Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-113/2023 25.01.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (Ləğv prosesindədir) nümayəndəsi X3, Cavabdeh X2 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (Ləğv prosesindədir) X4 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (Ləğv prosesindədir) X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 14.960,12 ABŞ dolları - bundan 2.091,83 ABŞ dolları əsas, 6.320,29 ABŞ dolları faiz, 6.251,62 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 296,38 ABŞ dolları faiz borcunun və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiyaya xərcinin X1 tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nərimanov filialı ilə X5 arasında bağlanmış ********* nömrəli 09 dekabr 2014-cü il tarixli Kredit müqaviləsi üzrə cavabdehə 16 (on altı) ay müddətinə illik 28 (iyirmi səkkiz) faiz dərəcəsi ilə 10.800 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2014-cü il tarixli ********* saylı kredit müqaviləsinə 16 aprel 2015-ci il tarixdə əlavə saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Kreditorun Borcalana verdiyi kreditin qalıq məbləği 9.645 ABŞ dolları təşkil edir. Kreditin müddəti 36 ay təyin edilir. Kredit müqaviləsinə əsasən X5 müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (Ləğv prosesindədir) nümayəndəsi X7 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X5 izahat verərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə X5 arasında xx.xx.2014-cü il tarixli ********* saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Kreditor Borcalana 10.800 ABŞ dolları məbləğində pulu 16 ay müddətinə kreditə verir, kreditin istifadəsinə görə illik 28 faiz müəyyən edilmişdir. Kredit müqaviləsi və müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəli hər iki tərəfin imzası və bankın möhürü ilə təsdiq edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixli 1/16/76395139 nömrəli kassa məxaric orderindən məlum olur ki, 10.800 ABŞ dolları məbləğində pul İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən X4 verilmişdir. Sonradan tərəflər arasında kredit müqaviləsinə xx.xx.2015-ci il tarixli 01 nömrəli Əlavə saziş imzalanmışdır. Sazişə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 9.645 ABŞ dolları müəyyən edilmiş və müddət 36 (otuz altı) ay uzadılmışdır. Yəni kredit müqaviləsi ona edilmiş əlavə saziş də nəzərə alınmaqla xx.xx.2018-ci il tarixində bitir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir. X6 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur. Beləliklə, Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir. Hazırki işin mübahisəsiz halları ondan ibarətdir ki, kredit müqaviləsi bağlanmış, Bank tərəfindən X4 10.800 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh tərəf də, müqavilənin bağlanmasını və 10.800 ABŞ dolları məbləğində pulun verilməsini mübahisələndirməmiş, ancaq borcunun qalmadığını bildirmişdir. İş üzrə borc məbləğinin müəyyən edilməsi məqsədi ilə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmişdir. Məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/7656 nömrəli rəyinə əsasən X2 xx.xx.2018-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) əsas borcu 7.993,09 ABŞ dolları, faiz borcu 5.600,45 ABŞ dolları, xx.xx.2021-ci il tarixə (maliyyə arayışının tarixinə) əsas borcu 3.377,40 ABŞ dolları, faiz borcu 5.600,45 ABŞ dolları, faiz borcu (illik 5%-lə hesablanmaqla) 695,73 ABŞ dolları müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən X9 vermiş olduğu rəydə xx.xx.2018-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) əsas borcun 7.993,09 ABŞ dolları, xx.xx.2021-ci il tarixə (maliyyə arayışının tarixi) əsas borcun 3.377,40 ABŞ dolları olmasına izah olaraq bildirmişdir ki, müqavilənin müddəti bitdikdən sonra yəni, xx.xx.2019-cu il tarixdə cavabdehə verilmiş 7.536 manat kompensasiya məbləği cavabdehin ancaq əsas borcundan silinmiş və nəticədə əsas borc üzrə 3.377,40 ABŞ dolları məbləğində borcu qalmışdır. X9 tərəfindən verilmiş olan izahı məhkəmə iclasında Bankın nümayəndəsi də təsdiq etmiş və kompensasiya məbləğinin ancaq əsas borcdan silindiyini bildirmişdir. Cavabdeh isə borcunun qalmadığını bildirsə də, bu barədə sənədləri (ödəniş qəbzlərini) məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsas borcun tələb edilməsi hissəsində əsaslıdır və iddiaçının da, cavabdehdən əsas borc üzrə 2.091,83 ABŞ dolları məbləğində pulun tələb edilməsini nəzərə alaraq hesab edir ki, 2.091,83 ABŞ dolları məbləğində pul X1 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə (Ləğv prosesindədir) ödənilməlidir. Məhkəmə hesab edir ki, iddia faiz borcunun 6.320,29 ABŞ dolları məbləğində tələb edilməsi hissəsində qismən əsaslıdır və Məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/7656 nömrəli rəyinə əsasən X2 xx.xx.2018-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) dolları faiz borcunun 5.600,45 ABŞ dolları olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, 5.600,45 ABŞ dolları məbləğində pul X1 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə (Ləğv prosesindədir) ödənilməlidir. Məhkəmə hesab edir ki, iddia dəbbə borcunun tələb edilməsi hissəsində qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, cavabdehin 2.091,83 ABŞ dolları olduğu mübahisəli olmayan əsas borcuna münasibətdə iddiaçı 6.251,29 ABŞ dolları cərimə hesablayıb tələb etmişdir və məhkəmənin qənaətinə görə həmin məbləğ əsas borca mütənasib deyildir və cavabdehdən tutulmalı dəbbə pulunun məbləğinin 200 ABŞ dolları həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Məhkəmə iddianın Mülki Məcəllənin 445.7-ci maddəsinə istinad etməklə 296,38 ABŞ dolları məbləğində pulun tələb edilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Belə ki, Məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/7656 nömrəli rəyində X2 əsas borcuna münasibətdə illik 5%-lə hesablanmaqla 695,73 ABŞ dolları, iddiaçının isə 296,38 ABŞ dolları tələb etməsini nəzərə alaraq məhkəmə hesab edir ki, 296,38 ABŞ dolları məbləğində pul X1 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə (Ləğv prosesindədir) ödənilməlidir. Məhkəmə mediasiya sessiyası üçün ödənilmiş 200 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ********* nömrəli ödəniş tapşırığından görünür ki, LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən mediasiya xərci olaraq 200 manat məbləğində pul ödəmişdir. Belə olan halda mediasiya xərcinin əvəzi olaraq 200 manat məbləğində pul cavabdehdən qaydada iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2014-cü il tarixli ********* saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 2.091 (iki min doxsan bir) ABŞ dolları, 83 (səksən üç) sent məbləğində, faiz borcu üzrə 5.600 (beş min altı yüz) manat 45 (qırx beş) qəpik məbləğində pul, cərimə borcu üzrə 200 (iki yüz) ABŞ dolları və əsas borca illik 5 faiz hesablanmaqla 296 (iki yüz doxsan altı) ABŞ dolları 38 (otuz səkkiz) qəpik məbləğində pul ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ilə X1 tutularaq “Accessbank” İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Mediasiyaya çəkilmiş xərcin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul X1 tutularaq “Accessbank” İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi xərcinin əvəzi olaraq 50 manat məbləğində pul X1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-113/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-113/2023
25.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver