Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1143/2025 15.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı ASC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 (bundan sonra-cavabdehlər) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən birgə qaydada 14763,48 manat məbləğində əsas kredit borcunun, 1130,78 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun, 514,7 manat məbləğində cərimə borcunun,cəmi 16408,96 manat məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 139,23 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə bağlanmış xx.xx.2022-ci il tarixli 19261***-*******01L saylı əsas kredit limiti razılaşmasına əsasən Cavabdeh3 120 ay müddətinə 200000 (iki yüz min) manat məbləğində kredit limitiayrılmışdır. Əsas Kredit limiti razılaşması üzrə öhdəliklərin icrasının təmini kimi bankla digər cavabdehlər Cavabdeh4, Cavabdeh2 ilə xx.xx.2022-ci il tarixli 19FİZAM187996701, 19FİZAM187997401saylı, Cavabdeh1 ilə xx.xx.2023-cü il tarixli 19FİZAM197627901saylı zaminlik müqavilələri bağlanmış və onlar kredit limiti müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdürlər. Əsas kredit limiti razılaşmasının şərtlərinə uyğun olaraq xx.xx.2023-cü il tarixli kredit razılaşmasına əsasən İddiaçı ASC tərəfindən Cavabdeh3 24 ay müddətinə illik 20% dərəcəsi ilə 25000 manat məbləğində kredit verilmişdir. Cavabdeh3 onunla bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etmədiyindən, onun özünə, eləcədə öhdəlik üzrə zaminlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 dəfələrlə şifahi və rəsmi (bildirişlə) müraciət edilməsinə baxmayaraq, onlar tərəfindən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. Əsas kredit limiti razılaşması üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh3 xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə 14763.48 manat məbləğində əsas kredit borcu, 1130.78 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 514,7 manat kredit üzrə cərimə borcu olmaqla,cəmi 16408.96 manat məbləğində borcu qalmaqdadır. İddia ərizəsi tərtib edilərkən əsas kredit limit müqaviləsindən, onun tərkib hissəsi olan kredit razılaşmadan, ödəniş cədvəlindən, zaminlik müqavilələrindən, borc haqqında arayışdan, bank hesabından çıxarışdan və sairə sənədlərdən istifadə edilmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmiş, cavabdehlər gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər.
4. Məhkəmə iclasının tərəflərin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin:
6. 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
7. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
8. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
9. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
10. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
11. İddiaçı ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 19261***- *******01L saylı əsas kredit limiti razılaşmasına əsasən cavabdehə 120 ay müddətinə 200000 (iki yüz min) manat məbləğində kredit limiti ayrılmışdır
12. İddiaçı ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit razılaşmasına əsasən İddiaçı ASC tərəfindən cavabdehə 24 ay müddətinə illik 20% dərəcəsi ilə 25000 manat məbləğində kredit verilmişdir.
13. İddiaçı ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 19FİZAM187996701 saylı zaminlik müqaviləsinə görə zamin xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə kreditor qarşısında borclu ilə birgə və eyni həcmdə məsuliyyət daşımaq öhdəliyi götürmüşdür.
14. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 19FİZAM197627901 saylı zaminlik müqaviləsinə görə zamin xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə kreditor qarşısında borclu ilə birgə və eyni həcmdə məsuliyyət daşımaq öhdəliyi götürmüşdür.
15. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023- cü il tarixli, 19FİZAM187997401 saylı zaminlik müqaviləsinə görə zamin xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə kreditor qarşısında borclu ilə birgə və eyni həcmdə məsuliyyət daşımaq öhdəliyi götürmüşdür.
16. İddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2024-cü il tarixli maliyyə arayışına görə xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə əsas borc 14763,48 manat, faiz borcu 1130,78 manat, cərimə borcu 514,7 manat, cəmi borc 16408,9 manat təşkil edir.
17. Cavabdeh3 məxsus hesabdan çıxarışdan görünür ki, kredit müqaviləsi üzrə sonuncu ödəniş xx.xx.2024-cü il tarixdə edilmişdir.
18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ekspert rəyinin nəticə hissəsindən görünür ki, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə (maliyyə arayışında göstərilən tarix) əsas borc 14651,2 manat, faiz borcu 1686,75 manat, xx.xx.2024-cü il tarixə əsas borc 14651,20 manat, faiz borcu 2053,03 manat təşkil edir.
19. Məhkəmə materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır.
20. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-cu maddəsinə əsasən (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyası) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
22. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.
23. Həmin Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
24. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
25. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
26. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
27. Beləliklə, işin hallarından məlum olur ki, Cavabdeh3 iddiaçı ilə bağladığı bağlanmış xx.xx.2022-ci il tarixli 19261***-*******01L saylı əsas kredit limiti razılaşmasına əsasən 120 ay müddətinə 200000 (iki yüz min) manat məbləğində kredit limiti ayrılmış, kredit limiti razılaşması üzrə Cavabdeh3 iddiaçı ilə bağladığı xx.xx.2023-cü il tarixli kredit razılaşmasına əsasən 24 ay müddətinə illik 20% dərəcəsi ilə 25000 manat məbləğində krеdit verilmişdir. Kredit limiti razılaşması üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 ilə zaminlik müqavilələri imzalanmış, cavabdehlər bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Cavabdeh3 krеdit razılaşmasının tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri banka vaxtında qaytarmamışdır.
28. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdehlərdən (əsas borclu və zaminlər) yaranmış kredit borcu məbləğləri birgə qaydada tutulmalı, cavabdehlərdən tutulacaq əsas borcunun məbləği xx.xx.2025-ci il tarixli ekspert rəyinə uyğun olaraq müəyyən edilməlidir.
29. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsas və faiz borcunun tutulması hissəsində qismən təmin edilməli, cavabdehlərdən birgə qaydada 14651,20 manat əsas borc və 1130,78 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir.
30. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hesablanmış 514,7 manat cərimənin cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür.
31. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
32. Məhkəmə hesab edir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
33. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin kredit və zaminlik müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiklərini, nəticədə kredit müqaviləsi üzrə iddiaçıya borclarının yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən birgə qaydada 14651,20 manat əsas borc, 1130,78 manat faiz borcu və 514,7 manat cərimə borcu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
35. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 138,89 manat dövlət rüsumu (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) cavabdehlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilməli, qalan 0,34 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.
36. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərcinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ekspertiza xərci cavabdehlərdən birgə qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir.
V. Nəticə:
37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 birgə (müştərək) qaydada 14651,20 manat əsas borc, 1130,78 manat faiz borcu, 514,70 manat dəbbə pulu, 138,89 manat dövlət rüsumu, ümumilikdə 16435,57 (on altı min dörd yüz otuz beş manat əlli yeddi qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 0,34 (otuz dörd qəpik) manat dövlət rüsumu İddiaçı ASC-nin özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatı ilə bağlı 100 (bir yüz) manat ekspertiza xərci cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 birgə (müştərək) qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ22) ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova