Məhkəmə qərarları › İş №e-2-2(113)-1102/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1102/2024

01.03.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1102/2024 01.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: akt, abonent saldosu) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Xəlil Ülkər Abdurahman qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh ASC-yə (bundan sonra – cavabdeh) qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçının sahibkarı olduğu ünvan 1 ünvanında yerləşən su sexinə (Abonent kodu:081524) qanunsuz olaraq hesablanmış 13136 manat məbləğində əsassız borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən iddiaçının (VÖEN:**********) sahibkarı olduğu ünvan 1 ünvanında yerləşən su sexinə (Abonent kodu:081524) qanunsuz olaraq əlavə su sərfiyyatı hesablanmış, nəticədə müvafiq abonent kodu üzrə hüquqlarını müdafiə etdiyim şəxs adına 13136 manat həcmində əsassız borc yaranmışdır. Cavabdeh ASC ilə iddiaçı arasında 19183214 nömrəli müqavilə qüvvədədir. Belə ki, Cavabdeh ASC tərəfindən iddiaçı barəsində əsassız olaraq borc məbləğinin hesablanılması ilə bağlı 27 noyabr 2023-cü il tarixli 602226 nömrəli akt tərtib edilmişdir. Bu aktın tərtibi və borcun hesablanması tamamilə əssasızdır. İddiaçı tərəfindən istifadə edilən obyekt məhz su sexi kimi fəaliyyət göstərir, lakin həmin dövr üçün sexin işlətdiyi su sərfiyyatı Cavabdeh tərəfindən yanlış və artıq hesablanmışdır. Cavabdehə müraciət olunaraq texniki şərtin verilməsi xahiş olunmuş, texniki şərtin verilməsi ilə əlaqədar cavabdehin nümayəndələri tərəfindən dəfələrlə müvafiq obyektə baxış keçirilmişdir. Əgər hər hansı qanunsuz birləşmə mövcud olsa idi, bu cavabdehin əməkdaşlarına qabaqcadan məlum olardı.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçıya məxsus obyektdə yoxlama keçirilərkən dövlət reyestrində müvafiq qeydiyyat aparılmadığı üçün ümumiyyətlə yoxlama əsassızdır.

4. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbinə etiraz edib iddia tələbinin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçıya məxsus obyektdə cavabdehin nümayəndələri tərəfindən yoxlama keçirilmiş, nəticədə sayğacdan kənar boru vasitəsilə sudan qeyri-qanuni istifadə edilməsi müəyyən edilmişdir. Həmin yoxlamanın nəticəsində iddiaçıya ümumilikdə 13136 manat borc hesablanmışdır. Həmin borc “Sudan istifadə Qaydaları”na əsasən hesablanmışdır. Bundan əlavə, iddiaçıya məxsus obyektdə yoxlama keçirilərkən dövlət reyestrində müvafiq qeydiyyat aparılmamışdır.

III. Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

6. Tərəflər arasında xx.xx.2024-cü il tarixdə su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair müqavilə bağlanmışdır.

7. Cavabdehin Xətai rayon Sukanal İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qanunsuz istifadə fakturasından görünür ki, xx.xx.2023-cü il tarixli 602226 saylı akta əsasən su təchizatı və kanalizasiya xidmətlərindən qanunsuz istifadə ilə bağlı 13136 manat məbləğində ziyan hesablanmışdır.

8. Cavabdeh tərəfindən tərtib olunmuş 27 noyabr 2023-cü il tarixli 602226 saylı akta əsasən Bakı şəhəri, Xətai rayonu, Oktay Vəliyev 23/60 nömrəli ünvanda iddiaçıya məxsus obyektə baxış keçirilməsi nəticəsində abonentin obyektə quraşdırılmış smart su sayğacının girişində olan su süzgəcini özbaşına açaraq diametri 20 mm olan plastik boru vasitəsilə sudan qeyri-qanuni istifadəsi müəyyən edilmişdir.

9. Abonent haqqında məlumata əsasən iddiaçıya əlavə sərfiyyata görə ümumilikdə 13136 manat borc hesablanmışdır.

10. Azərbaycan Respublikasə Ədliyyə Nazirliyinin iddiaçıya ünvanladığı xx.xx.2024cü il tarixli məktuba əsasən iddiaçı ilə bağlı cavabdeh tərəfindən yoxlama aparılması barədə vahid məlumat reyestrində qeydiyyat aparılmamışdır.

11. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

12. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2023-cü il tarixdə cavabdehin əməkdaşları tərəfindən Bakı şəhəri, Xətai rayonu, Oktay Vəliyev 23/60 ünvanında yerləşən obyektə baxış keçirilmiş, baxış nəticəsində obyektdə sudan qeyriqanuni istifadə halları müəyyən olunmuşdur.

13. Məhkəmə əvvəla qeyd edir ki, cavabdeh mübahisəli borcun hesablanmasını iddiaçı tərəfindən sayğacdan kənar boru vasitəsilə qeyri-qanuni istifadə edilməsi nəticəsində cavabdehə ziyan vurulması ilə əsaslandırsa da, iddiaçı tərəfindən həmin su xəttindən istifadə edildiyini təsdiq edən mötəbər sübutları (video, fotoşəkillər və sairə) məhkəməyə təqdim edə bilməmişdir.

14. Belə ki, məhkəməyə təqdim edilmiş cavabdeh tərəfindən tərtib edilmiş 27 noyabr 2023-cü il tarixli akta münasibətdə məhkəmə hesab edir ki, həmin akt iddiaçı tərəfindən sudan qeyri-qanuni istifadə faktının məhkəmə tərəfindən müəyyən edilməsi üçün yetərli sübut deyildir.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

16. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

17. Digər tərəfdən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun:

18. 2.1-ci maddəsinə əsasən, həmin Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir.

19. 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə həmin Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir.

20. 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

21. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin:

22. 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin 4 göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) həmin Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.

23. 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər.

24. 1.7-ci bəndə əsasən, reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır.

25. Göründüyü kimi, cavabdeh su təchizatı sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfindən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır.

26. Hazırkı işin hallarından isə görünür ki, mübahisəli borc cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektdə su təchizatı və kanalizasiya sisteminin vəziyyəti ilə bağlı keçirilmiş yoxlamanın nəticəsi olaraq hesablandığı halda həmin yoxlama Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınmamışdır. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun yuxarıda istinad edilən 3.2-ci maddəsinə əsasən həmin yoxlama heç bir hüquqi nəticə yaratmır.

27. İşin yuxarıda qeyd olunan halları ilə təsdiq edilir ki, cavabdeh tərəfindən aparılmış yoxlama vahid məlumat reyestrində qeydə alınmadığından və belə olan halda heç bir hüquqi nəticə yaratmadığından, cavabdeh həmin yoxlamanın nəticəsi olaraq iddiaçıya 13136 manat məbləğində borc hesablamaqla haqlı olmamışdır.

28. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçıya əsassız olaraq hesablanmış 13136 manat məbləğində borcun silinməsi öhdəliyi cavabdehə həvalə edilməlidir.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

30. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 200 manat mediasiyaya dair xərc cavabdehə aid edilməlidir.

V. Nəticə:

32. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı əsassız olaraq hesablanmış 13136 (on üç min bir yüz otuz altı) manat borcun silinməsi öhdəliyi Cavabdeh ASC-yə həvalə edilsin. Ödənilmiş 200 (iki yüz) manat dövlət rüsumu Cavabdeh ASC-dən tutularaq İddiaçı ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar