instansiyası məhkəmələrinin mövqeyini əks etdirən məhkəmə qərarları cavabdehin elektron məhkəmə kabineti vasitəsilə məhkəməyə təqdim edilmişdir. Mühüm məqamlardan biri də budur ki, həmin sahə faktiki olaraq Cavabdeh MMC-nin istifadəsində və sahibliyində ola-ola, həmçinin notarial qaydada bağlanmış icarə müqaviləsinə qanunvericiliyin tələblərinə əsasən xitam verilmədən, həmin müqavilə üzrə icarə münasibətləri davam edərkən, iddiaçının başqa şəxslərlə yüksək qiymətlərlə ilkin icarə müqaviləsinin bağlaması və buna uyğun olaraq cavabdehdən maddi ziyanın əvəzinin ödənilməsinin tələb etməsi sadəcə cavabdehə qarşı əsassız iddialar irəli sürülməsinə, sübut qismində sayıla bilməyən və mahiyyət etibarilə yekunda heç bir hüquqi nəticəyə səbəb ola bilməyən saxta sübutların əldə edilməsindən ibarətdir və heç bir hüquqi əsası yoxdur. Bundan əlavə cavabdeh tərəfindən iddiaçının sağlamlığının pozulmasına səbəb olan heç bir hüquqa zidd əmələ yol verilmədiyindən mənəvi zərərin əvəzinin ödənilməsi tərəfimizdən qəbul edilməzdir. Eyni zamanda AR Mülki Məcəlləsinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” AR Ali Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarına və bununla bağlı digər qanunvericilik aktlarına əsasən iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirinin olmasını təsdiq edən hər hansı sübut da təqdim olunmamışdır. Belə olduğu təqdirdə cavabdehdən bununla bağlı 10.000 (on min) AZN dəyərində pul məbləğinin tələb edilməsi əsasssız və qanunsuzdur. Göründüyü kimi, iddiaçı tərəfindən sözügedən Plenum qərarında qeyd olunan hərəkətlərin cavabdeh tərəfindən yerinə yetirilməsi sübuta yetirilmədiyindən mənəvi zərərin tələb edilməsi heç bir hüquqi əsasa söykənmir. Eyni zamanda, icarəçi AR Mülki Məcəlləsi və AR “İcarə haqqında” Qanunun icarəyəverən tərəfindən pozulması hallarını bildiyi təqdirdə, iddiaçı tərəfindən göndərilmiş bildirişlərə cavab verilməməsi və ya heç bir münasibət bildirilməməsi cavabdehin həmin bildirişlərdə göstərilən hallarla razılaşması və ya həmin bildirişdə digər müqavilə tərəfinin göstərdiyi şərtləri aksept etməsi mənasına gəlməməlidir. AR Mülki Məcəlləsinin 409.3-cü maddəsinə əsasən, əgər bu Məcəllədən, işgüzar adətdən və ya tərəflərin əvvəlki işgüzar münasibətlərindən ayrı qayda irəli gəlmirsə, susmaq aksept sayılmır. Yekun olaraq qeyd edilməlidir ki, X4 ilə bağlanması nəzərdə tutulmuş müqavilənin iddiaçının özü də məhkəməyə bildirdiyi kimi onun ucbatından baş tutmaması və iddiaçıya guya maddi ziyan vurulması nəticələrinin cavabdehdən tələb edilməsi və əlavə olaraq bununla bağlı mənəvi zərərin tələb edilməsi heç bir hüquqi prinsiplərə və qanunvericilik normalarına söykənmir.

II. Tərəflərin mövqeləri:

8. Məhkəmə iclasında iddiaçı iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

9. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

10. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edib yazılı etirazların məzmununa uyğun izahat verib iddianın rədd edilməsini xahiş etdi.

III. Məhkəmə baxışının hədləri:

11. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

12. Azərbayca Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Quba şəhəri, 22-ci məhəllə, H.Əliyev prospekti ünvanında yerləşən qeyriyaşayış sahəsi (152,3 kv.metr) iddiaçının adına xx.xx.2019-ci il tarixdə rəsmiləşdirilmişdir.

13. İddiaçı (birinci tərəf) və cavabdeh (ikinci tərəf) arasında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əsasən iddiaçı Quba şəhəri, 22-ci məhələ, H.Əliyev prospekti ünvanında yerləşən 152,3 kv.m qeyri-yaşayış sahəsinin 75 kv.metr hissəsini cavabdehə icarəyə verməyi öhdəsinə götürür.

14. Müqavilənin 8-ci bəndinə əsasən müqavilənin ləğv edilməsi tərəflərin 1 ay qabaqcadan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir.

15. İddiaçı (birinci tərəf) və cavabdeh (ikinci tərəf) arasında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə xx.xx.2021-ci il tarixli əlavəyə əsasən aylıq icarə haqqının məbləği olan 1000 manat məbləğə dəyişiklik edilərək 1163 manat müəyyən edilmişdir.

16. İddiaçı və X5 arasında bağlanmış 19 dekabr 2023-cü il tarixli icarə müqaviləsinə əsasən icarəyə verən (iddiaçı) Quba şəhəri, 22-ci məhəllə, H.Əliyev prospekti ünvanında yerləşən, ümumi sahəsi 152,3 kv.m olan qeyri-yaşayış sahəsinin tam mülkiyyət hüququ üzrə ona məxsus hissəsini icarəçiyə (R.Ələkbərova) icarəyə verir.

17. Müqavilənin 3-cü bəndinə əsasən icarə müddəti xx.xx.2026-cı ilədək müəyyən edilmişdir.

18. Müqavilənin 5-ci bəndinə əsaəsn icarəyə götürən icarəyə verənə aylıq 1600 manat icarə haqqı ödəyir.

19. İddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixdə xəbərdarlıq göndərilərək, icarə müqaviləsinin müddətinin uzadılmayacağı barədə xəbərdarlıq edilmiş, icarə sahəsinin xx.xx.2023-cü il tarixədək boşaldılması tələb edilmişdir.

20. Cavabdeh tərəfindən iddiaçıya göndərilmiş 13 oktyabr 2023-cü il tarixli 3117- 01/D-2023 saylı məktubdan görünür ki, xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə icarəyə götürülmüş obyektin boşaldılması barədə bildirişə cavab olaraq icarə obyektinini boşaldılması üçün xx.xx.2023-cü il tarixədək möhlət verilməsi xahiş edilmiş, icarə sahəsinin xx.xx.2023-cü il tarixdə icarə obyektinin geri təhvil veriləcəyi göstərilmişdir.

21. Quba rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(027)-848/2023 nömrəli qətnaməsindən görünür ki, iddiaçı X1 Cavabdeh MMC-yə qarşı icarə müqaviləsinə xitam verilməsi, icarə obyektindən çıxarılmağa və maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir.

22. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(105)-1568/2023 saylı qərardadı ilə iddiaçı X1 Cavabdeh MMC-yə qarşı icarə müqaviləsinə xitam verilməsi, icarə obyektindən çıxarılmağa və maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə iddiaçı tərəfəindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(027)-848/2023 saylı qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh MMC-yə qarşı icarə müqaviləsinə xitam verilməsi, icarə obyektindən çıxarılmağa və maddi ziyanın ödənilməsi tələbinə dair iş mahiyyəti üzrə baxılması üçün aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

23. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(119)-1409/2023 saylı qərardadı ilə iddiaçı X1 Cavabdeh MMC-yə qarşı icarə müqaviləsinə xitam verilməsi, icarə obyektindən çıxarılmağa və maddi ziyanın ödənilməsi tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılmışdır.

24. Cavabdehə məxsus hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2019-cu il tarixdə dekabr ayının icarə haqqı olaraq 860 manat, xx.xx.2020ci il tarixdə yanvar ayının icarə haqqı olaraq 860 manat, xx.xx.2020-ci il tarixdə fevral ayının icarə haqqı olaraq 860 manat, xx.xx.2020-ci il tarixdə mart ayının icarə haqqı olaraq 860 manat, xx.xx.2020-ci il tarixdə aprela ayının icarə haqqı olaraq 860 manat, xx.xx.2020ci il tarixdə may ayının icarə haqqı olaraq 860 manat, xx.xx.2020-ci il tarixdə iyun ayının icarə haqqı olaraq 860 manat, xx.xx.2020-ci il tarixdə iyul ayının icarə haqqı olaraq 860 manat, xx.xx.2020-ci il tarixdə avqust ayının icarə haqqı olaraq 860 manat, xx.xx.2020-ci il tarixdə oktyabr ayının icarə haqqı olaraq 860 manat, xx.xx.2020-ci il tarixdə oktyabr ayının icarə haqqı olaraq 860 manat, xx.xx.2020-ci il tarixdə noyabr ayının icarə haqqı olaraq 860 manat, xx.xx.2020-ci il tarixdə dekabr ayının icarə haqqı olaraq 860 manat pul köçürülmüşdür.

25. Cavabdehə məxsus hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2021-ci il tarixdə yanvar ayının icarə haqqı olaraq 860 manat, xx.xx.2021-ci il tarixdə fevral ayının icarə haqqı olaraq 860 manat, xx.xx.2021-ci il tarixdə mart ayının icarə haqqı olaraq 860 manat, xx.xx.2021-ci il tarixdə aprela ayının icarə haqqı olaraq 860 manat, xx.xx.2021-ci il tarixdə may ayının icarə haqqı olaraq 860 manat, xx.xx.2021-ci il tarixdə iyun ayının icarə haqqı olaraq 860 manat, xx.xx.2021-ci il tarixdə iyul ayının icarə haqqı olaraq 860 manat, xx.xx.2021-ci il tarixdə avqust ayının icarə haqqı olaraq 860 manat, xx.xx.2021-ci il tarixdə oktyabr ayının icarə haqqı olaraq 860 manat, xx.xx.2021-ci il tarixdə oktyabr ayının icarə haqqı olaraq 860 manat, xx.xx.2021-ci il tarixdə noyabr ayının icarə haqqı olaraq 860 manat, xx.xx.2021-ci il tarixdə dekabr ayının icarə haqqı olaraq 860 manat pul köçürülmüşdür.

26. Cavabdehə məxsus hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixdə yanvar ayının icarə haqqı olaraq 860 manat, xx.xx.2022-ci il tarixdə fevral ayının icarə haqqı olaraq 860 manat, xx.xx.2022-ci il tarixdə mart ayının icarə haqqı olaraq 860 manat, xx.xx.2022-ci il tarixdə aprela ayının icarə haqqı olaraq 860 manat, xx.xx.2022-ci il tarixdə may ayının icarə haqqı olaraq 860 manat, xx.xx.2022-ci il tarixdə iyun ayının icarə haqqı olaraq 860 manat, xx.xx.2022-ci il tarixdə iyul ayının icarə haqqı olaraq 860 manat, xx.xx.2022-ci il tarixdə avqust ayının icarə haqqı olaraq 1022,79 manat, xx.xx.2022-ci il tarixdə oktyabr ayının icarə haqqı olaraq 1000,18 manat, xx.xx.2022-ci il tarixdə oktyabr ayının icarə haqqı olaraq 1000,18 manat, xx.xx.2022-ci il tarixdə noyabr ayının icarə haqqı olaraq 1000,18 manat, xx.xx.2022-ci il tarixdə dekabr ayının icarə haqqı olaraq 1000,18 manat pul köçürülmüşdür.

27. Cavabdehə məxsus hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixdə yanvar ayının icarə haqqı olaraq 1000,18 manat, xx.xx.2023-cü il tarixdə fevral ayının icarə haqqı olaraq 1000,18 manat, xx.xx.2023-ci il tarixdə mart ayının icarə haqqı olaraq 1000,18 manat, xx.xx.2023-cü il tarixdə aprela ayının icarə haqqı olaraq 1000,18 manat, xx.xx.2023-cü il tarixdə may ayının icarə haqqı olaraq 1000,18 manat, xx.xx.2023-cü il tarixdə iyun ayının icarə haqqı olaraq 1000,18 manat, xx.xx.2023-cü il tarixdə iyul ayının icarə haqqı olaraq 1000,18 manat, xx.xx.2023cü il tarixdə avqust ayının icarə haqqı olaraq 1000,18 manat, xx.xx.2023-cü il tarixdə oktyabr ayının icarə haqqı olaraq 1000,18 manat, xx.xx.2023-cü il tarixdə oktyabr ayının icarə haqqı olaraq 1000,18 manat, xx.xx.2023-cü il tarixdə noyabr ayının icarə haqqı olaraq 1000,18 manat pul köçürülmüşdür.

28. Məhkəmə tərəflərin izahatlarını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

29. Belə ki, iddia tələbi iki hissədən ibarətdir: - maddi ziyanın ödənilməsi; - mənəvi ziyanın ödənilməsi.

30. Məhkəmə iddia tələbinin birinci hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

31. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

32. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

33. Həmin Məcəllənin 697.1-ci maddəsinə əsasən kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Torpaq sahəsinin kirayəçisi kirayəyə götürdüyü torpaq sahəsini kirayəyə verənə qarşı pretenziyaları əsasında saxlamaq hüququna malik deyildir. Kirayəçi əşyanı hər hansı üçüncü şəxsin istifadəsinə verdikdə kirayəyə verən kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra üçüncü şəxsdən həmin əşyanı qaytarmağı tələb edə bilər.

34. Həmin Məcəllənin 705-ci maddəsinə əsasən əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir.

35. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında xx.xx.2019cu il tarixdə icarə müqaviləsi bağlanmış, iddiaçı tərəfindən həmin müqavilənin 8-ci bəndinə əsasən müqavilənin ləğv edilməsi ilə bağlı cavabdehə xəbərdarlıq göndərilmiş, həmin xəbərdarlıq məktubu xx.xx.2022-ci il tarixdə cavabdehə çatdırılmışdır. İcarə sahəsi cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə boşaldılaraq iddiaçıya təhvil verilmiş, həmin tarixə qədər cavabdeh tərəfindən iddiaçıya icarə haqqı ödənilmişdir.

36. İddiaçı icarə sahəsinin vaxtında boşaldılmaması nəticəsində ona maddi zərər dəydiyini iddia edir.

37. İddiaçı tərəfindən təqdim edilmiş iddiaçı (birinci tərəf) və X6 (ikinci tərəf) arasında bağlanmış xx.xx.2022-ci il tarixli ilkin müqaviləyə əsasən ikinci tərəf icarəyə götürəcəyi 72 kv.m olan sahəyə görə aylıq 2300 manata ödəyəcək və ilk 5 ayının icarə haqqının 11500 manatı icarə müqaviləsi bağlandığı anda birinci tərəfə ödəyir.

38. Müqavilənin 3.2-ci bəndinə əsasən birinci tərəf Quba şəhəri, 22-ci məhələ, H.Əliyev prospekti ünvanında yerləşən 72 kv.m qeyri-yaşayış sahəsini hal-hazıradakı icarəçi ilə son haqq hesab bağlandıqdan sonra qeyri-yaşayış sahəsinin ikinci tərəflə icarə müqaviləsi bağlamağı xx.xx.2024-cü il tarixindən öhdəsinə götürür.

39. İddiaçı və X6 arasında bağlanmış 07 fevral 2023-cü il tarixli müqaviləyə düzəlişə dair müqaviləyə əsasən 1.2-ci bəndinə əsasən tərəflərin razılığına əsasən ikinci tərəf icarəyə götürəcəyi 72 kv.m olan sahəyə görə aylıq 2600 manat ödəyəcək və ilk beş ayının icarə haqqı 13000 manatı icarə müqaviləsi bağlandığı anda birinci tərəfə ödəyir.

40. Müqavilənin 1.3-cü bəndinə əsasən hazırki icarəçi rəsmi və qeyri-rəsmi müraciətlərə əsasən qeyri-yaşayış sahəsini boşaltmadığı üçün sahə məhkəmə qaydasında boşaltdırılıb müqavilə tərəfinə təqdim edilir.

41. Belə ki, iddiaçı müqavilənin ləğvi ilə bağlı bildiriş cavabdehə çatdırılmadan (bildiriş cavabdehə xx.xx.2022-ci il tarixdə təqdim edilmişdir), habelə müqavilənin ləğvi ilə bağlı bir aylıq xəbərdarlıq müddəti gözlənilmədən həmin icarə sahəsinə dair X6 ilə xx.xx.2022-ci il tarixdə ilkin müqavilə bağlamış, icarə sahəsi boşaldıldıqdan sonra həmin sahəyə dair B.Piriyevlə deyil (halbuki ilkin müqavilədə icarə müqaviləsinin bağlanması ilə bağlı öhdəliyin xx.xx.2024-cü il tarixindən olması göstərilmişdir), X5 ilə 19 dekabr 2023-cü il tarixdə icarə müqaviləsi bağlanaraq qeyri-yaşayış sahəsi sonuncunun sahiblik və istifadəsinə verilmiş, X6 tərəfindən iddiaçıya hər hansı vəsait ödənilməmiş, əsas müqavilənin bağlanması ilə bağlı təklif göndərilməmişdir.

42. Beləliklə də, cavabdeh tərəfindən qeyri-yaşayış sahəsinin vaxtında boşaldılmaması ilə bağlı onun tərəfindən cavabdehə hər hansı ziyanın vurulması, habelə zərərin mövcudluğu faktı məhkəmə tərəfindən müəyyən edilməmişdir.

43. Belə ki, Mülki Məcəllənin 402.1-ci maddəsinə əsasən ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər.

44. Həmin Məcəllənin 402.4-cü maddəsinə əsasən ilkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır.

45. Həmin Məcəllənin 402.5-ci maddəsinə əsasən əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir.

46. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

47. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

48. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir.

49. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.

50. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablaşmalarla, sübutlarla (smeta, kalkulyasiya və s.) təsdiq olunmalıdır.

51. Bundan əlavə, məlum olduğu kimi, Mülki Məcəllə zərər vurulmasını öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi təsbit edir (m. 386.1).

52. Mülki Məcəllə daha sonra mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (m. 1096 və 1097). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün (1) zərərin özünün varlığı, (2) zərər vuranın təqsirli (təqsirsiz məsuliyyət halları istisna olmaqla) və (3) hüquqa zidd əməli, (4) əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur.

53. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

54. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

55. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

56. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsi barədə tələblə məhkəməyə müraciət edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir.

57. Belə ki, ziyanın ödənilməsi ilə bağlı tələb öncə həmin ziyanı onu vuran şəxsə aid edilməsini nəzərdə tutur.

58. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

59. Həmin Məcəllənin 78.1-ci maddəsinə müvafiq olaraq sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

60. “Məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər”. (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2021-ci il 14 aprel tarixli Qərarı).

61. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq cavabdehin vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün onun iddiaçıya cavabdehə birbaşa və ya zərər vurulması ilə nəticələnən hüquqa zidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur.

62. Hazırkı halda iddiaçı cavabdehin təqsiri nəticəsində ona maddi zərər vurulduğunu iddia etsə də, MM-in 21-ci maddələrində göstərilən halların mövcudluğunu əsaslandıra bilməmiş, ona ziyan vurulması faktı və dəymiş zərər barədə məhkəməyə müvafiq sübutları təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsassızdır və təmin edilməməlidir.

63. Belə ki, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində ona dəymiş mənəvi ziyanın əvəzi olaraq 10000 manat pulun ödənilməsini də tələb etmişdir.

64. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

65. Belə ki, 10000 manat mənəvi ziyanın tutulması hissəsində iddiaçı tələbini əsaslandıra və bununla bağlı hər hansı mötəbər sübutlar təqdim edə bilmədiyindən, habelə iddia tələbinin həmin hissədə təmin edilməsi üçün əsaslar müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, mənəvi zərər barədə iddia tələbi də təmin edilməməlidir.

66. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir.

67. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

68. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iş üzrə ödənilmiş 210 manat mediasiya xərci iddiaçının özünə aid edilməlidir. V. Nəticə:

41. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, Məhkəmə

Q Ə T E T D İ:

İddiaçı Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 210 (iki yüz on) manat mediasiyaya dair xərc İddiaçı özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar