Məhkəmə qərarları › İş №e-2-2(113)-109/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-109/2023

19.05.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-109/2023 19.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı müqaviləyə xitam verilməsi, nəqliyyat vasitəsinin qaytarılması və borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi üzrə pul tələbi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı müqaviləyə xitam verilməsi, nəqliyyat vasitəsinin qaytarılması və borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış 06/2945/DLİZ nömrəli xx.xx.2020-ci il tarixli X1 Müqaviləsinin xitam edilməsi, İddiaçı MMCyə məxsus “KİA” minik markalı **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehdən alınaraq öz mülkiyyətçisinə qaytarılması, İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış 06/2945/DLİZ nömrəli xx.xx.2020-ci il nömrəli X1 Müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə yaranmış 14574.19 manat əsas borc, 5009.47 manat mükafat borcu 88.58 cərimə faizi cəmi: 19672.24 manat lizinqi borcu məbləğinin, iddiaçı tərərəfindən ödənilmiş 200 manat ilkin mediasiya prosesində iştirak üçün ödənilmiş xərcin əvəzi cavabdeh "xxxx" MMC -dən və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixdə 06/2945/DLİZ nömrəli X1 Müqaviləsinə əsasən İddiaçı MMC təsviri bu müqavilədə göstərilən 1 (bir) ədəd, 2012-ci il buraxlışı olan, “Kia Optima” markalı, mühərrik 5XXGN4A6XCG064866 nəqliyyat vasitəsini Cavabdeh2 MMC-nin istifadəsinə vermişdir. Müqavilənin təminatı olaraq xx.xx.2020-ci il tarixdə 06/2945/DLİZ nömrəli zaminlik müqaviləsi Cavabdeh1 ilə rəsimləşdirilmişdir. Cavabdeh2 MMC sözügedən müqavilənin 9.4 bəndinə əsasən Lizinq alanın “Lizinq verən”ə ödəməli olduğu lizinq ödənişlərinin ümumi dəyəri 22297 (iyirmi iki min iki yüz doxsan yeddi) manat təşkil edir. Bu ümumi məbləğdən 6297 (altı min iki yüz doxsan yeddi) manat “lizinq verən”nin mükafatını təşkil edir. Tərəflərin razılığı əsasında bu müqaviləyə uyğun olaraq tərtib edilmiş ödəniş qrafikində nəzərdə tutulan qaydada həyata keçirilməlidir. Hər-ay 619.36 (altı yüz on doqquz otuz altı) manat ödəniş etməlidir. Lizinq müqaviləsi üzrə illik faiz dərəcəsi 23 (iyirmi üç) % olmaqla 36 (otuz altı) ay müddətinə verilmişdir. Cavabdeh müqaviləsinə əlavə edilmiş Lizinq ödənişləri cədvəlində göstərilmiş aylar üzrə ödənişlərini aparmalı olduğu halda, müqavilənin şərtlərini pozaraq öhdəliklərini icra etməmişdir. Belə ki, cavabdeh xx.xx.2020-ci il tarixdən etibarən hər ay 619.36 manat olmaqla ödəniş etməli olduğu təqdirdə xx.xx.2021-ci il tarixdən sonra heç-bir ödəniş etməmişdir. Cavabdeh etibarnamə əsasında idarə etdiyi **-PX-*** dövlət qeydiyyat nişanlı “Kia Optima” avtomobilini etibarnamə olmadan idarə edərək özündə saxlamaqdadır.

3. İddia ərizəsində iddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 386.1, 747,748 və s. maddələri göstərilmişdir.

II. Tərəflərin mövqeləri:

4. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

- 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

7. Məhkəmə qeyd edir ki, lizinq ödənişləri üzrə yaranmış borcun ödənilməsi tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 747.1, 748-1.12, 748-1.12.4-cü maddələri nəzərdən keçirilə bilər.

8. Həmin maddələrdə göstərilmişdir ki, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur (maddə 747.1).

9. Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır (maddə 748-1.12. və 748-1.12.4).

V. Məhkəmənin mövqeyi:

10. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd olunmalıdır.

11. Məhkəmə hesab edir ki, ilk növbədə iddiaçının hazırkı iddianı məhkəməyə təqdim etməyə dair subyektiv hüququnun olub-olmaması araşdırılmalıdır. Belə ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.

12. Məhkəmə qeyd edir ki, hər hansı hüquq münasibətləri subyektlərinin hüquq və vəzifələri qiymətləndirilərkən həmin münasibətlərin məzmunu təhlil edilməli və subyektin prosessual münasibətlərdə mövcudluğu və bununla əlaqəli subyektiv hüququ və prosessual imkanları araşdırılmalıdır. Subyektiv hüquq – şəxsin qanunvericiliklə təmin olunan, onun maraqlarının qorunmasına yönələn mümkün davranış qaydasıdır.

13. Konstitusiya Məhkəməsinin Plenumunun S.Ələkbərovanın şikayəti üzrə 03 iyul 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz..

14. İş materiallarından da, göründüyü kimi xx.xx.2020-ci il tarixli 06/2945/DLİZ saylı Daxili maliyyə Liziniq müqaviləsi "xxxx" MMC ilə Cavabdeh2 MMC arasında imzalanmışdır.

15. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli 06/2945/DLİZ saylı zaminlik müqaviləsi də, "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmışdır.

16. İddiaçı MMC iddia tələbində də məhz xx.xx.2020-ci il tarixli 06/2945/DLİZ saylı daxili maliyə lizinqi müqaviləsinin xitam edilməsini, həmin müqavilə üzrə avtomobilin qaytarılmasını və borcun ödənilməsini tələb edir.

17. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbinin faktiki əsasını təşkil edən müqavilə onunla deyil, "xxxx" MMC ilə Cavabdeh2 MMC arasında bağlanmışdır.

18. "xxxx" MMC (**********) və İddiaçı MMC (**********) müstəqil VÖEN-ə malik olan hüquqi şəxslərdir.

19. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında ümumiyyətlə hər hansı bir müqavilə münasibətləri mövcud deyildir.

20. Ona görə də, cavabdehlərlə "xxxx" MMC arasında bağlanmış olan müqavilələrə istinad edərək, iddia irəli sürməyə subyektiv hüququ yoxdur.

21. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

22. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı Cavabdeh2nə və Cavabdeh1 qarşı müqaviləyə xitam verilməsi, nəqliyyat vasitəsinin qaytarılması və borcun ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 manat məbləğində pul İddiaçındən tutularaq AZ41NABZ******************** hesabı üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar