Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1135/2024 14.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin (Ləğv prosesindədir) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı “kredit borcunun ödənilməsi, ipoteka predmeti olan əmlaka tutmanın yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, tutma yönəldikdən sonra mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kredit müqaviləsi, ipoteka müqaviləsi, iddia müddəti) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı ASC-nin (Ləğv prosesindədir) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı “kredit borcunun ödənilməsi, ipoteka predmeti olan əmlaka tutmanın yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, tutma yönəldikdən sonra mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları:
1. İddiaçı ASC (Ləğv prosesindədir) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 12210.14 manat əsas, 1793.65 manat faiz borcu, 329.67 manat cərimə və kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış 3097.40 manat məbəğində faiz (5%) borcu, cəmi 17430.86 manat məbləğində kredit borcunun, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 200 manat məbləğində xərcin tutularaq onun xeyrinə ödənilməsi, ipoteka qoyulmuş, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən 12 saylı mənzilə tutmanın yönəldilməsi, həmin mənzilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi, mənzil satıldıqdan sonra mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi və mənzilin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh1 tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, KM01 saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə, illik faiz dərəcəsi 6% ödənilmək şərtilə 15000 manat məbləğində kredit vəsaiti verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh2 ilə xx.xx.2015-ci il tarixdə İM 01 saylı ipoteka müqaviləsi bağlanmış və həmin ipoteka müqaviləsinə əsasən, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan, ünvan 1, mənzil 12 İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. Lakin buna baxmayaraq borclu Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Bundan əlavə iddiaçı tərəfindən cavabdehlərə kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin geri qaytarılması və məhkəmə mübahisəsi olmadan qısa müddət ərzində barışıq sazişinin bağlanılması təklifi göndərilmiş, lakin təklif cavablandırılmamışdır. Hazırda borclunun Banka ödənilməmiş 12 210.14 manat əsas, 1793.65 manat faiz borcu, 329.67 manat cərimə və kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış 3097.40 məbəğində faiz (5%) borcu, cəmi 17 430.86 manat məbləğində borcu mövcuddur. İddiaçı tərəfindən cavabdehə xx.xx.2015-ci il tarixli, KM01 saylı kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin geri qaytarılması və məhkəmə mübahisəsi olmadan qısa müddət ərzində barışıq sazişinin bağlanılması üçün mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmişdir. Cavabdehlərə təklifə cavab vermədiyi üçün tərəfimizdən Mediasiya Şurasına yaranmış borc məbləğinin geri qaytarılması və məhkəmə mübahisəsi olmadan qısa müddət ərzində barışıq sazişinin bağlanılması üçün müraciət olunmuşdur. Təyin olunan mediator tərəfindən banka və cavabdehə mediasiyaya dəvət məktubu göndərilmişdir. Cavabdeh1 ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə əvvəlcədən faktiki yaşadıqları ünvan üzrə məktub göndərilməsinə baxmayaraq nəzərdə tutulan ilkin mediasiya sessiyasına gəlməmişlər. İddiaçı ilkin mediasiya sessiyasına iştirak etmişdir, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat məbləğində mediasiyaya dair xərci ödənilmişdir və bu barədə mediator tərəfindən müvafiq arayış verilmişdir.
3. İddiaçının nümayəndəsi iddianı müdafiə edərək bildirmişdir ki, iddia müddətinin tətbiqi barədə ərizəni əsassızdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3-cü maddəsində qeyd olunur ki, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Qeyd olunmalıdır ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli,KM 01 saylı kredit müqaviləsinin 6.1-ci bəndinə əsasən bu müqavilə tərəflər onu imzaladığı tarixdən qüvvəyə minir vətərəflərin öhdəlikləri tam icra olunana qədər qüvvədədir. Göründüyü kimi tərəflər arasında mülki hüquq münasibətlərini tənzimləyən yazılı kredit müqaviləsi bağlanmış, kredit müqaviləsinə əsasən heyvandarlığın inkişafi məqsədi üçün 36 ay müddətinə illik 6 faiz ödəmək şərtilə 15.000 manat məbləğində kredit verilmişdir. Müqavilədə kreditin verilməsi 36 ay müddətinə müəyyən olunsa da, müqavilənin müddəti həmin müddətə deyil, tərəflərin öhdəliklərinin tam icra olunması anınadək müəyən edilmişdir. Qed olunmalıdır ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməmiş və bununla da kredit müqaviləsinin şərtlərini pozmuşdur. İddia ərizəsi verilən tarixə cavabdehin iddiaçıya müqavilə üzrə cəmi 17430.86 manat məbləğində borcu qalmışdır. Belə olan təqdirdə tərəflər arasında bağlanmış kredit müqaviləsi müddəti borc ödənilmədiyindən bitmiş hesab olunmur. Buna görə də iddia müddətinin tətbiq edilməsi əsassızdır. Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 3 iyun tarixli qərarında kredit müqaviləsinin qüvvədə olma və kreditin müddətlərinə dair belə bir hüquqi mövqe ifadə edilmişdir ki, kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Qeyd olunanları nəzərə alaraq cavabdehlər tərəfindən verilən iddia müddətinin tətbiqi barədə ərizələrin təmin edilməməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasında cavabdehlər hər biri ayrı-ayrılıqda ərizə verərək iddianı qəbul etmədiklərini, borc məbləği ilə razı olduqlarını, lakin iddia müddəti keçdiyi üçün iddia müddətinin ötürülməsi barədə ərizələrinin təmin edilərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişlər.
Tədqiq olunan sübutlar İş materiallarında olan:
5. “Borcverən” İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə “Borcalan” Cavabdeh1 arasında imzalanmış 30 iyul 2015-cil tarixli, KM 01 nömrəli müqavilədən göünür ki, bu müqaviləyə görə “Borcverən” müqavilənin 1.2 və 1.3-cü bəndlərində göstərilən məbləğdə və faizlə krediti “Borcalan”ın mülkiyyətinə verir və “Borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və kredit müqaviləsinə edilmiş 1 saylı əlavəyə əsasən “Borcverən”ə qaytarmağı öhdəsinə götürür. Bu müqavilə üzrə “Borcverən” tərəfindən “Borcalan”a verilən kreditin məbləği 15 000 manat təşkil edir. Kredit 36 ay müddətinə illik 6 faiz ödəmək şərti ilə verilir. Kreditin məqsədli təyinatı heyvandarlığın inkişafı məqsədi üçündür. Mövcud Kredit üzrə “Borcalan”dan aşağıdakı komissialar tutulur: Ssuda hesabının açılması: 25(iyirmi beş) AZN; Nağd vəsaitin çıxarılması: 1.5 %.
6. xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, Müqavilənin predmetini “AtraBank" ASC ilə "Borcalanlar” sahibkar fiziki şəxs Cavabdeh2 və sahibkar fiziki şəxs Cavabdeh1 arasında bağlanmış KM 01 saylı, “30” İyul 2015-ci il tarixli Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin elmək məqsədilə, yəni verilmiş kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi bu müqavilə ilə müəyyən edilmiş əmlakın ipoteka ilə yüklü edilməsi barədə Tərəflərin razılığa gəlmələri təşkil edir. İpotekanın predmetini aşağıdakı əmlak təşkil edir: Cavabdeh2 məxsus xüsusi mülkiyyətdə olan Bakı şəhəri Xətai rayonu, M Rüstəmov küçəsi, ev 19, mənzil 12 (reyestr nöm: **********33-05101-093007: qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2015). “İpotekaqoyan” ipoteka predmeti ilə bu müqavilənin 4-cü bəndində göstərilən öhdəliyin icrasına, habelə icranın gecikdirilməsi ilə vurulmuş zərərin, ipotekaya qovulmuş əmlakın saxlanılması və salamatlığı üçün “İpotekasaxlayan"ın çəkdiyi zəruri xərclərin, kredit və ipoteka müqavilələrinin şərtlərinin yerinə yetirilməsinə dair bütün mübahisələrin baxılması və həlli ilə bağlı xərclərin ödənilməsinə təminat verir.
7. RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışlardan görünür ki, Cavabdeh2 məxsus xüsusi mülkiyyətdə olan Bakı şəhəri Xətai rayonu, M Rüstəmov küçəsi, ev 19, mənzil 12 İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.
8. xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Bakı şəhəri Xətai rayonu, M Rüstəmov küçəsi, ev 19, mənzil 12-yə tutmanın yönəldilməsi barədə Cavabdeh2 və Cavabdeh1 məlumat verilmişdir.
9. LPO İddiaçı ASC-nin ləğedicisi Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2023-cü il tarixli məktubundan, müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişindən görünür ki, ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmiş və həmin müraciət qəbul olunmuşdur.
10. LPO İddiaçı ASC-nin ləğedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh1 göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubunda 17430,86 manat borcun 3 gün müddətində ödənilməsi barədə xəbərdarlıq edilmişdir.
11. Cavabdeh1 məxsus Hesabdan çıxarışdan görünür ki, xx.xx.2018-ci il tarixdə kredit müddəti bitdikdən sonra Cavabdeh1 tərəfindən xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2019 və xx.xx.2019-cu il tarixlərdə sonuncu ödənişlər olmuşdur.
12. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC (Ləğv prosesindədir) və Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixində 15000 manat məbləğində xx.xx.2018-ci il tarixədək qaytarmaq şərtilə kredit verilmişdir. Daha sonra öhdəliyin icrasının təmin edilməsi üçün “AtraBank" ASC (Ləğv prosesindədir) ilə Cavabdeh2 və Cavabdeh1 arasında ipoteka müqaviləsi bağlanmışdır. Kreditor “AtraBank" ASC (Ləğv prosesindədir) kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəlikləri tam icra etməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Nəticədə iddiaçının cavabdehlərə qarşı kredit və ipoteka müqavilələri əsasında borcu və tutmanın ipoteka predmetinə yönəldilməsini tələb etmək hüququ yaranmışdır.
13. Bununla belə cavabdehlər tərəfindən iddia müddətinin tətbiq olunması barədə ərizələr təqdim edilmiş və ərizələr onunla əsaslandırılmışlar ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli, KM 01 saylı kredit müqaviləsi üzrə kredit vəsaitindən istifadə müddəti xx.xx.2018-ci il tarixə kimi müəyyən olunmuşdur (1 saylı əlavə). Həmçinin kredit müqaviləsi üzrə sonuncu ödəniş tarixi 2019-cu ilin mart ayına təsadüf edir. Belə olan halda AR Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə 3 illik iddia müddətinin axımı 2019-cu ildən başlayaraq 2022-ci ildə bitir.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 317.1 maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə əsasən əgər borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 380-cı maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə, iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. 383-cü maddəsinə əsasən borclu və ya digər mükəlləfiyyətli şəxs vəzifəsini iddia müddəti keçdikdən sonra icra etmişsə, icra zamanı icra müddətinin bitdiyini bilməmiş olsa da, icra etdiyini geri tələb edə bilməz. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
15. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2018-ci il tarixədək qüvvədə olmuş: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 34.1 maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. 59.3 və 59.4-cü maddələrində ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməli olduğu, yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılması nəzərdə tutulmuşdur.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarında qeyd olunmuşdur ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
18. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
Məhkəmənin mövqeyi
19. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, kredit müqaviləsinə əsasən Cavabdeh1 öhdəliyini tam icra etmədiyi üçün iddiaçının cavabdehlərdən kredit və ipoteka müqavilələri əsasında borcu və tutmanın ipoteka predmetinə yönəldilməsini tələb etmək hüququ yaranmış olsa da, cavabdehlərin ərizəsi əsasında iddia müddəti tətbiq olunaraq iddianın rədd edilməsinə dair qətnamə çıxarılmalıdır.
20. Çünki tərəflər arasında kredit müqaviləsi xx.xx.2015-ci il tarixdə bağlanmış, kreditin 36 ay müddətinə bağlanması nəzərə alınmaqla həmin müqavilə üzrə öhdəliklərin icrası üçün nəzərdə tutulmuş müddət xx.xx.2018-ci il tarixdə bitmiş və iddia müddətinin axımı başlanmışdır. Bundan sonra Cavabdeh1 tərəfindən xx.xx.2018-ci il tarixdən sonra ödənişlər edildiyi üçün iddia müddətinin axımı kəsilmiş, lakin sonuncu dəfə ödəniş edildiyi xx.xx.2019-cu il tarixdən sonra iddia müddətinin axımı yenidən başlamış və həmin tarixdən də üç il müddət keçmişdir.
21. Beləliklə, işin faktiki halları ilə müəyyən olunur ki, iddianın əsasını təşkil edən xx.xx.2015-cü il tarixli kredit müqaviləsi üzrə iddia müddətinin başlanğıcı xx.xx.2019-cu il tarixdə başlanmış və xx.xx.2022-ci il tarixdə bitmişdir. İddiaçı ASC (Ləğv prosesindədir) isə iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Yəni, kredit müqaviləsinə əsasən borcun tutulması barədə iddia üzrə iddia müddəti keçmişdir.
22. Buna görə də məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, İddiaçı ASC-nin (Ləğv prosesindədir) iddiası rədd edilməlidir.
23. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddiaçı ASC-nin (Ləğv prosesindədir) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı “kredit borcunun ödənilməsi, ipoteka predmeti olan əmlaka tutmanın yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, tutma yönəldikdən sonra mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Kənan Hüseynov