Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1132/2025 28.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı subroqasiya qaydasında pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: sığorta hadisəsi, dərmiş zərər, subroqasiya qaydasında pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ("xxxx" ASC) Cavabdeh Açıq Səhmdar Cəmiyyətinı (Cavabdeh ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 363,28 manat (üç yüz altmış üç manat iyirmi səkkiz qəpik) məbləğində pul vəsaiti və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 30 (otuz) manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixində, X2 məxsus və "xxxx" ASC tərəfindən PRM100123484 saylı əmlak sığorta şəhadətnaməsi ilə sığortalanmış ünvan 1 ünvanında yerləşən 10 saylı mənzil olan binanın dam hissəsindən keçən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin balansında olan istilik sisteminin su borusu partlamış, nəticədə su axıntısı baş vermiş və sığortalı mənzilə maddi zərər dəymişdir. Baş vermiş hadisə üzrə Bakı şəhəri 147 saylı MKİS-nin əməkdaşları tərəfindən sığortalı mənzilə baxış keçirilməklə akt tərtib edilmişdir. Aktın təsviri hissəsindən də aydın olur ki, sığorta hadisəsi məhz Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə məxsus istilik borusunun partlaması nəticəsində baş vermişdir. Sığortalı mənzilə dəymiş zərərin müəyyən edilməsi məqsədi ilə "xxxx" MMC tərəfindən dəymiş zərər qiymətləndirilmiş və 02221/20 saylı qiymətləndirmə aktı tərtib edilməklə mənzilə dəymiş zərərin 375 (üç yüz yetmiş beş) manat olduğu müəyyən edilmişdir. "xxxx" ASC tərəfindən PRM60462 saylı sığorta aktı tərtib edilməklə mənzilin natamam sığortalanmasını nəzərə alaraq 363,28 manat (üç yüz altmış üç manat iyirmi səkkiz qəpik) zərərçəkənin hesabına köçürülmüşdür. Hadisə ilə bağlı cavabdehə xx.xx.2023-cü il tarixində dəymiş zərərlə bağlı ödənilmiş sığorta ödənişinin ödənilməsi xahiş edilsə də, cavabdeh tələb olunan məbləği ödəməkdən yayınmışdır.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1, 936.6-cı, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.6, 36.1.5-ci maddələrinə istinad olunmuşdur.
4. Cavabdeh ASC iddiaya etiraz etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin Cavabdeh ASC-yə qarşı ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsinə dair” e-2-2(113)-8927/2024 saylı işlə bağlı nəzərə çatdırılır ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin və Mülki Məcəlləsinin müvafiq maddələrinə əsasən yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edəm ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Mövcud qanunvericilik və normativ hüquqi aktlara əsasən binadaxili mühəndis kommunikasiyalarının, o cümlədən istilik sistemlərinin saxlanması, təmiri və barpası yaşayış binasının mülkiyyətçiləri tərəfindən həyata keçirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 dekabr 2005-ci il tarixli, 229 nömrəli qərarı ilə təsdiq olunmuş Cavabdeh ASC-nin Nizamnaməsinin 3.1-ci yarımbəndinə əsasən Cəmiyyətin əsas məqsədi Azərbaycan Respublikasının ərazisində yerləşən yaşayış evləri və binalarına, sosial obyektlərə, mülkiyyət formasından asılı olmayaraq digər müəssisə, idarə və təşkilatlara istilik və isti su təchizatı xidmətlərini göstərməkdən, istehlakçıların istilik enerjisinə olan tələbatının etibarlı və keyfiyyətli təminatını təşkil etməkdən ibarətdir. Eyni zamanda qeyd edilmişdir ki, paylanılan istilik xətlərinin yalnız binanın girişinə qədər olan hissəsi Cəmiyyətin balans mənsubiyyətinə daxildir. Qeyd olunanları rəhbər tutaraq iddiaçı "xxxx" ASC-nin Cavabdeh ASC-yə qarşı irəli sürdüyü iddianın tamamilə əsassız olduğundan iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.
5. "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin etiraz ərizəsinə münasibət bildirərək qeyd etmişdir ki, cavabdeh tərəfidən təqdim edilmiş məhkəmə qətnamələrinin hazırkı iş üzrə heç bir aidiyyatı yoxdur və başqa bir məhkəmə qətnaməsi mövcud iş üzrə iddianın rədd olunması əsası deyildir. Məhkəmənin nəzərinə çatdırılır ki, hazırkı iş üzrə mənzilə suyun basması mənzil sahibinin daxilindən keçən hər hansı istilik sisteminin borusunun aşınmasından deyil, məhz 10 saylı binanın dam hissəsindən keçən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin balansında olan istilik sisteminin su borusunun partlaması nəticəsində zərər dəymişdir. Hər kəsin bildiyi kimi, mənzildən kənarda yerləşən və mənzil sahiblərinə aid olmayan sakin bu boruların keyfiyyətinə nəzarət etmir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 dekabr 2005-ci il tarixli, 229 nömrəli qərarı ilə təsdiq olunmuş Cavabdeh ASC-nin Nizamnaməsinin 3.1 yarımbəndinə əsasən Cəmiyyətin əsas məqsədi Azərbaycan Respublikasının ərazisində yerləşən yaşayış evləri və binalarına, sosial obyektlərə, mülkiyyət formasından asılı olmayaraq digər müəssisə, idarə və təşkilatlara istilik və isti su təchizatı xidmətlərini göstərməkdən, istehlakçıların istilik enerjisinə olan tələbatının etibarlı və keyfiyyətli təminatını təşkil etməkdən ibarətdir. Göründüyü kimi Cavabdeh ASC-nin üzərinə müəyyən xidmətlər göstərilməsi qoyulmuşdur. Bu xidmətlərin göstərilməsi üçün isə istilik borularının salamatlığı vacibdir. İstilik sistemi borularına xüsusi xidmətin göstərilməsi nizamnamədə xüsusi qeyd olunmasa da, məlum məsələdir ki, istiliyin verilməsi üçün boruların salamatlığı əsasdır.
6. İddiaçı "xxxx" ASC-yə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəməyə ərizə ilə müraciət edərək, iclasın onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
7. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 oğlu məhkəmə iclasında etiraz ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin Cavabdeh ASC-yə münasibətdə təmin olunmamasını xahiş etdi. Əlavə olaraq qeyd edilmişdir ki, binanın giriş hissəsinə qədər Cəmiyyət, giriş hissəsindən sonra mənzil mülkiyyətçiləri məsuliyyət daşıyır.
8. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, "xxxx" ASC tərəfindən PRM60462 nömrəli sığorta aktı tərtib edilmişdir. Aktda sığorta predmeti kimi ünvan 2 ünvanında yerləşən mənzil göstərilmişdir. Sığortanın başlanma tarixi xx.xx.2018-ci il, sığortanın qurtarma tarixi xx.xx.2021-ci il, sığorta predmetinin dəyəri 48000 manat, sığorta məbləği 46500 manat qeyd edilmişdir. Hadisə xx.xx.2019-cu il tarixdə baş vermiş, sığortalanmış mənzilə istilik sisteminin su borusu partlaması nəticəsində maddi ziyan dəymişdir. Zərərlə bağlı maddi ziyanın ümumi məbləği 375 manat müəyyən edilmişdir.
9. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli “Baş vermiş sığorta hadisəsinə yerində əmlaka dəymiş zərərlə bağlı baxış aktı”nın məzmunundan görünür ki, xx.xx.2019-cu il tarixində sığorta hadisəsi baş vermiş əmlaka baxış keçirilmiş və məlum olmuşdur ki, yaşayış binasının ümumi istilik sisteminin su borularında olan nasazlıq nəticəsində 2 mərtəbəli yaşayış binasının ikinci mərtəbəsində olan mənzilin tavan hissəsi və divar kağızları qopmuşdur. Tavan hissədə kif yaranmışdır.
10. Bakı şəhəri 147 saylı MKİS tərəfindən tərtib edilmiş aktın məzmunundan məlum olur ki, 147 saylı MKİS-in balansında olan A.Alı küçəsi ev 12A, mənzil 10 ünvanında yaşayan İbrahimov Rövşən N. oğlunun xx.xx.2019-cu il tarixli şikayət ərizəsinə əsasən MKİS əməkdaşları tərəfindən həmin mənzilə baxış keçirilmişdir. Baxış zamanı aydın olmuşdur ki, həqiqətən binanın dam hissəsindən keçən istilik sisteminin su borusu partlamış, nəticədə su axıntısı mənzilə axmış, divarlara, mənzilin tavan hissəsinə, döşəməyə ziyan vurmuşdur. Aktın doğruluğu MKİS əməkdaşlarının imzası ilə təsdiq edilmişdir.
11. "xxxx" ASC-nin AZ05HAJC**********0SK0000347 nömrəli hesabından xx.xx.2021ci il tarixli çıxarışdan görünür ki, xx.xx.2020-ci il tarixdə AZ69HAJC******************** nömrəli hesaba 363,28 manat pul köçürülmüşdür. Ödənişin təyinatı kimi PRM60462 nömrəli sığorta aktı qeyd edilmişdir.
12. Cavabdeh ASC tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 13-12/2-618/2023 nömrəli məktubun məzmunundan görünür ki, ünvan 2 ünvanında su axıntısının baş verməsinə dair məlumat ASC-yə daxil olmamışdır. Eyni zamanda bildirilmişdir ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin və Mülki Məcəlləsinin müvafiq maddələrinə əsasən yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur.
13. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubun məzmunundan görünür ki, Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun faydalanan şəxs qismində çıxış etdiyi 04 aprel 2018-ci il tarixli PRM100123484 saylı sığorta şəhadətnaməsi üzrə dəymiş ziyanla bağlı 375 (üç yüz yetmiş beş) manat sığorta ödənişinin mənzilin təmirinə sərf olunması üçün mənzilin mülkiyyətçisi X2 ödənilməsinə etiraz edilməmişdir.
14. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, 0221/20 nömrəli qiymətləndirmə aktından məlum olur ki, sığorta hadisəsi nəticəsində ziyan dəymiş ünvan 4 ünvanında yerləşən, PRM100123484 nömrəli şəhadətnamə ilə sığortalanan mənzilin təmir edilməsi üçün çəkilməli olan xərclərin ümumi dəyəri 375 manat müəyyənləşdirilmişdir.
15. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan məlum olur ki, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Aşıq Alı küçəsində istifadə olunan torpaq sahəsində yerləşən 12a nömrəli, 2 mərtəbəli binanın 2-ci mərtəbəsində, 35,78 kv.m ümumi, 26 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı mənzil tam mülkiyyət hüququ üzrə X1 adına daşınmaz əmlakın dövlət reyestrində 379 nömrəli reyestr kitabının 35346 nömrəli vərəqində qeydiyyata alınmışdır.
16. "xxxx" ASC tərəfindən Cavabdeh ASC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziyanın məzmunundan görünür ki, xx.xx.2023-cü il tarixdə baş vermiş hadisə nəticəsində dəymiş zərərin əvəzi olaraq "xxxx" ASC tərəfindən PRM60462 saylı sığorta aktı əsasında zərərçəkmişin hesabına 363,28 manat köçürüldüyü qeyd edilmiş, ödənilmiş məbləğin Cavabdeh ASC tərəfindən 10 təqvim günü ərzində "xxxx" ASC-yə ödənilməsi tələb edilmiş, əks halda mübahisənin həlli ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə xabardarlıq edilmişdir. Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 227.1-ci maddəsinə əsasən yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. 235.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissələrinin mülkiyyətçiləri birgə mülkiyyətin yüklülüklərinin ödənilməsində və birgə idarəetmə xərclərində öz dəyər paylarına mütənasib surətdə iştirak etməlidirlər. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçi subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən, başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün), zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
18. “Məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiytəqdirdə təmin edə bilərlər”. (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2021-ci il 14 aprel tarixli Qərarı).
19. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 29.4-cü maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi
21. İşin faktiki hallarından göründüyü kimi, Bakı şəhəri 147 saylı MKİS tərəfindən 147 saylı MKİS-in balansında olan A.Alı küçəsi ev 12A, mənzil 10 ünvanında yaşayan İbrahimov Rövşən N. oğlunun xx.xx.2019-cu il tarixli şikayət ərizəsinə əsasən MKİS əməkdaşları tərəfindən həmin mənzilə baxış keçirilməsi nəticəsində binanın dam hissəsindən keçən istilik sisteminin su borusunun partladığı, nəticədə su axıntısının mənzilə axdığı, divarlara, mənzilin tavan hissəsinə, döşəməyə ziyan vurduğu müəyyən olmuşdur. "xxxx" ASC tərəfindən "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, 0221/20 nömrəli qiymətləndirmə aktına əsasən mənzilin təmir işləri ilə bağlı xərclərin əvəzi olaraq 375 manat pul vəsaiti İbrahimov Rövşənin bank hesabına köçürülmüşdür. "xxxx" ASC ödənilmiş sığorta haqqının Cavabdeh ASC tərəfindən ödənilməli olduğunu bildirmişdir. Cavabdeh ASC isə baş vermiş sığorta hadisəsinə səbəb olmuş istilik sisteminin su borusunun onun balansında olmadığını qeyd edərək və Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin və Mülki Məcəlləsinin müvafiq maddələrinə əsasən yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsub olduğunu əsas gətirərək iddianı qəbul etməmişdir.
22. Məhkəmə işin faktiki hallarını və qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməməlidir.
23. Məhkəmə belə qənaətə gələrkən Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin və Mülki Məcəlləsinin yuxarıda qeyd edilən normalarının tələblərini əsas götürmüşdür.
24. Məhkəmə hesab edir ki, paylanılan istilik xətlərinin yalnız binanın girişinə qədər olan hissəsi Cəmiyyətin balans mənsubiyyətində olduğundan, binanın daxilində olan ümumi istilik xətti cavabdehin balansında olmadığından baş vermiş hadisəyə görə dəymiş zərərin cavabdehdən tələb edilməsi əsassızdır.
25. Yuxarıda göstərilən normaların məzmunundan da göründüyü kimi subroqasiya nəticəsində sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ sığorta ödənişini vermiş sığortaçıya keçir.
26. Odur ki, hazırkı halda "xxxx" ASC-nin cavabdehə qarşı subroqasiya qaydasında tələb irəli sürmək hüququnun yaranması üçün ilk növbədə cavabdehin sığorta hadisəsi nəticəsində dəymiş zərərə görə məsuliyyət daşıması, yəni hadisənin cavabdeh və ya əməllərinə görə cavabdehin məsuliyyət daşıdığı digər şəxslər tərəfindən törədilmiş delikt nəticəsində baş verməsi müəyyən edilməlidir. Hazırki işdə həmin hallar müəyyən edilmədi.
27. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.
28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu idiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova