Məhkəmə qərarları › İş №e-2-2(113)-1142/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1142/2021

23.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1142/2021 23.09.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, cavabdehin nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı müqavilə öhdəliklərinin icrasının təmin edilməsi, əmlakla bağlı yaradılmış süni maneələrin aradan qaldırılması, əmlakdan maneəsiz və sərbəst şəkildə istifadəyə şərait yaradılması barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən icra olunmamış müqavilə öhdəliklərinin icrasının təmin edilməsi, əmlakla bağlı yaradılmış süni maneələrin aradan qaldırılması, əmlakdan maneəsiz və sərbəst şəkildə istifadəsinə şərait yaradılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı arasında 20.05.2019-cu il tarixli icarə müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən İcarəyə verən Cavabdeh İcarəçi İddiaçı Bakı şəhəri, Yasamal rayonu, X6 küçəsi 4a ünvanında yerləşən qeyri-yaşayış sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsini icarəyə vermişdir. İddiaçı müqavilə öhdəliklərini tam şəkildə yerinə yetirərək icarə haqqını hər ay mütəmadi şəkildə ödəmişdir. Lakin cavabdeh tərəfindən müqavilə öhdəlikləri ciddi şəkildə pozulmuş, iddiaçıya qarşı əmlakdan istifadə ilə bağlı süni maneələr yaradılmışdır. Belə ki, cavabdeh iddiaçıya xəbər etmədən icarə müqaviləsinin predmeti olan icarə obyektinin qapılarını bağlamış, açarlarını dəyişdirmiş və icarə obyekti ilə bağlı reklam lövhələrini sökmüşdür. Həmçinin onu da qeyd etmək lazımdır ki, icarə müqaviləsinin predmeti olan obyekt tədris mərkəzi olaraq fəaliyyət göstərir və həmin tədris mərkəzində təhsilaçan şəxslər tərəfindən təhsil haqları əvvəlcədən ödənilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 yanvar 20201-ci il tarixli 12 saylı “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” qərarına əsasən Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2021-ci il 1 fevral tarixindən tədris və təlim-tərbiyə prosesinin əyani formada təşkilinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin qərarına əsasən təhsil pillələri və səviyyələri üzrə mərhələli şəkildə təmin edilməsi qərara alınmışdır. Əgər cavabdeh tərəfindən icarə obyektindən istifadə ilə bağlı yaradılmış süni maneələr aradan qaldırılmazsa iddiaçı digər şəxslər qarşısında öhdəliklərini yerinə yetirə bilməyəcəkdir və bununla da onun əmək fəaliyyətinə maddi zərər vurulacaqdır. İddiaçının nümayəndəsi Vəkil1 iştirak etdiyi məhkəmə iclasında iddianı müdafiə etdiyini bildirərək iddia ərizəsi ilə eyni məzmunlu izahat vermiş və əlavə olaraq izahatında göstərmişdir ki, cavabdehə məxsus müəyyən əşyalar onların tərəfindən götürülmüş, bununla bağlı təhvil-təslim aktı tərtib edilmişdir. Əvvəl tərəflər arasında danışıqlar aparılmış, əşyaların təhvil veriləcəyi bildirilmişdir. Lakin, sonradan müəyyən səbəblərə görə kondisionerlər təhvil verilmədiyinə görə razılaşma baş tutmamışdır. Cavabdehin nümayəndəsi Vəkil2 iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, iddiaçıya dəfələrlə müraciət olunsa da, icarə haqqı vaxtı-vaxtında ödənilməmiş, habelə, əmlak cavabdehin razılığı olmadan iddiaçı tərəfindən başqa şəxslərə icarəyə verilmişdir. İcarə obyektində yerləşən əmlaklar, o cümlədən “Green” markalı kondisioner iddiaçıya təhvil verilmişdir. Digər kondisinerlər cavabdehə məxsus olduğundan təhvil verilmədiyindən razılığın əldə edilməsi mümkün olmamışdır. Bundan başqa hal – hazırda əmlakın mülkiyyətçisi Cavabdeh deyildir, 06 aprel 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən qeyri-yaşayış sahəsi üzrində mülkiyyət hüquqları X1 adına qediyyata alınmışdır. İş materiallarında olan: - 20 may 2019-cu il tarixli icarə müqaviləsinin surətindən görünür ki, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, X6 küçəsi, 4a ünvanında yerləşən tam mülkiyyət hüququ üzrə ona məxsus olan qeyri-yaşayış sahəsini icarəçi X4 icarəyə vermişdir. - İcarəyə verən Cavabdeh tərəfindən icarəçi İddiaçı ünvanlanmış 10.12.2020-ci il tarixli ərizədə ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, X6 küçəsi 4a ünvanınd ayerləşən qeyri-yaşayış sahəsini İddiaçı icarəyə verməkdən imtina etdiyi, buna görə onunla İddiaçı arasında bağlanmış icarə müqaviləsinin ləğv olunması üçün notariusa gəlməsi xahiş edilmiş, müqavilənin ləğv edilməsi səbəbələri ona məxsus olan əmlakın bir hissəsini xəbəri olmadan ayrı-ayrı şəxslərə icarəyə verilməsi, əmlakda yaşanılan ailə münaqişələrinin səs-küyə səbəb olması, icarə ödənişlərinin vaxtında ödənilməməsi və əmlakın baxımsız saxlanılması qeyd olunmuşdur. - İcarəyə verən Cavabdeh icarəçi İddiaçı ünvanladığı 22.12.2020-ci il tarixli ərizədə ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, X6 küçəsi 4A ünvanında yerləşən qeyriyaşayış sahəsini İddiaçı icrayə verməkdən xeyli vaxt imtina ediyini, bir neçə dəfə xəbərdaqlıq etməsinə baxmayaraq obyekt hələ də boşaldılmadığı, buna görə də əşyaarı 24.12.2020-ci il tarixinədək götütürlməsinin tələb edildiyi, əks təqdirdə əşyaların ona məxsus olan qeyri-yaşayış sahəsindən çölə çıxarılacağı qeyd olunmuşdur. - 05 aprel 2021-ci il tarixli aktdan görünür ki, icarə obyektində olan əmlaklar İddiaçı tərəfindən götürülmüşdür. - 06 aprel 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X6 küçəsi, 4 a ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzrində mülkiyyət hüquqları X1 adına qediyyata alınmışdır. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. İddianın predmetini Cavabdeh tərəfindən icra olunmamış müqavilə öhdəliklərinin icrasının təmin edilməsi, əmlakla bağlı yaradılmış süni maneələrin aradan qaldırılması, əmlakdan maneəsiz və sərbəst şəkildə istifadəsinə şərait yaradılması təşkil etdiyindən tələb əmlakın mülkiyyətçisinə qarşı yönəlməlidir. 06 aprel 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən mübahisə predmeti olan qeyri-yaşayış sahəsi üzrində X1 mülkiyyət hüququ qedə alınmışdır, yəni, əmlakın mülkiyyətçisi hazırkı iş üzrə cavabdeh olan Cavabdeh deyildir. 10 avqust 2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış təqdim olunduqdan sonra məhkəmə tərəfindən iddiaçının nümayəndəsinə cavabdehin əsl cavabdehlə əvəz olunması təklif edilmiş və bununla bağlı məhkəmə iclası təxirə salınmışdır. Lakin qətnamə çıxarılana qədər bu barədə ərizə məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. - 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Buna görə də məhkəmə hesab edir ki, müqavilə öhdəliklərinin icrasının təmin edilməsi, əmlakla bağlı yaradılmış süni maneələrin aradan qaldırılması, əmlakdan maneəsiz və sərbəst şəkildə istifadəsinə şərait yaradılması tələbləri əmlakın mülkiyyətçisi X2 qarşı qaldırılmalı olduğu halda, keçmiş mülkiyyətçiyə qarşı qaldırılmışdır. Halbuki, 06 aprel 2021-ci il tarixdən həmin əmlak üzərinə sahiblik, istifadə və sərəncam vermək hüquqları Cavabdeh məxsus deyildir. İcarə haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci bəndinə əsasən icarə müqaviləsi şərtlərinin dəyişdirilməsinə, onun pozulmasına və ona xitam verilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada, habelə tərəflərin razılığı ilə yol verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur; - 717.1-ci maddəsinə əsasən əgər müqavilə öhdəliklərinin müəyyənləşdirilməsi üçün əsas götürülmüş şərtlər müqavilə bağlandıqdan sonra qarşılıqlı öhdəliklər arasında böyük tənasübsüzlük yaranmasına səbəb olan dərəcədə dəyişərsə, müqavilənin istənilən iştirakçısı, icarə müddətindən başqa müqavilə şərtlərinin dəyişdirilməsini tələb edə bilər. 05 aprel 2021-ci il tarixli akt, tərəflərin izahatları ilə də təsdiq olunur ki, əmlaklar iddiaçı tərəfindən icarə obyektindən götürülmüşdür və tərəflər arasında olan mübahisə bəzi əmlakların verilməməsi ilə bağlıdır. Yəni, iddiaçının özünə məxsus əmlakları icarə obyektindən könüllü çıxarması, hazırda mübahisə predmetini bəzi əmlakların verilməməsi təşkil etdiyindən hazırkı iddia tələbləri (icra olunmamış müqavilə öhdəliklərinin icrasının təmin edilməsi, əmlakla bağlı yaradılmış süni maneələrin aradan qaldırılması, əmlakdan maneəsiz və sərbəst şəkildə istifadəsinə şərait yaradılması) mahiyyətini itirmişdir. Buna görə və iddia əmlakın hazırkı mülkiyyətçisinə qarşı irəli sürülmədiyindən məhkəmə hesab edir ki, iddia rədd edilməli, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid olunmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı müqavilə öhdəliklərinin icrasının təmin edilməsi, əmlakla bağlı yaradılmış süni maneələrin aradan qaldırılması, əmlakdan maneəsiz və sərbəst şəkildə istifadəsinə şərait yaradılması barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar