Məhkəmə qərarları › İş №e-2-2(113)-1090/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1090/2024

21.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1090/2024 21.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “Azerconnect MMC-nin Cavabdeh qarşı “pulun geri qaytarılması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı “Azerconnect MMC-nin nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, İddiaçı “Azerconnect MMC-nin Cavabdeh qarşı “pulun geri qaytarılması” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı “Azerconnect MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2.472,46 (iki min dörd yüz yetmiş iki manat 46 qəpik) manat artıq ödənilmiş icarə haqqının və ödənilmiş 60 (altmış) manat mediasiya xərcinin tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında illik icarə haqqı vergilər xaric olmaqla 3000 (üç min) manat olan xx.xx.2016-cı il tarixli icarə müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti, 2 yerləşən 10 kv.m qeyri-yaşayış sahəsi mobil baza stansiyasının quraşdırılması üçün İddiaçı MMC-nin istifadəsinə verilmişdir. Həmin müqaviləyə 17 dekabr 2017-ci il tarixdə 1 saylı düzəliş edilərək illik icarə haqqı 4500 (dörd min beş yüz) manat müəyyən edilmişdir. Müqaviləyə 24 dekabr 2018-ci il tarixdə 2 saylı düzəliş edilərək illik icarə haqqı 5000 (beş min) manat müəyyən edilmişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə cavabdehə birillik icarə haqqı ödənilmişdir. Bildiririk ki, tərəflərin qarşılıqlı razılığı ilə 18 avqust 2023-cü il tarixdə mobil baza stansiyası icarə obyektindən götürülmüş və icarə obyekti cavabdehə təhvil verilmişdir. Bununla bağlı iddiaçı tərəfindən cavabdehə bildiriş göndərilmişdir. Bundan əlavə ödənilmiş icarə haqqının icarə obyektinin sizə təhvil verdiyi gündən sonrakı günlər üçün qalıq hissəsi, yəni 2472,46 manat (4986/365=13.66 (1 gün) X 181 gün=2472,46) cəmiyyətimizə geri qaytarılmalıdır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçı “Azerconnect MMC-nin nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddiaya etiraz edərək rədd edilməsini məhkəmədən xahiş etdi.

III. Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

6. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 675-ci maddəsinə əsasən Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 697.3-cü maddəsinə əsasən kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəyə verən hər hansı müddət üçün qabaqcadan verilmiş kirayə haqqını qaytarmalıdır. 700.1-ci maddəsinə əsasən İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3-cü maddəsinə əsasən Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

7. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

8. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.

9. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, Cavabdeh (icarəyə verən) ilə “Azerconnect MMC (icarəçi) arasında xx.xx.2016-cı il tarixdə icarə müqaviləsi bağlanmışdır.

10. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən İcarəyə verən Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi mobil telefon rabitəsinə aid texnoloji avadanlığın yerləşdirilməsi üçün ümumi sahəsi 10 kv.m. olan icarə obyektini icarəçinin istifadəsinə verir.

11. Müqavilənin 3.1-ci bəndinə əsasən illik icarə haqqı 3000 (üç min, vergilər daxil deyil) manat təşkil edir. Ödəniş xx.xx.2017-ci il tarixdən etibarən hesablanır.

12. 17.10.2017-ci il tarixli 1 saylı düzəliş ilə İddiaçı MMC və Cavabdeh arasında bağlanmış 01 dekabr 2016-cı il tarixli icarə müqaviləsinə aşağıdakı dəyişikliklər edilmişdir: Müqavilənin 1.1-ci bəndi dəyişdirilərək aşağıdakı redaksiyada verilmişdir: - Hazırki müqaviləyə əsasən İcarəyə verən Bakı şəhəri. Səbail rayonu, Bülbül prospekti 2 ünvanda yerləşən sahədə mobil telefon rabitəsinə aid texnoloji avadanlığın yerləşdirilməsi üçün ümumi sahəsi 15 kv.m. olan icarə obyektini İcarəçiyə icarəyə verir. Müqavilənin 3.1-ci bəndi dəyişdirilərək aşadakı redaksiyada verilsin: - illik icarə haqqı 4500 (dörd min beş yüz, vergilər daxil deyil) manat təşkil edir. Ödəniş xx.xx.2018-ci il tarixdən etibarən hesablanır.

13. 24.12.2018-ci il tarixli 2 saylı düzəliş ilə İddiaçı MMC və Cavabdeh arasında bağlanmış 01 dekabr 2016-cı il tarixli icarə müqaviləsinə aşağıdakı dəyişikliklər edilmişdir: Müqavilənin 1.1-ci bəndi dəyişdirilərək aşağıdakı redaksiyada verilsin: - Hazırki müqaviləyə əsasən İcarəyə verən Bakı şəhəri. Səbail rayonu, Bülbül prospekti 2 ünvanda yerləşən sahədə mobil telefon rabitəsinə aid texnoloji avadanlığın yerləşdirilməsi üçün ümumi sahəsi 20 kv.m. olan icarə obyektini İcarəçiyə icarəyə verir. Müqavilənin 3.1-ci bəndi dəyişdirilərək aşadakı redaksiyada verilsin: - illik icarə haqqı 5000 (beş min, vergilər daxil deyil) manat təşkil edir. Ödəniş xx.xx.2019-cu il tarixdən etibarən hesablanır.

14. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli 1024 saylı ödəniş tapşırığından məlum olur ki, İddiaçı MMC tərəfindən Cavabdeh xx.xx.2023-xx.xx.2024-cü il tarixləri üzrə 4.986,30 manat məbləğində ödəniş edilmişdir.

15. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli İddiaçı MMC-nin rəhbərliyə ünvanlanmış məktubda Cavabdeh, Bakı şəhəri, Səbail rayonu ərasində yerləşən İddiaçı MMC-yə məxsus BBK6287_BulBul sahəsinin söküntüsü zamanı ona məxsus olan obyektə heç bir ziyan dəymədiyini və gələcəkdə İddiaçı MMC-yə qarşı heç bir iddiasının olmadığını bildirmiş və öz imzası ilə təsdiq etmişdir.

16. Göründüyü kimi, iddiaçı tərəfindən cavabdehə 1 illik icarə haqqı ödənilmiş ancaq cavabdehin özünün də, iddiaçıya yazmış olduğu məktubdan görünür ki, tərəflər arasında olan icarə hüquq münasibətlərinə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir.

17. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfin icarə müqaviləsindəki imzaların onun olmadığına dair dəlil ağalabatan deyildir. Həmçinin də, qeyd edilən halın işin həlli baxımından xüsusi bir əhəmiyyəti yoxdur. Belə ki, cavabdeh tərəfin özü, tərəflər arasında artıq uzun müddətdir icarə münasibətinin olduğunu bildirmiş və son olaraq xx.xx.2023xx.xx.2024-cü il tarixləri üzrə 4.986,30 manat məbləğində ödəniş edildiyini qəbul etmişdir.

18. Bu isə, o nəticəyə gəlmək üçün əsas verir ki, əgər hətta müqavilə və müqaviləyə əlavədəki imzalar cavabdehə məxsus olmasa da, belə, tərəflər arasında icarə hüquq münasibətləri mövcud olmuş və mütəmadi olaraq iddiaçı tərəfindən cavabdehə icarə haqqı ödənilmişdir.

19. Hazırda isə, iddiaçı icarə hüquq münasibətlərinə xitam verildikdən sonrakı dövrə aid olan pulun qaytarılmasını tələb edir.

20. Bu xüsusda qeyd edilməlidir ki, cavabdeh tərəf də, iddiaçıya məktub ünvanlamaqla tərəflər arasında olan icarə münasibətlərinin xx.xx.2023-cü il tarixdə bitdiyini qəbul etmişdir.

21. Ona görə də, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövrə aid olan, ödənilmiş icarə haqqı iddiaçıya qaytarılmalıdır.

22. Qeyd edilmiş xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərinə nəzər yetirildikdə aydın olur ki, icarə hüquq münasibəti 06 ay, 02 gün davam etmişdir.

23. Sadə riyazi hesablama ilə hesabladıqda da görünür ki, ödənilmiş icarə haqqı üzrə 2.525,47 (4.986,3/12=415,525 (1 ay üçün), 415,525x6=2.493,15 (6 ay üçün), 4.986,3/365=13,661 ( 1 gün üçün) 13,661x2=27,3 ( 2 gün üçün), 2.493,15+27,3=2.525,47 (06 ay, 02 gün üçün)) manat məbləğinə dair hissədə icarə hüquq münasibətləri mövcud olmuşdur.

24. Yəni ödənilmiş icarə haqqı üzrə 2.460,83 (4.986,3-2.525,47) manat məbləğinə aid hissədə artıq icarə hüquq münasibətlərinə xitam verildiyindən, qeyd edlmiş məbləğdə pul, cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

25. Belə olan halda, Məhkəmə hesab edir ki, 2.460,83 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

26. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı tərəfindən mediasiya xidmət haqqı olaraq 60 manat məbləğində pul Bakı 11 X1 ödənmişdir.

27. Ona görə də, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 60 (altmış) manat məbləğində pul Cavabdeh tutularaq “Azerconnect MMC-yə verilməlidir.

28. Belə olan halda məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

29. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. 2.460 (iyirmi üç min bir yüz) manat, 83 (səksən üç) qəpik məbləğində pul Cavabdeh tutularaq “Azerconnect MMC-yə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 60 (altmış) manat məbləğində pul Cavabdeh tutularaq “Azerconnect MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar