Məhkəmə qərarları › İş №e-2-2(113)-1143/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1143/2021

22.04.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1143/2021 22.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X5 iştirakı ilə, “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə və Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə qarşı pul tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: “xxxx” QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Cavabdeh2 Şirkətlər Qrupu” MMC-nin hesabına ödənilən 14662,50 manat məbləğində vəsaitin və həmin məbləğin üzərinə hesablanmış 733,15 manat gecikdirməyə görə 5% faiz maddi zərərin və məhkəmə araşdırılması üçün dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun ümumilikdə 15425,62 manat məbləğinin “xxxx” QSC - nin hesabına geri qaytarılması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Məhkəməsinin 11.06.2018-ci il tarixli 2(004)-1403/2018 saylı qətnaməsinə əsasən cavabdehlər “xxxx” MMC-dən və X4 müştərək qaydada ümumilikdə 647336,01 manat məbləğin tutularaq “xxxx” QSC-nin xeyrinə ödənilməsi, ipoteka predmeti olan, mülkiyyət hüququ ilə X3 məxsus olan ünvan 1 ünvanında yerləşən 27 saylı mənzilin açıq hərracda satılması, ipoteka qoyulmuş əmlakın ilkin satış qiymətinin 460000 manata açıq hərracda satılması, satışdan əldə edilmiş məbləğ hesabına “xxxx” QSC-nin xeyrinə ödənilməsi, satışdan əldə edilmiş məbləğ tələbin ödənilməsinə kifayət etməzsə çatışmayan məbləğin “xxxx” MMC-dən və X4 müştərək qaydada tutulması, ünvan 1 ünvanında yerləşən 27 saylı mənzilin 1 ay ərzində boşaldılması qət edilmişdir. Məhkəmə qətnaməsi icra edilməsi məqsədi ilə prosessual ardıcıllığa əsasən icraya yönəlmiş və ipoteka predmeti olan mülkiyyət hüququ ilə X3 məxsus olan ünvan 1 ünvanında yerləşən 27 saylı mənzilin açıq hərracda satılması üçün Bakı şəhəri, Nəsimi rayon İcra və Probasiya Şöbəsi tərəfindən “Cavabdeh2 Şirkətlər Qrupu” MMC-yə sifariş edilmişdir. İlkin olaraq 07 dekabr 2018-ci il tarixdə hərrac keçirilmiş, hərracda alıcı olmadığı üçün növbəti ikinci hərrac mənzilin qiymətinin 15% aşağı salınaraq 17 yanvar 2019-cu il tarixə təyin edilmişdir. Qeyd edilən hərracda alıcı olmadığı üçün hərrac mərhələsi baş tutmamış və bu barədə 18.01.2019 tarixi “Kaspi”qəzetində və www.hidayetoğlu.az saytında müvafiq elan dərc edilmişdir. Elan dərc edildiyi tarixdən sonra “Cavabdeh2 Şirkətlər Qrupu” MMC hərrac mərkəzi 18 yanvar 2019-cu il tarixli məktubla “xxxx” QSC-yə və Bakı şəhər Nəsimi rayon İcra və Probasiya Şöbəsinə muraciət edərək “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanunun 43-cü maddəsinə uyğun olaraq hərracın baş tutmamasını bildirmiş və əmlakın tələbkar tərəfindən qəbul edilib edilməməsi barədə hərrac mərkəzinə və icra şöbəsinə məlumat verilməsini xahiş etmişdir. “xxxx” QSC-yə 23.01.2019 daxil olmuş “Təklifə” cavab olaraq tərəflərindən 25 yanvar 2019-cu il tarixli məktubla “Cavabdeh2 Şirkətlər Qrupu” MMC hərrac mərkəzinə və Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya Şöbəsinə bildirmişdir ki, ipoteka predmetini ipoteka saxlayan olaraq Mülki Qanunvericiliyə əsasən iddiaçı tərəfindən alınmasına və əldə edilməsinə (mülkiyyətlərinə keçirməyə) razı olduqlarını təsdiqləyərək bəyan etmişlər. “Təklifi”n qəbul ediləməsinin təsdiq məktubuna hərrac mərkəzində baxıldığını etiraf edərək “Cavabdeh2 Şirkətlər Qrupu” MMC hərrac mərkəzinin 28.01.2019 tarixli 124 saylı məktubu qoşmada 28 nömrəli “Hesab Faktura”sı ilə birlikdə “xxxx” QSC-yə 05 fevral 2019-cu il tarixdə daxil olmuşdur ki, hərrac xərcləri olan xidmət haqqını “Cavabdeh2 Şirkətlər Qrupu”MMC-nin verdiyi hesabına ödəniş etdikdən sonra hərracın yekunları barədə protokollar və alqı-Satqı müqavilələri veriləcəkdir. Bundan sonra hərrac xərcləri olan ümumilikdə 14662,50 manat məbləğində vəsaitin “Cavabdeh2 Şirkətlər Qrupu” MMC-nin verdiyi 28 yanvar 2019-cu il tarixli 28 nömrəli hesab - faktura əsasında tərəflərindən 12 fevral 2019-cu il tarixli, 113 nömrəli ödəniş tapşırığı ilə “Cavabdeh2 Şirkətlər Qrupu” MMCnin bank hesabına köçürülmüşdür. Göstərilənləri nəzərə alaraq, bankın qeyd edilən ipoteka predmeti olan daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün müvafiq sənədlərin rəsmiləşdirilməsi və dövlət orqanına təqdim edilməsi məqsədilə, qanunvericiliklə nəzərdə tutulmuş zəruri işlərin təxirəsalınmadan həyata keçirilməsininin təmin edilməsini hərrac mərkəzindən Bakı şəhər Nəsimi rayon İcra və Probasiya Şöbəsinə yazdığı müşayetedici məktubla birgə hərracın yekunları barədə 18 nömrəli protokolları və hərracın yekynları üzrə əmlakın Alqı-Satqı Müqavilələrini Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya Şöbəsinə sənədlərin imzalanması üçün 15 fevral 2019-cu il tarixli məktubla xahiş etmişdilər. Lakin hərracın yekunları barədə sənədlərin Bakı şəhər Nəsimi rayon İcra və Probasiya Şöbəsində imzalanmayaraq onlara təqdim edilməmiş və əlavə olaraq bildirilmişdir ki, Bakı şəhər Nəsimi rayon İcra və Probasiya Şöbəsinin “Cavabdeh2 Şirkətlər Qrupu” MMC-yə hərrac mərkəzinə göndərdiyi 17/87-183068/18-5-22 saylı 31.01.2019-cu il tarixli tələbinə əsasən icra vərəqəsiniin icrası dayandırılmışdır və sənədlərin sifarişçi icra şöbəsinə qaytarılması xahiş olunmuşdur. Xüsusi diqqəti cəlb edən məqam odur ki, eyni tarixdə 31.01.2019-cu il tarixdə “Cavabdeh2 Şirkətlər Qrupu” MMC hərrac mərkəzi məktubu qəbul etdiyini “Təsdiq Edən” möhürü vuraraq qəbul etmişdir. Bu onu deməyə əsas verir ki, sifarişçi ilə hərracı keçirən qurumlar tələbkara məlumat vermədən yazışmalar aparmışlar. İddiaçının məlumatsız qoymaqla hərrac xərcləri olan ümumilikdə 14662,50 manat məbləğində vəsaitin tərəflərndən 12 fevral 2019-cu il tarixli 113 nömrəli Ödəniş Tapşırığı ilə “Cavabdeh2 Şirkətlər Qrupu” MMC-nin bank hesabına köçürdüyü vəsaiti dəfələrlə geri tələb etmələrinə məhəl qoymayaraq bir ildir geri “xxxx” QSC-yə qaytarmırlar. Baş tutmamış hərrac işlərinin icra şöbəsinin məktubu əsasında dayandırılan işə görə “Cavabdeh2 Şirkətlər Qrupu” MMC-nin bank hesabına iddiaçı tərəfindən ödədilən 5% hərrac xərcləri olan ümumilikdə 14662,50 manat məbləğində vəsaitin geri “xxxx” QSC - nin hesabına qaytarılması barədə hər iki cavabdehə 25.02.2019-cu il tarixli 00578 saylı və 23.04.2019cu il tarixli 01047 saylı ərizələr ilə müraciət etmələrinə baxmayaraq bu günə kimi həmin vəsaiti geri qaytarılmamışdır. İddiaçının nümayəndəsi Nümayəndə2 izahatında iddianı müdafiə etdiyini, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdiyini bildirərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə ilcasında iştirak edən cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X8 iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, “Cavabdeh2 Şirkətlər Qrupu” MMC xidmət haqqını hərracın keçirilmə xərcləri kimi almış və öz üzərinə düşən öhdəlikləri icra etmişdir. İcra sənədi üzrə icraat dayandırılsa da “xxxx” QSC ilə aparılan əməliyyatlar qüvvədədir. İcra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə qətnaməsi üzrə yuxarı instansiyalar tərəfindən qərar qəbul edildikdən sonra hərrac protokollarının və müqavilələrin imzalanmasında heç bir maneə yoxdur. Cavabehin nümayəndəsi göstərilənlərə əsasən iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh Bakı şəhəri Nəsimi rayon icra şöbəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İş materiallarında olan: - 18.12.2018-ci il tarixli açıq hərracın keçirilməsinə dair 03/152-1 saylı bildirişlə Nəsimi rayon icra şöbəsinin 17.10.2018-ci il tarixli 12946-183068/18-5-22 saylı sifariş məktubu tutmanın ipoteka predmetinə yönəldilməsinə dair Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 11.06.2018-ci il tarixli, 2(004)-1403/2018 saylı icra sənədi üzrə hərracın 17.01.2019-cu il tarixdə keçirilməsi qeyd olunmuşdur. - “Cavabdeh2 Şirkətlər Qrupu” MMC-nin “xxxx” QSC-yə ünvanladığı 18.01.2019-cu il tarixli, 76 saylı təklif məktubunda X1 mülkiyyətinə olan Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, ev 34, mənzil 27 07.12.2018-ci il tarixdə keçirilmiş hərracda ilkin satış qiyməti 460000 manat, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 43.5ci maddəsinə əsasən 17.01.2019-cu il tarixdə təkrar hərracda 15% endirim ilə 391000 manat açıq hərraca çıxarılsa da iştirakçı olmadığından baş tutmadığı və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 43.8-ci maddəsini nəzərə alaraq hərracın baş tutmaması elan edildiyi gündən etibarən 30 təqvim günü ərzində ipoteka predmetinin əldə edilməsi ilə əlaqədar münasibət bildirilməsi xahiş olunmuşdur. - Bakı Apellyasiya Məhkəməsinin 28.01.2019-cu il tarixli 2(103)-2871/19 saylı qərardadı ilə Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 11.06.2018-ci il tarixli, 2(004)- 1403/2018 saylı qətnaməsindən cavabdeh X2 apellyasiya şikayəti mümkün hesab edilmişdir. - “Cavabdeh2 Şirkətlər Qrupu” MMC-nin “xxxx” QSC-yə ünvanladığı 28.01.2019-cu il tarixli 124 saylı məkubunda ipoteka predmetinin alqı-satqısı üçün müqavilə bağlanması barədə təklifin qəbul olunmasına dair “xxxx” QSC-nin 25.01.2019-cu il tarixli 256 saylı məktubuna baxıldığı və bununla əlaqədar 28 nömrəli hesab-faktura ödəniş etmək üçün göndərildiyi qeyd olunmuşdur. - Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin “Cavabdeh2 Şirkətlər Qrupu” MMC-yə ünvanladığı 31.01.2019-cu il tarixli, 1787/183068/18-5-22 saylı məktubunda Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1403/2018 saylı 11.06.2018-ci il tarixli qətnaməsindən cavabdeh apellyasiya şikayəti verdiyi üçün hərracı dayandıraraq sənədin şöbəyə qaytarılması xahiş olunmuşdur. - Hərracın yekunları barədə 11.02.2019-cu il tarixli, 18 saylı protokola əsasən ipoteka predmeti “xxxx” QSC-nin mülkiyyətinə verilmişdir. - Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 11.02.2019-cu il tarixli müqavilə ilə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 246.8 kv.m. olan 4 otaqlı 27 saylı mənzili alıcı kimi “xxxx” QSC qəbul edib onun dəyərini tam ödəməyi öz öhdəsinə götürmüşdür. - 12.02.2019-cu il tarixli 113 saylı ödəniş tapşırıqlarına əsasən “xxxx” QSC 14662,50 manat məbləğində pul vəsaiti “Cavabdeh2 Şirkətlər Qrupu” MMC-nin hesabına köçürmüşdür. - Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin “xxxx” QSC-yə ünvanladığı 19.06.2019-cu il tarixli, 183068/18-5-22 saylı mktubunda Yasamal Rayon Məhkəməsinin 2(004)- 1403/2018 saylı 07.09.2018-ci il tarixli icra vərəqəsi üzrə borclu 31.01.2019-cu il tarixində şöbəyə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2871/19 saylı qərardadını təqdim edərək iş üzrə icraatın dayandırılmasını xahiş etmiş və 31.01.2019-cu il tarixində iş üzrə icraatın dayandırılması ilə bağlı qərar qəbul olunduğu və hərracın dayandırılması ilə bağlı məktub “Cavabdeh2 Şirkətlər Qrupu” MMC-yə ünvanladığı bildirilmişdir. İşin hallarınan göründüyü kimi hərrac xərcləri olan 14662,50 manat məbləğində vəsaiti “Cavabdeh2 Şirkətlər Qrupu” MMC-nin verdiyi 28 yanvar 2019-cu il tarixli, 28 nömrəli hesab - faktura əsasında iddiaçı tərəfindən 12 fevral 2019-cu il tarixli, 113 nömrəli ödəniş Tapşırığı ilə “Cavabdeh2 Şirkətlər Qrupu” MMC-nin bank hesabına köçürülmüşdür. Lakin cavabdeh tərəfindən qətnamədən apellyasiya şikayəti verildiyi üçün icra hərəkətləri dayandırıldığından sifariş məktubu geri qaytarılmışdır. İlkin olaraq məhkəmə qeyd edir ki, cavabdeh hərrac mərkəzi “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən hərrac keçirilməsi üçün nəzərdə tutulmuş şərtlərə əməl etmişdir. Belə ki, İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Həmin Qanunun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. İş materiallarında əlavə edilmiş “Cavabdeh2 Şirkətlər Qrupu” MMC-nin “xxxx” QSCyə ünvanladığı 18.01.2019-cu il tarixli, 76 saylı təklif məktubundan göründüyü kimi X1 mülkiyyətinə olan Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, ev 34, mənzil 27 07.12.2018-ci il tarixdə keçirilmiş hərracda ilkin satış qiyməti 460000 manat, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 43.5-ci maddəsinə əsasən 17.01.2019-cu il tarixdə təkrar hərracda 15% endirim ilə 391000 manat açıq hərraca çıxarılsa da iştirakçı olmadığından baş tutmadığı və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 43.8-ci maddəsini nəzərə alaraq hərracın baş tutmaması elan edildiyi gündən etibarən 30 təqvim günü ərzində ipoteka predmetinin əldə edilməsi ilə əlaqədar münasibət bildirilməsi xahiş olunmuş, həmin təklif iddiaçı tərəfindən qəbul edildikdən sonra “Cavabdeh2 Şirkətlər Qrupu” MMC “xxxx” QSC-yə 28.01.2019-cu il tarixli 124 saylı məktubla ipoteka predmetinin alqı-satqısı üçün müqavilə bağlanması barədə təklifin qəbul olunmasına dair “xxxx” QSC-nin 25.01.2019-cu il tarixli 256 saylı məktubuna baxaraq, bununla əlaqədar 28 nömrəli ödəniş etmək üçün hesab-faktura göndərilmişdir. Daha sonra iddiaçı tərəfindən hesab-faktura üzrə hərrac xərcləri ödənildikdən sonra tərəflər arasında hərracın yekunlarına dair protokol tərtib edilmiş və alqı-satqı müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. - 414-cü maddəsinə əsasən əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. Hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. Həmin Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər. Hərrac auksion və ya müsabiqə formasında keçirilir. Ən yüksək qiymət təklif etmiş şəxs auksionda hərracı udmuş sayılır, hərracın təşkilatçısının qabaqcadan təyin etdiyi müsabiqə komissiyasının rəyinə əsasən ən yaxşı şərtlər təklif etmiş şəxs isə müsabiqə üzrə hərracı udmuş sayılır. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, hərracın formasını satılan əmlakın mülkiyyətçisi və ya satılan əmlak hüququnun sahibi müəyyənləşdirir. - 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.7-ci maddəsinə əsasən icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Qeyd olunan mülki hüquq normasından göründüyü kimi tərəflər arasında qarşılıqlı razılıq əsasında müqavilə bağlanmışdır. Hər iki tərəf arasında bağlanmış müqavilə və harrac protokolu hal-hazırda qüvvədədir. Prosesin başa çatdırılmaması isə hər 2 cavabdeh - “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti və Bakı şəhəri Nəsimi rayon İcra şöbəsindən asılı olmayan səbəblərdən baş vermişdir. Göründüyü kimi Bakı Apellyasiya Məhkəməsinin 28.01.2019-cu il tarixli 2(103)- 2871/19 saylı qərardadı ilə Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 11.06.2018-ci il tarixli, 2(004)-1403/2018 saylı qətnaməsindən cavabdeh X2 apellyasiya şikayəti mümkün hesab edilmiş, buna görə də borclu 31.01.2019-cu il tarixində şöbəyə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2871/19 saylı qərardadını cavabdeh icra şöbəsinə təqdim edərək iş üzrə icraatın dayandırılmasını xahiş etmiş və Nəsimi rayon icra şöbəsi tərəfindən 31.01.2019-cu il tarixində iş üzrə icraatın dayandırılması ilə bağlı qərar qəbul olunmuş və hərracın dayandırılması ilə bağlı məktub “Cavabdeh2 Şirkətlər Qrupu” MMCyə ünvanlamışdır. Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia rədd edilməli, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə və Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə qarşı pul tələbi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar