Məhkəmə qərarları › İş №e-2-2(113)-1101/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1101/2021

10.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1101/2021 10.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, Cavabdeh1 nümayəndəsi, vəkili X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2nə və Cavabdeh1 qarşı borcun ödənilməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi və iddia tələbinin həcminin artırılmasına dair (17.07.2021-ci il tarixli) ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 K3331 saylı kredit üzrə 50000 manat əsas borc, 2822,91 manat faiz borcu, 14000 manat cərimə borcu, müqavilə müddəti bitdiyi 03.07.2020-ci il tarixdən 15.07.2021-ci il tarixədək illik 5% dərəcəsi ilə hesablanan faiz borcu 2583,33 manat olmaqla, cəmi 69406,24 manat borcun İddiaçı ASC-nin xeyrinə tutulması və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında 04.05.2017-ci il tarixli GTC-185LE/2017 saylı Bank Xidmətlərinin Göstərilməsinə dair X5 (bundan sonra “Müqavilə) imzalanmışdır. Sonradan Bank Xidmətlərinin Göstərilməsinə dair X5 çərçivəsində tərəflər arasında 03.07.2019-cu il tarixli K3331 saylı maliyyələşdirmə üçün ərizə forması imzalanmış və Bank tərəfindən Borcalana dövriyyə vəsaitinin artırılması məqsədilə 03.07.2020-ci il tarixinədək illik faiz dərəcəsi 17% (illik cərimə faizi 15%, gündəlik 0.0417%) olmaqla, 50000 manat məbləğində kredit xətti açılmışdır. Tərəflər arasında imzalanmış K3331 saylı kredit üzrə Borcalan Cavabdeh2 MMC-nin Bank qarşısında mövcud olan öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə Bank ilə Cavabdeh1 (bundan sonra “Zamin”) arasında 03.07.2019-cu il tarixli, Z3441 saylı zaminlik müqaviləsi bağlanmışdır. Lakin Borcalan K3331 saylı kredit üzrə 272 gün ərzində müqavilə üzrə öhdəliklərini icra etməyərək, kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Buna görə də Bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək Borcalana 09.10.2020-ci il tarixli PBCOS-1417 saylı xəbərdarlıq məktubu, Zaminə isə 29.12.2020-ci il tarixli PBCOS-1667 saylı xəbərdarlıq məktubları göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. X5na əsasən müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirmək və onun pozulmasına yol verməmək müştərinin vəzifəsidir, eyni zamanda kreditin və faizlərin ödənilməsi müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə, kreditin ümidsiz kreditə çevrilməsi riski ilə bağlı bankın əsaslı ehtimalları yarandıqda, müqavilə bank tərəfindən birtərəfli qaydada vaxtından əvvəl ləğv edilə bilər. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı ASC-nin nümayəndəsi X2 iddianı müdafiə etdiyini bildirərək, iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi, vəkili X4 iddia tələbini qismən qəbul edərək, izahatında cavabdeh tərəfindən əsas məbləğdən müəyyən ödənişlərin edildiyini, faiz və cərimə məbləği isə ümumiyyətcə razı olmadığını bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin və Cavabdeh2 nümayəndələri məhkəmə iclasına gəlməmiş, lakin İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasını onların nümayəndələrinin iştirakı olmadan keçirib, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Cavabdeh2 isə nümayəndəsinin gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, məhkəmə, işə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin və Cavabdeh2 nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 04.05.2017-ci il tarixli GTC-185LE/2017 saylı Bank Xidmətlərinin Göstərilməsinə dair X3 (müqavilədən) görünür ki, müştərinin - Cavabdeh2 müraciəti əsasında ona bank hesabının açılması, depozitin yerləşdirilməsi, maliyyələşdirilməsi (kredit, kredit xətti və ya limitin ayrılması), ticarətin maliyyələşdirilməsi (akkreditiv, qarantiya, stand-by akkreditiv, inkasso), ödəniş kartların verilməsi, inkassasiya xidməti, depozit qutularının icarəsi və bu xidmətlərin göstərilməsindən irəli gələn şərtlər öz əksini tapmışdır. 03 iyul 2019-cu il tarixli, K3331 nömrəli kredit limiti müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə 03.07.2020-ci il tarixədək illik 17 faiz ödəmək şərti ilə kreditin gecikdirilmiş əsas məbləğə tətbiq olunan illik 17% faiz dərəcəsi ilə 50000 manat məbləğində kredit limiti verilməsi barədə aralarında razılığa gəlmişlər. 03.07.2019-cu il tarixli, K3331 saylı maliyyələşdirmə üçün ərizədən (kredit əməliyyatı üzrə) görünür ki, "xxxx" MMC"xxxx" ASC–dən 03.07.2020-ci il tarixinə qədər kreditin nominal illik dərəcəsi 17% (illik cərimə faizi 15%, gündəlik 0.0417%) olmaqla 50000 manat məbləğində (kredit xətti ilə) kredit götürmüşdür. 03 iyul 2019-cu il tarixli Z3441 nömrəli zaminlik müqaviləsindən görünür ki, bank – "xxxx"Açıq Səhmdar Cəmiyyəti ilə borcalan - "xxxx" MMC ilə illik 17 faiz olmaqla, 03.07.2020-ci il tarixinədək 50000 manat məbləğində kredit limiti verilməsi barədə bağlanmış müqavilədə göstərilən məbləğdə kreditlə əlaqədar olaraq Borcalan Bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin - Cavabdeh1, Borcalan ilə birlikdə Bank qarşısında məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. 07 iyun 2021-ci il tarixli 9/2364 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, "xxxx" MMC-nin 03.07.2019-cu il tarixli K3331 saylı maliyyələşdirmə üçün ərizə (kredit əməliyyatı üzrə) üzrə 03.07.2020-ci il tarixə "xxxx"ASC-yə olan borcu 50000 manat əsas, 2822,93 manat faiz, 133,33 manat cərimə borcu olmaqla ümumilkdə 52956,26 manat məbləğində, "xxxx" MMC-nin 03.07.2019-cu il tarixli K3331 saylı maliyyələşdirmə üçün ərizə (kredit əməliyyatı üzrə) üzrə 03.07.2020-ci il tarixdən 16.03.2021-ci il tarixədək illik 5% dərəcəsi ilə hesablanan faiz borcu 1756,94 manat təşkil edir. 16.03.2021-ci il tarixə "xxxx" MMC-nin "xxxx"ASC-yə olan borcu 50000 manat əsas, 4579,87 manat faiz, 11288,89 manat cərimə borcu olmaqla ümumilkdə 65868,76 manat məbləğində müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 200 manatdır. İddiaçı ASC tərəfindən təqdim edilmiş 17.07.2021-ci il tarixli, PB/PBL-OUT-01189- 2021 nömrəli maliyyə arayışından görünür ki, "xxxx" MMC-nin 15 iyul 2021-ci il tarixə İddiaçı ASC qarşısında kredit üzrə öhdəlikləri K3331 nömrəli kredit müqaviləsinə əsasən 50000 manat əsas borc, 2822,91 manat faiz borcu, 14000 manat cərimə borcu, müqavilə müddəti bitdiyi 03.07.2020-ci il tarixdən 15.07.2021-ci il tarixədək illik 5% dərəcəsi ilə hesablanan faiz borcu 2583,33 manat olmaqla, cəmi 69406,24 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 445.7, 462.1, 465.2, 467 və 470.1-ci maddələrinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur, Həmçinin borclu öhdəliyin lazımınca müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə (dəbbə pulu, penya) ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İş materiallarından və qanunvericilik normalarından da göründüyü kimi iddiaçı və cavabdehlər arasında qanunvericiliyə uyğun olaraq müqavilələr bağlanmış, iddiaçı tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin cavabdehlər öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddia əsas borc tələbi hissəsində əsaslı olduğundan təmin edilməli və cavabdehlərdən 50000 manat məbləğində vəsait alınaraq iddiaçıya ödənilməli, bununla yanaşı ekspert rəyində faiz borcu 2822.93 manat kimi göstərilsə də, iddiaçının tələbi rəydə müəyyən edildiyindən az, yəni 2822.91 manat həcmində olduğuna görə məhkəmə hesab edir ki, faiz tələbi də, tam təmin edilməli, eyni zamanda müqavilə müddəti bitdiyi 03.07.2020-ci il tarixdən 15.07.2021-ci il tarixədək illik 5% dərəcəsi ilə hesablanan 2583,33 manat məbləğində faiz borcu tələbi əsaslı olduğundan tam təmin edilməlidir. Lakin məhkəmə iddia tələbinin (cərimə) dəbbə pulu hissəsi ilə əlaqədar qeyd edir ki, dəbbə pulu tənasübsüz sürətdə yüksək qiymətləndirildiyinə görə həmin məbləğ azaldılaraq 1593,76 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 K3331 saylı kredit üzrə 50000 manat əsas borc, 2822,91 manat faiz borcu, 1593,76 manat cərimə borcu, müqavilə müddəti bitdiyi 03.07.2020-ci il tarixdən 15.07.2021-ci il tarixədək illik 5% dərəcəsi ilə hesablanan faiz borcu 2583,33 manat olmaqla, cəmi 57000 manat borcu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin 82,12%-nin təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun 82,12%-i, yəni 24,63 manatı cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı iddia tələbinin 82,12%-nin təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, məhkəmə mühasibatlıq ekspertizasının xərci olan 200 manat məbləğində pulun 164,24 manatı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada, 35,76 manatı isə "xxxx" ASC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 K3331 saylı kredit üzrə 50000 manat əsas borc, 2822,91 manat faiz borcu, 1593,76 manat cərimə borcu, müqavilə müddəti bitdiyi 03.07.2020-ci il tarixdən 15.07.2021-ci il tarixədək illik 5% dərəcəsi ilə hesablanan faiz borcu 2583,33 manat olmaqla, cəmi 57000 manat və dövlət rüsumu kimi ödənilmiş 24,63 manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Məhkəmə mühasibatlıq ekspertizasının xərci olan 200 manat məbləğində pulun 164,24 manatı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada, 35,76 manatı isə "xxxx" ASC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar