Məhkəmə qərarları › İş №e-2-2(113)-1118/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1118/2024

24.05.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1118/2024 24.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı borcun silinməsi və edilmiş su ödənişlərindən borca silinmiş hissəsinin yenidən verilən su ilə əvəz olunması tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: borcun silinməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçı və İddiaçı2 nümayəndəsi İddiaçı1, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı borcun silinməsi və edilmiş su ödənişlərindən borca silinmiş hissəsinin yenidən verilən su ilə əvəz olunması tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (Cavabdeh ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən xx.xx.2018-ci il tarixli 09405 saylı və xx.xx.2020-ci il tarixli 007652 saylı aktlar üzrə hər biri 4104 manat olmaqla, xx.xx.2023-cü il tarixli 602303 saylı akt üzrə 2196 manat olmaqla, ümumilikdə 10398 manat, su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə 5626,20 manat borcun silinməsi, bu günə qədər edilən su ödənişlərindən borca silinmiş hissəsinin yenidən verilən su ilə əvəz olunması və mediasiya prosesinin tətbiqi barədə ödənilmiş xərcin cavabdehdən tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Binəqədi şosesi 53G ünvanında yerləşən qeyri-yaşayış sahəsində su sayğacı üzrə (abonent kodu 101519) iddiaçıya məlum olmayan səbəblərdən cərimə və borc yazılmışdır. Belə ki, 2018-ci ildə qeyri-yaşayış sahəsinin yerləşdiyi ərazidə yol-tikinti təmir işləri aparılan zaman su boruları sıradan çıxmış, nəticədə həmin əraziyə suyun verilməsi dayandırılmışdır. İddiaçı qeyri-yaşayış sahəsində daima suya ehtiyac yarandığından su ehtiyacını qarşılamaq məqsədi ilə öz vəsaiti hesabına maşınla su almışdır. Su borularının bərpa edilməsi və qeyri-yaşayış sahəsinə suyun verilməsinin bərpa edilməsi üçün Cavabdeh ASC-yə elektron yazılı və şifahi müraciətlər etmişdir. Müraciətlərindən müəyyən vaxt keçdikdən sonra sıradan çıxmış su boruları bərpa edilmişdir. İddiaçıya məxsus qeyri-yaşayış sahəsinə Cavabdeh ASC-nin əməkdaşları yaxınlaşaraq su sayğacınında işləmədiyini və yenisi ilə əvəz olunmalı olacağını bildirmişlər. İddiaçı sayğacın yenisi ilə əvəz edilməsinə etiraz etməmiş və sayğac yenisi ilə əvəz olunmuşdur. Sonradan iddiaçıya məlum olmuşdur ki, qurlaşdırılmış yeni sayğac Cavabdeh ASC-nin əməkdaşları tərəfindən yalnış qurlaşdırılmışdır. İddiaçı bu zaman Cavabdeh ASC-yə müraciət edərək sayğacın düzgün qurlaşdırılmasını tələb etmiş, müraciəti nəticəsində sayğac yenidən yenisi ilə əvəz olunmuşdur. Bir müddət sonra Cavabdeh ASC-nin nümayəndələri qeyri-yaşayış sahəsinə yaxınlaşaraq akt tərtib olunduğunu və iddiaçıya cərimə yazıldığını bildirmişdir. İddiaçı bu aktlara etirazını bildirmiş və yazılmış borc və cərmə ilə razı olmadığını qeyd etmiş, borcun və cərimənin silinməsini tələb etmişdir. Çünki bu borcların və cərimənin haradan yarandığı məlum deyildir. İddiaçının müraciəti nəticəsində verilmiş cavabdan məlum olmuşdur ki, güya iddiaçı kənar qanunsuz xətt çəkmiş, həmçinin sayğaca kənar müdaxilə etmişdir. Halbuki, bunlar həqiqəti əks etdirmir. Belə ki, iddiaçının qeyri-yaşayış sahəsində olan sayğac smart idi və pul yükləmədikdə su ilə təmin olunmurdu. Belə olan halda borc necə yazıla bilərdi? Sonradan qurlaşdırılmış sayğacın istifadəsi ərzində iddiaçı hər dəfə sayğaca pul vurduqda pulun müəyyən hissəsi borcdan silinirmiş. Bu barədə də iddiaçının məlumatı olmamışdır. Bunu bildikdən sonra artıq suyu yenidən maşınla almağa başlamıdır. İddiaçının oğlu həmin ərəfə ərzində 2-ci Qarabağ müharibəsində iştirak etmiş və yaralanmışdı. Səhhəti ilə bağlı olduqca ciddi problemlər yaşayırdı. Təbii ki oğlunun sağlamlığı hər şeydən vacib olduğundan suyun maşınla alınmasına davam edirdi. Hazırda Cavabdeh ASC-dən iddiaçıya verilən cavab məktubuna əsasən iddiaçının xx.xx.2018-ci il tarixli və xx.xx.2020ci il tarixli tərtib olunmuş aktlar üzrə hər biri 4104 manat olmaqla, ümumilikdə 8202,00 manat, su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə 5626,20 manat borcu vardır. Bundan başqa, xx.xx.2023-cü il tarixində yenidən iddiaçıya məlum olmayan akt tərtib olunaraq 2196 manat zərər müəyyən edilmişdir. Qeyd olunan borcların Cavabdeh ASC tərəfindən necə hesablandığı, yarandığı və hansı əsasla, hansı qaydalara, təlimata və ya hansı normativ sənəd əsasında aparılması iddiaçıya bildirilməmişdir. Cavabdeh ASC müvafiq yoxlamalar keçirməmişdən qabaq qanunvericiliyin normalarına əsasən reyestrdən keçməklə, müvafiq hərəkətlər etməli və yol verilmiş pozuntuların müvafiq reyestrdə qeydiyyatı aparılmalı idi. Lakin ümumiyyətlə belə bir reyestrdə qeydiyyatın aparılması mövcud deyildir. Beləliklə, hesab edilir ki, Cavabdeh ASC tərəfindən iddiaçının adına xx.xx.2018-ci il tarixli və xx.xx.2020-ci il tarixli tərtib olunmuş aktlar üzrə hər biri 4104 manat, xx.xx.2023-cü il tarixli akt üzrə 2196 manat olmaqla, ümumilikdə 10398 manat, su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə 5626,20 manat borc əsassız olduğundan silinməli, bu günə qədər etdiyi su ödənişlərindən borca silinmiş hissəsi su ilə əvəz olunmalıdır.

3. İddia tələbinin maddi hüquqi əsası kimi “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş X5na, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”yə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 385.1, 386.1-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.

Tədqiq olunan sübutlar:

5. İddiaçı və İddiaçı2 nümayəndəsi İddiaçı1 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

6. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, borc akt əsasında hesablanmış borcdur. İddiaçılar borcdan, həmçinin akt üzrə hesablanmış borcdan da ödənişlər etmiş və hal-hazırda Cavabdeh ASC-yə olan borc 7522,20 manat təşkil edir. Həmin borc aktlar əsasında hesablanan borcdur. Ona görə də, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edir.

7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2018-ci il tarixli, MXD 09405 nömrəli invertar aktında qeyd edilmişdir ki, Binəqədi şossesində yerləşən f/ş İddiaçı1 məxsus obyektin su xəttində və su sayğacına baxış keçirilən zaman abonentin sayğacdan kənar olacaq d = 20 mm boru vasitəsilə sudan qeyri-qanuni istifadə etdiyi məlum olmuşdur. Nəticə: əlavə xətt ləğv edildi. Aktın imza yerində obyektin nümayəndəsi qrafasında “imtina” qeydi yazılmışdır.

8. xx.xx.2020-ci il tarixli, 007652 saylı aktdan görünür ki, Cavabdeh ASC-nin Binəqədi rayon Sukanal İdarəsinin nümayəndələri tərəfindən istehlakçının obyektinə xx.xx.2020-ci il tarixdə baxış keçirilmiş, baxış zamanı abonentin d-20 mm xətt vasitəsilə sayğacdan kənar yeraltı traynik vastiəsilə əlavə xətt qoşaraq istifadə etməsi aşkar olunmuşdur. Aktın imza yerində obyektin nümayəndəsi qrafasında “imtina” qeydi yazılmışdır.

9. Cavabdeh ASC-nin Binəqədi rayon Sukanal İdarəsi tərəfindən tərtib edilən, marşrut nömrəsi 1005 olan sənəddə qeyd edilmişdir ki, baxış zamanı abonentin d-20 mm xətt vasitəsilə sayğacdan kənar istifadə etdiyi aşkarlandı. Xəttin kəsilməsi qəza xidməti həyata keçirməli və sayğac giriş nöqtəsinə köçürülməlidir. İnventarizasiya aparılan tarix xx.xx.2020-ci il qeyd edilmişdir.

10. xx.xx.2023-cü il tarixli, 602313 saylı aktdan görünür ki, Cavabdeh ASC-nin nümayəndələri tərəfindən istehlakçının obyektinə xx.xx.2023-cü il tarixdə baxış keçirilmiş, obyektdə araşdırma aparılan zaman islehlakçının sayğacdan kənar d=15mm su xəttindən qeyri-qanuni istifadə etməsi aşkar olunmuşdur. Aktın imza yerində obyektin nümayəndəsi qrafasında “imtina” qeydi yazılmışdır.

11. Cavabdeh ASC tərəfindən İddiaçı1 ünvanlanmış xx.xx.2023-cü il tarixli, ********* nömrəli qanunsuz istifadə fakturasından görünür ki, xx.xx.2023-cü il tarixli, 602313 saylı akta əsasən Cavabdeh ASC tərəfindən İddiaçı1 su – 1098 manat, çirkab su – 1098 manat olmaqla, ümumilikdə 2196 manat məbləğində pul su təchizatı və kanalizasiya xidmətlərindən qanunsuz istifadə haqqının ödənişi üçün hesablanmışdır.

12. Cavabdeh ASC tərəfindən İddiaçı1 ünavnlanmış xx.xx.2023-cü il tarixli müraciətə baxılması haqqında məktubda qeyd edilmişdir ki, 04 07.2023-cü il tarixli, 13-16/1-M-54xxxx/2023 qeydiyyat nömrəli müraciətə Cavabdeh ASC-də baxılmışdır. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 saylı qərarı ilə təsdiq edilmiş “X5”nın 8.6-cı bəndinə əsasən su təchizatı və tullantı sularının axıdılması sisteminə qeyri-qanuni qoşulma halları aşkar edildikdə, su təchzatı və kanalizasiya müəssisəsi (STKM) qanunsuz xətti dərhal su təchizatı sistemindən ayırmaqla suyun verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini həmin şəxsdən tələb etməlidir. Müraciətdə qeyd edilən Binəqədi rayon Sukanal İdarəsinin xidməti ərazisində yerləşən abonent kodu 101579 olan obyektin su təchizatına baxış keçirilən zaman idarənin nümayəndələri tərəfindən sayğacdan kənar xətt aşkarlanmış və qeyri-qanuni istifadəyə görə xx.xx.2018-ci il tarixli, 09405 nömrəli və xx.xx.2020-ci il tarixli, 007652 nömrəli aktlar tərtib olunmuş, Qaydalann 4 nömrəli əlavəsinə uyğun olaraq hər biri 4104 manat olmaqla, ümumilikdə 8208 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Hazırda su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə hesabda yalanmış borc 5626,2 manat təşkil edir. Həmçinin Cavabdeh ASC-nin “Elektron su” portalında (www.e-su.az) qeydiyyatdan keçərək abonent hesabında yaranmış qalıq borcu öyrənə və ödəyə, hesab-fakturalara və ödənişlərə nəzarət edə, “Elektron müraciət” bölməsindən isə Cavabdeh ASC-yə müraciət etməklə müraciətin statusunu və icra mərhələsini izləyə bilərsiniz. Eyni zamanda, “X5”nın 7.15-ci bəndinə uyğun olaraq abonent hesabında yaranmış qalıq borclarını STKM ilə qarşılıqlı razılaşma əsasında hissə-hissə ödəyə bilərsiniz. Bunun üçün Binəqədi rayon Sukanal İdarəsinə yaxınlaşaraq razılıq protokolu imzalamağınız tövsiyyə olunur .Yaranmış borcun ödənilməsi Sizdən xahiş olunur. Əks təqdirdə, “X5”nın 8.1.8-ci yarımbəndinə əsasən su təchizatı müvafiq qaydada dayandırılacaq və məsələnin hüquqi müstəvidə həlli üçün aidiyyəti üzrə məhkəməyə müraciət ediləcəkdir.

13. xx.xx.2024-cü il tarixli abonent haqqında məlumatdan görünür ki, İddiaçı1 cari tarixə qalıq borcu 7522,20 manat təşkil edir.

Tətbiq edilən hüquq

14. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir; 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir; 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

15. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər; 1.5-ci bəndinə əsasən Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.

Məhkəmənin mövqeyi

16. İşin faktiki hallarından göründüyü kimi, Binəqədi şosesi 53G ünvanında yerləşən qeyri-yaşayış sahəsində su sayğacı üzrə (abonent kodu 101519) iddiaçıya məlum olmayan səbəblərdən cərimə və borc yazılmışdır. Belə ki, 2018-ci ildə qeyri-yaşayış sahəsinin yerləşdiyi ərazidə yol-tikinti təmir işləri aparılan zaman su boruları sıradan çıxmış, nəticədə həmin əraziyə suyun verilməsi dayandırılmışdır. Su borularının bərpa edilməsi və qeyri-yaşayış sahəsinə suyun verilməsinin bərpa edilməsi üçün Cavabdeh ASC-yə elektron yazılı və şifahi müraciətlər etmişdir. Müraciətlərindən müəyyən vaxt keçdikdən sonra sıradan çıxmış su boruları bərpa edilmiş, sayğac da yenisi ilə əvəz olunmuşdur. Bir müddət sonra iddiaçıya akt tərtib olunduğu və cərimə yazıldığını bildirilmişdir. İddiaçı bu aktlara etirazını bildirmiş və yazılmış borc və cərmə ilə razı olmadığını qeyd etmiş, borcun və cərimənin silinməsini tələb etmişdir. Cavabdeh ASC-dən iddiaçıya verilən cavab məktubunda iddiaçının xx.xx.2018-ci il tarixli və xx.xx.2020-ci il tarixli tərtib olunmuş aktlar üzrə hər biri 4104 manat olmaqla, ümumilikdə 8202,00 manat, su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə 5626,20 manat borcunun olduğu qeyd olunmuşdur. Bundan başqa, xx.xx.2023-cü il tarixində yenidən akt tərtib olunaraq 2196 manat zərər müəyyən edilmişdir.

17. İddia tələbinin bir hissəsi Cavabdeh ASC tərəfindən xx.xx.2018-ci il tarixli 09405 saylı və xx.xx.2020-ci il tarixli 007652 saylı aktlar üzrə hər biri 4104 manat olmaqla, xx.xx.2023-cü il tarixli 602303 saylı akt üzrə 2196 manat olmaqla, ümumilikdə 10398 manat, su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə 5626,20 manat borcun silinməsindən ibarətdir.

18. Əvvəla qeyd olunmalıdır ki, iddiaçılardan biri qismində İddiaçı2 çıxış etsə də, məhkəmə belə hesab edir ki, İddiaçı1 iddiası aşağıdakı qaydada təmin olunmalıdır. Belə ki, cavabdehlə münasibətlər İddiaçı1 arasında yaranmışdır. İddiaçı2 Abşeron rayonunda yerləşən torpaq sahəsi ilə bağlı məhkəməyə çıxarış təqdim etmiş, lakin su ilə təchiz olunan qeyri-yaşayış sahəsinin onun mülkiyyətində olması ilə bağlı sübutlar məhkəməyə təqdim olunmamaışdır. Ona görə də onun hazırkı iddianı qaldırmağa subyektiv hüququ olmamışdır.

19. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

21. Belə ki, cavabdeh “Azərsu“ ASC tərəfindən keçirilmiş yoxlamanın aparılması üçün qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edilməmiş, aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir.

22. Eyni zamanda müəyyən olunmuşdur ki, aktlar üzrə hesablanmış borc məbləği üzrə iddiaçı tərəfindən ödənişlər olunmuşdur. İddiaçının tələbi borcun silinməsi olduğundan, silinməsi istənilən borc qismən ödənildiyindən, məhkəmənin qənaətinə əsasən aktlar üzrə hesablanmış, hazırda ödənilməmiş qalan borc məbləği abonent hesabından silinməlidir.

23. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv hüquqi qiymət verərək, hazırda qalan borcun 7522,20 manat təşkil etdiyini nəzərə alaraq hesab edir ki, borcun silinməsinə dair iddia qismən təmin edilməli, “Azərsu“ ASC tərəfindən İddiaçı1 hesablanmış borc məbləğindən qalan 7522,20 manat (yeddi min beş yüz iyirmi iki manat iyirmi qəpik) məbləğində pul İddiaçı1 (VÖEN: **********) abonent hesabından silinməli, iddia qalan hissədə təmin olunmamalıdır.

24. İddia tələbinin digər hissəsini iddiaçı tərərfindən bu günə qədər edilən su ödənişlərindən borca silinmiş hissəsinin yenidən verilən su ilə əvəz olunması təşkil edir. İddia tələbinin göstərilən hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, həmin hissə qeyrmüəyyən olduğundan, gələcəyə yönəldiyindən həmin hissədə iddia təmin olunmamalıdır.

25. Eləcə də, iddiaçı mediasiya prosesinin tətbiqi barədə ödənilmiş xərcin cavabdehdən tutulmasını xahiş etmişdir.

26. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, MŞB/6-1078 saylı X1 (İMS) iştirak edilməməsi barədə arayışdan görünür ki, 110 manat (100 manat – İMS və 10 manat kargüzarlıq xərci) məbləğində pul ödənilmişdir.

27. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq ödənilmiş mediasiya xərcinə görə 51,60 manat (əlli bir manat altmış qəpik) cavabdeh “Azərsu“ ASC-dən İddiaçı1 xeyrinə tutulmalıdır.

28. Həmçinin məhkəmə hesab edir ki, İddiaçı1 28,10 manat (iyirmi səkkiz manat on qəpik) məbləğində ödənilməmiş dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Belə ki, hazırkı iddia ilə iddiaçı məhkəmə müraciət edən zamanı ödənilməli olan dövlət rüsumunun məbləği 138,10 manat təşkil etmişdir. Lakin iddiaçı tərəfindən yalnız 110 manat məbləğində mediasiya xərci ödənilmişdir.

29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia qismən təmin edilsin. “Azərsu“ Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı1 hesablanmış borc məbləğindən qalan 7522,20 manat (yeddi min beş yüz iyirmi iki manat iyirmi qəpik) məbləğində pul İddiaçı1 (VÖEN: **********) abonent hesabından silinsin. Cavabdeh “Azərsu“ Açıq Səhmdar Cəmiyyətindən ödənilmiş mediasiya xərcinə görə 51,60 manat (əlli bir manat altmış qəpik) İddiaçı1 xeyrinə tutulsun. İddiaçı1 28,10 manat (iyirmi səkkiz manat on qəpik) məbləğində ödənilməmiş dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. İddiaçı2 iddiası təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar