Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1111/2024 12.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Qanuni nümayəndə qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik, iddianın qismən etirafı, əsas borc, faiz borcu, cərimə) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Qanuni nümayəndə qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) cavabdehlər Cavabdeh2 (bundan sonra Cavabdeh2 MMC) və Qanuni nümayəndə qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi və iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, DC00182270-03 saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən 3252,59 manat əsas borc, 5,95 manat faiz borcu, 357,70 manat cərimə borcu olmaqla ümumilikdə 3616,24 manat pulun və mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 100 manat pulun cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə Cavabdeh2 MMC arasında xx.xx.2020-ci il tarixdə bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə OnGTC-00182270LE/2019 saylı razılaşma imzalanmışdır. 2.2. Sonradan tərəflər arasında ümumi şərtlər toplusu çərçivəsində xx.xx.2021-ci il tarixli DC00182270-03 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və iddiaçı tərəfindən Cavabdeh2 MMC-yə xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32%, kreditin faktiki illik faiz dərəcəsi 19,09% olmaqla 35 321 manat mal alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir. 2.3. Qeyd olunan ərizə üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə iddiaçı ilə Qanuni nümayəndə arasında DC00182270-03 maliyyələşdirmə üzrə ərizənin təminatı olaraq xx.xx.2021-ci il tarixli DG**********33 saylı zaminlik müqaviləsi bağlanmışdır. 2.4. Lakin Cavabdeh2 MMC qeyd edilən müqavilə üzrə öhdəliklərini icra etməyərək kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Ümumi şərtlər toplusunun 4-cü bölümünün 3.11-ci bəndinə əsasən kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Ümumi şərtlər toplusunun 4-cü bölümünün 5.2.1-ci bəndinə əsasən kreditin və faizlərin ödənilməsi müştəri tərəfindən 3 aydan artıq müddətə gecikdirildikdə bank müştəriyə verilən krediti vaxtından əvvəl ləğv edə və ya kredit məbləğini vaxtından əvvəl müştəridən tələb edə bilər. 2.5. İddiaçı tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək cavabdehlərə xəbərdarlıq məktubu göndərilmiş, öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Bundan başqa, mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi istiqamətində tədbirlər görülməsi məqsədi ilə mediasiya institutunun tətbiqi qaydasında mediasiya təşkilatına müraciət edilmiş, lakin tərəflər arasında məhkəmədən kənar qaydada razılıq əldə edilməmişdir. İddiaçı mediasiya prosesi üzrə 100 manat məbləğində xidmət haqqı ödəmişdir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 421, 443, 445, 470 və s. maddələri göstərilmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1111/2024 nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmış, cavabdehlərə iddia ərizəsinə dair yazılı etirazın və etiraza dair sübutların 20 gün ərzində məhkəməyə təqdim edilməsi təklif olunmuşdur.
5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
6. Məhkəmənin hazırlıq iclaslarında iştirak edən cavabdeh, həmçinin Cavabdeh2 MMC-nin qanuni təmsilçisi Qanuni nümayəndə kredit üzrə qalıq əsas və faiz borcunu qəbul etdiyini, lakin cərimə məbləği ilə razılaşmadığını bildirdi.
7. Məhkəmənin baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmiş, iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə baxış iclasının tərəflərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdır.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması tələbinə dair
9. Məhkəmə iş materialları əsasında müəyyən edir ki, iddiaçı ilə Cavabdeh2 MMC arasında xx.xx.2021-ci il tarixli DC00182270-03 saylı kredit müqaviləsindən (maliyyələşdirmə üçün ərizə) irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı mal alışı üçün cavabdehə 35 321 manat məbləğində krediti illik 17% faiz dərəcəsi ilə xx.xx.2023-cü il tarixədək qaytarılmaq şərtilə verməyi, cavabdeh isə kredit üzrə əsas borcu və ona hesablanmış faizləri, o cümlədən mövcud olduğu təqdirdə dəbbə pulunu müqavilədə nəzərdə tutulmuş qaydada iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin adıçəkilən kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq cavabdeh Qanuni nümayəndə ilə 04 iyun 2021-ci il tarixli DG**********33 saylı zaminlik müqaviləsi bağlanmış, sonuncu, Cavabdeh2 MMC-nin öz öhdəliyini tamamilə icra etməsi üçün birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Cavabdeh2 MMC kredit məbləğini təşkil edən 35 321 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu əldə etsə də, pul məbləğini iddiaçıya tam qaytarmamışdır.
10. İddiaçı adıçəkilən kredit müqaviləsi üzrə 3252,59 manat əsas borc və 5,95 manat faiz borcunun cavabdehlərdən birgə qaydada tutulmasını xahiş edir.
11. Cavabdeh, həmçinin Cavabdeh2 MMC-nin qanuni təmsilçisi Qanuni nümayəndə Bakı Kommersiya Məhkəməsinin dəftərxanası vasitəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə iddianın qismən etirafı barədə ərizə təqdim edərək iddianı 3252,59 manat əsas və 5,95 manat faiz borcunun tutulması hissəsində etiraf edir.
12. Məhkəmə qeyd edir ki, iş üzrə cavabdeh Qanuni nümayəndə həmçinin Cavabdeh2 MMC-nin qanuni təmsilçisi olduğundan iddianın etirafı barədə ərizə verməyə səlahiyyətlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 69.2-ci maddəsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir.
13. Mülki Prosessual Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir.
14. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.
15. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən ... iddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər.
16. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.
17. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə cavabdehlər tərəfindən iddianın əsas və faiz borcu hissəsində etiraf edilməsi qanuna zidd deyildir və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur.
18. Ona görə də, məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən iddianın qismən etiraf edilməsi məhkəmə tərəfindən qəbul edilməlidir.
19. Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.
20. İddia cavabdehlər tərəfindən əsas və faiz borcu hissəsində etiraf edildiyindən məhkəmə hesab edir ki, iddia tələbi əsas və faiz borcunun tutulması hissəsində təmin edilərək, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında xx.xx.2021-ci il tarixdə bağlanmış DC00182270-03 saylı saylı kredit müqaviləsi (maliyyələşdirmə üzrə ərizə) üzrə 3252,59 manat əsas borc, 5,95 manat faiz borcu cavabdehlər Cavabdeh2 MMC və Qanuni nümayəndə birgə qaydada tutularaq iddiaçıya ödənilməlidir.
b) Kredit müqaviləsi üzrə cərimənin tutulması tələbinə dair
21. İddiaçı 357,70 manat cərimə məbləğinin cavabdehlərdən tutulmasını tələb edir.
22. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
23. İşin müəyyən olunan hallarından görünür ki, xx.xx.2021-ci il tarixli DC00182270- 03 saylı kredit müqaviləsi (maliyyələşdirmə üçün ərizə) üzrə cərimə faizi təsbit olunmuş, kreditin müddəti isə xx.xx.2023-cü il tarixədək razılaşdırılmışdır.
24. İddia ərizəsinə əlavə olunan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixə cərimə məbləği 322,85 manat hesablanmışdır.
25. Məhkəməyə təqdim olunan xx.xx.2021-xx.xx.2024-cü il tarixləri əhatə edən hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən sonuncu ödəniş xx.xx.2023-cü il tarixdə 3000 manat edilmiş, həmin məbləğdən 2281,66 manat əsas borca, 18,87 faiz borcuna, 699,47 manat isə cəriməyə silinmişdir.
26. İddia tələbinin həcminin azaldılması barədə xx.xx.2024-cü il tarixli ərizəyə əlavə olunan maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixə cərimə məbləği 357,70 manat hesablanmışdır.
27. İddia tələbinin həcminin azaldılması barədə xx.xx.2024-cü il tarixli ərizəni iddia ərizəsi, maliyyə arayışı və hesabdan çıxarış məlumatları ilə müqayisəli təhlil etdikdə aydın olur ki, iddia ilə məhkəməyə müraciət olunarkən xx.xx.2023-cü il tarixə hesablanmış borc tələb olunmuş, sonradan xx.xx.2023-cü il tarixdə edilmiş 3000 manat ödəniş nəzərə alınmaqla tələbin həcmi azaldılmışdır.
28. Göründüyü kimi iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən kreditin müddəti artıq bitmiş, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixə cərimə məbləği 322,85 manat hesablamış, xx.xx.2023-cü il tarixdə edilmiş ödənişdən 699,47 manat cərimə məbləğinə silinmişdir.
29. Beləliklə, müəyyən olunur ki, tərəflər arasında bağlanmış müqavilə üzrə kreditin müddətinə hesablanmış cərimə məbləği ödənilmişdir və iddiaçının tələbinin həcminin azaldılması barədə xx.xx.2024-cü il tarixli ərizəsi ilə tələb etdiyi cərimə məbləği kreditin müddəti başa çatdığı tarixdən sonrakı tarixə hesablanmış cərimədir.
30. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli qərar).
31. Məhkəmə qeyd edir ki, müqaviləyə xitam verilməsi ilə tərəflərin müqavilə münasibətlərinə (ex nunc) xitam verilir, lakin xitam anına qədər tərəflərin yaranmış olan hüquq və öhdəlikləri aradan qalxmır. Bu səbəbdən də qüvvədə olmayan müqavilə bəndinə əsaslanmaqla müqavilənin xitamı tarixindən sonra dəbbə pulu hesablanması mümkün deyildir. Belə ki, müqavilənin qüvvədə olduğu tarixdə iddiaçının belə bir hüququ, cavabdehin isə belə bir öhdəliyi yaranmamışdır. Belə olan halda müqavilənin xitam verildiyi tarixdən sonra hesablanmış cərimənin hüquqi əsası da mövcud deyildir.
32. Göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi cərimənin tutulması hissəsində əsassız olduğundan təmin edilməməlidir.
c) Məhkəmə xərcinin tutulması ilə bağlı
33. İddiaçı həmçinin mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 100 manat pulun cavabdehlərdən tutulmasını xahiş etmişdir.
34. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MŞB/9/2023-02398 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, iddiaçı tərəf 100 manat məbləğində mediasiya xərcini ödəmişdir.
35. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
36. Həmin Məcəllənin 115.0 və 115.0.9-cu maddələrinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir.
37. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən (Məcəllənin iddia ərizəsi məhkəməyə təqdim edilərkən qüvvədə olan redaksiyasına əsasən) kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
38. Göründüyü kimi, iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən bütün növdən olan kommersiya mübahisələri üzrə fiziki və hüquqi şəxslər üçün ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbi olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.
39. “İlkin mediasiya sessiyasi zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 308 saylı Qərarına əsasən iddia qiyməti 1001 manatdan 5000 manatadək olduqda 60 manat, iddia qiyməti 5001 manatdan 10000 manatadək olduqda 100 manat mediasiya xidmətinin göstərilməsinə görə haqq müəyyən edilir.
40. Hazırkı iş üzrə iddiaçı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərkən xx.xx.2023-cü il tarixə hesablanmış 5875,97 manat borc məbləğini tələb etmiş, xx.xx.2023-cü il tarixdə mediasiya sesessiyasında buna müvafiq olaraq 100 manat mediasiya xərci ödəmişdir. Bu zaman iddiaçı xx.xx.2023-cü il tarixdə edilmiş ödənişi nəzərə almamış, məhkəmə icraatının gedişində nəzərə alaraq tələbinin həcmini azaltmışdır.
41. Məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.2023-cü il tarixdə edilmiş ödənişi nəzərə almayaraq iddianın tələbinin həcmini yanlış müəyyən edib artıq mediasiya xərci ödəməsi artıq ödənilmiş hissədə cavabdehin məhkəmə xərcinə görə məsuliyyət daşıması üçün əsas ola bilməz. Ona görə də məhkəmə xərci bölünərkən iddianın qiymətinə uyğun ödənilməli 60 manat mediasiya xərci nəzərə alınmalıdır.
42. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
43. İddia tələbi qismən təmin edildiyindən məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 56 manat məbləğində pul cavabdehlər Cavabdeh2 MMC və Qanuni nümayəndə birgə qaydada tutularaq iddiaçıya ödənilməlidir.
V. Nəticə:
44. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında 11 iyun 2021-ci il tarixdə bağlanmış DC00182270-03 saylı kredit müqaviləsi (maliyyələşdirmə üzrə ərizə) üzrə 3252 (üç min iki yüz əlli iki) manat 59 (əlli doqquz) qəpik əsas borc, 5 (beş) manat 95 (doxsan beş) qəpik faiz borcu olmaqla ümumilikdə 3258 (üç min iki yüz əlli səkkiz) manat 54 (əlli dörd) qəpik məbləğində pul cavabdehlər Cavabdeh2 və Qanuni nümayəndə birgə qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 56 (əlli altı) manat məbləğində pul cavabdehlər Cavabdeh2 və Qanuni nümayəndə birgə qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova