Məhkəmə qərarları › İş №e-2-2(113)-1115/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1115/2022

25.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1115/2022 25.05.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh “Qarabağ Əlilləri və Veteranları” İctimai Birliyinə qarşı 15.09.2020-ci il tarixli, 357/11230 saylı icarə müqaviləsi üzrə icarə haqqı üzrə borcun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh “Qarabağ Əlilləri və Veteranları” İctimai Birliyinə qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə “Qarabağ Əlilləri və Veteranları” İctimai Birliyi arasında bağlanmış Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 161 B ünvanında yerləşən 202.9 kv.m qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə 15.09.2020-ci il tarixli, 357/11230 nömrəli icarə müqaviləsinin ləğv edilməsi, qeyri-yaşayış sahəsi boşaldılaraq Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilməsi, cavabdehdən icarə haqqı borcu üzrə 2.887 manat və mediasiya ilə bağlı ödənilmiş 30 manat məbləğində vəsaitin Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutularaq (VÖEN **********) Xidmətin Azərbaycan Respublikası X3 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” 629 nömrəli, 06.09.1997-ci il tarixli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə “Qarabağ Əlilləri və Veteranları” İctimai Birliyi arasında Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 161 B ünvanında yerləşən 202,9 kv.m qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə 15.09.2020-ci il tarixli, 357/11230 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtlı-vaxtında ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq icarə haqqı ödənilməmişdir. İcarə müqaviləsi ləğv edilmədiyindən hal-hazırda qüvvədə olmaqla icarəçinin həmin müqavilə üzrə 31.01.2022-ci il tarixə dövlət büdcəsinə ödənilməli olan 2.887 manat məbləğində icarə haqqı borcu mövcuddur. İcarə müqaviləsi üzrə vəzifələrini icra etməməklə, cavabdeh tərəfindən “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 7 və 13-cü maddələrinin, icarə müqaviləsinin tələbləri pozulmuşdur. Cavabdehə 21.10.2021-ci il tarixli, **********41 nömrəli xəbərdarlıq məktubu ilə müraciət edilsə də, cavabdeh icarə haqqını ödəməkdən imtina etmişdir. Əlavə olaraq bildirirlər ki, Mülki-Prosessual Məcəllənin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Qeyd edilən kommersiya mübahisəsinin mediasiya vasitəsi ilə həlli ilə bağlı Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən mediatora müraciət olunmuş, lakin mübahisənin həlli ilə bağlı qarşılıqlı razılıq əldə edilməmişdir. Mediasiya sessiyasının keçirilməsi üçün 60 manat məbləğində vəsaitin 30 manatı Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən mediatorun bank hesabına ödənilmişdir. Bakı Kommersiya Məhkəməsinin 05 mart 2022-ci il tarixli qərardadı ilə iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh “Qarabağ Əlilləri və Veteranları” İctimai Birliyinə qarşı 15.09.2020-ci il tarixli, 357/11230 nömrəli icarə müqaviləsinin ləğv edilməsi, qeyri-yaşayış sahəsinin boşaldılması, icarə haqqı üzrə borcun tutulması tələbinə dair kiçik iddiaya dair ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Daha sonra iddiaçı iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 19.01.2022-ci il tarixli 12 nömrəli sərəncamı ilə 15.09.2020-ci il tarixli, 357/11230 nömrəli icarə müqaviləsinə 25.12.2021-ci il tarixindən xitam verildiyini və qeyri-yaşayış sahəsinin boşaldılaraq xidmətə təhvil verildiyini, bu müqavilə üzrə cavabdehin dövlət budcəsinə müqavilənin ləğv edildiyi 25.12.2021-ci il tarixinə 1.634 manat icarə haqqı borcunun mövcud olduğunu qeyd edərək, cavabdehdən 15.09.2020-ci il tarixli, 357/11230 nömrəli icarə müqaviləsi üzrə dövlət büdcəsinə 25.12.2021-ci il tarixə 1,634 manat məbləğində vəsaitin Əmlak Məsələləri Dövlət Xidmətinin (VÖEN **********) Azərbaycan Respublikası X3 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZAZ 2C) köçürülməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdehin qanuni təmsilçisi X1 izahatında tələb edilən məbləğin bir hissəsini ödədiyini, əmlakı təhvil verdiyini, 17.07.2019cu il tarixli icarə haqqının ödənilməsini ehtiva edən müqavilənin bağlandığı zaman birliyə artıq borc məbləğinin hesablandığını, hazırda tələb edilən məbləğin hüquqi əsasının olmadığını bildirdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsinin və iddianın dəyişdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (icarəyə verən) ilə “Qarabağ Əlilləri və Veteranları” İctimai Birliyi (icarəçi) arasında bağlanmış dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında 17 iyul 2019-cu il tarixli 11230 saylı icarə müqaviləsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 161 B ünvanında yerləşən, ümumi sahəsi 202,9 m2 təşkil edən qeyriyaşayış sahəsini ofis məqsədi ilə icarəçinin müddətli istifadəsinə verilmişdir. Həmin müqavilənin: 2.1-ci bəndinə əsasən qeyri-yaşayış sahəsinin illik icarə haqqı məbləği 1136,24 manat müəyyən edilir. 3.1-ci bəndinə əsasən icarə müqaqviləsinin müddəti 17.07.2019-cu il tarixdən 17.01.2020-ci il tarixədək müəyyən edilir. 3.2-ci bəndinə əsasən icarə müqaviləsi hər iki tərəfin imzaladığı tarixdən hüquqi qüvvəyə minir. 5.2-ci bəndinə əsasən icarəçi icarə müddəti ərzində icarə haqqını cari ayın 10-dək ödəməyi öz öhdəsinə götürür. 8.1-ci bəndinə əsasən icarə haqqı iki ardıcıl müddət üçün ödənilmədikdə bu, icarəçinin müqavilənin icrasından birtərəfli imtinası kimi qəbul edilir və icarə müqaviləsi ləğv oluna bilər. 8.2-ci bəndinə əsasən müqavilənin müddəti başa çatdıqda müqavilə üzrə hüquq münasibətlərinə xitam verilir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (icarəyə verən) ilə “Qarabağ Əlilləri və Veteranları” İctimai Birliyi (icarəçi) arasında bağlanmış dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında 15 sentyabr 2020-ci il tarixli 357/11230 saylı icarə müqaviləsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 161 B ünvanında yerləşən, ümumi sahəsi 202,9 m2 təşkil edən qeyri-yaşayış sahəsini ofis məqsədi ilə icarəçinin müddətli istifadəsinə verilmişdir. Həmin müqavilənin: 2.1-ci bəndinə əsasən qeyri-yaşayış sahəsinin illik icarə haqqı məbləği 1136,24 manat müəyyən edilir. Qeyd: 08.09.2020-ci il tarixə dövlət büdcəsinə icarə haqqı borcu - 1301,99 manat təşkil edir. 3.1-ci bəndinə əsasən icarə müqaqviləsinin müddəti 09.09.2020-ci il tarixdən 09.09.2021-ci il tarixədək müəyyən edilir. 3.2-ci bəndinə əsasən icarə müqaviləsi hər iki tərəfin imzaladığı tarixdən hüquqi qüvvəyə minir. 5.2-ci bəndinə əsasən icarəçi icarə müddəti ərzində icarə haqqını cari ayın 10-dək ödəməyi öz öhdəsinə götürür. 8.1-ci bəndinə əsasən icarə haqqı iki ardıcıl müddət üçün ödənilmədikdə bu, icarəçinin müqavilənin icrasından birtərəfli imtinası kimi qəbul edilir və icarə müqaviləsi ləğv oluna bilər. 8.2-ci bəndinə əsasən müqavilənin müddəti başa çatdıqda müqavilə üzrə hüquq münasibətlərinə xitam verilir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. - 21.10.2021-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən “Qarabağ Əlilləri və Veteranları” İctimai Birliyinə dövlət mülkiyyətində olan qeyri-yaşayış sahəsinə görə icarə haqqının ödənilməsi haqqında xəbərdarlıq ünvanlanaraq bildirilmişdir ki, qeyri-yaşayış sahəsinin icarə haqqı üzrə borcunun 7 gün müddətində ödənilməsi təmin edilməyəcəyi təqdirdə, qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlər həyata keçiriləcəkdir. - “Qarabağ Əlilləri və Veteranları” İctimai Birliyinin sonuncu şəxsi hesab vərəqəsinə əsasən müəyyən edilir ki, “Qarabağ Əlilləri və Veteranları” İctimai Birliyinin 357/11230 saylı icarə müqaviləsi üzrə 13.01.2022-ci il tarixdə 1140 manat ödəniş edilməklə həmin tarixə cəmi ödənilməli olan icarə haqqı borcu 1.633,40 manat təşkil edir. 01.02.2022-ci il tarixli 363 nömrəli hesab-fakturaya əsasən “Qarabağ Əlilləri və Veteranları” İctimai Birliyinin icarə müqaviləsi üzrə borcu 1.633,40 manat təşkil edir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə cavabdeh “Qarabağ Əlilləri və Veteranları” İctimai Birliyi arasında bağlanmış dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında icarə müqavilələrinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 161 B ünvanında yerləşən, ümumi sahəsi 202,9 m2 təşkil edən qeyri-yaşayış sahəsini ofis məqsədi ilə cavabdehin icarəsində olmuşdur. 25.12.2021-ci il tarixdə tərəflər arasında bağlanılmış sonuncu icarə müqaviləsinə xitam verilsə və qeyriyaşayış sahəsi icarəyə verənə təhvil verilmiş, lakin cavabdeh “Qarabağ Əlilləri və Veteranları” İctimai Birliyi qeyri-yaşayış sahəsinin icarəsində olduğu müddət üçün icarə haqqını ödəmək öhdəliyini lazımi qaydada icra etmədiyindən dövlət büdcəsinə 1.633,40 manat məbləğində icarə haqqı borcu ödənilməmiş qalmışdır. “İcarə haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinin: 1-ci bəndinə əsasən icarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. 2-ci bəndinə əsasən icarə müqaviləsində aşağıdakılar nəzərdə tutulur: icarəyə verilən əmlakın tərkibi və dəyəri, icarə haqqının məbləği, icarənin müddətləri, əmlakın ikinci əldən icarəyə verilməsi (icarəyə götürülmüş əmlakın icarəyə verilməsi) imkanına münasibət, icarəyə götürülmüş əmlakı tam bərpa və təmir etmək sahəsində tərəflərin vəzifə bölgüsü, icarəyəverənin icarəçiyə əmlakı müqavilə şərtlərinə uyğun vəziyyətdə vermək vəzifəsi, icarəçinin əmlakdan müqavilə şərtlərinə uyğun surətdə istifadə etmək, icarə haqqını ödəmək. və müqaviləyə xitam verildikdən sonra əmlakı müqavilədə şərtləşdirilmiş vəziyyətdə icarəyə verənə qaytarmaq vəzifəsi 3-cü bəndinə əsasən icarə müqaviləsinə tərəflərin başqa vəzifələri də daxil edilə bilər. 4-cü bəndinə əsasən icarəyə verilən əmlakın dəyəri faktik aşınma nəzərə alınmaqla bu əmlakın icarəyə verildiyi an ona qoyulan qiymət əsasında müqavilədə müəyyən edilir. 5-ci bəndinə əsasən icarə müqaviləsi üzrə vəzifələri icra etməmək və ya lazımınca icra etməmək, o cümlədən müqaviləni birtərəfli qaydada dəyişdirmək və pozmaq üstündə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi və müqavilə ilə müəyyən edilən məsuliyyət daşıyırlar. Həmin qanunun 8-ci maddəsinin: 1-ci bəndinə əsasən icarə haqqının məbləği və ödənilməsi qaydası müqavilədə şərtləşdirilir. həm də icarə ödənişinin məbləği icarəyə götürülən əsas fondların dəyəri və vəziyyəti, müəssisənin inkişaf perspektivləri və digər amillər, habelə icarəyə götürülmüş əmlakın istismarından əldə edilməli olan minimum gəlir nəzərə alınmaqla müəyyənləşdirilir. Dövlət əmlakının (mənzil fondundan başqa) icarəyə verilməsi üçün icarə haqqının minimum məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qanunla və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla, dövlət əmlakı dövlət büdcəsindən maliyyələşən müəssisə və təşkilatlara məxsus olduqda, icarə haqları 100 faiz dövlət büdcəsinə köçürülür, kommersiya fəaliyyəti göstərən müəssisə və təşkilatlarda isə 50 faizi isə həmin müəssisələrin sərəncamında qalır. Dövlət mülkiyyətində olan əmlakın icarəyə verilməsindən daxilolmalara nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 12 may 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0.11-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının qanunlarının və Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, daşınmaz dövlət əmlakını, o cümlədən dövlətə məxsus olan hüquqi şəxslərə məxsus daşınmaz əmlakı icarəyə və istifadəyə vermək, bu məqsədlə bağlanılmış əqdlərin qeydiyyatını aparmaq, icarə haqlarının müəyyən edilməsi ilə bağlı təkliflər hazırlayıb Nazirliyə vermək və bu sahədə nəzarəti həyata keçirmək Xidmətin vəzifələrinə aid edilmişdir. Həmin Əsasnamənin 3.0.15-ci yarımbəndinə əsasən dövlət əmlakı barəsində bağlanılmış əqdlər Azərbaycan Respublikasının iqtisadi maraqlarına ziyanla nəticələndikdə, Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, həmin əqdlərlə bağlı məhkəmədə iddia qaldırmaq, dövlətə məxsus olan, habelə nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərlə bağlı məhkəmə mübahisələrində dövlətin mənafeyini təmsil etmək Xidmətin vəzifəsinə aid edilmişdir. Həmin Əsasnamənin 4.0.18-ci yarımbəndinə əsasə vəzifə və hüquqlarının həyata keçirilməsi ilə bağlı məhkəmədə öz adından çıxış etmək Xidmətin hüquqlarına aid edilmişdir. Beləliklə, işin yuxarıda göstərilən hallarına və normativ hüquqi aktların məzmununa əsasən müəyyən edilir ki, hazırkı iş üzrə icarə obyekti olan dövlət mülkiyyətində olan qeyriyaşayış sahəsi “Qarabağ Əlilləri və Veteranları” İctimai Birliyinin icarəsinə verildiyindən Əmlak Məsələləri Dövlət Xidməti dövlət mənafeyinin müdafiəsi üçün hazırkı iddianı məhkəmədə qaldırmaq hüququna malikdir. Mülki Məcəllənin: 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh “Qarabağ Əlilləri və Veteranları” İctimai Birliyindən dövlət mülkiyyətində olan qeyri-yaşayış sahəsinin icarəsinə görə 1.634 manat məbləğində borc tutularaq dövlət büdcəsinə ödənilməlidir. Cavabdehin iddiaya etirazına əsas kimi istinad etdiyi ona icarə haqqı borcunun tərəflər arasında icarə müqaviləsinin bağlanmasından əvvəlki müddət üçün də hesablanması barədə dəlillərinə gəldikdə məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş şəxsi hesab vərəqəsindən müəyyən edildiyi kimi cavabdehə icarə haqqı borcu 2019-cu ilin iyul ayından, yəni tərəflər arasında icarə müqaviləsi bağlandığı vaxtdan etibarən hesablanmışdır. “Mediasiya haqqında” AR Qanununun 36.5-ci maddəsinə görə “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 və 119.2-ci maddələrinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçının çəkdiyi mediasiya xərclərinin əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “Qarabağ Əlilləri və Veteranları” İctimai Birliyindən 1.634 manat məbləğində icarə haqqı borcu, eləcə də iddiaçının çəkdiyi mediasiya xərclərinin əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar