Məhkəmə qərarları › İş №e-2-2(113)-1102/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1102/2025

16.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1102/2025 16.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: dəymiş ziyanın ödənilməsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın əvəzinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1115 (bir min yüz on beş) maddi ziyan, 300 (üç yüz) manat məbləğində vəkilin göstərdiyi hüquqi yardım, etibarnamə alınması üçün 17,25 manat notariat qaydasında çəkilmiş xərclər, ödənilmiş 31,15 manat dövlət rüsumunun tutulub iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, X1 etibarnamə əsasında İddiaçı adından Cavabdeh ilə xx.xx.2024-cü il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən “RAVON NEXİA R3 MİNİK” markalı, **-HE-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə ilə idarə olunması üçün cavabdehin istifadəsinə verilmişdir. Cavabdeh avtomobili götürdüyü qısa müddət ərzində təqsirli hərəkətləri nəticəsində nəqliyyat vasitəsinə zərər vurmuşdur. Cavabdeh tərəfindən “RAVON NEXİA R3 MİNİK” markalı, **-HE-*** dövlət qeydiyyat nişanlı avtomobil 12 sentyabr 2024-cü il tarixdə avtoservisə gətirilmişdir. Avtoservisdə sürücü-cavabdehin iştirakı ilə avtomobilə baxış keçirilmişdir. Baxış keçirilən zaman avtomobilin ön hissədən qəza keçirdiyi müəyyən edilmişdir. Bununla bağlı akt tərtib edilmişdir. Aktda avtomobildə olan nöqsanlar sadalanmışdır. Qeyd olunan nöqsanlar barədə Cavabdeh yerində avtomobilə baxış zamanı məlumat verilmiş, lakin o, heç bir əsas olmadan aktı imzalamaqdan imtina etmişdir. Aktda bu barədə qeyd aparılmışdır. Eyni zamanda bildiririk ki, cavabdeh heç bir əsas olmadan aktı imzalamaqdan imtina etdiyinə görə həmin aktın surəti ona həm rəsmi poçt vasitəsi ilə həm də AR İqtisadiyyat Nazirliyi yanında Dövlət vergi Xidmətinin Avtomatlaşdırılmış Vergi informasiya Sistemində yaradılmış elektron kabinetinə məktubla göndərilmişdir. Avtomobil təmir olunması üçün avtoservisə verilmiş və avtoservis tərəfindən verilən qüsur aktına əsasən avtomaşının bərpası üçün 1115 (bir min yüz on beş) manat tələb olunmuşdur. İddiaçı öz avtomobilini təmir etdirmək məcburiyyətində qaldığından xx.xx.2024-cü il tarixdə avtomobilin təmirinə görə 1115 (bir min yüz on beş) manat ödəmişdir. Bundan sonra avtomobil təmir olunmuşdur.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

12. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, X1 (İddiaçı) (icarəyə verən) ilə Cavabdeh (icarəçi) arasında xx.xx.2024-cü il tarixli icarə müqaviləsi bağlanmış, müqaviləyə əsasən Ravon R3 minik markalı 77HE803 dövlət qeydiyyat nişanlı avtomobil icarəyə verilmişdir.

13. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli icarə müqaviləsinə 1 saylı Əlavə ilə təsdiq edilmiş təhvil-təslim aktı ilə Ravon R3 minik markalı 77HE803 dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh təhvil verilmişdir. Akta əsasən nəqliyyat vasitəsi texniki baxımdan saz vəziyyətdədir, heç bir qüsuru yoxdur, bütün ləvazimatları yerindədir.

14. Müqavilə və Əlavə hər iki tərəfin imzası təsdiq edilmişdir.

15. Hazırda iddiaçı icarəçi tərəfindən avtomobil geri qaytarılan zaman nəqliyyat vasitəsinin təmirə ehtiyac olunduğunu, bu barədə akt tərtib edildiyini və avtomobilə dəymiş ziyanın cavabdehdən alınaraq iddiaçıya ödənilməsini məhkəmədən xahiş etmişdir.

16. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsinin təhvil alınmasına dair akta əsasən avtomobilin sürücüsü Cavabdeh tərəfindən avtomobil xx.xx.2024-cü il tarixdə avtoservisə gətirilmişdir.

17. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21.2, 1096, 1097-ci maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər.

18. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktına əsasən ehtiyat hissələri 480 manat, usta xidməti 635 manat olmaqla, ümumilikdə 1.115 manat məbləğində Ravon Nexia R3 markalı 77HE803 dövlət qeydiyyat nişanlı avtobilə dəymiş zərər hesablanmışdır.

19. Hazırda iddiaçı məhkəmədən dəymiş ziyanın əvəzi olaraq ancaq 1.115 manat məbləğində pulun cavabdehdən tutulmasını xahiş edir.

20. Belə olan halda, Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin həlli baxımından müəyyən edilməli olan məqam Ravon Nexia R3 markalı 77HE803 dövlət qeydiyyat nişanlı avtobilə dəymiş zərərin məbləğinin nə qədər təşkil etməsidir.

21. Məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixli qüsur aktına və iş materiallarına əlavə olunmuş fotoşəkillərə müqayisəli şəkildə baxış keçirməklə “Ravon Nexia R3” markalı, 77HE803 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləğinin müəyyən edilməsi məqsədi ilə, məhkəmə-əmttəşünaslıq ekspertizası təyin edilmişdir.

22. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, İddiaçı məxsus buraxılış ili 2019-cu il olan Ravon Nexia R3 minim markalı 77HE80 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın təmiri üçün çəkiləcək xərcin dəyəri 938 (doqquz yüz otuz səkkiz) manat təşkil edir.

23. Məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh tələb olunan borcla razı olmadığını, 300-400 manata yaxın zərər vurulduğunu bildirərək, ziyanın dəyərinin ekspert tərəfindən müəyyən edilməsini xahiş etmişdir.

24. Məhkəmə hesab edir ki, Ravon Nexia R3 markalı 77HE80 dövlət qeydiyyat nişanlı avtobilin icarə müqaviləsi əsasında Cavabdeh istifadəsində olduğunu nəzərə alaraq, avtomobilə onun istifadəsi nəticəsində zərər dəymişdir.

25. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, hazırkı halda dəymiş ziyanın əvəzi olaraq 938 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməldir.

26. Məhkəmə hüquqi yardım göstərilməsinə görə xərcin əvəzi olaraq 300 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.

27. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, vəkil xərcinin əvəzi olaraq iddiaçı tərəfindən 300 manat məbləğində pul Nümayəndə hesabına ödənmişdir.

28. Ona görə də, hüquqi yardımla əlaqədar çəkilmiş vəkil xəcinin əvəzi olaraq 300 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

29. Bundan başqa iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli etibarnamədən məlum olur ki, etibarnamənin tərtib edilməsi ilə əlaqədar 17,25 manat haqq ödənilmişdir.

30. Məhkəmə hesab edir ki, etibarnamənin alınması üçün notariat qaydasında çəkilmiş xərcin əvəzi olaraq 17,25 manat məbləğində pul da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

31. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq, 30 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

32. Beləliklə, iddianın qismən təmin olunması barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

33. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Dəymiş ziyanın əvəzi olaraq 938 (doqquz yüz otuz səkkiz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı verilsin. Hüquqi yardımın göstərilməsinə görə çəkilmiş xərcin əvəzi olaraq 300 (üç yüz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı verilsin. Çəkilmiş notariat xərclərin əvəzi olaraq 17 (on yeddi) manat, 25 (iyirmi beş) qəpik məbləğində pul Cavabdeh tutularaq İddiaçı verilsin. Dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar