Məhkəmə qərarları › İş №e-2-2(113)-1094/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1094/2024

13.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1094/2024 13.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: icarə müqaviləsi, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, icarə müqaviləsinə əsasən ödənilməmiş 4800 manat əsas, 864 manat ƏDV borcu, ümumilikdə 5664.00 manat borcun, 500 manat hüquqi yardım xərcinin və 87 manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2019-ci il tarixdə və xx.xx.2019-cu il tarixdə qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barəsində icarə müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən iddiaçı mülkiyyətində olan Bakı şəhəri, Ziya Bünyadov prospekti, 1965-ci məhəllə ünvanında yerləşən İddiaçı Biznes Mərkəzinin 6-ci binada yerləşən, ümumi sahəsi 90 kvadratmetr olan 26 saylı qeyri yaşayış sahəsini cavabdehə icarəyə vermiş, cavabdeh isə icarə obyekti üçün xx.xx.2019-cu il tarixli icarə müqaviləsi üzrə aylıq ƏDV daxil 534 manat icarə haqqını və xx.xx.2019- cu il tarixli icarə müqaviləsinə görə aylıq ƏDV daxil 708 manat icarə haqqını iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməyərək ödənişin icrasından yanınmışdır. Belə ki, cavabdeh icarə obyektindən istifadə etdiyi dövr üçün ümumilikdə iddiaçıya 10.620 manat icarə haqqı ödəməli idi. Lakin, cavabdeh eyni dövr ərzində iddiaçıya cəmi 4956 manat icarə haqqı ödəmişdir. Nəticədə hazırda cavabdehin iddiaçıya 5664 (beş min altı yüz altmış dörd) manat ödənilməmiş icarə haqqı borcu mövcuddur. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 442.1, 443.1, 448.2-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: İddiaçı QSC ilə Cavabdeh MMC arasında imzalanmış 01 avqust 2019-cü il tarixli icarə müqaviləsindən görünür ki, icarəverən özünə məxsus olan Bakı şəhəri, Z.Bünyadov prospekti 1965-ci məhəllə ünvanında yerləşən istifadəyə yararlı, 6-cı bina ofis 26 nömrəli 90 kv.metr olan ofis imzalandığı andan icarəçiyə verməyi öhdəsinə götürür. Tərəflər arasında bağlanmış müqavilə üzrə icarə haqqı hər ay üçün ƏDV ilə birlikdə 708.00 (yeddi yüz səkkiz) manat müəyyən edilmiş, 2.3-cü bəndə əsasən İcarəçinin icarə haqqını nəğd və köçürmə yolu ilə ödəməsi şərtləşdirilmişdir. 11 mart 2024-cü il tarixində Elektron Məhkəmə sisteminə əlavə edilmiş maliyyə arayışına əsasən Cavabdeh MMC-nin qalıq borcu 4800 manat, ƏDV borcu 864 manat olmaqla cəmi borc 5664 manat təşkil etmişdir EBAN seriyalı, 530313 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən 708,00 manat, EBAM seriyalı, 432724 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən 708,00 manat, EBAL seriyalı, 560062 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən 708,00 manat, EBAİ seriyalı, 421014 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən 708,00 manat, EBAH seriyalı, 527935 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən 708,00 manat, EBAF seriyalı, 946650 nömrəli, xx.xx.2020ci il tarixli elektron qaiməyə əsasən 708,00 manat , EBAE seriyalı, 815675 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən 708,00 manat, EBAD seriyalı, 448307 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən 708,00 manat icarə haqqı məbləği İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş pretenziya məktubunda 10 gün ərzində icarə müqaviləsinə əsasən ödənilməmiş 4800 manat əsas, 864 manat ƏDV borcu, ümumilikdə 5664.00 manat borcun, 500 manat hüquqi yardım xərcini İddiaçı QSCyə, (VÖEN: **********) ödənilməsi tələb edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.3-cü maddəsinə əsasən əgər həmin Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə həmin Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 684.1-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissəhissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. Məhkəmə baxışının hədləri Mülki Prosessual Məcəllənin: 4.1 və 5.1-ci maddələrinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcədə maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq Bakı şəhəri, Z.Bünyadov prospekti 1965-ci məhəllə ünvanında yerləşən istifadəyə yararlı, 6-cı bina ofis 26 nömrəli 90 kv.metr olan ofis təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək icarə haqqı məbləğini tam ödəməmişdir. Cavabdehin iddiaçıya icarə haqqı borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla öz təsdiqini tapır. Buna görə də iddiaçının cavabdehdən MM-nin 700.1ci maddəsinə əsasən icrarə haqqını tələb etmək hüququ vardır. Məhkəmə qanunvericilik normalarını, müqavilənin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini tam icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən obyektin cavabdehə icaəyə verildiyini, cavabdehin vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməyib öz öhdəliyini lazımi qaydada icra etməyərək icarə haqqını, yəni 5664 manat pulu ödəmədiyini, iddiaçının icarə haqqını tələb etmək hüququnun olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 5664 manat icarə haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə vəkil üçün tələb edilən xidmət haqqının ağlabatan olduğunu nəzərə alaraq hesab edir ki, 500 manat xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir Həmçinin məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddia ərizəsi təmin edildiyindən ödənilmiş 87 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 01 iyun 2019-cu il tarixli İcarə müqaviləsinə əsasən 4800 manat, 864 manat ƏDV olmaqla ümumilikdə 5664 (beş min altı yüz altmış dörd) manat borc, ödənilmiş 87 (səksən yeddi) manat dövlət rüsumunun və 500 (beş yüz) manat hüquqi yardım xərcinin əvəzi İddiaçı QSC-nin xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar