Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1123/2023 30.03.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı 21 dekabr 2020-ci il tarixli icarə müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, cavabdehin, ona məxsus əşyaları ilə birlikdə, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 623.2 kv.m olan qeyri-yaşayış sahəsindən çıxarılması və cavabdehdən 21 dekabr 2020-ci il tarixdən 21 mart 2023-cü il tarixədək 27 aylıq ödənilməmiş 24300 manat məbləğində icarə haqqı pulunun iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı 21 dekabr 2020-ci il tarixli icarə müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, cavabdehin, ona məxsus əşyalar ilə birlikdə, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 623.2 kv.m olan qeyri-yaşayış sahəsindən çıxarılması və qeyriyaşayış sahəsi boşaldılaraq iddiaçıya təhvil verilməsi və 21 dekabr 2020-ci il tarixdən başlayaraq məhkəmə qətnaməsi icra olunan günədək aylıq 900 manat icarə haqqı ödənişinin hesablanıb ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəylə məhkəməyə müraciət edərək, 21 dekabr 2020-ci il tarixli icarə müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, cavabdehin, ona məxsus əşyaları ilə birlikdə, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 623.2 kv.m olan qeyri-yaşayış sahəsindən çıxarılması və cavabdehdən 21 dekabr 2020-ci il tarixdən 21 mart 2023-cü il tarixədək 27 aylıq ödənilməmiş 24300 manat məbləğində icarə haqqı pulunun iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 21 dekabr 2020-ci il tarixdə, Bakı şəhəri 24 saylı notariat ofisində, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 623.2 kv.m olan qeyri-yaşayış binasının 212 kv.m hissəsinə dair İcarə müqaviləsi bağlamışlar. İcarə müqaviləsinə görə iddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 623.2 kv.m olan qeyri-yaşayış binasının 212 kv.m hissəsini icarəçi cavabdehə xx.xx.2050-ci il tarixədək icarəyə vermişdir. Cavabdeh icarə müqaviləsinin tələblərinə əməl etməyərək müəyyən olunmuş icarə haqqını vaxtında və müəyyən olunmuş məbləğdə ödəməmişdir. 23 may 2022-ci il tarixdə iddiaçı məktubla (poçt vasitəsi ilə) cavabdehə müraciət edərək onunla xx.xx.2020-ci il tarixdə notarial qaydada bağlanmış icarə müqaviləsinin 5 və 8-ci bəndlərinin tələblərini pozduğunu, icarə haqqını ödəmədiyini bildirmişdir. Bundan başqa, icarəyə verilmiş sahədən xeyli artıq sahəni də qanunsuz olaraq istifadə olduğu üçün icarə haqqı ödənilməklə ünvan 1 ünvanında yerləşən, 212 kv.m sahəni 1 ay müddətinə boşaldaraq ona təhvil verilməsini xahiş etmişdir. Xəbərdarlıq məktubunu cavabdeh iki aydan artıqdır ki, alsa da ötən müddət ərzində ödənişlər edilməmiş və əlavə zəbt olunmuş sahəni boşaltmamışdır. Həmçinin mediasiya sessiyasına gəlməmişdir. İddiaçının nümayəndəsi və vəkili X2 məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: Tərəflər arasında bağlanmış 21 dekabr 2020-ci il tarixli icarə müqaviləsindən görünür ki, iddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 623.2 kv.m olan qeyri-yaşayış binasının 212 kv.m hissəsini cavabdehə xx.xx.2050-ci il tarixədək icarəyə verməyi, cavabdeh isə iddiaçıya aylıq 900 manat icarə haqqı ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıq və xx.xx.2023-cü il tarixli pretenziya məktublarından görünür ki, iddiaçı cavabdehdən 21 dekabr 2020-ci il tarixli icarə müqaviləsinin vaxtından əvvəl ləğv edilməsini, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 623.2 kv.m olan qeyri-yaşayış sahəsindən istifadəsindəki sahədən çıxmasını, qeyri-yaşayış sahəsinin boşaldılaraq ona təhvil verilməsini və icarə haqqı ödənişinin hesablanıb ödənilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, tərəflər arasında 21 dekabr 2020-ci il tarixli icarə müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 623.2 kv.m olan qeyri-yaşayış binasının 212 kv.m hissəsini cavabdehə xx.xx.2050-ci il tarixədək icarəyə verməyi, cavabdeh isə iddiaçıya aylıq 900 manat icarə haqqı ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən icarə müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinə baxmayaraq, cavabdeh keçən müddət ərzində öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, icarə haqqının ödənilməsini təmin etməmişdir. Bu barədə dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq icarə haqqının ödənilməsindən yayınmışdır. Nəticədə iddiaçı cavabdehə xəbərdarlıq və pretenziya məktubları ilə müraciət edərək, ondan 21 dekabr 2020-ci il tarixli icarə müqaviləsinin vaxtından əvvəl ləğv edilməsini, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 623.2 kv.m olan qeyriyaşayış sahəsindən istifadəsindəki sahədən çıxmasını, qeyri-yaşayış sahəsinin boşaldılaraq ona təhvil verilməsini və icarə haqqı ödənişinin hesablanıb ödənilməsini xahiş etmişdir. Lakin cavabdeh tərəfindən iddiaçının müraciətlərinə cavab verilməmişdir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış icarə müqaviləsinə görə iddiaçı öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən obyekti cavabdehə icarəyə vermiş, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 27 ay üzrə ödənilməmiş 24300 manat (27 ay x 900 manat (aylıq icarə haqqı məbləği) = 24300 manat) icarə haqqı borcu yaranmışdır. Məhkəmə hesab edir ki, cavabdeh üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirmədiyindən, icarə müqaviləsində nəzərdə tutulan müddətdə icarə haqlarını ödəmədiyindən və bu hallar iş materialları ilə təsdiq olunduğundan iddia icarə haqqı borcunun tələb olunması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən icarə haqqının ödənilməsinə dair hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. İddia tələbinin müqavilənin ləğv edilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunanlardan göründüyü kimi cavabdeh bağlanmış icarə müqaviləsi üzrə icarə haqlarını ödəməməklə müqaviləni əhəmiyyətli dərəcədə pozmuşdur ki, qeyd olunan xüsusat 21 dekabr 2020-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsinə əsas verir. Ona görə də məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 21 dekabr 2020-ci il tarixli icarə müqaviləsi ləğv edilməlidir. Məhkəmə iddia tələbinin cavabdehin qeyri-yaşayış sahəsindən çıxarılması hissəsinə münasibətdə hesab edir ki, yuxarıda göstərilənlərə əsasən qeyri-yaşayış sahəsinin icarə verilməsinə dair müqavilə ləğv edildiyindən iddia göstərilən hissədə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 21 dekabr 2020-ci il tarixli icarə müqaviləsi ləğv edilsin. Cavabdeh, ona məxsus əşyaları ilə birlikdə, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 623.2 kv.m olan qeyri-yaşayış sahəsindən çıxarılsın. Cavabdeh 21 dekabr 2020-ci il tarixdən 21 mart 2023-cü il tarixədək 27 aylıq ödənilməmiş 24300 manat məbləğində icarə haqqı məbləği tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-1123/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1123/2023
30.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver