Məhkəmə qərarları › İş №e-2-2(113)-1108/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1108/2021

19.04.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1108/2021 19.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı hesablanmış borcun silinməsi tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xxxx” ASC tərəfindən iddiaçıya yazılmış 10.07.2019-cu il tarixli R 017459 nömrəli və 01.10.2020-ci il tarixli NDQ 007981 nömrəli aktların etibarsız hesab edilməsi və əsassız hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Enerjitəchizatı müəssisəsi ilə istehsal, dəmir yolu nəqliyyatı, elektrikləşdirilmiş şəhər nəqliyyatı müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısının birtipli Müqaviləsi əsasında “xxxx” ASC “xxxx” MMC-ni elektrik enerjisi ilə təchiz edir. “xxxx” ASC-nin 10.07.2019-cu il tarixli R017459 nömrəli aktına görə, aparılan yoxlama zamanı elektrik sayğacının ekranının oxunmadığı üçün naqildən axan cərəyan ampermasa ilə ölçülmüşdür. Bundan başqa, “xxxx” ASC tərəfindən 01.10.2020-ci il tarixli NDQ 007981 nömrəli akt tərtib edilmiş və sayğaca baxış keçirilən zaman məlum olmuşdur ki, sayğacın “B” farası keçən yükü hiss etmir. Sayğac yenisi ilə əvəz edilmiş və yoxlanılması üçün labaratoriyaya göndərilmişdir. Hər iki akt tərtib edilən zaman iddiaçının nümayəndəsi iştirak etməmişdir. Ümumiyyətlə belə bir aktların mövcudluğundan bir neçə gün olar ki, xəbərləri olmuşdur. Bu aktlarla bağlı hesablanmış məbləğ heç vaxt iddiaçıdan tələb edilməmişdir. Hər ay enerjidən istifadəyə görə hesablanmış ödənişlər şirkət tərəfindən ödənilmişdir. “xxxx” ASC əməkdaşlarının hesabladığı borc barədə bildiriş əsassızdır və aktlar etibarsız sayılmaqla həmin borc məbləği silinməlidir. Belə ki, iddiaçıya məxsus həmin ünvanda sayğaca onun tərəfindən heç bir müdaxilə olmamışdır. Aktda yazılanlar tamamilə yalandır və həqiqəti əks etdirmir. Cavabdeh nəzarətçiləri tərəfindən akt sonradan idarələrində tərtib edilmiş, bununla Qanunun tələbləri kobud surətdə pozmuşdur. “xxxx” ASC tərəfindən “xxxx” MMC-yə borc qanunsuz olaraq hesablanmışdır. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdeh “xxxx” ASC tərəfindən iddiaçıya yazılmış 10.07.2019-cu il tarixli R017459 nömrəli və 10.01.2020-ci il tarixli NDQ 007981 nömrəli aktların etibarsız hesab edilməsi və əsassız hesablanmış 8261,83 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddianı müdafiə etdiyini, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdiyini bildirərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X3 iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, “xxxx” ASC-nin əməkdaşları tərəfindən 2019-cu il iyul ayında iddiaçıya məxsus sayğaca yoxlama aparılmış, aparılan yoxlama zamanı elektrik sayğacının tablosunun oxunmadığı müəyyən edilmişdir. Bununla bağlı akt tərtib edilmiş, sayğac yenisi ilə əvəz edilmiş və laboratoriyaya aparılmışdır. Bundan başqa, “xxxx” ASC-nin əməkdaşları tərəfindən 01.10.2020-ci il tarixdə sayğaca baxış keçirilən zaman məlum olmuşdur ki, sayğacın “B” farası keçən yükü hiss etmir. Bununla bağlı akt tərtib edilmiş, sayğac yenisi ilə əvəz edilmiş və yoxlanılması üçün labaratoriyaya göndərilmişdir. Cavabdehin nümayəndəsi sonda iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edirəm. İş materiallarında olan: - 10.07.2019-cu il tarixli, 017459 saylı akta əsasən yoxlama zamanı məlum olduki, elektik sayğacının ekranı ounmur, naqillərdən axan cərəyan ampermasa ilə ölçülmü və sayğacın yenisi ilə əvəz olunması qeyd olunmuşdur. - xxxx ASC-nin 22.07.2019-cu il tarixli akt komissiyasının sədrinin icra vərəqində texniki sahə üzrə tələblər bölməsində qüsur kimi sayğacın ekranın oxunmadığı və sayğacın yenisi ilə əvəz olunduğu qeyd olunmuşdur. - 01.10.2020-ci il tarixli, 007981 saylı akta əsasən EEİQ-nə uyğun olaraq sayğaca baxış keçirilən zaman keçənyükü hiss etmədiyi, baxış zamanı ölçü aparıldığı və sayğacın sökülüb yenisi ilə əvəvz edildiyi, çıxarılan sayğacın yoxlanılıb rəy verilməsi üçün laboratoriyay götürüldüyü qeyd olunmuşdur. - xxxx ASC-nin 26.10.2020-ci il tarixli akt komissiyasının sədrinin icra vərəqində texniki sahə üzrə tələblər bölməsində qüsur kimi elektrik sayğacının “B” fazasında 14.08.2020-30.09.2020-ci il tarixlərində və “A” və “C” fazalarında müxtəlif vaxtlarda cərəyan kəsilmələri müşahidə olunduğu və sayğacın dəyişdirildiyi göstərilmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydaları"nın: - 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. - 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadə zamanı pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini də məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd apanlır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir. Bu izahatlar və mülahizələr akta əlavə olunur. - 9.1-ci bəndinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. - 9.10-cu bəndinə əsasən istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, 10.07.2019-cu il tarixli, 017459 saylı akta əsasən yoxlama zamanı məlum olduki, elektik sayğacının ekranı ounmur, naqillərdən axan cərəyan ampermasa ilə ölçülmü və sayğacın yenisi ilə əvəz olunması, xxxx ASC-nin 22.07.2019-cu il tarixli akt komissiyasının sədrinin icra vərəqində texniki sahə üzrə tələblər bölməsində qüsur kimi sayğacın ekranın oxunmadığı və sayğacın yenisi ilə əvəz olunduğu qeyd olunmuş, 01.10.2020-ci il tarixli, 007981 saylı akta əsasən EEİQ-nə uyğun olaraq sayğaca baxış keçirilən zaman keçənyükü hiss etmədiyi, baxış zamanı ölçü aparıldığı və sayğacın sökülüb yenisi ilə əvəvz edildiyi, çıxarılan sayğacın yoxlanılıb rəy verilməsi üçün laboratoriyay götürüldüyü qeyd olunmuş və 26.10.2020-ci il tarixli akt komissiyasının sədrinin icra vərəqində texniki sahə üzrə tələblər bölməsində qüsur kimi elektrik sayğacının “B” fazasında 14.08.2020-30.09.2020-ci il tarixlərində və “A” və “C” fazalarında müxtəlif vaxtlarda cərəyan kəsilmələri müşahidə olunduğu və sayğacın dəyişdirildiyi göstərilmişdir. Məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: - 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. - 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin: - 1.4-cü bəndinə əsasən Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. - 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. - 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır. İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş aktdan görünür ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Mübahisə predmeti olan aktlara əsasən 8757,31 manat zərər hesablansa da, iddia tələbində 8261,83 manat manat məbləğində borcun silinməsi qeyd olunmuşdur. Azərbaycan Respublikasının MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı hesablanmış borcun silinməsi tələbinə dair iddiası təmin edilsin. 10 iyul 2019-cu il tarixli, R 017459 №-li və 10 yanvar 2020-ci il tarixli, NDQ 007981 №-li aktlara əsasən “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə hesablanmış 8261,83 manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar