Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1116/2022 06.05.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X2, nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbi ilə məhkəməyə müraciət edərək, iddiaçı və cavabdeh arasında bağlanmış 03 iyul 2019-cu il tarixli müqavilə üzrə öhdəliklərini könüllü icra etmədiyinə görə, 03.06. 2019-cu il tarixdən 01 mart 2022-ci il tarixədən hesablamaqla, 32 ay üçün 9600 manat pulun cavabdeh dən tutularaq İddiaçı MMMC-nin hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair 03 iyul 2019-cu il tarixli icarə müqaviləsinə əsasən, iddiaçı Yasamal rayonu, H ünvan 1 ünvanda yerləşən İddiaçı MMC-yə məxsus binanın zirzəmisində olan 160 metrlik məsafənin (kabelin ötürülməsi üçün) qeyri-yaşayış sahəsində cavabdehin icarəsinə vermişdir. İcarə müqaviləsinin 3.1-ci bəndinə əsasən müqavilə imzalandığı tarixdən qüvvəyə minmiş və 3 il müddətində davam etməlidir. Müqavilənin 5.1-ci maddəsinə əsasən cavabdeh (icarəçi) bu Müqavilənin müddəti üzrə, icarəyə alınmış sahəyə və əmlaka görə iddiaçıya (icarəverənə) ƏDV daxil olmaqla 300 manat məbləğində icarə haqqı ödəyir. Müqavilədə müəyyən edilmiş şərtlərə görə cavabdeh 03.06.2019-cu ildən 16.12.2021-ci ilədək olan müddət ərzində ayda 300 manat icarə haqqı ödəməli olduğu halda, cavabdeh müqavilənin bağlandığı gündən, yəni 03.06.2019-cu il tarixdən bu günə kimi ödəniş etməmişdir. Cavabdeh öz növbəsində iddiaya yazılı etiraz təqdim edərək, iddiaçının iş üzrə tələbinin əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı ilə aralarında 03 iyun 2019-cu il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 3 ünvanında yerləşən zirzəmi və 160 metrlik ərazi aylıq vergilər daxil 300 manata cavabdehə icarəyə verilmişdir. Lakin, həmin müqavilə qanuna uyğun bağlanmadığından heç bir hüquqi qüvvəsi yoxdur və həmin müqavilə üzrə heç bir tələb qoyula bilməz. Belə ki, iddiaçı ilə aralarında bağlanan Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında müqavilə bağlanarkən iddiaçı tərəfindən həmin sahəyə onun mülkiyyət və sərəncam hüququnu təsdiqləyən heç bir sənəd təqdim edilməmişdir. Müqavilə bağlanarkən iddiaçının icarəyə verdiyi sahəyə sərəncam vermək hüququnu təsdiq edən heç bir mötəbər sənədi olmamışdır. Əlavə olaraq həmin sahənin təhvil-təslimi ilə bağlı da aralarında heç bir akt tərtib olunmamışdır. İddiaçı tərəfindən yaranmış borcu təsdiq edən heç bir mötəbər sənəd məhkəməyə təqdim olunmamışdır. İddiaçı yalnız 22.10.2020-ci il tarixində 5100 manat dəyərində elektron qaimə yaradaraq elektron sistemə yükləmişdir. Lakin aralarında bağlanmış müqavilə olduğundan həmin elektron qaimə əsassız hesab olunduğu üçün ödəniş edilməmişdir. Həmin tarixdən sonra iddiaçı heç bir qaimə yaratmamışdır və nəticədə ödəniş mümkünsüz olduğu halda 5100 manatdan əlavə olaraq 4500 manat məbləğində icarə haqqı borcu da tələb edir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi R.Bağırov tərəflər arasında bağlanmış müqavilənin etibarlı olduğunu, tərəflərin imza və möhürləri ilə təsdiq edildiyini, cavabdehin həmin müqavilə üzrə hər hansı ödəniş etmədiyindən hazırkı iddia ərizəsi ilə məhkəmə müraciət edildiyini göstərib iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, icarə müqaviləsində göstərilən əmlak iddiaçının mülkiyyətindədir, lakin həmin sahə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Həmin əmlak əvvəllər "xxxx" MTK-nın mülkiyyətində olmuş, daha sonra MTK tərəfindən iddiaçıya verilmişdir. "xxxx" MTK-nın cavabdehə qarşı “icarə haqqının ödənilməsi” tələbinə dair iddiası daha əvvəl məhkəmə tərəfindən təmin edilmişdir. Bundan əlavə, müqavilə üzrə cavabdehə məxsus kabellər hazırda həmin ərazidədir, həmin kabellərin olması səbəbi ilə cavabdeh gəlir əldə edir. Bu səbəbdən icarə haqları ödənilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, hüquqi şəxslər arasında bağlanmış müqavilə onların möhürləri ilə təsdiq edilmişdir. Hüquqi şəxsin təsdiqi isə qanunla notariat qaydasında təsdiqə bərabər tutulur. Bu səbəbdən cavabdehin müqavilənin etibarsız olması barədə dəlili əsassızdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbinə etiraz edib, iddia ərizəsinə dair etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İzahatında bildirdi ki, həmin kabellər "xxxx" MTK ilə cavabdeh arasında bağlanmış müqavilə əsasında çəkilmişdir. Belə ki, hazırkı iş üzrə tərəflər arasında müqavilə üzrə təhvil-təslim olmamışdır. Sübutların tədqiqi: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin qeyri-kommersiya qurumlarının dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 5 ünvanında yerləşən İddiaçı 06.04.2018-ci il tarixdə 118-MM5-0073 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. Tərəflər arasında bağlanmış 03 iyun 2019-cu il tarixli qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında icarə müqaviləsinə əsasən icarəyəverən (iddiaçı) cavabdehə Yasamal rayonu, ünvan 7 ünvanında "xxxx" MMMC-yə aid yeni tikilmiş 17 mərtəbəli binanın zirzəmi və ərazisindən 160 metrlik məsafəni (kabelin ötürülməsi üçün) qeyri-yaşayış sahəsi kimi icarəyə verir. İcarəçi isə həmin sahəni xidməti və texniki ehtiyacları üçün icarəyə qəbul edir. Müqavilənin 5.1-ci bəndinə əsasən icarəçi bu müqavilənin müddəti ərzində icarəyə alınmış sahəyə və əmlaka görə icarəyəverənə, tərəflərin razılaşdırdığı müqavilə qiyməti üzrə, ayda ƏDV daxil 300 manat məbləğində icarə haqqı ödəyir. Ödəniş ayda bir dəfə hesaba köçürmə yolu ilə ödənilir. İddiaçı tərəfindən cavabdehə göndərilmiş məktubdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, H.ərdabi prospekti 86 ünvanında yeni tikilmiş "xxxx" MTK-ya məxsus 17 mərtəbəli binanın damında Radio-Tele avadanlığı antennalarının quraşdırılması üçün sahə, binanın zirzəmi ərazisindən 160 metrlik məsafə qeyri-yaşayış sahəsi kimi Cavabdeh MMC-yə icarəyə verilmişdir, icarəçi həmin sahəni xidməti və texniki ehtiyacları üçün icarəyə qəbul etmişdir. Odur ki, "xxxx" MTK ilə bağlanmış müqaviləni İddiaçı MMMC ilə əvəz edib yeni müqavilə qeydə alınması xahiş olunmuşdur. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 17 yanvar 2022-ci il tarixli MŞİH-12476 nömrəli arayışdan görünür ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 100 manat mediasiyaya dair xərc ödənilmişdir. Hüquqi dəyərləndirmə: Məhkəmə tərəflərin və onların nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Göründüyü kimi, icarə müqaviləsi üzrə icarəyə verilən əşya (icarə obyekti) fərdimüəyyən əşyadır. Bu mənada icarə obyektinin hər hansı digər əşyadan yalnız özünə xas əlamətlərə görə ayrılması və müəyyənləşdirilə bilən olması tələb edilir (MM, m. 135.7). Başqa sözlə, müqavilənin bağlanması üçün tərəflərin forma şərtinə əməl etməsi ilə yanaşı həm icarə obyekti, həm də icarə haqqı barəsində razılığa gəlmiş olması lazımdır (MM, m. “405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.”). Bundan başqa, İcarə Müqaviləsi MM-in 144.1-ci maddəsinin (“Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir.”) tələbinə zidd olmaqla notariat qaydasında təsdiqlənməmişdir. MM-nin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Nəzərə almaq lazımdır ki, MM-in 405.1 və 407.2-ci (“Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır.”) maddələrinin tələbi baxımından qanunverici əqdin forma şərtini onun bağlanma şərti (qurucu ünsürü) kimi təsbit etmişdir. MM-nin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. MM-nin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, əqdlərin etibarlı sayılması onun əqdin subyektlərinin əldə calışdıqları hüquqi nətiçəni doğuran hüquqi fakt keyfiyyətinə malik olmasının tanınmasıdır. MM tərəfindən əqdin etibarlı olması aşağıdakı şərtlər sistemi daxilində müəyyən edilir: 1) məzmunun qanuniliyi; 2) əqdi həyata kecirən hüquqi və fizik şəxslərin əqddə iştirak etmək qabiliyyətinin olması; 3) iradə və iradənin ifadəsinin müvafiqliyi; 4) əqdin formasına riayət edilməsi. Əqd onun formasına riayət ediləndə hüquq və vəzifələr doğurur. Əqdlərin notariat forması-əqdi bağlayan şəxslərin iradəsinin dövlət tərəfindən qanuniləşdirilməsi-leğitimləşdirilməsi usuludur. Notarius əqdi tərtib edərkən subyektlərin həqiqi iradəsini müəyyən edir. Beləliklə, şərh edilənlərə əsasən Məhkəmə bu qənaətə gəlir ki, icarə müqaviləsi üçün MM-də müəyyənləşdirilmiş imperativ forma (notariat təsdiqi, qeydiyyat) şərtlərinə əməl edilmədiyindən İcarə Müqaviləsi bağlanmamış hesab olunmalıdır. Başqa sözlə, İcarə Müqaviləsi tərəflərin hüquq və öhdəliklərinin yaranma mənbəyi kimi çıxış edə biləcək hüquqi fakt kimi mövcud deyildir. Bu baxımdan İcarə Müqaviləsi həm də MM-in 14.2.1 (“Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasıdır”) və 386.1-ci (“Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.”) maddələrinin tələblərinə ziddir. Azərbaycan Respublikası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 19.1ci maddəsinə əsasən daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Belə ki, tərəflər arasında bağlanmış icarə müqaviləsi bağlandığı andan etibarsız hesab edildiyindən həmin müqavilə üzrə tərəflər arasında öhdəlik hüquq münasibətləri yaranmamışdır. Belə olan halda isə iddiaçı həmin əqdə əsaslanaraq icarə haqlarının ödənilməsini cavabdehdən tələb etməkdə haqlı deyil. Bundan əlavə, cavabdeh ona icarəyə verilmiş qeyri-yaşayış sahəsinin ümumiyyətlə iddiaçının mülkiyyətində olmamasını göstərmişdir. İddiaçının nümayəndəsi isə məhkəmə iclasında həmin qeyri-yaşayış sahəsinin əvvəllər "xxxx" MTK-nın mülkiyyətində olduğunu, hazırda isə iddiaçıya məxsus olduğunu bildirsə də, Məhkəməyə icarə obyekti olan Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 10 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin iddiaçının mülkiyyətində olmasını təsdiq edən mötəbər və təkzibedilməz sübut təqdim edə bilməmişdir. Məhkəmə qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Nəticə: Beləliklə, məhkəmə işin faktiki hallarını və qanunvericiliyin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırkı iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-1116/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1116/2022
06.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver