Məhkəmə qərarları › İş №e-2-2(113)-1107/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1107/2024

16.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1107/2024 16.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “X3 Azərbaycan” QSC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, maliyyə arayışı) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı “X3 Azərbaycan” QSC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı “X3 Azərbaycan” QSC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhdən əsas borc üzrə 3.559.48 manat, hesablanmış və ödənilməmiş faiz borcu üzrə 337.11 manat, cərimə borcu üzrə 322.93 manat, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc üzrə 4.00, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri 4.80 mamat, cəmi 4.228.32 manat kredit borcunun və ilkin mediasiya sessiyasın keçirilməsi ilə bağlı ödənilmiş 70 manat məbləğində xərcin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 24 fevral 2020-ci ildə "xxxx" QSC ilə Cavabdeh MMC arasında Worldcard Business Kredit Kartı (korporativ kart) müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, Bankımız tərəfindən borcalan Cavabdeh MMC-yə 24 fevral 2025-ci il tarixədək (5 il müddətində) 5.000.00 (beş min) manat məbləğində kredit kartı limiti (kredit xətti) açır. “Kart\əlavə kart sahibi” isə həmin kredit kartı limiti (kredit xətti) üzrə istifadə edilmiş olduğu vəsaiti (krediti) və ona hesablanmış faizləri, komisyonları və həmçinin nəzərdə tutulmuş digər ödənişləri (bütün borcları) bu meqavilə ilə müəyyən edilmiş şərtlərlə “Banka” qaytarmağı (ödəməyi) öhdəsinə götürmüşdür. "xxxx" QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra еtsə də Cavabdeh MMC krеdit müqaviləsinin şərtlərini pоzaraq, krеdit müqaviləsi üzrə ödənişləri mütəmadi оlaraq gеcikdirmişdir. Cavabdеhə dəfələrlə bu barədə sifahi və yazılı qaydada хəbərdarlıq еdilməsinə və həmçinin məhkəmədən kənar qaydada kreditin ödənilməsinə dair Bildirişin (Pretenziyanın) verilməsinə baхmayaraq, krеdit müqaviləsi üzrə öhdəliklərini icra еtməmiş və bu günə kimi "xxxx" QSC-ə оlan bоrcunu ödəməmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məlumat verməmişdir.

5. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı ilə cavabdeh arasında xx.xx.2020-ci il tarixli Worldcard Business Kredit Kartı müqaviləsinə bağlanmışdır.

8. Müqavilənin 25-ci bəndinə əsasən bank 5 il müddətinə 5000 manat məbləğində kart sahibinə kredit kart limitini (kredit xətti) açır. Kart sahibi isə həmin krediti, ona hesablanmış faziləri, komisyonları, həmçinin nəzərdə tutulmuş digər borcları bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə banka qaytarmağı öhdəsinə götürür.

9. Müqavilənin 13.5.5-ci bəndinə əsasən limit aşma komisyonu: kart üçün müəyyən edilən limit aşıldığı təqdirdə alınacaq sabit bir komisyon haqqıdır. Limit aşma komisyonu aşılan məbləğin 1,5 faizi + 2,50 manat kimi olaraq tətbiq edilir.

10. İddiaçı ilə cavabdeh X1 arasında bağlanmış 18 iyun 2021-ci il tarixli 004L**********43 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə 004R********** nömrəli kredit razılaşmasına əsasən bank məbləği 5000 manat olan krediti aylıq faiz dərəcəsi 2,1667 % olmaqla 24 ay müddətinə kredit alana verir.

11. Müqavilənin 1.2-ci bəndinə əsasən kredit alan bu kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə Banka qaytarmağı öhdəsinə götürür.

12. Müqavilənin 4.2.2-ci bəndinə əsasən kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməyə borcludur.

13. İddiaçı tərəfindən verilmiş maliyyə arayışından görünür ki, xx.xx.2020-ci il tarixli Worldcard Business Kredit Kartı müqaviləsinə əsasən bank tərəfindən 5000 manat məbləğində kredit kartı limiti ayrılmış, hazırda cavabdehin əsas borcu 3559,48 manat, faiz borcu 337,11 manat, cərimə borcu 322,93 manat, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc 4 manat. Bildirişlərin göndərilməsi üzrə poçt xərcləri 4.80 manat, cəmi borcu 4228,32 manat təşkil edir.

14. Məhkəmə nümayəndənin izahatını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

16. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

17. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

18. Həmin Məcəllənin 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

19. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.

20. Həmin Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

21. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gəlir. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

22. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilənin 13.5-ci bəndinə əsasən hesablanmış 322,93 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

23. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

24. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

25. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

26. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 150 manat məbləğində müəyyən edilməlidir.

27. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə kredit müqaviləsi üzrə iddiaçıya 3559,48 manat əsas bоrcu, 337,11 manat faiz borcu, 150 manat cərimə borcu, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə 4 manat borclarının yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, yaranmış borclar tutularaq iddiaçıya ödənilməlidir.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

29. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 70 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.

V. Nəticə:

34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 3559,48 manat əsas borc, 337,11 manat faiz borcu, 150 manat cərimə, komissiya üzrə 4 manat borc, ödənilmiş 70 manat dövlət rüsumu, ümumilikdə 4120,59 (dörd min bir yüz iyirmi manat əlli doqquz qəpik) manat məbləğində pul tutularaq iddiaçı “X3 Azərbaycan” QSC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar