Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1100/2022 08.04.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Seyidova Çərkəz Rüstəm qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh hesabından 10.065,00 (on min altmış beş) manat əsas borc, vəkilə qonarar olaraq ödənilmiş 150,00 (yüz əlli) manat, mediatora ödənilmiş 200,00 (iki yüz) manat, cəmi 10.415 (on min dörd yüz on beş) manat pulun tutularaq İddiaçı "xxxx" QSC Xırdalan filialında olan AZ10NABZ******************** saylı hesablaşma hesabıma ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “İcraçı” olaraq iddiaçı ilə “Sifarişçi” olaraq Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyət arasında bağlanmış 018/07 saylı, 01 iyul 2018ci il tarixli “Təmir xidmətlərinin göstərilməsi haqqında” Müqaviləyə əsasən iddiaçı tərəfindən “Sifarişçi” olaraq Cavabdeh tərəfindən təqdim edilmiş avtomobillərə təmir xidmətləri göstərilmişdir. Göstərilmiş xidmətlərə dair işlərin qiyməti “Qiymətlərin razılaşma Protokolu”na əsasən tərəflər arasında razılaşdırılmış, görülmüş işlər haqqında Aktlarla “İcraçı”nın nümayəndəsi tərəfindən təhvil verilmiş və “Sifarişçi”nin nümayəndəsi tərəfindən də qəbul edilmişdir. Belə ki, tərəflər arasında tərtib edilmiş 24 iyun 2020-ci il tarixli Akta, 030 saylı, 24 iyun 2020-ci il tarixli Hesab-fakturaya və EBAL seriyalı, 535576 nömrəli, 24 iyun 2020-ci il tarixli Elektron qaiməyə əsasən 10.065 (on min altmış beş) manatlıq iş görülmüş və təhvil verilnmişdir. Lakin bu günə qədər yaranmış borc məbləği ödənilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianın məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Həmin Məcəllənin 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Həmin Məcəllənin 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməldirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Məhkəmə ilk öncə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Hazırki iddia tələbində əsas borcun tələb edilməsi hissəsində yuxarıda qeyd olunan maddələrin bütün dispozisiya şərtləri mövcuddur. Belə ki, işin müəyyən olunmuş halları ondan ibarətdir ki, tərəflər arasında 018/07 saylı, 01 iyul 2018-ci il tarixli “Təmir xidmətlərinin göstərilməsi haqqında” Müqavilə bağlanaraq öhdəlik münasibətləri yaranmışdır. 24.06.2018-ci il tarixdə göstərilməli xidmətlərə dair hesab-faktura verilmiş və cavabdehin ünvanına elektron qaimə göndərilmişdir. İddiaçı həmin müqavilə üzrə cavabdehə müqavilə üzrə müəyyənləşdirilmiş xidmətləri göstərmişdir. Qeyd olunan hal avtomobilə təmir xidmətlərinin göstərilməsinə dair 24.06.2020-ci il tarixli aktla təsdiqini tapır və həmin akt üzrə göstərilmiş xidmətlərin dəyəri 10.065 manat təşkil etmişdir. Mülki qanunvericiliklə tənzimlənən müqavilələrin bir növü olan podrat müqaviləsinin bağlanması, icra olunması, habelə bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi ümumi qaydada müqavilə azadlığına əsaslanır. Podrat müqaviləsinin əsas xüsusiyyətlərindən biri müqavilənin tərəfi olan podratçının həmin müqavilənin digər tərəfi olan sifarişçinin xeyrinə hər hansı bir işi görməsidir. Belə ki, podrat müqaviləsindən irəli gələn öhdəlik təkcə hər hansı əmlakın verilməsini deyil, həm də həmin əmlakın yaradılması üzrə podratçının iş fəaliyyətini ehtiva edir. Podrat müqaviləsi bağlanarkən tərəflərin məqsədi müəyyən hüquqi nəticənin əldə edilməsi ilə birbaşa əlaqəlidir. Tərəflər arasında olan müqaviləyə əsasən iddiaçı öz üzərinə düşən öhdəliyi yerinə yetirdiyi, lakin cavabdehin öz üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi sübut olunduğundan, cavabdeh iddiaçıya əsas borc üzrə 10.065 manat məbləği ödəməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddianın 150 manat hüquqi yardım göstərilməsinə dair xərcin tələb edilməsi hissəsində də iddia təmin edilməlidir. Belə ki, Mülki Prossesual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarından görünür ki, İddiaçı tərəfindən ona hüquqi yardım göstərilməsi üçün Nümayəndə hesabına 150 manat məbləğində pul köçürülmüşdür. Məhkəmə hesab edir ki, göstərilmiş hüquqi yardıma görə 150 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə mediasiya sessiyası üçün ödənilmiş 200 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmçinin məhkəmə qeyd edir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 3.4-cü maddəsi də eyni məzmunludur. Göründüyü kimi qanunverici mediasiya xərclərini məhkəməyə iddia verilərkən ödənilən dövlət rüsumu ilə eyniləşdirmişdir. Ancaq Mülki Prossesual Məcəlləsində ( 119-cu maddədə) konkret olaraq mediasiya xərclərinin bölüşdürülməsi göstərilməsə də, qeyd olunan hala MPM-in 13.4-cü maddəsinə (Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir) əsasən qiymət verilməlidir. Belə ki, iddiaçı tərəf Kommerssiya məhkəməsinə müraciət edərkən mütləq qaydada ilkin mediasiya sessiyasında iştirak etməli və müvafiq arayışı təqdim etməlidir. İddiaçı da, ilkin mediasiya sessiyasında iştirak edərkən müəyyən mediasiya xərcini ödəyir. Ona görə də, mediasiya zamanı çəkilən xərclərlə iddia ərizəsi üzrə məhkəməyə müraciət edilərkən ödənilmiş dövlət rüsumu “status” baxımından eyniləşdirilməlidir və MPM-nin 13.4-cü maddəsinə istinad edilməklə 119-cu maddə tətbiq edilməlidir. İş materiallarında olan Arayışdan görünür ki, İddiaçı mediasiya xərci olaraq 200 manat məbləğində pul ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, mediasiyaya çəkilmiş xərc olaraq 200 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 018/07 saylı, 01 iyul 2018-ci il tarixli “Təmir xidmətlərinin göstərilməsi haqqında” müqavilə üzrə əsas borc üzrə 10.065 (on min altmış beş) manat məbləğində olmaqla Cavabdehndən tutularaq İddiaçı verilsin. Hüquqi yardım göstərilməsinə görə vəkilə ödənilmiş pulun əvəzi olaraq 150 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı verilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-1100/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1100/2022
08.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver