Məhkəmə qərarları › İş №e-2-2(113)-1087/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1087/2025

12.01.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1087/2025 12.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: sığorta müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Heydərova Mülayim Akif qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı "xxxx"xxxx"xxxx" ASC-yə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-dən 4.253 manat pulun, onun ödənilməsini gecikdirdiyinə görə 2.083,97 manat pulun və dövlət rüsumu olaraq ödənilən 84 manatın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-yə məxsus olan Lexus markalı ** AY *** dövlət qeydiyyat nişanlı avtomobil və cavabdehin yəni "xxxx" ASC şirkətində icbari sığortalanan Qazel markalı 10 HH160 dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə 21 avqust 2024-cü il tarixində yol nəqliyyat hadisəsi baş vermişdir. xx.xx.2024-cü il "xxxx" MMCyə məxsus olan Lexus markalı 10AY028 dövlət qeydiyyat nişanlı avtomobil və "xxxx" ASC şirkətində sığortalanan Qazel markalı, 10HH160 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" ASC şirkətində sığortalanan Qazel markalı 10HH160 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. “Toyota Bakı Mərkəzi “ MMC tərəfindən xx.xx.2024-cü il tarixli Qiymətləndirmə Aktı tərtib edilmiş və Lexus markalı 10 AY028 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər yekun olaraq 4735 manat endirimli qiymətlə birlikdə yekun ödəniləcək məbləğ 4025 manat müəyyən edilmişdir. Tərəfimizdən yuxarıda qeyd olunan zərər aktı yəni "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixli Qiymətləndirmə Aktı barədə "xxxx" ASC ya məlumat verilmiş lakin "xxxx" ASC tərəfindən qiymətləndirilməsi düzgün şəkildə aparılmamış, "xxxx" MMC tərəfindən tərtib edilən qiymətləndirmə aktı nəzərə alınmamış, cavabdeh tərəfindən xx.xx.2024-cü tarixə aid zərər aktı tərtib edilmiş və "xxxx" MMC-yə məxsus olan Lexus markalı ** AY *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərəri dəyərindən dəfələrlə aşağı 850 manat məbləğində qiymətləndirmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.

4. Məhkəmə iclasında iştirak edən "xxxx" ASC-nin nümayəndəsi X2 iddiaya etiraz edərək, rədd edilməsini məhkəmədən xahiş etdi.

III. Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

6. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. - 922.1-ci maddəsinə əsasan sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. - 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. - 922.3-cü maddəsinə əsasən sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır. - 926.1-ci maddəsinə sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. - 934.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

7. İcbari sığortalar haqqında Qanun:

- 13.1-ci maddəsinə əsasən icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır - 13.2-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

8. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.

9. İşin mübahisəsiz halı ondan ibarətdir ki, xx.xx.2024-cü il tarixində “Atəşgah Siğorta Şirkəti“ ASC tərəfindən siğortalanan “Qazel” markalı, 10HH160 dövlət qeydiyyat nişanlı, avtobusun sürücüsünün təqsirli olduğu yol nəqliyyat hadisəsi baş vermiş və nəticədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Lexus markalı, ** AY *** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymişdir.

10. İşin digər mübahisəsiz halı ondan ibarətdir ki, məhkəmə iclasında iştirak edən cavabdehin nümayədəsi sığorta hadisəsinin baş verməsini qəbul etmiş və mübahisənin məbləğlə bağlı olduğunu qeyd etmişdir.

11. Göründüyü kimi, işin mübahisələndirilən halı ancaq dəymiş ziyanın məbləği yəni, sığorta ödənişinin məbləği ilə bağlıdır.

12. İddiaçı tərəf 4.253 manat məbləğində zərər dəydiyini bildirir.

13. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi 850 manat məbləğində siğorta ödənişini verməyə razı olduqlarını bildirmişdir.

14. Belə olan halda, Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin həlli baxımından müəyyən edilməli olan məqam LEXUS markalı ** AY *** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün nə qədər vəsait tələb olunmasıdır.

15. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasına "xxxx" MMC tərəfindən verilən xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus buraxılış ili 2023-cü il olan Lexus LX 600 minik markalı, ** AY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın təmiri üçün çəkiləcək xərcin dəyəri 4.900 manat təşkil edir.

16. Daha sonra cavabdeh məhkəməyə vəsatət göndərərək, “Lexus” markalı, ** AY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəyən zərərin müəyyənləşdirilməsi üçün əlavə ekspertiza təyin edilməsini xahiş etmişdir.

17. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasına "xxxx" MMC tərəfindən verilən xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus buraxılış ili 2023-cü il olan Lexus LX 600 minik markalı, ** AY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın bərpa dəyəri 4.253 manat təşkil edir.

18. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi ekspert rəyi ilə razı olduğunu bildirdi.

19. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi rəyə etiraz etsə də, əksini sübut edə biləcək dəlilləri məhkəməyə təqdim etməmişdir.

20. Qeyd olunanları və ekspert rəyinə əsasən avtonəqliyyat vasitəsinə dəymiş zərərin məbləğinin 4.253 manat təşkil etdiyini nəzərə alaraq hesab edir ki, iddia 4.253 manat məbləğində pulun tələb edilməsi hissəsində əsaslıdır və 4.253 manat məbləğində pul Cavabdeh Siğorta Şirkəti Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilməlidir.

21. Məhkəmə 2.083,97 manat məbləğində dəbbə pulunun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.

22. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

23. Hazırda Məhkəmə tərəfindən tutulan məbləğlə Məhkəməyədək cavabdeh razı olmamış və sığorta ödənişinin verilməsini gecikdirmişdir.

24. Hazırkı işin hallarından görünür ki, 4.253 manat sığorta ödənişinə münasibətdə 200 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir

25. Bundan əlavə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 64,53 manat məbləğində pul da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

26. Belə olan halda məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. Nəticə:

27. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. 4.253 (dörd min iki yüz əlli üç) manat məbləğində siğorta ödənişi və 200 (iki yüz) manat məbləğində dəbbə pulu olmaqla, ümumilikdə 4.453 (dörd min dörd yüz əlli üç) manat məbləğində pul Cavabdeh Siğorta Şirkəti Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 64 (altmış dörd) manat 53 (əlli üç) qəpik məbləğində pul Cavabdeh Siğorta Şirkəti Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar