Məhkəmə qərarları › İş №e-2-2(113)-1147/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1147/2021

25.08.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1147/2021 25.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı cavabdehdən iddiaçının xeyrinə 19 dekabr 2014-cü il tarixli 6-BİZ-1-0-100-14 saylı kredit müqaviləsi üzrə iddiaçıya 19.12.2017-ci il tarixdən 29.12.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1.108.184,09 ABŞ dolları məbləğində əldən çıxmış fayda, 1.879.748,97 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 2.987.933,87 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehdən iddiaçının xeyrinə 19 dekabr 2014-cü il tarixli 6-BİZ-1-0-100-14 saylı kredit müqaviləsi üzrə iddiaçıya 19.12.2017-ci il tarixdən 29.12.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1.108.184,09 ABŞ dolları məbləğində əldən çıxmış fayda, 1.879.748,97 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 2.987.933,87 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehə 19 dekabr 2014 -cü il tarixli 6- BİZ-1-0-100-14 saylı kredit müqaviləsinə əsasən "xxxx" İKB Açıq Səhmdar Cəmiyyətindən illik 6 faizlə 36 ay müddətinə 7.300.000 ABŞ dolları kredit xətti verilmişdir. Borcun təminatı olaraq “Savalan “ Məhdud Məsuliyyətli Cəmiyyətinin 1.107.096 ədəd səhmləri 22 dekabr 2014-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2020-ci il dekabrın 22-dək cavabdehin 19 dekabr 2014-cü il tarixli 6-BİZ-1-0-100-14 saylı kredit müqaviləsi üzrə banka 19.12.2017-ci il tarixdən 29.12.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1.108.184,09 ABŞ dolları məbləğində əldən çıxmış fayda, 1.879.748,97 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 2.987.933,87 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. 19 dekabr 2014-ci il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Belə ki, kredit müqaviləsinin 9.3-cü bəndinə əsasən borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımnca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, Kreditorun əldən çıxmış faydası şəkilində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər Banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıda qeyd olunan sənədlər əlavə edilmişdir: "xxxx" İKB Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh arasında bağlanmış 19 dekabr 2014-cü il tarixli 6-BİZ-1-0-100-14 saylı kredit xətti müqaviləsindən görünür ki, "xxxx" İKB Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehə illik 6 faizlə 36 ay müddətinə, yəni 19.12.2017-ci il tarixədək ümumilikdə 7.300.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 iyul 2019-cu il tarixli 2-2(103)-85/2019 saylı qətnaməsindən müəyyən olunur ki, cavabdehdən "xxxx" İKB Açıq Səhmdar Cəmiyyətinin (“Yelo Bank “ ASC) xeyrinə 19 dekabr 2014-cü il tarixli 6-BİZ- 1-0-100-14 saylı kredit müqaviləsi üzrə 7.299.696,69 ABŞ dolları əsas borc, 1.091.269,99 ABŞ dolları faiz borcu olmaqla ümumilikdə 8.390.966,68 ABŞ dolları tutulmuşdur. Maliyyə arayışından görünür ki, cavabdeh 22 dekabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB Açıq Səhmdar Cəmiyyətindən illik 6 faizlə 36 ay müddətinə 7.300.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. 29 dekabr 2020-ci il tarixə cavabdehin ümumi borcu 2.987.933,87 ABŞ dolları təşkil edir. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, "xxxx" İKB Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh arasında bağlanmış 19 dekabr 2014-cü il tarixli 6-BİZ-1-0-100-14 saylı kredit xətti müqaviləsinə əsasən "xxxx" İKB Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehə illik 6 faizlə 36 ay müddətinə, yəni 19.12.2017-ci il tarixədək ümumilikdə 7.300.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 iyul 2019-cu il tarixli 2-2(103)-85/2019 saylı qətnaməsi ilə cavabdehdən "xxxx" İKB Açıq Səhmdar Cəmiyyətinin (“Yelo Bank “ ASC) xeyrinə 19 dekabr 2014-cü il tarixli 6-BİZ-1-0-100-14 saylı kredit müqaviləsi üzrə 7.299.696,69 ABŞ dolları əsas borc, 1.091.269,99 ABŞ dolları faiz borcu olmaqla ümumilikdə 8.390.966,68 ABŞ dolları tutulmuşdur. Borc cavabdeh tərəfindən ödənilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafıq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtı tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Belə ki, qərarda göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və Mülki Məcəllənin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə Mülki Məcəllənin «Öhdəliklərin icra edilməməsi» adlanan 22-ci fəslində və «Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət» adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. İstinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafıq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfındən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafıq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafıq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Göstərilən normaların dispozitiv şərtlərindən də göründüyü kimi, gecikdirilmiş vaxt üçün faiz tələb etmə yalnız kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) halında mümkündür. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq iddiaçı cavabdehdən gecikdirilmiş vaxt (19.12.2017-ci il (müqavilənin müddətinin bitdiyi tarix) – 29.12.2020-ci il) üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malik olduğundan hesablanmış borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb "xxxx" İKB Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsindən irəli gəlir. Belə ki, müqavilənin 1.14-cü və 9.2-ci bəndlərinə əsasən cavabdeh kredit və ona hesablanmış faizlərin ödənilməsinin gecikdirilməsinə görə cərimə ödəməyi öhdəsinə götürmüşdür. Lakin məhkəmə hesab edir ki, tələb olunan 1.879.748,97 ABŞ dolları dəbbə pulu məbləği yaranmış borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan, onun məbləği azaldılaraq 167819 ABŞ dolları həddində müəyyən edilməklə cavabdehdən tutulması ədalətlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 19 dekabr 2014-cü il tarixli 6-BİZ-1-0-100-14 saylı kredit müqaviləsi üzrə 19.12.2017-ci il tarixdən 29.12.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1.108.184,09 ABŞ dolları məbləğində əldən çıxmış fayda və 167819 ABŞ dolları cərimə ödənildiyi gün üçün Azərbaycan manatı məzənnəsi ilə cavabdehdən tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İddianın təmin edilmiş hissəsi iddia tələbinin 42,7 faizini təşkil etdiyini nəzərə alaraq iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 12,81 manat məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 17,19 manat məbləği isə iddiaçıya aid edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 19 dekabr 2014-cü il tarixli 6-BİZ-1-0-100-14 saylı kredit müqaviləsi üzrə 19.12.2017-ci il tarixdən 29.12.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1.108.184,09 ABŞ dolları məbləğində əldən çıxmış fayda və 167819 ABŞ dolları cərimə ödənildiyi gün üçün Azərbaycan manatı məzənnəsi ilə Cavabdehndən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumunun 12,81 manat məbləği Cavabdehndən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin, qalan 17,19 manat məbləği isə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə aid edilsin. Qətnamə tərəflərə rəsmi qaydada təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar