Məhkəmə qərarları › İş №e-2-2(113)-1113/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1113/2024

15.04.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1113/2024 15.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “sığorta ödənişin geri qaytarılması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: sığorta ödənişinin geri qaytarılması, mediasiya xərci) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “sığorta ödənişin geri qaytarılması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMCdən iddiaçı "xxxx" ASC-nin xeyrinə 4000 manat sığorta ödənişinin, 60 manat mediasiya xərclərinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində 77PJ674 dövlət qeydiyyat nişanlı Honda İnsight markalı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə sığortalanmışdır. xx.xx.2022-ci il tarixində Bakı şəhəri, Suraxanı rayonu, Ə.Mehbalıyev küçəsində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində “Azərsığorta Dövlət Sığorta” tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış ** ER *** dövlət qeydiyyat nişanlı X5 111 markalı avtonəqliyyat vasitəsi ilə Cavabdeh MMC-yə məxsus olan 77PJ674 dövlət qeydiyyat nişanlı Honda İnsight markalı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən 4000 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. xx.xx.2022-ci il tarixində "xxxx" ASC tərəfindən“Azərsığorta Dövlət Sığorta” şirkətinə qarşı subroqasiya tələbi irəli sürülmüş, lakin müəyyən olunmuşdur ki, yol-nəqliyyat hadisəsi baş verdikdən sonra Cavabdeh MMC eyni zamanda “Azərsığorta Dövlət Sığorta” şirkətinə müraciət edərək ** PJ *** dövlət qeydiyyat nişanlı Honda İnsight markalı avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə əlavə 3115 manat məbləğində sığorta ödənişi almışdır. Göründüyü kimi cavabdehin “Azərsığorta Dövlət Sığorta” şirkətindən 3115 manat məbləğində sığorta ödənişi aldığına görə "xxxx" ASC 4000 manat məbləği həcmində subroqasiya hüququndan məhrum edilmişdir. Belə olan halda tərəflərindən cavabdehə qarşı bildiriş ünvanlanmış və cavabdehə ödənilmiş sığorta məbləği geri tələb olunmuşdur. Tələbin nəticəsində cavabdeh tələb olunan məbləği "xxxx" ASC-nin bank hesabına geri ödəməkdən yayınmışdır. Bundan başqa, “Avtonəqliyyat vasitələrinin tam sığortası Qaydaları”nın 13.5-ci maddəsinə əsasən, avtonəqliyyat vasitəsinin sığorta hadisəsi baş verdiyi zaman bu sığorta ilə əvəzi ödənilməli olan hüquqi məsuliyyətə görə Azərbaycan Respublikasının qanunları ilə tələb olunan icbari məsuliyyət sığortasının sığorta məbləğinin həddindən artıq olan məbləğə təminat verilir. Başqa sözlə, sığortalıya verilməli olan sığorta ödənişi məbləği icbari sığorta ödənişi məbləğində azaldılmalı idi, lakin X2 bu halı gizlətmiş və nəticəsində şirkət artıq pul vəsaiti ödəməli olmuşdur.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsini xahiş etdi.

4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməməyib və gəlməməyinin səbəbləri barədə məlumat verməmişdir.

5. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. III.Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. “Avtonəqliyyat vasitələrinin sığortası” şəhadətnaməsinə əsasən “Honda İnsight” markalı **-PJ-*** DN nəqliyyat vasitəsi Cavabdeh MMC-yə məxsus olmaqla sığortalı qismində sığortlanmışdır. Sığorta predmetinin dəyəri 13000 manat müəyyən edilmişdir.

8. 27.05.2022-ci il tarixli sığorta aktına əsasən sığortalı Cavabdeh MMC-yə məxsus “Honda İnsight” markalı **-PJ-*** DN nəqliyyat vasitəsinə 4000 manat məbləğində zərər dəydiyi müəyyən edilmişdir.

9. 01.06.2022-ci il tarixli ödəniş tapşırığına əsasən "xxxx" ASC tərəfindən 4000 manat məbləğində pul Cavabdeh MMC-nin hesabına köçürülmüşdür.

10. 16.06.2022-ci il tarixli 10283 saylı sığorta ödənişi ilə bağlı akta əsasən “Azərsığorta” DSKŞ-də sığortalı olan X1 məxsus nəqliyyat vasitəsinin Cavabdeh MMC-yə məxsus “Honda İnsight” markalı **-PJ-*** DN nəqliyyat vasitəsi yol nəqliyyat hadisəsi zamanı ümumi zərər məbləği 3115 manat müəyyən edilmiş və sığorta ödənişi alan qismində Cavabdeh MMC qeyd olunmuşdur.

11. xx.xx.2022-ci il tarixli 39994 saylı ödəniş tapşırığına əsasən Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən sığorta hadsələri üzrə Cavabdeh MMC-nin hesabına 3115 manat məbləğində pul köçürməsi həyata keçirilmişdir.

12. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin "xxxx" ASC-yə ünvanladığı xx.xx.2022-ci il tarixli, 05/1597 saylı məktubunda xx.xx.2022-ci il tarixində baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı “X7” MMC-yə məxsus “Honda İnsight” markalı **-PJ- *** DN nəqliyyat vasitəsi yol nəqliyyat hadisəsi zamanı zədələnməsi ilə əlaqədar xx.xx.2021-ci il tarixli AKT-10283 saylı sərəncamla 3115 manat sığorta ödənişi hesablanaraq xx.xx.2022-ci il tarixdə 39994 saylı ödəniş tapşırığı ilə Cavabdeh MMC-nin bank hesbaına ödənildiyi qeyd olunmuşdur.

13. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

15. 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

16. 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.

17. 926.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir.

18. 926.3-cü maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir.

19. 927.1-ci maddəsinə əsasən əmlakın sığortasında və əmlaka vurulan zərərə görə mülki məsuliyyətin sığortasında sığorta ödənişi sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalıya və ya sığorta olunana, habelə zərərçəkən üçüncü şəxsə dəyən real zərərin miqdarından çox ola bilməz.

20. 931-ci maddəsinə əsasən bir sığorta hadisəsi üzrə dəyən zərərin və (və ya) yaranan itkilərin əvəzinin ödənilməsi üçün iki və ya daha çox sığorta müqaviləsi ilə bir və ya bir neçə sığortaçının öhdəlikləri yarandıqda əvvəlcə icbari sığorta müqavilələri üzrə sığorta ödənişləri verilməlidir. Bu zaman könüllü sığorta müqaviləsi bağlamış sığortaçı sığortalı (sığorta olunan və ya faydalanan şəxs) qarşısındakı öhdəliklərini öz istəyi ilə icbari sığorta müqaviləsi bağlamış sığortaçıdan əvvəl yerinə yetirə bilər.

21. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ həmin Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

22. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

23. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.

24. Beləliklə, iş materialları ilə müəyyən olundu ki, bir sığorta hadisəsinə görə Cavabdeh MMC-yə iki dəfə ödəniş edilmişdir. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən zərərin məbləği - 3115 manat, "xxxx" ASC tərəfindən isə 4000 manat müəyyən edilməklə ödəniş edilmişdir.

25. Buna görə də məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçı tərəfindən artıq ödənilmiş sığorta məbləğinin cavabdehən tələb edilməsi qanuni və əsaslı olduğu üçün, iddia təmin olunmalıdır.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

27. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1- 1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur.

28. Materiallardan da göründüyü kimi iddiaçı ilkin mediasiya sessiyasında iştirak etməklə bağlı 60 manat mediasiya xərci ödəmişdir.

29. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş mediasiya xərci cavabdehə aid edilməlidir.

V. Nəticə:

30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh MMC-dən 4000 manat sığorta ödənişi və mediasiya xərcinin əvəzi olaraq 60 manat tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar