Məhkəmə qərarları › İş №e-2-2(113)-1093/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1093/2025

02.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1093/2025 02.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kredit müqaviləsi, zaminlik, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh2 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (İddiaçı ASC) cavabdehlər “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 25 iyun 2023-cü il tarixli, RB/KM- 1301 saylı kredit xətti müqaviləsi üzrə əsas borca görə 60048,85 manat, faiz borcuna görə 7088,87 manat, dəbbə pulu borcuna görə 1449,9 manat olmaqla, cəmi 68587,62 manat məbləğində pulun və 296 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Baş ofisi ilə cavabdeh “X1” MMC arasında bağlanmış 25 iyun 2023-cü il tarixli, RB/KM-1301 saylı kredit xətti müqaviləsinə əsasən illik 17% (on yeddi) faiz dərəcəsi olmaqla, 12 (on iki) ay müddətinə 100000 (bir yüz min) manat limitində cavabdehə bərpa olunan kredit xətti açılmışdır. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq 25 iyun 2023cü il tarixdə İddiaçı ASC-nin Baş ofisi ilə digər cavabdeh(lər) Cavabdeh3 və Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə zaminlər 25 iyun 2023cü il tarixli, RB/KM-1301 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. 25 iyun 2023-cü il tarixli, RB/KM-1301 saylı kredit xətti müqaviləsinin şərtlərinə görə borc alan “X1” MMC kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər öhdəliyin icra edilməsindən qərəzli olaraq yayınmış, öhdəliklərini vaxtlıvaxtında və lazımı qaydada icra etməmişlər. Təqdim olunan maliyyə arayışına əsasən cavabdeh “X1” MMC-nin 25 iyun 2023-cü il tarixli, RB/KM-1301 saylı kredit xətti müqaviləsi üzrə borcunun məbləği əsas borca görə 60048,85 manat, faiz borcuna görə 7088,87 manat, dəbbə pulu borcuna görə 1449,9 manat olmaqla, cəmi 68587,62 manat təşkil edir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə istinad olunmuşdur.

4. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr təqdim edilmişdir. Sonuncu olaraq təqdim eidlmiş “iddia tələbinin həcminin azaldılması” barədə ərizədə cavabdehlərdən müştərək qaydada 25 iyun 2023-cü il tarixli, RB/KM-1301 saylı kredit xətti müqaviləsi üzrə əsas borc 17180,86 manat, faiz borcu 10667,42 manat, dəbbə pulu borcu 1449,9 manat olmaqla, cəmi 29298,18 manat məbləğində pulun və 296 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Cavabdehlər tərəfindən iddiaya qarşı yazılı etiraz daxil olmamışdır.

6. İş üzrə digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən digər cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

7. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

8. Cavabdeh2 məhkəmə iclasında iddia tələbini qismən qəbul etdiyini bildirərək izahatında göstərdi ki, əsas borc məbləğini və faiz borcunu qismən qəbul edir. İddia tələbinin digər hissələrini qəbul etmir. Borc məbləği ödəniləcəkdir.

9. İddiaçı ASC ilə “X1” MMC arasında bağlanmış 25 iyun 2023-cü il tarixli, RB/KM- 1301 nömrəli kredit müqaviləsindən görünür ki, bankdan “X1” MMC-yə illik 17% (on yeddi) faiz dərəcəsi olmaqla, 12 (on iki) ay müddətinə 100000 (bir yüz min) manat məbləğində bərpa olunan kredit xətti açılmışdır.

10. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 25 iyun 2023-cü il tarixli, RB/KM- 1301 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ASC ilə “X1” MMC arasında bağlanmış 25 iyun 2023-cü il tarixli, RB/KM-1301 nömrəli kredit müqaviləsi üzrə “X1” MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.

11. İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 25 iyun 2023-cü il tarixli, RB/KM- 1301 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ASC ilə “X1” MMC arasında bağlanmış 25 iyun 2023-cü il tarixli, RB/KM-1301 nömrəli kredit müqaviləsi üzrə “X1” MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh3 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.

12. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, RB-02/PK-5731 maliyyə arayışından görünür ki, “X1” MMC-nin xx.xx.2023-cü il tarixə banka olan borcu 60048,85 manat məbləğində əsas, 7088,87 manat məbləğində faiz, 1449,9 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 68587,62 manat təşkil edir.

13. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, RB-02/PK-1580 maliyyə arayışından görünür ki, “X1” MMC-nin xx.xx.2025-ci il tarixə banka olan borcu 17180,86 manat məbləğində əsas, 10667,42 manat məbləğində faiz, 1449,9 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 29298,18 manat təşkil edir.

14. İddiaçı ASC-nin “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh2 və Cavabdeh3 ünvanladığı xx.xx.2024-cü il tarixli pretenziya məktublarından görünür ki, borcun 3 (üç) iş gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə borcun tutulması üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/1416 saylı ekspert rəyindən görünür ki, təqdim edilmiş iş materiallarında olan ödənişləri özündə əks etdirən maliyyə arayışı məlumatları, hesabdan çıxarış məlumatları və tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli, RB/KM-1301 saylı kredit xətti müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə cavabdeh “X1” MMC-nin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə sualda soruşulan tarixlərə, yəni ilkin maliyyə arayışında göstərilən tarixə əsas borcu 60049,61 manat, faiz borcu 3884,88 manat; xx.xx.2025-ci il (sonrakı maliyyə arayışında göstərilən) tarixə əsas borcu 19495,78 manat, faiz borcu 4888,23 manat məbləğində müəyyən olunur. Qeyd edilir ki, hazırkı ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli, RB/KM-1301 saylı kredit xətti müqaviləsi üzrə cərimə bəndi nəzərdə tutulsa da, bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat (cərimə hesabı üzrə silinmələri özündə əks etdirən çıxarış) olmadığı üçün sualda soruşulan tarixlərə cavabdeh “X1” MMC-yə cərimə borcu hesablanrnadı. Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi

18. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, iddiaçı ilə cavabdeh “X1” MMC arasında 25 iyun 2023-cü il tarixli, RB/KM-1301 saylı kredit xətti müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən illik 17% (on yeddi) faiz dərəcəsi olmaqla, 12 (on iki) ay müddətinə 100000 (bir yüz min) manat limitində cavabdehə bərpa olunan kredit xətti açılmış və cavabdehə həmin məbləğdə kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq 25 iyun 2023-cü il tarixdə iddiaçı ilə digər cavabdeh(lər) Cavabdeh3 və Cavabdeh2 arasında zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələr üzrə zaminlər 25 iyun 2023-cü il tarixli, RB/KM-1301 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdehlər (borc alan və zaminlər) müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar. Nəticədə iddiaçının həmin öhdəliklərin yerinə yetirilməsini tələb etmək hüququ yaranmışdır. Sonradan məhkəmə icraatının gedişində borcdan müəyyən ödənişlər edildiyindən iddiaçı tələbinin həcmini azaltmışdır.

19. İddia tələbinin bir hissəsini cavabdеhlərdən müştərək qaydada iddiaçının хеyrinə 17180,86 manat əsas, 10667,42 manat faiz borcunun tutulması təşkil edir.

20. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehlərin (borcalan və zamin) müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehin müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/1416 saylı ekspert rəyini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas kredit borcu hissəsində tam və faiz borcunun tutulması hissəsində isə qismən təmin edilməli, cavabdehlər “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 25 iyun 2023-cü il tarixli, RB/KM-1301 saylı kredit müqaviləsi üzrə 17180,86 manat (on yeddi min yüz səksən manat səksən altı qəpik) əsas borc, 3884,88 manat (ekspert rəyinə uyğun) faiz borcu iddiaçının xeyrinə tutulmalı, faiz borcunun tutulmasına dair iddia tələbi qalan hissədə təmin olunmamalıdır.

21. İddia tələbinin digər hissəsini cavabdеhlərdən müştərək qaydada 1449,90 manat məbləğində cərimə borcunun tutulması təşkil edir.

22. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehlərdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır.

23. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən müştərək qaydada tutulacaq cərimə məbləği azaldılaraq cavabdehlərdən birgə qaydada 1000 (min) manat məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir.

24. Eləcə də, iddiaçı 296 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulmasını xahiş etmişdir.

25. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq ödənilmiş dövlət rüsumuna görə 222,75 manat (iki yüz iyirmi iki manat yetmiş beş qəpik) məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.

26. Həmçinin, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (iki yüz) manat pulun 75,30 manat hissəsi cavabdehlər “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada, 24,70 manat hissəsi isə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.

27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 25 iyun 2023-cü il tarixli, RB/KM-1301 saylı kredit müqaviləsi üzrə 17180,86 manat (on yeddi min yüz səksən manat səksən altı qəpik) əsas borc, 3884,88 manat (üç min səkkiz yüz səksən dörd manat səksən səkkiz qəpik) faiz borcu, 1000 (min) manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 222,75 manat (iki yüz iyirmi iki manat yetmiş beş qəpik) olmaqla, ümumilikdə 22288,49 manat (iyirmi iki min iki yüz səksən səkkiz manat qırx doqquz qəpik) məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (iki yüz) manat pulun 75,30 manat hissəsi cavabdehlər “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada, 24,70 manat hissəsi isə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar