Məhkəmə qərarları › İş №e-2-2(113)-1145/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1145/2025

16.01.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1145/2025 16.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: sığorta müqaviləsi, sığorta ödənişi, zərər) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh2 (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 2910 manat sığorta ödənişinin, vəkilə ödənilən 100 manat və 50,10 manat məbləğində dövlət rüsumu olmaqla cəmi 3060,10 pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh2 (VOEN: **********) (lizinq alan) arasında 10 yanvar 2022-ci il tarixdə 348 saylı “daxili lizinq müqaviləsi” bağlanmışdır. xx.xx.2022-ci il tarixində ** PJ *** dövlət qeydiyyat nişanlı Honda İnsight markalı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə sığortalanmışdır. xx.xx.2022-ci il tarixində Bakı şəhəri, Suraxanı rayonu, Ə.Mehbalıyev küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Azərsığorta Dövlət Sığorta” tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış ** ER *** dövlət qeydiyyat nişanlı X3 111 markalı avtonəqliyyat vasitəsi ilə İddiaçı MMC-yə məxsus olan ** PJ *** dövlət qeydiyyat nişanlı Honda İnsight markalı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən 4000 (dörd min) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. "xxxx" ASC tərəfindən ödəniş olunduqdan sonra cavabdeh xx.xx.2022-ci il tarixdə İddiaçı MMC-yə ərizə ilə müraciət edərək avtomobilin təmir olunması üçün 4000 (dörd min) manat puldan 980 manat lizinq üzrə borc ödənişinə yönəldilməsini qalan 3020 manat isə onun hesabına ödənilməsini xahiş etmişdir. İddiaçı MMC tərəfindən həmin ödəniş təmin edilmişdir (xx.xx.2022 ci il tarixli 350 saylı ödəniş tapşırığı). Cavabdeh avtomobilin təmirinə ödənilən pulun kifayət etmədiyini fikirləşərək “Azərsığorta Dövlət Sığorta” şirkətinə müraciət edək avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə pulun ödənilməsini xahiş etmişdir. “Azərsığorta Dövlət Sığorta” şirkəti tərəfindən əlavə 3 115 (üç min bir yüz on beş) manat məbləğində sığorta ödənişi həyata kecirilmişdir. “Azərsığorta Dövlət Sığorta” şirkəti tərəfindən ödəniş olunduqdan sonra cavabdeh xx.xx.2022-ci il tarixdə İddiaçı MMC-yə ərizə ilə müraciət edərək avtomobilin təmir olunması üçün 3 115,00 (üç min bir yüz on beş) manat puldan 395 manat lizinq üzrə borc ödənişinə yönəldilməsini qalan 2720 manat isə onun hesabına ödənilməsini xahiş etmişdir. İddiaçı MMC tərəfindən həmin ödəniş təmin edilmişdir ( xx.xx.2022-ci il tarixli 412 saylı ödəniş tapşırığı) Göründüyü kimi cavabdeh ** PJ *** dövlət qeydiyyat nişanlı Honda İnsight markalı avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə hər iki sığorta şirkəti tərəfindən ödənilmiş məbləğləri almışdır. “Azərsığorta Dövlət Sığorta” şirkətindən 3115 (üç min yüz on beş) manat məbləğində sığorta ödənişi aldığına görə "xxxx" ASC 4000 (dörd min) manat məbləği həcmində subroqasiya hüququndan məhrum edilmişdir. Belə olan halda "xxxx" ASC tərəfindən İddiaçı MMC-yə qarşı Bakı Kommersiya Məhkəməsinə pullun geri tələb edilməsi barədə müraciət olunmuşdur. Bakı Kommersiya Məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixdə 4000 manat sığorta ödənişinin "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbuletmişdir. Cavabdeh tərəfindən "xxxx" ASC-yə ünvanlanmış məktubdan görünür ki, cavabdeh "xxxx" ASC-yə müraciət edərək qaytarılmalı olan 4000 manatdan 850 manat ödəniş etmiş qalan pulun 5 aya bölünərək hissə hissə ödənilməsini xahiş etmişdir. Tələb nəticəsində cavabdeh bir daha ödənilməli olan puldan 250 manat ödəyərək qalan 2910 manat tələb olunan məbləği "xxxx" ASC-nin bank hesabına geri ödəməkdən yayınmışdır. İddiaçı MMC tərəfindən qətnamə üzrə "xxxx" ASC 2910 manat ödəniş ödənilmişdir (xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı N 436). Cavabdeh dəfələrlə pulun ödəniləcəyinə vəd verməsinə baxmayaraq, bu günə qədər İddiaçı MMC-nin bank hesabına geri ödəməkdən yayınmışdır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi F.Bayramzadə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı (lizinq verən) ilə cavabdeh (lizinq alan) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 348 nömrəli daxili lizinq müqaviləsinə görə lizinq verən Honda İnsight minik markalı, tünd boz metallik rəngli, buraxılış ili 2009-cu il olan avtomobilini satıcıdan əldə etməyi və lizinq alanın istifadəsinə verməyi, lizinq alan isə bu müqavilədə müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsiə götürür.

8. MC-Mİ00041/22 nömrəli avtonəqliyyat vasitələrinin (kasko) sığortası şəhadətnaməsinə görə iddiaçıya məxsus Honda İnsight minik markalı, tünd boz metallik rəngli, buraxılış ili 2009-cu il olan avtomobil xx.xx.2022-xx.xx.2023 tarixləri üçün "xxxx" ASC tərəfindən sığortalanmışdır.

9. xx.xx.2022-ci il tarixli, 412 nömrəli ödəniş tapşırığına görə 2720 manat məbləğində pul iddiaçı tərəfindən cavabdehə məxsus bank hesabına köçürülmüşdür.

10. xx.xx.2022-ci il tarixli, 50 nömrəli ödəniş tapşırığına görə 3020 manat məbləğində pul iddiaçı tərəfindən cavabdehə məxsus bank hesabına köçürülmüşdür.

11. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1113/2024 nömrəli qətnaməsinə əsasən İddiaçı MMC-dən 4000 manat sığorta ödənişi və mediasiya xərcinin əvəzi olaraq 60 manatın tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir.

12. xx.xx.2024-cü il tarixli, 436 nömrəli ödəniş tapşırığına görə 2910 manat məbləğində pul iddiaçı tərəfindən "xxxx" ASC-yə məxsus bank hesabına köçürülmüşdür.

13. Məhkəmə nümayəndənin izahatını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

14. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı (lizinq verən) ilə cavabdeh (lizinq alan) arasında xx.xx.2022-ci il tarixdə lizinq müqaviləsi bağlanmış, iddiaçının mülkiyyətində olan Honda İnsight minik markalı avtomobil cavabdehin sahiblik və istifadəsinə verilmiş, müqavilənin qüvvədə olduğu müddət ərzində sığorta hadisəsi baş vermiş, cavabdehin müraciəti və təqsiri nəticəsində eyni sığorta hadisəsi ilə bağlı iki sığorta ödənişi alınmış, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddiası əsasında artıq ödənilmiş 4000 manat sığorta ödənişinin iddiaçıdan tutulması qət edilmişdir. Həmin qətnamə əsasında iddiaçı tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 2910 manat pul xx.xx.2024-cü il tarixdə ödənilmişdir. İddiaçı hazırda həmin vəsaitin cavabdehdən tutulmasını tələb edir.

15. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – MM) 21.1ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

16. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

17. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir.

18. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablaşmalarla, sübutlarla (smeta, kalkulyasiya və s.) təsdiq olunmalıdır.

19. Bundan əlavə, məlum olduğu kimi, MM zərər vurulmasını öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi təsbit edir (m. 386.1).

20. Göründüyü kimi hazırkı iş üzrə iddiaçıya cavabdeh tərəfindən 2910 manat ziyan vurulmuş, cavabdehin əməli ilə iddiaçıya dəymiş maddi zərər arasında səbəbli əlaqə məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmış, bununla da cavabdehin iddiaçıya dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı müvafiq öhdəliyi yaranmışdır.

21. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, 2910 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

22. Bundan başqa iddia ərizəsində 100 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin cavabdehdən tutulması da tələb edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən həmin xərc cavabdehə aid edilməlidir.

23. Belə ki, xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən vəkil Xanlar Bayramzadənin hesabına 100 manat hüquqi xidmət haqqı köçürülmüşdür.

24. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

26. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 50,10 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

V. Nəticə:

41. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh2 2910 manat məbləğində pul, 100 manat hüquqi yardıma görə xərc, 50,10 manat dövlət rüsumu, ümumilikdə 3060,10 (üç min altmış manat on qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar