Məhkəmə qərarları › İş №e-2-2(113)-1111/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1111/2023

01.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1111/2023 01.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı xx.xx.2022-ci il tarixli, 17 saylı icarə müqaviləsi üzrə pulun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı ASC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh ilə bağlanmış 03 yanvar 2019-cu il tariхli 44 saylı və ondan irəli gələn 01 mart 2022-ci il tariхli 17 saylı icarə müqavilələrinin ləğv edilməsi, habelə həmin müqavilələr əsasında yaranmış 14.284,92 manat icarə haqqı qalığının və mediasiya sessiyasına ödənilmiş 200 manat, cəmi 14.484,92 manat Cavabdehndən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti qanunauyğun qaydada dövlət qeydiyyatından keçirilmiş və müvafiq qaydada təsdiq olunmuş nizamnaməsinə əsasən fəaliyyət göstərir. İddiaçı ASC-nin inzibati təsərrüfat filialı ilə Cavabdeh arasında bağlanmış 03 yanvar 2019-cu il tariхli 44 saylı icarə müqaviləsinə əsasən İddiaçı ASC-yə məхsus qеyri-yaşayış binasından bоş оtaqlar Cavabdeh MMC-yə icarəyə vеrilmişdir. Bu sonuncu müqavilə İddiaçı ASC-nin inzibati təsərrüfat filialı tərəfindən imzalanmışdır. Daha sonra, inzibati təsərrüfat filialı ləğv olunduğundan, 01 mart 2022-ci il tariхdə cavabdehlə eyni şərtlərlə 17 saylı icarə müqaviləsi bağlanmışdır. 01 avqust 2022-ci il tariхli üzləşmə aktına əsasən xx.xx.2022-ci il tariхə Cavabdeh MMC-nin 14.284,92 manat icarə haqqı qalığı qalmışdır. Buna baхmayaraq Cavabdeh MMC götürdüyü öhdəliyi icra еtməmiş, qеyd оlunan 14.284,92 manat icarə haqqı qalığını İddiaçı ASC-yə ödəməmişdir. Bununla əlaqədar cavabdehə elektron qaydada pretenziya təqdim olunmuşdur. Lakin cavabdeh pretenziyaya cavab verməmişdir. Daha sonra, cavabdehə mediasiya sessiyasında iştirak etmək üçün təklif göndərilmiş, xx.xx.2023-cü il tariхdə tərəflər ilkin mediasiya sessiyasında iştirak etmişlər. Lakin ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməsi mümkün olmamışdır. Bu barədə xx.xx.2023-cü il tariхli arayış vеrilmişdir. xx.xx.2023-cü il tarixdə Cavabdeh məlumat xarakterli ərizə ilə məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, İddiaçı ASC-nin e-2-2(113)-1111/2023 saylı məhkəmə işi üzrə xx.xx.2023-cü il tarixində tərəflərinə təqdim olunmuş 14.284,92 manat icarə borcu xx.xx.2023-cü il tarixində ödənilmişdir (ödəniş qəbzi əlavə edilir). Daha sonra xx.xx.2023-cü il tarixində iddiaçı iddia tələbinin həcminin azaldılması barədə sonuncu ərizə verərək, Cavabdeh ilə bağlanmış 01 mart 2022-ci il tariхli 17 saylı icarə müqaviləsi əsasında yaranmış 5.947,2 manat icarə haqqı qalığının və mediasiya sessiyasına ödənilmiş 200 manat, cəmi 6.147,20 manat məbləğində pulun Cavabdehndən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin azaldılması barədə sonuncu ərizəsində qeyd etmişdir ki, hazırda, yəni xx.xx.2023-cü il tarixdə Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixə Cavabdeh MMC-nin 14.284,92 manat icarə haqqı qalığı ödənilmiş və həmin tarixdən sonra xx.xx.2023-cü il tarixə kimi 01 mart 2022-ci il tariхli icarə müqaviləsinə əsasən Cavabdeh MMC-nin 5.947,2 manat borcu yaranmışdır. Bununla yanaşı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2023-cü il tarixli qərarına əsasən tərəflər arasında bağlanmış 01 mart 2022-ci il tarixli 17 saylı icarə müqaviləsinin ləğv edilməsi üçün pretenziya qaydasında cavabdehə müraciət olunmasını nəzərə alıb həmin müqavilənin ləğv olunmuş hesab olunması nəzərə alaraq həmin müqavilənin məhkəmə qaydasında ləğv olunmasına ehtiyac qalmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (icarəyə verən) ilə Cavabdeh MMC (icarəçi) arasında bağlanmış xx.xx.2022-ci il tarixli 17 saylı icarə müqaviləsinə əsasən icarəyə verən qeyri-yaşayış binasında boş otaqları (sahələri) icarəçiyə istifadəyə verir. Həmin müqavilənin: 1.6-cı bəndinə əsasən bu icarə müqaviləsi 01 mart 2022-ci il tarixdən 01 mart 2023cü il tarixə qədər bağlanır və imzalandığı andan qüvvəyə minir. Müqavilə icarəyə verən tərəfindən icarəyə götürəni bir ay qabaqcadan xəbərdar etməsi ilə vaxtından əvvəl pozula bilər. Müqavilənin qüvvədə olma müddəti qurtardıqan sonra, əgər tərəflər onun şərtlərini yerinə yetirməkdə davam edərlərsə, müqavilənin müddəti qeyri-müəyyən müddətə uzadılmış hesab edilir. 8.1-ci bəndinə əsasən icarə haqqı hər ay üçün həmin ayın sonuncu iş günündən gec olmayaraq aşağıda göstərilən tariflərə ödənilir. 8.2-ci bəndinə əsasən icarə haqqı nağdsız qaydada və ya icarəyə verənin bank hesabına nağd qaydada ödənilə bilər. - Mərtəbə İV – 72 m2 üçün 10 manat; - aylıq 720 manat (72 m2x10 manat) və 18% ƏDV 129,60 manat, cəmi 849,60 manat. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. xx.xx.2022-ci il tarixli üzləşmə aktına əsasən müəyyən olunur ki, Cavabdeh MMCnin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2022-ci il tarixə ƏDV daxil icarə haqqının qalığı 14.284,92 manat təşkil edir. Üzləşmə aktı hər iki tərəfin imzası ilə təsdiq edilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh MMC-yə pretenziya məktubu ünvanlanaraq 15 gün müddətində müqavilənin ləğvinə dair təklifi qəbul edib icarə haqqı qalığı olan 14.284,92 manat borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. xx.xx.2023-cü il tarixli köçürmənin aparılması haqqında bildirişlə təsdiq edilir ki, Cavabdeh MMC-nin ƏDV sub-uçot hesabından İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilən əsas məbləğin ƏDV ödənişi olan 2.179,05 manat (12.105,86x18% ƏDV=2.179,05) məbləğində pul vəsaiti köçürülmüşdür. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, 12.105,86 manat məbləğində pul vəsaiti Cavabdeh MMC tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh MMC arasında qeyri-yaşayış binasında boş otaqların (sahələrin) icarəyə verilməsi haqqında icarə müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən İddiaçı ASC qeyri-yaşayış binasının İV mərtəbəsində yerləşən 72 m2-lik boş otaqları (sahələri) Cavabdeh MMC-nin istifadəsinə verməyi, Cavabdeh MM isə həmin sahədən istifadəyə görə icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixdə İddiaçı ASC cavabdehə pretenziya məktubunu (Dövlət Vergi Xidmətinin informasiya sistemi vasitəsilə) göndərməklə müqaviləyə cavabdehin müqavilə üzrə öhdəliklərini əhəmiyyətli dərəcədə pozması əsası ilə xitam verilməsi barədə iradə ifadəsini qarşı tərəfə çatdırmış, bununla müqaviləyə birtərəfli qaydada xitam vermişdir. Hazırda iddiaçı icarə sahəsinin cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə hissəvi olaraq, xx.xx.2023-cü il tarixdə isə tam boşaldıldığını əsas gətirərək xx.xx.2023-cü il tarixdən (xx.xx.2023-cü il tarixədək olan icarə haqqı borcu məhkəmə araşdırması gedişində ödənilmişdir, xx.xx.2023-xx.xx.2023-cü il dövrü üçün bir aylıq icarə haqqının ödənilməsi faktını isə iddiaçı iddia tələbinin həcminin azaldılması barədə verdiyi ərizədə təsdiq etmişdir) xx.xx.2023-cü il tarixədək olan 7 aylıq müddət üçün 5.947,2 manat məbləğində icarə haqqının cavabdehdən tutulmasını tələb edir. Məhkəmə qeyd etməyi zəruri sayır ki, icarə sahəsinin Cavabdeh MMC -nin istifadəsinə verilməsi və icarə müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin sahənin sonuncunun istifadəsinə olması işin mübahisəsiz halıdır. Göstərilən hal işin digər halları ilə yanaşı cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixədək olan dövr üçün icarə haqqının ödənilməsi ilə də təsdiq edilir. Digər tərəfdən İddiaçı ASC icarə sahəsinin Cavabdeh MMC tərəfindən yalnız xx.xx.2023-cü il tarixdə boşaldıldığını iddia edir. Cavabdeh isə icarə sahəsinin həmin tarixədək boşaldılmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. MPM-in: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Məcəllənin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.3-cü maddəsinə görə əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 695.2-ci maddəsinə görə əgər kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəçi kirayəyə götürdüyü əşyanı qaytarmırsa, kirayəyə verən kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə haqqının verilməsini tələb edə bilər; otaqların kirayəsi üzrə hüquq münasibətlərində bunun əvəzinə kompensasiya kimi o, həmin ərazidə bu cür otaqların kirayəsi üçün adətən tutulan məbləğdə kirayə haqqı verilməsini tələb edə bilər. Odur ki, iddiaçı cavabdehdən xx.xx.2023-cü il tarixdən müqaviləyə xitam verildiyi tarixədək - xx.xx.2022-ci il tarixədək olan müddət üçün icarə haqqı borcunun, xx.xx.2022ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət üçün isə icarə sahəsinin geri qaytarılmamasına görə kompensasiya kimi icarə haqqının, cəmi 7 aylıq müddət üçün icarə haqqı məbləğində pul vəsaitinin cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. İcarə müqaviləsində bir aylıq icarə haqqının 849,6 manat məbləğində müəyyən edilməsini nəzərə alsaq xx.xx.2023-cü il tarixdən xx.xx.2022-ci il tarixədək olan 3 ay beş günlük müddət üçün icarə haqqı borcu 2690,4 (849,6 x 3 ay + (849,6 / 30 gün x 5 gün)) manat, müqavilənin xitam verildiyi tarixdən icarə obyektinin boşaldıldığı tarixədək olan müddət üçün kompensasiya qismində 3 ay 25 günlük (849,6 x 3 ay + (849,6 / 30 gün x 25 gün)) icarə haqqı isə 3256,8 manat olmaqla, cəmi borc 5.947,2 (849,6x7 ay) manat təşkil edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdehndən 5.947,2 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 200 manat məbləğində mediasiya xərcləri iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 132,85 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 200 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 5947,2 manat məbləğində pul vəsaiti və mediasiya xərclərinin əvəzi olaraq 200 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC -yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar