Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1103/2023 09.03.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X11 qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi vəkil Nümayəndə və Cavabdeh MMC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı dövlət qeydiyyat nişanının geri qaytarılması tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-yə məxsus olan **-AA-*** dövlət qeydiyyat nişanının Cavabdeh MMC-nin qanunsuz sahibliyindən alınaraq iddiaçıya geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, **-AA-*** dövlət qeydiyyat nişanı İddiaçı MMC-yə məxsusdur və həmin nömrə İddiaçı MMC-nin mülkiyyətində olan avtomobillərdə istifadə edilmişdir. X6 ilə lizinq verən Cavabdeh MMC arasında bağlanmış A452 nömrəli, 18 sentyabr 2018-ci il tarixli daxili maliyyə lizinqi müqaviləsinin surətindən görünür ki, X6 lizinq obyekti olan 2014-cü il buraxılışlı, «Mercedes Benz S63 AMG» minik markalı avtomobili bu müqavilədə müəyyən edilmiş şərtlərlə lizinq obyektini lizinqə qəbul etməyi və müvafiq olaraq lizinq ödənişlərini lizinq verənə mütəmadi olaraq ödəməyi öhdəsinə götürmüşdür. 12 iyul 2019-cu il tarixli öhdəliklərin ötürülməsi haqqında A452 saylı daxili lizinq müqaviləsinə əlavə razılaşmadan görünür ki, A452 nömrəli X8 üzrə öhdəliklər X7 ötürmüşdür. Sözügedən lizinqə götürülmüş «Mercedes Benz S63 AMG» minik markalı avtomobili lizinq müqaviləsi üzrə X9 tərəfindən alındıqdan sonra həmin avtomobilə X4 qardaşı X5 təsisçisi olduğu İddiaçı MMC-yə məxsus olan **-AA-*** dövlət qeydiyyat nişanı təhkim olunmuşdur. Yəni, sözügedən dövlət qeydiyyat nişanı mülkiyyətçi İddiaçı MMC-nin razılığı ilə müvəqqəti olaraq X4 idarə etdiyi və lizinqə götürdüyü «Mercedes Benz S63 AMG» minik markalı avtomobilə təhkim edilmişdir. Bundan sonra, iddiaçı Cavabdeh MMC cavabdeh X7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12 iyul 2019- cu il tarixli A452 saylı daxili lizinq müqaviləsinin və həmin müqavilə üzrə öhdəliklərin ötürülməsinə dair X9 arasında bağlanmış 09 iyul 2020-ci il tarixli razılaşmanın ləğv olunması və hesablanmış 19824 ABŞ dolları məbləğində borc və 8774 ABŞ dolları məbləğində cərimə olmaqla cəmi 28598 ABŞ dolları məbləğində vəsaitin ödəniş gününə olan manat ekvivalentinin, həmçinin, avtomobilin nasazlığı üçün hesablanmış 13000 manat və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun X1 tutularaq Cavabdeh MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Мəhkəməsinin 2(008)-2800/2021 saylı iş üzrə qəbul etdiyi 08 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh X1 9364 ABŞ dolları əsas borc, 200 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 9564 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş gününə olan Azərbaycan manatı məzənnəsi ilə tutularaq iddiaçı Cavabdeh MMCnin xeyrinə ödənilməsi, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh X1 tutularaq iddiaçı Cavabdeh MMC-yə ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1357/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Sabunçu Rayon Мəhkəməsinin 2(008)-2800/2021 saylı iş üzrə qəbul etdiyi 08 oktyabr 2021-ci il tarixli qətnaməsi əsas borcun məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilmiş, cavabdeh X1 iddiaçı Cavabdeh MMC-nin xeyrinə ödənilməli olan əsas borcun məbləği 6261 ABŞ dolları məbləğində müəyyən edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3365/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1357/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sözügedən məhkəmə qərarı qanuni qüvvəyə mindiyindən icraya yönəldilmiş, “Mercedes Benz S63” minik markalı avtomobil Cavabdeh MMC-yə təhvil verildiyindən həmin avtomobilin üzərində İddiaçı MMC-yə məxsus olan **-AA-*** dövlət qeydiyyat nişanı da qalmışdır və həmin dövlət qeydiyyat nişanı da avtomobillə birlikdə Cavabdeh MMC tərəfindən X2 onun iradəsinə zidd olaraq götürülmüşdür. Hazırda İddiaçı MMC-yə məxsus olan **-AA-*** dövlət qeydiyyat nişanı Cavabdeh MMC tərəfindən əsassız olaraq istifadə edilməkdədir. Odur ki, hazırda iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışıq. Hesab edirəm ki, İddiaçı MMC-yə məxsus olan **-AA-*** dövlət qeydiyyat nişanı cavabdehin qanunsuz sahibliyindən alınaraq iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi vəkil Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat vermiş və əlavə olaraq bildirmişdir ki, **-AA-*** dövlət qeydiyyat nişanı iddiaçının mülkiyyətində olmuş, həmin nişanın əldə edilməsi üçün pul ödənilmiş, daha sonra dövlət qeydiyyat nişanı İddiaçı MMC-nin razılığı ilə sonuncunun istifadəsində olan avtomobilin üzərindən çıxarılıb, lizinqa götürülən Cavabdeh MMC-yə məxsus avtomobilə təhkim edilmiş, hazırda lizinq obyekti geri qaytarıldığına görə iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Bununla yanaşı izahatında əvvəllər üzərində **-AA-*** dövlət qeydiyyat nişanı olan İddiaçı MMC-nin mülkiyyətində olan “Mercedes Benz S400” minik markalı avtomobilin satıldığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi X10 iddianı qəbul etməyərək rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli 118744-1222 nömrəli AR Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin məktubdan görünür ki, «Mercedes Benz S63 AMG» minik markalı avtomobil xx.xx.2018-ci il tarixdə Cavabdeh MMC-nin adına qeydiyyata alınmış, xx.xx.2019-cu il tarixdə sözügedən nəqliyyat vasitəsinə **-AA-*** dövlət qeydiyyat nişanı təhkim olunaraq yeni AD520187 nömrəli qeydiyyat şəhadətnaməsi verilmişdir. AC seriyalı 675329 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin sürətindən görünür ki, **-AA-*** dövlət qeydiyyat nişanı İddiaçı MMC-yə məxsus 2013-cü il buraxılışı olan “Mercedes Benz S400” minik markalı avtomobilə təhkim edilmişdir. “Yol hərəkəti haqqında” Qanunun 27.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və ona uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar. Dövlət qeydiyyatı nəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəziyyətinin və avadanlığının qəbul olunmuş təhlükəsizlik qaydalarına uyğun olması, nəqliyyat vasitələrinin istifadə olunması və ya çıxdaş edilməsi zamanı uçot göstəricilərində dəyişiklik aparılması, nəqliyyat vasitələrinin hərbi mükəlləfiyyətinin müəyyən olunması, nəqliyyat vasitələrinin sahibləri tərəfindən rüsumların, yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş inzibati cərimələrin ödənilməsi, eləcə də nəqliyyat vasitələrinin mərkəzləşdirilmiş şəkildə və regionlar üzrə uçota alınması, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının təmin edilməsi, həmçinin cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması məqsədi ilə həyata keçirilir. Nəqliyyat vasitəsinin qoşqu və yarımqoşqunun qeydiyyatı sahibinin (hüquqi və fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitələrinin sahiblərinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilir. "M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmədə tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, **-AA-*** dövlət qeydiyyat nişanı xx.xx.2016-cı il tarixdən İddiaçı MMC-yə məxsus “Mercedes Benz S400” minik markalı avtomobilin üzərində olmuş, xx.xx.2019-cu il tarixdən isə nəqliyyat vasitəsinin qeydiyyatını həyata keçirən orqan tərəfindən sözügedən dövlət qeydiyyat nişanı Cavabdeh MMC-yə məxsus 2014-cü il buraxılışlı, «Mercedes Benz S63 AMG» minik markalı avtomobilə təhkim edilmişdir. İddiaçı MMC məhkəməyə müraciət edərək əvvəllər mülkiyyətində olan və razılığı ilə lizinqə götürülən və hazırda geri qaytarılmış Cavabdeh MMC-nin avtomobilinə təhkim edilmiş **-AA-*** dövlət qeydiyyat nişanının geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, hazırki tələb təmin edilə bilməz, belə ki, dövlət qeydiyyat nişanları avtonəqliyyat vasitələrini fərqləndirən nişanı olmaqla, nəqliyyat vasitəsinin qeydiyyatını həyata keçirən orqan tərəfindən nəqliyyat vasitəsi istismar olduğu dövr ərzində fiziki və hüquqi şəxslərə istifadəyə verilir. Göründüyü kimi, dövlət qeydiyyat nişanı nəqliyyat vasitəsinin qeydiyyatını həyata keçirən orqan (dövlət) tərəfindən verildiyinə görə və İddiaçı MMC-nin **-AA-*** dövlət qeydiyyat nişanına mülkiyyət hüququ olmadığından, iddiaçının hazırki tələblə bağlı məhkəməyə müraciət etməklə subyektiv hüququ yoxdur. Hətta sözügedən hüquq olsaydı belə, dövlət qeydiyyat nişanları avtonəqliyyat vasitələrinin sahiblərinin mülkiyyətinə keçməməklə, həmin nişanların təhkim edilməsi və dəyişdirilməsi nəqliyyat vasitəsinin qeydiyyatını həyata keçirən orqan (dövlət) tərəfindən həyata keçirildiyindən iddia təmin edilə bilməz. Məhkəmə iddiaçının nümayəndəsi, vəkilin izahatında dövlət qeydiyyat nişanının İddiaçı MMC tərəfindən pulla alınması ilə bağlı qeyd edir ki, dövlət qeydiyyat nişanları nəqliyyat vasitəsinin sahibinə alqı-satqı müqaviləsinə əsasən satılmır, sadəcə olaraq üzərində olan rəqəm və hərflərin kombinasiyasından asılı olaraq müxtəlif məbləğlərdə dövlət rüsumu ödənilir və şəxsin mülkiyyətində olan nəqliyyat vasitəsinə təhkim edilir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, İddiaçı MMC-nin **- AA-*** dövlət qeydiyyat nişanının Cavabdeh MMC-nin qanunsuz sahibliyindən alınaraq geri qaytarılması tələbi ilə bağlı iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddiaçı MMC-nin **-AA-*** dövlət qeydiyyat nişanının Cavabdeh MMC-nin qanunsuz sahibliyindən alınaraq geri qaytarılması tələbi ilə bağlı iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-1103/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1103/2023
09.03.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver