Məhkəmə qərarları › İş №e-2-2(113)-1097/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1097/2024

01.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1097/2024 01.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi, dəbbə pulu, hüquqi yardım xərci və dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən ödənilməmiş 2699.84 manat icarə haqqı borcunun, 1214,9 manat cərimə borcunun, 500 manat hüquqi yardım xərcinin və 75 manat dövlət rüsumunun cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixində 179 və 180 nömrəli qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barəsində icarə müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən iddiaçı mülkiyyətində olan Bakı şəhəri, Ziya Bünyadov prospekti, 1965-ci məhəllə ünvanında yerləşən İddiaçı Biznes Mərkəzinin 3-cü bina 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 65 kvadratmetr olan 51/2 saylı qeyri yaşayış sahəsini və ümumi sahəsi 39 kvadratmetr olan 51/1 saylı qeyri yaşayış sahəsini cavabdehə icarəyə vermiş, cavabdeh isə 51/1 saylı icarə obyekti üçün aylıq ƏDV daxil 506,22 manat, 51/2 saylı icarə obyekti üçün aylıq ƏDV daxil 843.7 manat, ümumilikdə aylıq ƏDV daxil 1349.92 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməyərək ödənişin icrasından yayınmışdır. Belə ki, cavabdeh icarə obyektindən iki ay istifadə etmiş lakin icarə haqqlarını ödəməmişdir. Nəticədə cavabdehin iddiaçıya 2699.84 manat icarə haqqı borcu yaranmışdır. Eyni zamanda icarə müqaviləsinin 3.4-cü maddəsinin tələbinə görə iddiaçının cavabdehdən hər gecikdirilmiş icarə günü üçün icarə haqqının 0.5% həcmində cərimə tələb etmək hüququ var. Nəzərə alınsa ki, cavabdeh icarə haqqını 60 gün gecikdirmişdir, bu zaman onun iddiaçıya 2699.84*.5%*60=1214.9 manat cərimə borcu yaranmışdır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir.

5. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında 179 və 180 saylı xx.xx.2022-ci il tarixli müqavilələrə əsasən:

8. Müqavilənin 1.1-ci bənidnə əsasən icarəyə verən icarəçiyə müvəqqəti istifadə üçün Bakı şəhəri, Ziya Bünyadov prospekti, 1965-ci məhəllə ünvanında yerləşən İddiaçı Biznes Mərkəzinin 3-cü bina, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 39 kv.m. təşkil edən 51/1 saylı və ümumi sahəsi 65 kv.m. təşkil edən 51/2 saylı qeyri-yaşayış sahələrini icarəyə verir, həmçinin bununla bağlı hazırkı müqavilədə müəyyən edilmiş şərtlərlə digər xidmətlər göstərir.

9. Müqavilənin 1.2-ci bəndinə əsasən icarəçi isə fəaliyyət göstərmək məqsədilə icarə obyektini müvəqqəti istifadə etmək üçün icarəyə götürür, icarəyə verənlə bu müqavilənin şərtləri ilə razılaşdırılmış müddətdə və keyfiyyətə icarə obyektini təmir edir və bu Müqavilə ilə müəyyən edilmiş icarə haqqını vaxtı-vaxtında ödəməyi öhdəsinə götürür.

10. Müqavilənin 2.1-ci bəndinə əsasən hazırkı müqavilə 1 il müddətinə bağlanılır. Müqavilə 01 fevral 2022-ci il tarixində hazırlanmışdır. Müqavilə 01 fevral 2022-ci il tarixdən başlanılır və 31 yanvar 2023-cü il tarixində başa çatır.

11. Müqavilənin 3.1-ci bəndinə əsasən müddət ərzində icarəçi icarəyə verənə icarə obyekti üçün 01 fevral 2022-ci il tarixindən 31 yanvar 2023-cü il tarixinədək 506,22 manat (39 kv.m. üçün) və 843,7 manat (65 kv.m. üçün)(ƏDV daxil) manat məbləğində aylıq icarə haqqı ödəyir.

12. Müqavilənin 3.2-ci bəndinə əsasən icarə haqqı icarəçi tərəfindən icarəyə verən hesab-fakturanı təqdim etdiyi gündən həmin ayın 5-nə kimi icarə haqqını icarəyə verənin bu müqavilədə qeyd olunan bank hesabına ödənilir. İcarə haqqı üçün əvvəlcədən ödənilmiş hər hansı məlbəğin geri qaytarılması müvafiq qunvericiliklə tənzimlənir.

13. Müqavilənin 3.4-cü bəndinə əsasən hər bi gecikdirilmiş icarə günü üçün icarəçi icarə haqqının 0.5% həcmində icarəyə verənə cərimə ödəyəcəkdir.

14. xx.xx.2022-ci il tarixli 179 saylı qeyri-yaşayış sahəsinin və 180 saylı qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair əlavələr olan təhvil-təslim aktlarına əsasən müqavilədə qeyd olunan sahələr cavabdeh MMC-yə təhvil verilmiş və iki tərəfin imza və möhürü ilə akt təsdiq edilmişdir.

15. xx.xx.2022-ci il tarixli, EBBR092512 saylı e-qaimə əsasən 1349,22 manat dəyərində və xx.xx.2022-ci il tarixli, EBBT170109 saylı e-qaiməyə əsasən 1349,92 manat dəyərində icarə haqqı məbləğinə dair e-qaimə tərtib edilərək icarəyə götürənə göndərilmişdir.

16. Maliyyə arayışına əsasən "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, EBBR092512 saylı və xx.xx.2022-ci il tarixli, EBBT170109 saylıe-qaimlər üzrə cəmi borcu 2699,84 manat müəyyən edilmişdir.

17. 18.12.2023-cü il tarixli 07332055 saylı ödəniş qəbzinə əsasən iddiaçı tərəfindən 500 manat məbləğində vəkil xidməti üçün ödəniş edilmişdir.

18. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

19. Məhkəmə qeyd edir ki, sübutetmə predmetinə daxil olan iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi, daha sonra həmin hallara tətbiq edilən hüquq normalarının şərh edilməsi məhkəmə araşdırmasının obyektivliyi və ədalətliliyi üçün zəruridir.

20. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

21. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixində 179 və 180 nömrəli qeyri-yaşayış sahələrinin icarəyə verilməsi barəsində icarə müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən iddiaçı mülkiyyətində olan Bakı şəhəri, Ziya Bünyadov prospekti, 1965-ci məhəllə ünvanında yerləşən İddiaçı Biznes Mərkəzinin 3-cü bina 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 65 kvadratmetr olan 51/2 saylı qeyri yaşayış sahəsini və ümumi sahəsi 39 kvadratmetr olan 51/1 saylı qeyri yaşayış sahəsini cavabdehə icarəyə vermiş, cavabdeh isə 51/1 saylı icarə obyekti üçün aylıq ƏDV daxil 506,22 manat, 51/2 saylı icarə obyekti üçün aylıq ƏDV daxil 843.7 manat, ümumilikdə aylıq ƏDV daxil 1349.92 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməyərək ödənişin icrasından yayınmışdır. Belə ki, cavabdeh icarə obyektindən iki ay istifadə etmiş lakin icarə haqqlarını ödəməmişdir. Nəticədə cavabdehin iddiaçıya 2699.84 manat icarə haqqı borcu yarandığını və həmin məlbəğ məhkəmə qaydasında mübahisələndirilmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən cavabdehin direktoru bildirmişdir ki, sadəcə maddi vəziyyəti pis olduğu üçün həmin ərazidə fəaliyyət göstərə bilməyib. Ona boş sahə verilmişdir. 2022-ci ilin fevral və mart ayının elektron qaiməsinin vurulmasından məlumatı var.

22. Göründüyü kimi tərəflər arasında daşınmaz əmlakın icarəyə verilməsinə dair icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdı və hüquqi əsaslandırma da qanunvericilikdə həmin müqavilə üçün nəzərdə tutulmuş normaların qarşılıqlı təhlili əsasında aparılmalıdır.

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

24. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur;

25. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

26. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür;

27. Həmin Məcəllənin 684.1-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir;

28. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur;

29. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən əgər həmin Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə həmin Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

30. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

31. Məhkəmə hazırkı borc məbləğinə dair qeyd edir ki, iddiaçı tərəf maliyyə arayışında borc məbləğinin ƏDV daxil 2699,84 manat olmasını göstərmiş və məhkəmə də iddiaçının həmin tələbi üzərindən hüquqi dəyərləndirmə aparılmasını qanuni və əsaslı hesab etmişdir.

32. Qeyd olunanlardan və işdə olan e-qaimələrdən də göründüyü kimi cavabdeh müqavilə üzrə ödənilməli olan icarə haqqı borcunu tam ödəməmiş və həmin borcun ödənilməsinə dair hər hansı sübutu və ya iddia tələbinə əsaslı etirazı məhkəməyə təqdim etməmişdir. İddiaçı tərəf isə üzərinə düşən öhdəlikləri yerinə yetirmiş və hazırkı müqavilə üzrə yaranmış borcu tələb etməkdə haqlı olmuşdur.

33. Bundan başqa məhkəmə hazırkı iş üzrə təqdim edilmiş e-qaimələrlə bağlı bir sıra məqamları qeyd etməyi zəruri hesab edir.

34. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir.

35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli, 26 №-li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının":

36. 1.2-ci bəndinə əsasən Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir;

37. 3.1-ci bəndinə əsasən vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir.

38. 3.2-ci bəndinə əsasən elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir.

39. 3.3-cü bəndinə əsasən cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər.

40. 3.4-cü bəndinə əsasən bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir.

41. Məhkəmə qeyd edir ki, hazırkı mübahisə üzrə qeyri-yaşayış sahəsi icarəyə verilməmiş olseydı cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını bildirərdi. Lakin hazırki işdə bu hal mövcud olmadığına görə, cavabdeh tərəfindən iddiaçının göstərdiyi xidmətlərin qəbul edilməsi (qeyri-yaşayış sahəsinin icarəçi kimi istifadə etməsi) mənasına gəlir. Cavabdeh tərəfindən bunun əksini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır.

42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.”

43. Bundan əlavə cavabdehin nümayəndəsi xx.xx.2024-cü il tarixli məhkəmə iclasında 200 ABŞ dolları məbləğində beh ödədiyini, maddi vəziyyətinin pil olması səbəbindən fəaliyyət göstərmədiyini, eyni zaman da fevral və mart ayında vurulan qaimələrdən xəbərfar olduğunu bildirmişdir.

44. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə icarə müqaviləsi üzrə iddiaçıya 2699,84 manat bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən cəmi 2699,84 manat məbləğində icarə haqqı borcu tutularaq iddiaçıya ödənilməlidir.

45. Bundan əlavə, iş materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış icarə müqavilələrinin müqaviləsinin 3.4-cü bəndinə əsasən hesablanmış 1214,9 manat cərimənin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

46. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

47. Məhkəmə hesab edir ki, cavabdehin ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə və razılaşmada öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.

48. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

49. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 135 manat məbləğində müəyyən edilməlidir.

50. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 75 manat məbləğində dövlət rüsumu və 500 manat məlbəğində hüquqi xidmətə görə ödəniş edilmişdir.

51. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

52. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

53. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, hüquqi yardımla bağlı ödənilmiş pul vəsaitinin əvəzi qismində 500 manat, dövlət rüsumunun əvəzi qismində iddia tələbinin təmin edilən məbləğinə nisbətdə 54 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

V. Nəticə:

54. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 2699,84 manat əsas borc məbləği, 135 manat dəbbə pulu, hüquqi yardımla bağlı çəkilmiş xərcin əvəzi olaraq 500 manat və dövlət rüsumunun əvəzi olaraq 54 manat tutularaq İddiaçı QSC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar