Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1129/2023 11.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, üzləşmə aktı, yük qaiməsi, mediasiya xərci) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Qurbanova Nuranə Namiq qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 18 iyul 2022-ci il tarixli müqavilə üzrə 2987,76 manat borcun və 60 manat mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında 18 iyul 2022-ci il tarixli 30-22 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı müqavilənin 1 nömrəli əlavəsində göstərilən çeşiddə və texnik göstəricilərinə uyğun vəziyyətdə olan səki və döşəmə daşlarını müəyyən edilmiş şərtlər əsasında cavabdehə satmış, hazır məhsulun dəyərinin ödənilməsi ilə bağlı öhdəliklər onun tərəfindən tam şəkildə yerinə yetirilməmiş və nəticədə sonuncunun 2987,76 manat məbləğində ödənilməyən qalıq borcu qalmışdır. Eyni zamanda tərəflər 10 avqust 2022-cil tarixində qarşılıqlı üzləşmə aktı imzalayaraq, 2987,76 manat borc məbləğinin olmasını təsdiq etmişlər. Cavabdehə 28 sentyabr 2022-ci il tarixli pretenziya məktubu ünvanlanaraq müqavilə üzrə 28 sentyabr 2022-ci il tarixinə yaranmış 2987,76 manat borc məbləğinin ödənilməsi tələb olunmuş, həmçinin müqaviləyə əsasən iddiaçının müqavilənin icrasından birtərəfli qaydada imtina etmək hüququna malik olduğu göstərilmiş, lakin cavabdeh bu günə kimi ödəniş etməmişdir. Daha sonra “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 28.1-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə 10 oktyabr 2022-ci il tarixində mediasiyanın tətbiqi barədə təklif göndərilsə də, cavabdeh tərəfindən qanunla müəyyən edilmiş müddət ərzində təklifə münasibət bildirilməmişdir. Bununla əlaqədar Qanunun 28.3-cü maddəsinə uyğun olaraq iddiaçı tərəfindən 27 oktyabr 2022-ci il tarixli məktubla Bakı şəhəri 12 saylı mediasiya təşkilatına müraciət olunmuş və təşkilat tərəfindən X2 mediator qismində təyin olunmuşdur. Cavabdeh 11 noyabr 2022-ci il tarixində keçirilən ilkin mediasiya sessiyasında iştirak etməmiş və bu səbəbdən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim olunmuşdur. Beləliklə, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsi və Cavabdehdən müqavilə öhdəlikləri üzrə ödənilməmiş 2987,76 manat məbləğin ödənilməsi tələb olunur.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442, 443.1-ci və s. maddələri göstərilmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddianın məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi.
5. İddiaçının nümayəndəsi məhkəmənin suallarına cavab olaraq bildirdi ki, müqavilədə məhsulların dəyərinin əvvəlcədən ödənilməsi nəzərdə tutulsa da, cavabdehin alınan məhsulları Qarabağda aparılan quruculuq işlərinin həyata keçirilməsində istifadə etmək üçün aldığını bildirməsi səbəbindən həmin mallar nisyə verilmişdir.
6. Cavabdeh səhhətindəki problemlərlə bağlı məhkəmə proseslərinin onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
7. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbi ilə bağlı
9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq Komfort-Salarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
11. İddia ərizəsinə əlavə olunmuş 18 iyul 2022-ci il tarixli 30-22 nömrəli müqavilədən görünür ki, “Satıcı” (iddiaçı) bu müqavilənin ayrılmaz hissəsi olan 1 saylı əlavədə göstərilən çeşiddə və texniki göstəricilərə uyğun vəziyyətdə olan səki və döşəmə daşlarını müəyyən edilmiş şərtlər əsasında satmağı, “Alıcı” (cavabdeh) isə onu qəbul edib, dəyərini ödəməyi öhdəsinə götürür (1.1). Qiymətlər malın çeşidinə görə müəyyən edilir və 1 saylı əlavədə - razılaşdırma protokolunda göstərilir (2.1).
12. Qeyd edilən müqavilənin 4-cü maddəsində satıcının (iddiaçının) hüquqları kimi “Alıcı”dan (cavabdehdən) müqavilənin 1.1-ci bəndində göstərilən malı müqavilənin bəndləri ilə müəyyən olunmuş müddətdə və qaydada qəbul etməsini tələb etmək (4.1.1), “Alıcı”dan müqavilənin 2.1-ci bəndində gösərilən malın qiymətini müqavilənin bəndlərində müəyyən edilmiş müddətdə və qaydada ödənilməsini tələb etmək (4.1.2), vəzifəsi kimi isə müqavilənin 1.1-ci bəndində göstərilən malı müqavilənin bəndləri ilə müəyyən edilmiş şərtlər ilə “Alıcı”ının mülkiyyətinə vermək (4.2.1) göstərilmişdir.
13. Qeyd edilən müqavilənin 5-ci maddəsində alıcının (cavabdehin) hüququ kimi “Satıcı”dan müqavilənin 1.1.-ci bəndində göstərilən malı müqavilənin bəndləri ilə müəyyən edilmiş şərtlərlə onun mülkiyyətinə verilməsini tələb etmək (5.1.1), vəzifəsi kimi isə Müqavilənin 1.1-ci bəndində göstərilən malı müqavilənin bəndləri ilə müəyyən edilmiş qaydada və müddətdə qəbul etmək (5.2.1), Müqavilənin 2.1-ci bəndində göstərilən malın dəyərini müqavilənin bəndləri ilə müəyyən edilmiş müddətdə və qaydada ödəmək (5.2.2) göstərilmişdir.
14. Sözügedən müqaviləyə 1 nömrəli əlavə ilə təsdiq olunmuş satış üçün nəzərdə tutulmuş hazır məhsulun qiymətlərinin razılaşdırılması protokolundan görünür ki, iddiaçı ilə cavabdeh 1 kv.m döşəmə daşı üçün ƏDV daxil olmaqla 10,62 manat, 1 poqon metr səki daşı (14x30x100 sm) üçün ƏDV daxil olmaqla 8,26 manat, 1 poqon metr səki daşı (8x20x100 sm) üçün ƏDV daxil olmaqla 5,31 manat qiymət razılaşdırmışlar.
15. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 07-151 nömrəli yük qaiməsindən görünür ki, 23 kv.m döşəmə daşı, 75 poqon metr səki daşı (14x30x100 sm) və 400 poqon metr səki daşı (8x20x100 sm) cavabdehə təhvil verilmişdir.
16. Məhkəməyə təqdim edilən 20 iyul 2022-ci il tarixli EBCA 370487 seriya və nömrəli elektron qaimədən görünür ki, 18 iyul 2022-ci il tarixli 30-22 nömrəli müqavilə üzrə cavabdehə ƏDV daxil olmaqla 2987,76 manat dəyərindəki yük qaiməsində qeyd olunan çeşiddə və miqdarda malların təqdim edilməsi rəsmiləşdirilmişdir.
17. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Elektron qaimə” altsistemindən çıxarışdan görünür ki, 20 iyul 2022-ci il tarixli EBCA 370487 seriya və nömrəli elektron qaimə təsdiqlənmiş statusundadır.
18. İş materiallarına əlavə edilmiş 10 avqust 2022-ci il tarixli qarşılıqlı üzləşmə aktından görünür ki, cavabdeh xx.xx.2022-ci il tarixinə 2987,76 manat məbləğində borcunun olduğunu təsdiq etmişdir.
19. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı qiymətlərinin razılaşdırılması protokolunda göstərilən çeşiddə və texniki göstəricilərə uyğun vəziyyətdə olan səki və döşəmə daşlarını müəyyən edilmiş şərtlər əsasında cavabdehə satmağı, cavabdeh isə həmin malları qəbul edib, dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə üzrə ƏDV daxil olmaqla 2987,76 manat dəyərindəki səki və döşəmə daşları xx.xx.2022-ci il tarixli 07-151 nömrəli yük qaiməsi əsasında cavabdehə təhvil verilmiş, cavabdeh həmin malları qəbul etsə də, onların dəyərini ödəmək öhdəliyini icra etməmişdir.
20. İddiaçı alqı-satqı müqaviləsinə əsasən verilmiş malların dəyəri olan 2987,76 manat pulun ödənilməsini tələb edir.
21. Cavabdeh iddiaya etiraz təqdim etmir, məhkəmə prosesinin onun iştirakı olmadan keçirilməsini xahiş edir.
22. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia tələbi əsaslıdır.
23. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
24. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.
25. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
26. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 3.2-ci bəndində müqavilə imzalandıqdan sonra 3 bank günü ərzində müqavilə dəyərinin 50% məbləğində ilkin ödəniş edilməsi, qalan 50% məbləğin isə məhsul təhvil verilənə kimi ödənilməsi razılaşdırılsa da, təqdim olunmuş sənədlərdən görünür ki, tərəflər arasında işgüzar münasibət fərqli qaydada olmuşdur. Belə ki, tərəflər qeyd olunan qaydada razılaşsalar da, xx.xx.2022-ci il tarixdə müqavilə bağlandıqdan sonra 3 bank günü keçməmiş xx.xx.2022ci il tarixdə mallar təhvil verilmiş, üzləşmə aktı ilə də borcun mövcudluğu təsdiq edilmişdir. Beləliklə, tərəflər arasında nisyə altı-satqı münasibətləri mövcud olmuşdur.
27. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə…. həyata keçirməlidir.
28. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə alqı-satqı müqaviləsi olub, iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.
29. Belə ki, Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
30. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn verilmiş əşyanın ödənilməsini tələb etmək hüququnu realizə edir.
31. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
32. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
33. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
34. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
35. Beləliklə, məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (alıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
36. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi təmin olunmalı, alqı-satqı müqaviləsi üzrə 2987,76 manat borc Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
c) Məhkəmə xərcləri ilə bağlı
37. İddiaçı həmçinin 60 manat mediasiya xərcinin cavabdehdən tutulmasını xahiş etmişdir.
38. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, MŞB/12-00117 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixli mediasiya sessiyasından sonra mediasiya prosesin davam etdirilməsində razılıq əldə olunmamış və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya xərci İddiaçı MMC tərəfindən ödənilmişdir.
39. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
40. Həmin Məcəllənin 115.0 və 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir.
41. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
42. Göründüyü kimi, bütün növdən olan kommersiya mübahisələri üzrə fiziki və hüquqi şəxslər üçün ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbidir. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.
43. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
44. Məhkəmə iddia tələbinin tam təmin olunduğunu nəzərə alaraq hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 60 manat pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
V. Nəticə:
45. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 18 iyul 2022-ci il tarixli müqavilə üzrə 2987 (iki min doqquz yüz səksən yeddi) manat 76 (yetmiş altı) qəpik məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 60 (altmış) manat pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova