Məhkəmə qərarları › İş №e-2-2(113)-1097/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1097/2021

01.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1097/2021 01.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı torpaq sahəsinə dair icarə haqqı borcunun ödənilməsi barədə kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açiq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2020-ci il tarixinə mövcud olan icarə haqqı borcu üzrə 19716 (on doqquz min yeddi yüz on altı) manat məbləğində vəsait Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutularaq (VÖEN **********) Xidmətin Azərbaycan Respublikası X1 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ********************, VÖEN **********,S.W.İ.F.T.bik NABZAZ2C) köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ilə “xxxx” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 613 nömrəli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi ünvanında yerləşən, dövlət mülkiyyətində olan 55129.8 kv.m torpaq sahəsi “xxxx” ASC-nin icarəsinə verilmişdir. Həmin müqavilələrin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtında və tam həcmdə ödənilməsi vəzifəsini götürsə də, müqavilələrin şərtinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq icarə haqqı ödənilməmiş və bununla da “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin tələbləri pozulmuşdur. İcarə müqaviləsi ləğv edilmədiyindən hal-hazırda qüvvədə olmaqla icarəçinin həmin müqavilə üzrə dövlət büdcəsinə xx.xx.2020ci il tarixinə 19716 (on doqquz min yeddi yüz on altı) manat icarə haqqı borcu mövcuddur. Cavabdehə xx.xx.2020-ci il tarixli, **********23 nömrəli xəbərdarlıq məktubu ilə müraciət edilsə də, cavabdeh icarə haqqını ödəməkdən imtina etmişdir. Eyni zamanda bildirilir ki, Azərbaycan RespublikasıPrezidentinin xx.xx.2019-cu il tarixli, 845 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi müvafiq dövlət xidməti statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh "xxxx" Açiq Səhmdar Cəmiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş: -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi (icarəyə verən) ilə "xxxx" Açiq Səhmdar Cəmiyyəti (icarəçi) arasında xx.xx.2008-ci il tarixli, 613 saylı dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında müqavilədən görünür ki, icarəyə verən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin xx.xx.2008-ci il tarixli, 401 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 55129,8 kv.m. təşkil edən qeyriyaşayış sahəsini əvəzi ödənilməklə icarəçinin müddətli istifadəsinə vermişdir. -Həmin müqavilənin 3.1-ci bəndində torpaq sahəsinin illik icarə haqqı 37488,26 manat, aylıq icarə haqqı isə 3124,02 manat məbləğində müəyyən edilmişdir. -Müqavilənin 4.1-ci bəndinə əsasən icarə müqaviləsinin müddəti xx.xx.2008-ci il tarixdən xx.xx.2009-cu il tarixədək müəyyən edilmişdir. -Həmin müqavilənin 7.1-ci bəndinə görə isə müqavilənin müddəti başa çatdıqda müqavilə üzrə hüquq münasibətlərinə xitam verilir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. -"xxxx" Açiq Səhmdar Cəmiyyətinin şəxsi hesab vərəqəsindən görünür ki, tərəflər arasında bağlanılmış xx.xx.2008-ci il tarixli, 613 saylı icarə müqaviləsi üzrə "xxxx" Açiq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2020-ci ilə qədər cəmi 427925,88 manat məbləğində pul vəsaiti dövlət büdcəsinə ödənilmişdir. İcarəçinin icarə haqqı üzrə borcu 19716,19 manat təşkil edir. -İddiaçı "Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən cavabdeh "xxxx" Açiq Səhmdar Cəmiyyətinə ünvanlanmış xx xxxxxxxx 2020-ci il tarixli **********23 saylı pretenziya məktubundan görünür ki, cavabdehdən xx.xx.2008-ci il tarixli, 613 saylı icarə müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə 13468,15 manat məbləğində yaranmış borcun ödənilməsi tələb edilmiş və əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir: İşin yuxarıda göstərilən hallarından görünür ki, iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə cavabdeh "xxxx" Açiq Səhmdar Cəmiyyəti arasında dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi barədə xx.xx.2008-ci il tarixli, 613 saylı icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh icarə müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya ödənilməmiş icarə borcu 19716,19 manat təşkil edir. Həmin borcun mövcudluğu iş materiallarına əlavə edilmiş "xxxx" Açiq Səhmdar Cəmiyyətinin şəxsi hesab vərəqəsi ilə təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1- ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1- ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 700.1- ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2- ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1- ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1- ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır 445.8-ci maddəsinə əsasən kreditor borclunun icranı gecikdirməsi nəticəsində icraya marağını itirdikdə, icranı qəbul etməkdən imtina edə və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə sadalanan qanunvericilik normalarını, eyni zamanda cavabdehin yuxarıda göstərilən müqaviləyə əsasən müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən 19716 manat icarə haqqı iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 8-ci maddəsinə əsasən məhkəməyə iddia ərizələri verilərkən iddia qiyməti 500 manatadək olduqda 20 manat dövlət rüsumu ödənilir. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən iddia verilərkən ödənilməli olan 20 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" Açiq Səhmdar Cəmiyyətindən 19716 (on doqquz min yeddi yüz on altı) manat məbləğində icarə haqqı tutularaq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ödənilsin. İddia verilərkən ödənilməli olan 20 (iyirmi) manat dövlət rüsumu cavabdeh "xxxx" Açiq Səhmdar Cəmiyyətindən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar