Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1130/2022 09.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" MMC, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı “borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər "xxxx" MMC, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Lənkəran Mexanikləşdirmə MMC-dən və Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 12 Aprel 2018-ci il tarixli, RBLLF-371 saylı kredit müqaviləsi, ona əlavələr və razılaşmalar üzrə xx.xx.2022-ci il tarixə 305.279,5 manat əsas, illik 18 faizlə faiz borcuna görə 208.417,6 manat, cərimə borcuna görə 100.000 manat, borcun cəmi məbləği 613.697,10 manat, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 (qırx) manat rüsumun və ilkin mediasiya sessiyasında iştirak üçün ödənilmiş 400 manat və dövlət rüsumu kimi ödənilmiş 457,68 manat məbləğində pulun tutulması, tələbin mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Kaspiyski küçəsi, ev 13 saylı fərdi yaşayış evinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdeh Lənkəran Mexanikləşdirmə MMC-nin 12 Aprel 2018-ci il tarixli, RBLLF-371 saylı kredit müqaviləsi və ona əlavələr üzrə cəmi 613.697,10 manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 897,68 manat məbləğində pulun İddiaçı ASC-nə ödənilməsi, İpoteka predmeti olan mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Kaspiyski küçəsi, ev 13 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi, ipoteka predmetinə tutma yönəldikdən və əmlak satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və yetkinlik yaşına çatmayan X2 Bakı şəhəri, Xətai rayonu, Kaspiyski küçəsi, ev 13 saylı fərdi yaşayış evindən çıxarılması və əmlakın boşaldılması, ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsaitin qeyd olunan 12 Aprel 2018-ci il tarixli, RBLLF371saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan borcun Lənkəran Mexanikləşdirmə MMC-dən və Cavabdeh1 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçıASC-nin "xxxx" filialı ilə cavabdeh Lənkəran Mexanikləşdirmə MMC arasında bağlanmış 12 Aprel 2018-ci il tarixli, RBLLF- 371saylı kredit müqaviləsinə əsasən illik 18 % faiz dərəcəsi olmaqla 12 ay müddətinə 500 000 manat məbləği limitində kredit xətti ayrılmışdır (kredit müqaviləsinin 1.1., 2.2. və 2.3. maddələri). Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq 12 Aprel 2018-ci il tarixdə İddiaçı ASC-nin Lənkəran filialı ilə digər cavabdeh(lər) Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə zamin 12 Aprel 2018-ci il tarixli, RBLLF-371 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. Daha sonra İddiaçı ASC-nin Lənkəran filialı ilə cavabdeh Lənkəran Mexanikləşdirmə MMC arasında 12 Aprel 2018-ci il tarixli, RBLLF-371saylı kredit müqaviləsinə 12 Aprel 2019-cu il tarixli əlavə razılaşma bağlanmışdır. Həmin əlavə müqaviləyə əsasən müqavilənin müddəti xx.xx.2019-ci il tarixindən 12 ay müddətinə xx.xx.2020-ci il tarixinədək uzadılmışdır. Daha sonra İddiaçı ASC-nin Lənkəran filialı ilə cavabdehlər Lənkəran Mexanikləşdirmə MMC, Cavabdeh1 və Cavabdeh3 arasında 12 Aprel 2018-ci il tarixli, RBLLF-371saylı kredit müqaviləsinə 21 Avqust 2020-ci il tarixli əlavə razılaşma bağlanmışdır. Həmin əlavə müqaviləyə əsasən müqavilənin müddəti sonuncu ödəniş tarixindən 6 ay müddətinə uzadılmışdır. 12 Aprel 2018-ci il tarixli, RBLLF-371saylı kredit müqaviləsinin şərtlərinə görə cavabdeh Lənkəran Mexanikləşdirmə MMC kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. 12 Aprel 2018-ci il tarixli, RBLLF-371saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Kaspiyski küçəsi, ev 13 saylı fərdi yaşayış evi İddiaçı ASC qarşısında 12 Aprel 2018-ci il tarixli, RBLLF-371 nömrəli İpoteka müqaviləsi və xx.xx.2019-cu il tarixli İpoteka müqaviləsinə Əlavə Saziş ilə yüklü edilmişdir. İpoteka müqaviləsi və Əlavə Saziş notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Tərəflər arasında bağlanmış 12 Aprel 2018-ci il tarixli, RBLLF-371saylı kredit müqaviləsinin 4.6-cı bəndinə əsasən, “müştəri bu Müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda girovsaxlayan (Bank) girova ödəniş yönəldə bilər”. Məhkəmənin iclasında iştirak etmiş İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 izahat verərək, ekspert rəyi ilə müəyyən olunmuş əsas borcu qəbul etdiyini bildirdi, iddianın qalan hissədə təmin edilməməsini məhkəmədən xahiş etdi. Digər cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı ASC ilə "xxxx" MMC arasında xx.xx.2018-ci il tarixdə RBLLF-371 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən Borc verən (İddiaçı ASC) bu müqavilənin şərtləri daxilində Borc alana ("xxxx" MMC) ticarət və xidmət məqsədilə 500.000 manat məbləğdə kredit verməyi, borc alan isə krediti bu müqavilədə nəzərdə tutulan şərtlərlə və onun ayrılmaz tərkib hissəsi olan “Kreditin ödəniş cədvəli”nə uyğun olaraq borc verənə qaytarmağı və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürür. Kredit 12 ay müddətinə verilir. Kreditə görə illik 18% (on səkkiz) faiz hesablanır. Müqavilə üzrə illik faiz dərəcəsi (FİFD) 19% təşkil edir. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli sərəncamdan məlum olur ki, 500.000 manat məbləğində pul vəsaiti «İddiaçı ASC tərəfindən "xxxx" MMC-nin hesabına köçürülmüşdür. xx.xx.2018-ci il tarixdə RBLLF-371 saylı kredit müqaviləsi üzrə "xxxx" MMC-nin öhdəliklərinin icrasını təmin еtmək məqsədilə Cavabdeh1 ilə xx.xx.2018-ci il tarixli RBLLF- 371 saylı zaminlik müqaviləsi bağlanılmışdır. İddiaçı ASC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixdə RBLLF-371 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 18% olmaqla, 12 ay müddətinə müddəti olmaqla verilən 500.000 məbləğində kredit və kreditdən istifadəyə görə hesablanmış faiz məbləğinin və digər tutma və ödəmələr üzrə yaranmış öhdəliklərin təminatı olaraq tam mülkiyyət hüququ üzrə Cavabdeh3 məxsus ünvan 1 ünvanındakı ev xx.xx.2018-ci il tarixli, RBLLF-371 saylı İpoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən qeyd edilmiş əmlak İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. Müqavilələr tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. Tərəflər arasında bağlanılan “Baş kredit müqaviləsinin (kredit müqaviləsinin) müddətinin uzadılması” haqqında xx.xx.2019-cu il tarixli Əlavə razılaşmaya əsasən tərəflər razılıq əldə etmişlər ki, xx.xx.2018-ci il tarixli, RBLLF-371 nömrəli Kredit Müqaviləsinin müddəti 12 aprel 2019-cu il tarixindən 12 (on iki) ay müddətinə uzadılsın. Əlavə razılaşma xx.xx.2018-ci il tarixli RBLLF nömrəli kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi sayılır və 12 aprel 2019-cu il tarixdən qüvvəyə minir. xx.xx.2019-cu il tarixli İpoteka müqaviləsinə Əlavə Sazişlə xx.xx.2018-ci il tarixli, RBLLF-371 saylı İpoteka müqaviləsinin müvafiq bəndlərinə dəyişikliklər (kredit müqaviləsi üzrə öhdəliklərin icra müddəti xx.xx.2020-ci il tarixədək uzadılır) edilməsi ilə bağlı tərəflər razılığa gəlmişlər. Eyni zamanda ipoteka müqaviləsi üzrə tərəflər xx.xx.2018-ci il tarixdə RBLLF-371 saylı kredit müqaviləsinə edilmiş əlavələrlə tanış olmuş və razılığını bildirmişlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir. X6 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur. Beləliklə, Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir. Hazırki işin mübahisəsiz halları ondan ibarətdir ki, kredit müqaviləsi bağlanmış, Bank tərəfindən "xxxx" MMC-yə 500.000 manat məbləğində kredit verilmişdir. Həmçinin bu halı məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 təsdiq etmişdir. Yəni cavabdeh tərəf ekspert rəyində qeyd edilmiş əsas borc məbləği ilə razı olmuş ancaq, faiz borcu məbləğini mübahisələndirmişdir. İş üzrə borc məbləğinin müəyyən edilməsi məqsədi ilə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmişdir. Məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/1926 nömrəli rəyinə əsasən "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) əsas borcu 488.352,72 manat, faiz borcu 21.556,99 manat, xx.xx.2020-ci il tarixə əsas borcu 458.159,71 manat, faiz borcu 0,0 manat, xx.xx.2021-ci il tarixə əsas borcu 404.552,13 manat, faiz borcu 11.459,74 manat, xx.xx.2022-ci il tarixə əsas borcu 242.623,37 manat, faiz borcu 0,0 manat müəyyən edilmişdir. Məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/4603 nömrəli rəyinə əsasən "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixə əsas borcu 488.352,72 manat, faiz borcu 21.556,99 manat, xx.xx.2020-ci il tarixə əsas borcu 500.000 manat, faiz borcu 22.250 manat, xx.xx.2022-ci il tarixə əsas borcu 217.041,5 manat, faiz borcu 0,0, faiz borcu 5% ilə 37.646,29 manat müəyyən edilmişdir. İş üzrə İddiaçı ASC-nin nümayəndəsinin vəsatəti əsasında təkrar komisyon məhkəmə-mühasibatlıq ekspertizası keçirilmişdir. Təkrar komisyon məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/6859 nömrəli rəyinə əsasən "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixə əsas borcu 488.352,72 manat, faiz borcu 21.556,99 manat, xx.xx.2020-ci il tarixə əsas borcu 500.000 manat, faiz borcu 22.250 manat, xx.xx.2022-ci il tarixə əsas borcu 217.041,5 manat, kredit müqaviləsinin bitdiyi tarixdən xx.xx.2020-ci il tarixdən illik 5% hesablanmaqla faiz borcu 37.646,29 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, əsas borcun tələb edilməsi hissəsində iddia qismən əsaslıdır. Belə ki, təyin edilmiş ekspert rəylərindən də göründüyü kimi, qeyd edilmiş "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixə əsas borcu 217.041,5 manat təşkil edir. İddiaçı tərəf isə qeyd edilən borcun əsassız olmasına dair hər hansı bir dəlil təqdim edə bilmədiyindən 217.041,5 manat məbləğində əsas borc "xxxx" MMC-dən tutularaq iddiaçıya verilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, iddiaçı tərəfindən işə əlavə edilmiş xx.xx.2018-ci il tarixli RBLLF-371 saylı kredit müqaviləsinə xx.xx.2020-ci il tarixli Əlavə razılaşma etibarsız əqddir. Belə ki, nəzərə alınmalıdır ki, müqaviləyə əlavə və dəyişiklik müqavilə müddəti ərzində edilməlidir. Hazırkı halda isə, Müqaviləyə edilmiş xx.xx.2019-cu il tarixli əlavənin müddətinin xx.xx.2020-ci il tarixdə bitməsinə baxmayaraq ondan təxmini 4 ay keçdikdən sonra müqaviləyə əlavə imzalanmışdır. Qeyd edilən əlavə isə nə Müstəqil müqavilənin nə də, müqaviləyə əlavənin şərtlərinə cavab vermədiyindən etibarsız əqddir. Bundan başqa da o da, qeyd edilməlidir ki, xx.xx.2018-ci il tarixdə RBLLF-371 saylı kredit müqaviləsinə xx.xx.2019-cu il tarixli əlavə bağlanarkən, zamin Cavabdeh1 nə razılığı alınmış, nə də onunla zaminlik müqaviləsinə əlavə və dəyişiklik bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.2-ci maddəsində zaminlik müqaviləsinin gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlanmasının mümkünlüyü nəzərdə tutulmuşdur. Bu zaman nəzərə almaq lazımdır ki, gələcəkdə yaranacaq öhdəlik üzrə zaminlik müqaviləsi tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılıq əldə etdikdə bağlana bilər. Tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixdə RBLLF-371 saylı kredit müqaviləsində gələcəkdə bağlanacaq kredit sazişlərinin predmeti, müddəti, tərəflərin, o cümlədən də zaminlərin hüquq və vəzifələri öz əksini təfsilatı ilə tapmamış və kredit məbləğinə hesablanacaq faizlərin hansı məbləğdə müəyyən ediləcəyi əksini tapmamışdır. Bununla da, sözügedən kredit xətti üzrə bağlanacaq kredit sazişləri bağlandıqda zaminlərlə hər dəfə müqavilənin bağlanması nəzərdə tutulur. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 04 sentyabr 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyinin) həddi barədə göstəriş. Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır. Zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir”. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 324.4, 385.1, 386.1, 405.1 və 739-cu maddələrinə uyğun olaraq tərəflərin iradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən kredit xətti müqaviləsi niyyət razılaşması deyil, müqavilə kimi qəbul olunmalıdır… Zaminlik müqaviləsinin bağlanması üçün kredit xətti müqaviləsinin əsas şərtləri aydın müəyyən olunmalıdır. Zaminin sonradan əmələ gələcək öhdəliyə görə məsuliyyətinin həcmini müəyyən etməyə imkan verən hallar mühüm şərtlər hesab edildiyindən onlar kredit xətti müqaviləsində dəqiq göstərilməlidir… Kredit müqaviləsinin mühüm şərtlərinə kreditin məbləği, müddəti, illik faiz dərəcəsi və s. aid edilə bilər... Zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir.» Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, zaminliyə xitam verilməsinin əsasları Mülki Məcəllənin 477-ci maddəsində nəzərə tutulmuşdur. Həmin normaya əsasən zaminliyə aşağıdakı hallarda xitam verilir: zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Ona görə də, tutulmalı olan borc məbləği ancaq "xxxx" MMC-dən tutulmalıdır. Məhkəmə iddianın illik 18 faizlə faiz borcuna görə 208.417,6 manat tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi qeyd edilən faiz borcunun həm müqavilə müddəti ərzində, həm də müqavilə müddəti bitdiyi tarixdən sonra hesablandığını bildirmiş və əlavə olaraq da müqavilə müddətindən sonra borca hesablanmalı olan illik 5 faiz pulun qeyd edilən məbləğin daxilində yəni, onunla əhatə olunduğunu qeyd etmişdir. Cavabdeh tərəf faiz borcunun olmadığını və illik 5 faiz pulun tələb edilməsinin aydın olmadığını bildirmişdir. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Həmçinin qeyd edilən qərarda müəyyən edilmişdir ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MMin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir. Beləliklə, kreditorun kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi nəticəsində müqavilə əsasında ödənilməli olan vəsaitin (əsas borcun tam və ya müvafiq hissəsinin, hesablanmış faizlərin) yenidən istifadə oluna bilməməsi ilə bağlı dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ MM-in 21.2, 443.1 və 443.2-ci maddələrinin tələblərindən irəli gəlir. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Qeyd edilməlidir ki, məhkəmə iclasında iddiaçı tərəf iddiasında tələb etmiş olduğu faiz borcuna görə 208.417,6 manat məbləğin həm müqavilə müddəti üçün həm də müqavilə müddətindən sonra da müqavilənin 5.2-ci bəndinə və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında qeyd olunmuş digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmək imkanlarının olduğuna istinad edərək illik 18 faizlə hesablandığı və illik 5 faiz məbləğində onunla əhatə olunduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, iddia faiz məbləğinin tələb edilməsi hissəsində qismən əsaslıdır. Belə ki, ekspert rəylərindən də göründüyü kimi müqavilə üzrə faiz borcu “0” manat təşkil edir. Ancaq cavabdehin öhdəliyinin icrasını gecikdirməsi işin mübahisəsiz halı olduğundan müqavilədən sonra hesablanmalı faiz məbləği 18 faizlə deyil məhz əsas borca 5 faizlə hesablanmalıdır. Həmçinin yuxarıda qeyd edilmiş ekspert rəyindən də göründüyü kimi, "xxxx" MMCnin xx.xx.2022-ci il tarixə (iddianın dəyişdirildiyi tarix) kredit müqaviləsinin bitdiyi tarixdən (xx.xx.2020-ci il tarixdən) əsas borca illik 5% hesablanmaqla faiz borcu 37.646,29 manat təşkil edir. Ona görə də, məhkəmə hesab edir ki, "xxxx" MMC-dən iddiaçının xeyrinə əsas borca illik 5% hesablanmaqla 37.646,29 manat faiz borcu tutulmalıdır. Məhkəmə hesab edir ki, iddia dəbbə borcunun tələb edilməsi hissəsində qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, cavabdehin 217.041,5 manat əsas borcuna münasibətdə iddiaçı 100.000 manat cərimə hesablayıb tələb etmişdir və məhkəmənin qənaətinə görə həmin məbləğ əsas borca mütənasib deyildir və cavabdehdən tutulmalı dəbbə pulunun məbləğinin 10.000 manat həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Məhkəmə iddianın borcun ipoteka predmetinə yönəldilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. İşin hallarından da göründüyü kimi, kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin еtmək məqsədilə Cavabdeh3 ilə Bank arasında ipoteka müqavilə bağlanaraq Cavabdeh3 məxsus ünvan 1 ünvanındakı ev Bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. Ev ipoteka ilə yüklü edilərkən həmin ünvanda qeydiyyatda olan Cavabdeh4, Cavabdeh1 ərizə verərək, əmlakın ipoteka ilə yüklü edilməsinə razılıq vermişdir. Həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş də, qanunvericiliyin tələbinə uyğun olaraq qeydə alınmışdır. İşə əlavə edilmiş ipoteka müqaviləsinin 3.1-ci bəndindən görünür ki, ipoteka ilə yüklü edilmiş əmlak müstəqil qiymətləndirici tərəfindən 700.000 manat (yeddi yüz min) manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 075/RB/22 saylı əmlakın qiymətləndirilməsi barədə rəyə əsasən Bakı şəhəri, Xətai rayonu, Kaspiyskiy küçəsi ünvanında yerləşən 13 nömrəli evin bazar dəyəri 1.100.000 (bir milyon yüz min) manat, likvid dəyəri isə 935.000 (doqquz yüz otuz beş min) manat müəyyən edilmişdir. Göründüyü kimi qanunveriliyin tələblərinə əməl edilərək ipoteka müqaviləsi bağlanmış və tutmanın yönəldilməsinə dair bildiriş də qeydə alınmışdır. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 (qırx) manat məbləğində pul da, "xxxx" MMC-dən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Məhkəmə ipoteka predmetinin satışından əldə olunan vəsaitin borcun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin tutulması barədə iddia ərizəsində göstərilmiş hissəyə münasibət bildirmir. Belə ki, ipoteka predmeti satıldıqdan sonra vəsait borc məbləğini bağlamağa kifayət etmədikdə, qanunvericilikdə nəzərdə tutulmuş icra hərəkətləri ilə umumi qaydada tutulacaqdır. Məhkəmə mediasiya sessiyası üçün ödənilmiş 400 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, İddiaçı ASC tərəfindən 400 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. Belə olan halda, hazırkı hissədə iddia təmin edilməli, 400 manat məbləğində pul da "xxxx" MMC-dən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 457,68 manat məbləğində pul vəsaiti də cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" MMC arasında bağlanmış 12 aprel 2018-ci il tarixli RBLLF-371 saylı kredit müqaviləsi üzrə 217.041 (iki yüz on yeddi min qırx bir) manat 50 (əlli) qəpik əsas borc və 10.000 (on min) manat məbləğində cərimə borcu olmaqla, cəmi 227.041 (iki yüz iyirmi yeddi min qırx bir) manat 50 (əlli) qəpik məbləğində pul "xxxx" MMC-dən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Əsas borca illik 5 faiz hesablanmaqla 37.646 (otuz yeddi min altı yüz qırx altı) manat 29 (iyirmi doqquz) qəpik məbləğində pul "xxxx" MMC-dən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Mediasiya xərcinin əvəzi olaraq 400 (dörd yüz) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 457 (dörd yüz əlli) manat 68 (altmış səkkiz) qəpik məbləğində pul "xxxx" MMC-dən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün 40 (qırx manat) manat məbləğində pul "xxxx" MMC-dən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tutma Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu, Kaspiysk küçəsi, 13 nömrəli fərdi yaşayış evinə yönəldilsin, Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu, Kaspiysk küçəsi, 13 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 935.000 (doqquz yüz otuz beş min) manat məbləğində müəyyən edilərək açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsait 217.041 (iki yüz on yeddi min qırx bir) manat 50 (əlli) qəpik əsas borc, 10.000 (on min) manat məbləğində cərimə borcu olmaqla, cəmi 227.041 (iki yüz iyirmi yeddi min qırx bir) manat 50 (əlli) qəpik məbləğində borcun, əsas borca illik 5 faiz hesablanmaqla 37.646 (otuz yeddi min altı yüz qırx altı) manat 29 (iyirmi doqquz) qəpik məbləğində pulun, mediasiya xərcinin əvəzi olaraq 400 (dörd yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 457 (dörd yüz əlli) manat 68 (altmış səkkiz) qəpik, İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün 40 (qırx manat) manat məbləğində pul məbləğinin ödənilməsinə yönəldilsin. Bakı şəhəri Xətai rayonu, Kaspiysk küçəsi, 13 nömrəli fərdi yaşayış evi satıldıqdan 1 ay sonra Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 həmin evdən çıxarılmaqla boşaldılsın və hərracın nəticələri üzrə alıcıya təhvil verilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə-mühasibatlıq ekspertizanın keçirilməsi xərcinin əvəzi olaraq 150 manat məbləğində pul "xxxx" MMC-dən tutularaq AZ41NABZ******************** hesabı üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Məhkəmə-mühasibatlıq ekspertizanın keçirilməsi xərcinin əvəzi olaraq 300 manat məbləğində pul İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq AZ41NABZ******************** hesabı üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-1130/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1130/2022
09.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver