Məhkəmə qərarları › İş №e-2-2(113)-110/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-110/2025

11.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-110/2025 11.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 pul tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: delikt, maddi və mənəvi ziyan) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2 və onların nümayəndəsi, Vəkil1, cavabdehlərin nümayəndəsi, Vəkil2 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 vurulmuş əmtəə üzrə 64609 manat məbləğində maddi ziyanın, 274,72 manat məbləğində dövlət rüsumunun, 6000 manat məbləğində mənəvi ziyanın və İddiaçı2 vurulmuş əmtəə üzrə 60362,40 manat məbləğində maddi ziyanın, 271,09 manat məbləğində dövlət rüsumunun, 5000 manat məbləğində mənəvi ziyanın, 410 manat ilkin mediasiya xərcinin birgə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən “Metro City” adı altında fəaliyyət göstərən ticarət obyektində 16 oktyabr 2021-ci il tarixində yanğın baş vermiş, nəticədə təxminən 500 kv. metr sahədə ticarət obyekti və ona bitişik olan müxtəlif təyinatlı iaşə obyektləri içərisindəki əşyalarla birlikdə yanmışdır. Faktla bağlı FHN Əməliyyat-İstintaq İdarəsində araşdırma aparılmışdır. Aparılmış araşdırma zamanı məhkəmə yanğın–texniki, məhkəmə tikintitexniki, məhkəmə əmtəəşünaslıq, məhkəmə fiziki-kimyəvi ekspertizaları keçirilmiş və ekspert rəyləri alınmışdır. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 mart 2022-ci il tarixli, 9/7498 saylı məhkəmə-əmtəəşünaslıq ekspert rəyinə əsasən İddiaçı1 61 adda mallar 64609 manat məbləğində, İddiaçı2 178 adda mallar 60362,40 manat məbləğində maddi ziyan dəymişdir. Baş vermiş yanğın hadisəsi ilə əlaqədar araşdırma zamanı ticarət obyektinin sahibləri Cavabdeh2 və Cavabdeh1 tərəfindən “X2”nın (YTQ N- 01-2001) 6.4 bəndinin və Ticarət və ictimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün “X2”nın (YTQ N 03-2002) 1.2, 3.19.1, 3.19.3.1, 3.19.4, 3.19.6 bəndlərinin tələblərinin pozulması faktı müəyyən edilmiş, eyni zamanda baş vermiş yanğın hadisəsinin, pozuntu faktı ilə səbəbli əlaqəli olan elektrik qəza halı səbəbindən olduğu faktı da təsbit edilmişdir. Nəticədə, İddiaçı1 əmtəə üzrə 64609 manat məbləğində, İddiaçı2 əmtəə üzrə 60362,40 manat məbləğində maddi ziyan dəymişdir. Baş vermiş yanğın hadisəsi zamanı hər-hansı şəxsin sağlamlığına zərər vurulmadığından, yanğın ölümə səbəb olmadığından FHN-nin Əməliyyat-İstintaq İdarəsinin müstəntiqi Elnur Aslanov tərəfindən Cinayət işinin başlanmasının rədd edilməsi barədə 22 sentyabr 2022-ci il tarixli Qərar qəbul edilmişdir. Baş vermiş yanğın hadisəsi ilə əlaqədar zərərçəkmişlərə dəymiş maddi ziyanın ödənilməsi ilə bağlı MPM-in 4–cü maddəsinə əsasən mülki qaydada məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. Nəticədə, cavabdehlərin yol verdiyi pozuntular-mülki qanunvericiliyin tələblərini pozan əməllər nəticəsində iddiaçılara maddi və mənəvi ziyan dəymişdir. Beləliklə iddiaçıların subyektiv hüququ yaranmışdır ki, öz pozulmuş hüquqlarını mülki mühakimə qaydasında tələb etsinlər. Çünki, subyektiv hüquq dövlət tərəfindən tanınan və qorunan haqqdır, hüquqi imkandır. Cavabdehlərin hüquqa zidd, mülki məsuliyyətə səbəb olan hərəkətləri nəticəsində iddiaçılara maddi ziyan dəyməsi ilə onların subyektiv hüququ yaranmışdır. İddiaçı iddianın maddi hüquqi əsası kimi AR Mülki Məcəlləsinin 21, 581, 587.1.3, 1096.1, 1097.1-ci maddələrinə, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanununun 3, 5, 11, 26-cı maddələrinə istinad etmişdir. İddia tələbinə qarşı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçılar dəymiş maddi və mənəvi ziyanın ödənilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət edərək birgə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsində yanğın baş verdiyini, yanğın nəticəsində birgə iddiaçılara məxsus malların yandığını, onlara ziyan vurulduğunu bildirmişlər. Birgə iddiaçılar Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 mart 2022-ci il tarixli məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyinə istinad edərək iddia edirlər ki, İddiaçı1 məxsus 61 adda mallar yanaraq ona 64609 manat məbləğində, İddiaçı2 məxsus 178 adda mallar yanaraq ona 60362 manat məbləğində ziyan vurulmuşdur. Birgə iddiaçılar həmin məbləğlərin birgə cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasım xahiş etmişlər. Göstərilən əsaslara görə hesab edir ki, birgə iddiaçıların iddia tələbləri tamamilə əsassızdır: 16 oktyabr 2021-ci ildə səhər saat 08 radələrində Nərimanov rayonu, Təbriz küçəsi 95 ünvanında cavabdehlərə məxsus obyektin yerləşdiyi “Metro Sity” ticarət obyektində baş vermiş yanğı hadisəsi birgə cavabdehlərin hər hansı təqsirli hərəkəti nəticəsində baş verməmişdir. Belə ki, birgə cavabdehlər bu hadisəyə görə heç bir inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməmiş, təqsirləri hər hansı formada öz təsdiqini tapmamışdır. Baş vermiş yanğın hadisəsi ilə birgə cavabdehlərin hərəkət və ya hərəkətsizliyi arasında hər hansı səbəbli əlaqə yoxdur. Birgə iddiaçıların irəli sürdükləri pul tələblərinin heç bir rasional əsası yoxdur. Belə ki, vurulmuş ziyanla bağlı maddi tələb hər hansı formada əsaslandırılmamışdır. Həmin məbləğlər hansı əsasla, necə və hansı hesablama qaydası ilə müəyyənləşdirilmişdir, bu məlum deyildir. Birgə iddiaçıların 2021-ci ilin noyabr ayında Azərbaycan Respublikası FHN Əməliyyat- İstintaq İdarəsinin istintaq şöbəsinin müstəntiqinə verdikləri izahatlarına əlavə etdikləri siyahılar birgə iddiaçıların özləri tərəfindən tərtib edilmiş və imzalanmışdır. Həmin siyahıların heç bir hüquqi əhəmiyyəti yoxdur və mötəbərliyinə dair heç bır sübut yoxdur. Birgə iddiaçıların təqdim etdikləri siyahıda göstərilən mallara dair heç bir vergi bəyannaməsi və malların alınmasına dair heç bir qaimə-faktura mövcud deyildir. Əgər birgə iddiaçıların sahibliyində həmin mallar həqiqətən mövcud olsaydı, o halda həmin mallara dair iddiaçılarda qaimə-faktura, eləcə də vergi bəyannaməsi olardı. Lakin həmin mallar reallıqda mövcud olmadığına görə, belə bir müşayiət sənədləri də yoxdur. İddia tələbindən göründüyü kimi, guya birgə iddiaçıların icarə sahəsində yanğın zamanı 178 və 61 adda olmaqla, xeyli miqdarda mal mövcud olmuşdur. Halbuki birgə İddiaçı1 icarəyə götürdüyü sahə cəmi 10 kv.m, İddiaçı2 icarəyə götürdüyü sahə isə cəmi 9 kv.m olmuşdur. Həmin sahələrə ümumilikdə təxminən 125 min manatlıq 239 adda xeyli miqdarda mal yığmaq (yerləşdirmək) fiziki cəhətdən qeyri-mümkündür. Həmin ticarət sahələri çox kiçik olduğundan orada yalnız vitrin üçün az miqdarda mal yığılırdı. Bu mənada yanğın zamanı iddiaçıların iddia etdiyi miqdarda malın yanması barədə məlumatları tamamilə absurd və əsassızdır. Onu da nəzərinizə çatdırırıq ki, həmin şəxslər əvvəllər metro stansiyanın keçidlərində (tunelində) kiçik ticarət piştaxtaları quraşdıııb ticarətlə məşğul olurdular. Sonralar həmin keçidlər ticaratə bağlı elan edildi və həmin şəxslər eyni ölçüdə piştaxta quraşdırmaq üçün cavabdehə məxsus sahədə icarə müqavilələri bağlayıb həmin sahəyə köçdülər. Yəni iddiaçıların qeyd olunan həcmdə malları və dövriyyələri olmamışdır. Onlara məxsus malların görüntülərini əks etdirən fotoşəkillər də bir daha sübut edir ki, iddiaçıların az sayda malı yanmışdır. İddiaçıların təqdim etdiyi və istinad etdiyi ekspert rəyinə gəlincə bildirilir ki, həmin rəy mallara dair düzünə sübutlar (malların mövcudluğunu və iddiaçılara məxsus olduğunu təsdiq edən hər hansı sübut) əsasında tərtib edilməmişdir. Rəydən görünür ki, tədqiqat obyekti qərar, yanmış əmlakın siyahısı və müxtəlif adda mallardır. Bu isə onu göstərir ki, rəy yalnız verilən şifahi məlumatlar əsasında hazırlanmışdır. Rəyin sonuncu vərəqində aparılan qeyd də bunu təsdiq edir. Belə ki, rəyin sonunda yazılmışdır ki, ekspertiza tədqiqatına təqdim edilmədən, müvafiq tədqiqatlar aparmadan (malların markası, modeli, texniki göstəriciləri, materialı, əmtəə görünüşü müəyyən edilmədən) təqdim edilmiş məlumatlarda (siyahılarda) adlan göstərilən malların orta bazar qiymətini müəyyən etmək mümkün deyildir. Belə olduğu halda sual yaranır: irəli sürülən tələbin əsasını nə təşkil edir? İddiaçılara 60 min və 64 min manat zərər vurulması hansı hal təsdiq edir? Onlara bu qədər zərər vurulmasına dair özlərinin dedikləri şifahi məlumatdan başqa hansı dəlil var? Qeyd olunan bütün hallar bir daha göstərir ki, iddia tələbləri tamamilə əsassızdır. Ona görə də işin qeyd olunan bu hallarına düzgün hüquqi qiymət verərək iddia tələblərinin rədd edilməsi barədə qətnamə qəbul edilməyini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi Vəkil1 iddianı müdafiə edib iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddiaçılar bu günkü günə kimi işsizdirlər, özləri mənəvi sarsıntı keçirmişlər. Bu günkü gündə yanmış malların dəyəri daha yüksəkdir, lakin iddiaçılar işin uzadılmasının tərəfdarı olmadıqları üçün iddia tələbini artırmamışlar. Maddi cəhətdən vəziyyətləri yaxşı deyildir. Bir ildən artıq müddətdir ki, araşdırma gedir və müəyyən olunub ki, həmin həcmdə olan malların obyektə yerləşməsi mümkündür. Bununla bağlı ekspertlərin rəyləri əsaslıdır. Malların hamısı obyekt yanan vaxtı orada olubdur. İddia tələbi ilə rəydəki məbləğlər arasında fərqliliklər olduğunu məhkəmənin diqqətinə çatdırmışdır. Mütəxissis rəyi daha əsaslıdır, qarşı tərəfin təqdim etdiyi rəylə razı olmadıqlarını və həmin rəy obyektiv olmadığını bildirmişdir. İş üzrə istintaq başa çatana qədər cavabdeh tərəf zərəri ödəyəcəyini bildirmiş, lakin istintaq başa çatdıqdan sonra zərəri ödəməmişlər. Hazırda qarşı tərəfin təklif etdiyi 5000 məbləğ gülünc məbləğdir. İddiaçı tərəf real olaraq dəymiş zərəri tələb edir və hər hansı şişirdilmə yoxdur. Cavabdeh tərəf həmin obyekti təmir edib və yenidən icarəyə verərək oradan gəlir əldə edir. Eyni zamanda iddiaçı tərəfə mənəvi zərər də dəymişdir və bütün bu halların nəzərə alınaraq iddianın tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 nümayəndəsinin izahatındakı xüsusatları təsdiq etmiş, əlavə olaraq bildirmişdir ki, obyekti icrarəyə götürən zaman bütün işləri sıfırdan görmüşdür. Ümumiyyətlə obyektə döşəmə, tavan, divar heç bir şey olmamış, hamısı onun tərəfindən düzəldilmişdir. Sənəddə obyektin hündürlüyü 2.65-dir, eyni zamanda rəydə eni də düzgün qeyd olunmamışdır. Artırma olandan sonra ümumi ərazi 3.60-ın 3.65-ə olmuşdur. Ümumi olaraq 16 gün təmir işləri gördüyünü, icarə pulunu ödəsə də, lakin onun çəkdiyi xərclər icarə pulundan çıxılmamışdır. Mebəllərlə bağlı suallara cavab olaraq bildirmişdir ki, mebel dedikdə vitrin mebelləri nəzərdə tutulur. Həmin mebellər bütün mağazaya yığılmışdır. Pos terminal yanğın zamanı yandığı üçün “Kapital Bank” tərəfindən 1200 manat dəyərində cərimələnmişdir. Sənədləri təqdim etdikdən sonra cərimə məbləğini onun üzərindən götürmüşlər. Ustalar işləyən zaman drellər xarab olmuş, onların dəyəri 150, 160 manat dəyərində olardı. Eyni zamanda çəkilən xərclərlə bağlı hər hansı sənəd mövcud deyildir. Bu proseslərin üzərindən 4 il müddət keçdiyi üçün mebellərlə bağlı və s. heç bir sənədi yoxdur. Sonda isə o, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı2, nümayəndəsinin izahatındakı xüsusatları təsdiq etmiş, əlavə olaraq bildirmişdir ki, 2021-ci ilə qədər obyekti icarəyə götürmüş, yanğın baş verənə qədər işləmiş, aylıq ödənişləri etmişdir. Ona 62300 manatdan çox zərər dəymişdir. O, 9 kvadrat metrlik ərazidə pərakəndə satış həyata keçirmiş, içəridə əlavə stol olmamış, termosu polkanın üzərinə yerləşdirmişdir. Təmir xərcləri dedikdə, yəni profillərin yığılması, onun üzərinə örtük çəkilməsi və s. nəzərdə tutulmuşdur. Göstərilən zərər siyahısında vitrinləri qeyd etməmişdir. Bütün icarəyə götürənlər vitrinləri özləri düzəltmiş, buna görə də mebel ilə bağlı xərc çəkmişdir. Həmçinin vitrinlərin alınması və s. barədə sənədləri yoxdur. Sonda isə o, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlərin nümayəndəsi Vəkil2 iddia tələbi qəbul etməyərək etirazında göstərilən xüsusatları təsdiq etmiş, əlavə olaraq bildirmişdir ki, qeyd olunan hallarla razı deyildir. Mövcud qaydaya əsasən, icarəyə götürən hər hansı təmir xərcləri görürsə, bu zamanda icarə haqqı müəyyən müddət üzrə tutulmur. Təmir zamanı edilən bütün yaxşılaşdırmalar da mülkiyyətiçinin mülkiyyəti hesab edilir. Araşdırma zamanı müəyyən edildi ki, həmin əraziyə iddiaçı tərəfin qeyd etdiyi miqdarda malların yerləşdirilməsi mümkün deyildir. Eyni zamanda təmir və digər çəkilən xərclərin çəkilməsini təsdiq edən sübutlar olmadığından iddia tələbinin o hissədə də rədd edilməsini xahiş etmişdir. Yanğın hadisəsi cavabdehlərin təqsiri üzündən baş verməmiş və bu halın nəzərə alınmasını xahiş etmişdir. Malların çeşidləri, adları barədə sənədlər də təqdim edilməmişdir. Digər mal sahiblərinə də verilən məbləğ 5000 manat olub, çünki mallarının dəyəri də həmin miqdarda olubdur. Müqaviləyə də imza atanda qarşı tərəf bütün şərtləri qəbul etmişdir. Sonda o, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən qeyriyaşayış binasının ½ hissəsi Cavabdeh2, ½ hissəsi isə Cavabdeh1 mülkiyyətindədir. “İcarəyəverən” X9 ilə “İcarəçi” İddiaçı1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli icarə müqaviləsinə əsasən “İcarəyəverən” Nərimanov rayonu, Təbriz 95 ünvanda yerləşən və özünün xüsusi mülkiyyətində olan 10 kv qeyri-yaşayış və ya yaşayış sahəsini 5 il müddətinə “lcarəçi”yə icarəyə verir, “İcarəçi” icarəyə götürdüyü 10 kv sahə qəbul etməyi, təyinatı üzrə istifadə edərək həmin müqavilə ilə müəyyən edilən qaydada icarə haqqını ödəməyi öhdəsinə götürür. Həmin müqaviləyə əsasən icarəyə götürülən sahənin icarə haqqı hər ay üçün 1200 manat məbləğində müəyyən edilir. “İcarəyəverən” icarəyə istifadə üçün yararlı, sahibkarlıq fəaliyyəti üçün əlverişli sahə verir. “İcarəçi” icarəyə götürdüyü sahədən təyinatı üzrə istifadə etməli, icarə müddətində xırda cari təmir işlərini öz hesabma yerinə yetirməli, texniki təhlükəsizlik qaydalarına riayət etməlidir. İcarəyə götürülmüş sahənin əsaslı təmiri “İcarəyəverən”in hesabma aparılacaqdır. Bu müqavilə imzalandığı gündən xx.xx.2018 qüvvəyə minir və xx.xx.2023-ci ilə-dək qüvvədədir. “İcarəyəverən” X9 ilə “İcarəçi” İddiaçı2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli icarə müqaviləsinə əsasən “İcarəyəverən” Nərimanov rayonu, Təbriz 95 ünvanda yerləşən və özünün xüsusi mülkiyyətində olan 9 kv qeyri-yaşayış və ya yaşayış sahəsini 5 il müddətinə “lcarəçi”yə icarəyə verir, “İcarəçi” icarəyə götürdüyü 9 kv sahə qəbul etməyi, təyinatı üzrə istifadə edərək həmin müqavilə ilə müəyyən edilən qaydada icarə haqqını ödəməyi öhdəsinə götürür. Həmin müqaviləyə əsasən icarəyə götürülən sahənin icarə haqqı hər ay üçün 1015 manat məbləğində müəyyən edilir. “İcarəyəverən” icarəyə istifadə üçün yararlı, sahibkarlıq fəaliyyəti üçün əlverişli sahə verir. “İcarəçi” icarəyə götürdüyü sahədən təyinatı üzrə istifadə etməli, icarə müddətində xırda cari təmir işlərini öz hesabma yerinə yetirməli, texniki təhlükəsizlik qaydalarına riayət etməlidir. İcarəyə götürülmüş sahənin əsaslı təmiri “İcarəyəverən”in hesabma aparılacaqdır. Bu müqavilə imzalandığı gündən xx.xx.2017 qüvvəyə minir və xx.xx.2022-ci il tarixədək qüvvədədir. Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsində 0098 nömrəli iş materiallarına əlavə olunmuş, Azərbaycan Respublikası Ədilyyə Nazirliyi Məhkəmə- Ekspertizası Mərkəzinin 18 mart 2022-ci il tarixli, 9/7498 saylı məhkəmə əmtəəşünaslıq ekspert rəyinə əsasən, ekspertizaya təqdim edilmiş məlumatlarda (siyahılarda) adları göstərilən zərərçəkmişlərə dəymiş ziyanın məbləği nəzəri olaraq təxminən: 1) X6 məxsus 39 adda mallar - 21581,00 manat; 2) X28 məxsus 40 adda mallar - 18927,00 manat; 3) X34 məxsus 36 adda mallar - 17530,50 manat; 4) X15 məxsus 31 adda mallar - 24212,00 manat; 5) X29 məxsus 193 adda mallar 17589.50 manat; 6) İddiaçı1 məxsus 61 adda mallar-64609 manat; 7) X7 məxsus 141 adda mallar 30834 manat; 8) X8 məxsus 8 adda mallar -1522 manat; 9) X35 məxsus 122 adda mallar - 33739,50 manat; 10) X16 məxsus 72 adda mallar - 93489,00 manat; 11) X3 məxsus 65 adda mallar - 35630,00 manat; 12) Əzizova Hicran Qəzənfər qızına məxsus 86 adda mallar - 3441,10 manat; 13) X17 məxsus 338 adda mallar - 60352,00 manat; 14) X1 məxsus 17 adda mallar - 13869,00 manat; 15) X25 məxsus 351 adda mallar 40297,70 manat; 16) X30 məxsus 151 adda mallar 13791,10 manat 17) X31 məxsus 41 adda mallar — 27292,50 manat; 18) X32 məxsus 45 adda mallar - 29923,00 manat; 19) X4 məxsus 360 adda mallar — 79631,90 manat; 20) X18 məxsus 220 adda mallar - 21140,20 manat; 21) X10 məxsus 13 adda mallar - 47096,80 manat; 22) X21 məxsus 41 adda mallar- 29711,00 manat; 23) X33 məxsus 74 adda mallar- 7210,002 manat; 24) X22 məxsus 19 adda mallar - 21714,00 manat; 25) X5 məxsus 64 adda mallar - 36470,20 manat; 26) X11 məxsus 146 adda mallar - 70427,50 manat; 27) İddiaçı2 məxsus 178 adda mallar - 60362,40 manat; 28) X12 məxsus 198 adda mallar -31510 manat; 29) X36 məxsus 485 adda mallar - 132854,80 manat; 30) X23 məxsus 2150 adda mallar- 64773,60 manat; 31) X19 məxsus 366 adda mallar - 22261,00 manat; 32) X13 məxsus 20323,45 manat; 33) X24 məxsus 542 adda mallar — 57512,10 manat məbləğində müəyyən olunmuşdur. Həmin iş materiallarına əlavə olunmuş, Azərbaycan Respublikası Ədilyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 mart 2022-ci il tarixli, 10/5591 saylı məhkəmə tikintitexniki ekspert rəyinə əsasən baş vermiş yanğın nəticəsində “Metro City” adı altında fəaliyyət göstərən ticarət obyektinə tikinti üzrə dəymiş ziyan 114707,00 manat müəyyən olunmuşdur. “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarda qeyd edilmişdir ki, aparılmış araşdırma zamanı hadisə yerinə keçirilmiş baxışla, alınmış izahatlarla, ekpertiza rəyləri, habelə yoxlama zamanı toplanmış digər materiallarla müəyyən edilmişdir ki, 16 oktyabr 2021-ci il tarixdə Nərimanov rayonu, Təbriz küçəsi 95 ünvanda yerləşən “Metro City” adı altında fəaliyyət göstərən ticarət obyektinə girişdən irəlidə təxminən 21-22 metr məsafədə ikinci metal konstruksiyalardan quraşdırılmış hissədə tavana yaxın sahədə yanğın baş vermişdir. Baş vermiş yanğın hadisəsinə səbəb elektrik qəza halı olmuşdur. Baş vermiş yanğın hadisəsi ilə əlaqədar ticarət obyektinin sahibləri Cavabdeh2 və Cavabdeh1 Nurəddin oğlu tərəfindən “Yanğın Təhlükəsizliyi” Qaydalarının (YTQ N-01-2001) 6.4 bəndinin və “Ticarət və ictimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün “Yanğın Təhlükəsizliyi” Qaydalarının (YTQ N 03-2002) 1.2, 3.19.1, 3.19.3.1, 3.19.4, 3.19.6 bəndlərinin tələbləri pozulmuş nəticədə X6 əmtəə üzrə 21581 manat, X28 əmtəə üzrə 18927 manat, X34 əmtəə üzrə 17530,50 manat, X15 əmtəə üzrə 24212 manat, X29 əmtəə üzrə 17589,50 manat, İddiaçı1 əmtəə üzrə 64609 manat, X7 əmtəə üzrə 30834 manat, X8 əmtəə üzrə 1522 manat, X35 əmtəə üzrə 33739,50 manat, X16 əmtəə üzrə 1522 manat, X3 əmtəə üzrə 35630 manat, Əzizova Hicran Qəzənfər qızma əmtəə üzrə 3441,10 manat, X17 əmtəə üzrə 60352 manat, X1 əmtəə üzrə 13869 manat, X25 əmtəə üzrə 40297,70 manat, X44ma əmtəə üzrə 13791,10 manat, X31 əmtəə üzrə 27292,50 manat, X32 əmtəə üzrə 29923 manat, X4 əmtəə üzrə 79631,90 manat, X18 əmtəə üzrə 21140,20 manat, X14 əmtəə üzrə 47096,80 manat, X21 əmtəə üzrə 29711 manat, X33 əmtəə üzrə 7210,02 manat, X22 əmtəə üzrə 21714 manat, X5 əmtəə üzrə 36470,20 manat, X11 əmtəə üzrə 70427,50 manata İddiaçı2 əmtəə üzra 60362,40 manat, X12 əmtəə üzrə 31510 manat, X36 əmtəə üzrə 132854,80 manat, X23 əmtəə üzrə 64773,60 manat, X19 əmtəə üzrə 22261 manat, X13 əmtəə üzrə 20323,45 manat, X26 əmtəə üzrə 57512,10 manat, "Metro City” adı altında fəaliyyət göstərən ticarət obyektinə tikinti üzrə 114707 manat, "xxxx" MMC-və 54693 manat maddi ziyan dəymişdir. Lakin yoxlama materiallarından göründüyü kimi, baş vermiş yanğın hadisəsi nəticəsində hər-hansı şəxsin sağlamlığına zərər vurulmamış, yanğın ölümə səbəb olmamış, ticarət obyektində sahibkarlıq fəaliyyəti ilə məşğul olan sahibkarlara və "xxxx" MMC-yə dəymiş ziyan ağır nəticə kimi qiymətləndirilməmişdir. Fövqəladə Hallar Nazirliyinin Əməliyyat- İstintaq İdarəsində 0098 nömrəli iş üzrə FHN Əməliyyat-İstintaq idarəsinin müstəntiqi, baş leytenant Elnur Aslanov tərəfindən baş vermiş yanğın hadisəsi ilə əlaqədar ticarət obyektinin sahibləri Cavabdeh2 və Cavabdeh1 əməllərində cinayət tərkibi olmadığı üçün barələrində cinayət təqibinin başlanması rədd edilməsi qərara alınmışdır. "xxxx" MMC-nin QCM/Y 06-006/25 nömrəli, xx.xx.2025-ci il tarixli rəyində (hesabatı) qeyd edilmişdir ki, yanğın baş verən tarixə (xx.xx.2021) İddiaçı1 icarə sahəsində olan 61 adda malların (mebel və təmir xərci daxil) cəmi orta bazar dəyəri 59385 manat, İddiaçı2 icarə sahəsində olan 178 adda malların cəmi orta bazar dəyəri 55685,5 manat müəyyən edilmişdir. “Metro City” ticarət obyektində İddiaçı2 icarəyə götürdüyü 9,0 kv.m., sahədə təqdim edilmiş siyahıda göstərilən 178 adda malların yerləşdirilməsi ilə aparılan araşdırmalar və təhlillər nəticəsində müəyyən edilmişdir ki, obyektin ümumi həcmi 25,2 (3m x 3 m x 2.8 m) kub.metr təşkil edir. Siyahı üzrə təqdim edilən 178 adda adda malların ümumi həcmi (Cədvəli) 29,78 kub.metr təşkil edir. Beləliklə, “Metro City” ticarət obyektində İddiaçı2 icarəyə götürdüyü 9,0 kv.m. sahədə təqdim edilmiş siyahıda göstərilən 178 adda malların həcmi, ölçüləri, paketlənməyi, ticarət sahəsi və s. nəzəri hesablanmaqla 84,62% malın yerləşdirilməsi mümkündür. “Metro City” ticarət obyektində İddiaçı1 icarəyə götürdüyü 10,0 kv.m. sahədə təqdim edilmiş siyahıda göstərilən 61 adda malların yerləşdirilməsi ilə aparılan araşdırmalar və təhlillər nəticəsində müəyyən edilmişdir ki, obyektin ümumi həcmi 27,972 (3m x 3,33 m x 2.8m) kub.metr təşkil edir. Siyahı üzrə təqdim edilən 61 adda adda malların ümumi həcmi (Cədvəl 2) 30,75 kub.metr təşkil edir. Beləliklə, “Metro City” ticarət obyektində İddiaçı1 icarəyə götürdüyü 10,0 kv.m. sahədə təqdim edilmiş siyahıda göstərilən 61 adda malların həcmi, ölçüləri, paketlənməyi, ticarət sahəsi və s. nəzəri hesablanmaqla 90,96% malın yerləşdirilməsi mümkündür. "xxxx" MMC-nin CVN/F 31-049/25 nömrəli xx.xx.2025-ci il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, 16 oktyabr 2021-ci il tarixdə “Metro City” ticarət obyektində birgə iddiaçılar İddiaçı1 və İddiaçı2 icarə sahəsində olan 178 və 61 adda malların yanğın baş verən tarixə (xx.xx.2021) orta bazar dəyərini müəyyən etmək üçün təqdim edilən siyahılar nəzərdən keçirilmişdir. Müəyyən edilmişdir ki, təqdim edilən malların texniki xüsusiyyətlərini əks etdirən göstəricilər - marka, model, tip, həcm, material və s. mövcud deyildir. Belə ki, hər hansı bir mal- materialın qiymətləndirilməsi üçün onun sadalanan xüsusiyyətləri barədə məlumatları - materialı, həcm, marka, model və s. bilmək vacibdir. Bu məlumatlar olmadığı təqdirdə verilən şifahi məlumatlar hər iki tərəfin (cavabdeh və iddiaçı) təsdiqi ilə olarsa, yaxud da malların xüsusiyyətlərini əks etdirən təsdiqedici sənədlər (qaimə, gömrük bəyannaməsi, müqavilə və s.) təqdim edilərsə yalnız bu halda qiymətləndirmə işi aparıla bilər. “Metro City” ticarət obyektində İddiaçı2 icarəyə götürdüyü 9,0 kv.m., sahədə təqdim edilmiş sıyahıda göstərilən 178 adda malların yerləşdirilməsi ilə aparılan araşdırmalar və təhlillər nəticəsində müəyyən edilmişdir ki, obyektin ümumi həcmi 22.5 kub.metr təşkil edir, siyahı üzrə təqdim edilən 178 adda adda malların ümumi həcmi (Cədvəl1) 33,7802 kub.metr təşkil edir. “Metro City” ticarət obyektində İddiaçı2 icarəyə götürdüyü 9,0 kv.m., sahədə təqdim edilmiş sıyahıda göstərilən 178 adda malların həcmi, ölçüləri, paketlənməyi, ticarət sahəsi və s. nəzəri hesablanmaqla yerləşdirilməsi mümkün deyildir. “Metro City” ticarət obyektində İddiaçı1 icarəyə götürdüyü 10,0 kv.m., sahədə təqdim edilmiş sıyahıda göstərilən 61 adda malların yerləşdirilməsi ilə aparılan araşdırmalar və təhlillər nəticəsində müəyyən edilmişdir ki, obyektin ümumi həcmi 25,0 kub.metr təşkil edir, siyahı üzrə təqdim edilən 61 adda adda malların ümumi həcmi (Cədvəl 2) 65,3913 kub.metr təşkil edir. “Metro City” ticarət obyektində İddiaçı1 icarəyə götürdüyü 10,0 kv.m., sahədə təqdim edilmiş sıyahıda göstərilən 61 adda malların həcmi, ölçüləri, paketlənməyi, ticarət sahəsi və s. nəzəri hesablanmaqla yerləşdirilməsi mümkün deyildir. Təqdim edilən foto və videotəsvirlərə əsasən “Metro City” ticarət obyektində 2021ci il tarixdə fəaliyyət göstərən qeyri-yaşayış sahələrinin topdan və ya pərakəndə satış mərkəzləri olduğunu müəyyən etmək mümkündür. Belə ki, həmin təsvirlərdən göründüyü kimi fəaliyyət göstərən qeyri-yaşayış sahələri pərakəndə satış mərkəzləri kimi fəaliyyət göstərmişdir. Pərakəndə satış mərkəzi kimi həmin həcmin vizual olaraq belə yerləşməsi mümkün hesab edilmir. Videogörüntüdən görünür ki, İddiaçı1 məxsus icarə sahəsində divar boyu döşəmədən tavanadək mallar yığılmış, hətta icarə sahəsinin çöl tərəfinə də mallar yığılmışdır. Bakı şəhəri 10 saylı Mediasiya təşkilatının xx.xx.2023-cü il tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 ilkin mediasiya sessiyasında iştirak edərək 410 manat mediasiya xərci ödəmişlər, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 isə iştirak etməmişlər. xx.xx.2024-cü il tarixli "xxxx" ASC-nin ödəniş qəbzlərindən görünür ki, İddiaçı2 tərəfindən 272 manat, İddiaçı1 tərəfindən 276 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Maddə 1113.1. Birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslər vurulmuş zərər üçün zərərçəkən qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 1113.2. Zərərçəkənin ərizəsi ilə və onun mənafeləri üçün məhkəmə zərəri birlikdə vurmuş şəxslərin üzərinə məsuliyyəti hissələr şəklində qoya bilər. Həmin hissələr bu Məcəllənin 1114.2-ci maddəsində nəzərdə tutulan qaydalara əsasən müəyyənləşdirilir. Maddə 1114.2. Birlikdə vurulmuş zərərin əvəzini ödəmiş zərərvuran digər zərərvuranların hər birindən zərərçəkənə ödədiyi əvəzin həmin zərərvuranın təqsirinin dərəcəsinə uyğun məbləğdə hissəsini tələb edə bilər. Təqsirin dərəcəsini müəyyənləşdirmək mümkün olmadıqda hissələr bərabər sayılır. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Ali Məhkəmənin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli Qərarının 2-ci bəndində belə bir mövqe əks etdirilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X20 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. ... Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. ... Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi, bir qayda olaraq, pulla müəyyən edilir və ödənilir. ... Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir Məhkəmənin mövqeyi Tədqiq edilmiş sübutlar əsasında işin mübahisəsiz halları olaraq müəyyən edilmişdir ki, 16 oktyabr 2021-ci il tarixdə Nərimanov rayonu, Təbriz küçəsi 95 ünvanda yerləşən “Metro City” adı altında fəaliyyət göstərən ticarət obyektində yanğın baş vermiş, nəticədə iddiaçıların əmlakları yanaraq onlara ziyan dəymişdir. İstintaq orqanı tərəfindən araşdırma zamanı ekspert rəyinə əsasən baş vermiş yanğın hadisəsi ilə əlaqədar ticarət obyektinin sahibləri Cavabdeh2 və Cavabdeh1 Nurəddin oğlu tərəfindən “Yanğın Təhlükəsizliyi” Qaydalarının (YTQ N-01-2001) 6.4 bəndinin və “Ticarət və ictimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün yanğın təhlükəsizliyi” Qaydalarının (YTQ N 03-2002) 1.2, 3.19.1, 3.19.3.1, 3.19.4, 3.19.6 bəndlərinin tələblərinin pozulduğu müəyyən edilmiş, həmin yanğın insan ölümünə və digər ağır nəticələrə səbəb olmadığından həmin şəxslərin barəsində cinayət işinin başlanılması rədd edilmişdir. Mülki qanunvericiliyə əsasən cavabdehlər törətdikləri mülki hüquq pozuntusu üçün mülki hüquq məsuliyyəti daşıyırlar və həmin mülki hüquq pozuntusu nəticəsində iddiaçılara dəymiş ziyanı ödəməlidirlər. Buna görə də iddiaçıların Mülki Məcəllənin 1097.1ci maddəsinə əsasən onlara dəymiş maddi ziyanı zərərvuran şəxslərdən, cavabdehlərdən tələb etmək hüquqları var və onların maddi ziyan tələbi haqlıdır. Lakin, bununla belə işin faktiki hallarından və tərəflərin izahatlarından görünür ki, tərəflər arasında dəymiş ziyanın həcmi ilə bağlı mübahisə mövcuddur. Belə ki, İddiaçı1 64609 manat dəyərində 61 adda malının, İddiaçı2 isə 60362,4 manat dəyərində 178 adda malının yanğın nəticəsində məhv olduğunu bildirərək həmin məbləğləri tələb etmişlər. Lakin cavabdehin nümayəndəsi bunun absurd olduğunu, o qədər malın iddiaçılara icarəyə verilmiş sahəyə yerləşməsinin qeyri-mümkün olduğunu, təxminən iddiaçının hər birinə dəymiş ziyanın 5000 manat həcmində olduğunu və həmin məbləği iddiaçıların hər birinə ödəməyə razı olduğunu bildirmişdir. Dəymiş ziyanın həcminin müəyyənləşdirilməsi ilə bağlı məhkəmə tərəfindən "xxxx" MMC-dən mütəxəssis cəlb edilərək rəy alınmışdır. Həmin rəy kifayət qədər müfəssəl, ətraflı, geniş, obyektiv, hərtərəfli araşdırma nəticəsində tərtib olunduğundan onun mötəbər sübut kimi qəbul edilməməsinə əsaslar mövcud deyildir. Belə ki, cavabdehin nümayəndəsinin təqdim etdiyi "xxxx" MMC-nin mütəxəssis rəyində mallar təqdim edilmədiyi üçün qiymətləri müəyyən edilməmiş, həmçinin malların həcmi və sahənin ölçüləri məlum olsa da, mütəxəssis hansı həcmdə malın yerləşməsini qeyd etməmiş, sadəcə ümumi olaraq malların icarəyə verilmiş sahəyə yerləşmədiyini göstərmişdir. Halbuki Qiymətləndirmə və Consulting Mərkəzi MMC-nin rəyində nəzəri hesablamalı yolu ilə malların orta bazar qiymətləri müəyyən edilmiş, həmçinin ölçüləri, paketlənməsi, ticarət sahəsi və s. nəzərə alınaraq hansı həcmdə malların yerləşə biləcəyi göstərilməklə yetəri qədər dolğun rəy hazırlanmışdır. Hər kəsə məlumdur ki, kiçik sahibkarlar büdcələrinə qənaət etmək məqsədi ilə ticarət mərkəzlərində icarəyə götürdükləri sahəni maksimum dərəcədə satacaqları mallarla elə doldururlar ki, heç bir boşluq qalmasın, boşuna artıq sahə kirayələrək əlavə xərc çəkməsinlər. Həmçinin yanmış malların birəbir eynisi olmasa da, ən azından həmin malın bazarda ən sadəsinin qiymətlərini və ölçülərini nəzərə alaraq orta bazar qiymətini, ölçülərini, icarə sahəsinə hansı həcmdə yerləşməsini müəyyən etmək mümkündür. İddiaçıların malları və malların alınmasına dair qeyd apardıqları dəftərləri yandığı üçün onların həmin malların markası, materialı, ölçüləri və s. haqqında dəqiq məlumat təqdim etməsi qeyri-mümkündür. Ancaq həmin məlumatları təqdim etmək imkanlarının olmaması isə iddialarının əsassız olması anlamına gəlməməlidir. Çünki sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. İddiaçı1 icarəyə götürdüyü sahəni təmir etdirdiyini və ora mebel hazırlatdığını bildirmiş və bunun üçün çəkdiyi xərci də tələb etmişdir. Bununla bağlı qeyd edilməlidir ki, icarə müqaviləsinə əsasən ona əlverişli, yararlı sahə icarəyə verilmiş, onun orada təmir işləri aparması və mebel düzəltdirməsi barədə hər hansı sübut təqdim edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, mütəxəssis rəyində hesablanmış təmir və mebel xərci (1300+3200=4500) olaraq 4500 manat İddiaçı1 dəymiş ümumi ziyan məbləğindən, 59385 manatdan çıxılmalıdır. Beləliklə məhkəmə qeyd edilənləri, "xxxx" MMC-nin mütəxəssis rəyini nəzərə alaraq hesab edir ki, İddiaçı1 yanmış mallarının cəmi dəyəri (59385-4500=54885) 54885 manat, həmin malların isə 90,96%-nin icarə sahəsinə yerləşməsi mümkün olduğundan, həmçinin İddiaçı2 yanmış mallarının dəyəri 55685,5 manat, həmin malların isə 84,62%-nin icarə sahəsinə yerləşməsi mümkün olduğundan, İddiaçı1 dəymiş maddi ziyana görə (54885x90,96%=49923,396) 49923,4 manat, İddiaçı2 dəymiş ziyana görə isə (55685,5x84,62%=47121,0701) 47121,07 manat cavabdehlərdən müştərək qaydada tutularaq dəymiş ziyana mütənasib olaraq iddiaçılara ödənilməlidir. Bundan başqa İddiaçı1 dəymiş mənəvi ziyana görə 6000 manat, İddiaçı2 isə dəymiş mənəvi ziyana görə 5000 manat məbləğində pul vəsaitinin də cavabdehlərdən müştərək qaydada onların xeyrinə tutulmasını tələb etmişlər. Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarında qeyd edilənlər belə bir nəticəyə gəlməyə əsas verir ki, şəxsə yetirilən mənəvi zərərin kompensasiyasından söhbət gedir. Belə olan halda Konstitusiya Məhkəməsi bu cür kompensasiya etməni məhkəmənin mülahizəsinə görə təyin edilməli olmasını müəyyən edir. İddiaçılar mənəvi zərərin məbləğinin hansı səbəbdən müvafiq olaraq 5000 və 6000 manat təşkil etməsini, cavabdehlər tərəfindən sağlamlıqlarına həmin məbləğlərdə bərpa olunmayan xəsarətlər yetirilməsini əsaslandırmamışlar, bununla bağlı məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Belə olan halda isə məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zərərin vurulması hissəsində sübuta yetirilmədiyindən təmin olunmamalıdır. Beləliklə məhkəmə iddianın qismən təmin olunduğunu, cavabdehlərin üzrsüz səbəbdən ilkin mediasiya sessiyasında iştirak etmədiklərini nəzərə alaraq hesab edir ki, iş üzrə ödənilmiş 548 manat dövlət rüsumu ilə 410 manat mediasiya xərcinin 381,14 manatının əvəzi cavabdehlərdən müştərək qaydada tutularaq iddia tələblərinin təmin olunmuş hissəsinə mütənasib olaraq 51,45%-i İddiaçı1, 48,55%-i İddiaçı2 ödənilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı1 vurulmuş ziyana görə 49923,40 manat və İddiaçı2 vurulmuş ziyana görə 47121,07 manat olmaqla, cəmi 97044 (doxsan yeddi min qırx dörd) manat 47 (qırx yeddi) qəpik pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub, vurulmuş ziyanlara mütənasib olaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilsin. Ödənilmiş dövlət rüsumu ilə ilkin mediasiya xərcinin 381 (üç yüz səksən bir) manat 14 (on dörd) qəpiyin əvəzi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq 51,45% İddiaçı1, 48,55% İddiaçı2 xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar