Məhkəmə qərarları › İş №e-2-2(113)-1147/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1147/2022

06.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1147/2022 06.05.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı (İddiaçı MMC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borc üzrə ƏDV daxil 2986,48 manat (iki min doqquz yüz səksən altı manat qırx səkkiz qəpik), habelə qanunvericiliklə müəyyən edilmiş dövlət rüsumunun da ehtiva olunduğu 60 (altmış) manat məbləğində ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqq olmaqla, cəmi 3046,48 manat (üç min qırx altı manat qırx səkkiz qəpik) məbləğin İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında Azərbaycan Respublikası, ünvan 1 ünvanında yerləşən, sahəsi 51.40 kv.m. təşkil edən qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında 01 yanvar 2018-ci il tarixli, 126 №-li müqavilə bağlanmışdır. İcarə Müqaviləsinin 3.1-ci bəndinə uyğun olaraq 01 yanvar 2018-ci il tarixindən başlayaraq icarə müqaviləsinin qüvvədə olduğu müddət ərzində icarəyə verilən əmlak üçün cəmi ƏDV daxil 800 (səkkiz yüz) manat məbləğində aylıq icarə haqqı müəyyən edilmişdir. İcarə Müqaviləsinin 3.2-ci bəndinə əsasən icarə haqqı hər cari ayın əvvəlində təqdim olunmuş hesab-faktura əsasında 3 (üç) iş günündən gec olmayaraq, cavabdeh tərəfindən iddiaçıya nağd və ya bank hesabına köçürmə yolu ilə hər ay üzrə əvvəlcədən ödənilməlidir. İcarə müqaviləsinin 3.3-cü bəndinə əsasən cavabdeh icarəyə verilən əmlakda icarə müddəti ərzində istifadə etdiyi su, kanalizasiya, qaz, elektrik enerjisi, telefon (o cümlədən beynəlxalq, mobil telefon danışıqları və internet xidmətləri) və digər kommunal xidmətlərə görə xərclər də daxil olmaqla, bütün kommunal xidmət haqlarının ödənilməsi öhdəliyini daşıyacaq. İcarə müqaviləsinin 5.1.1-ci yarımbəndinə uyğun olaraq icarə haqqı və Sayğac üzrə xidmət haqlarını vaxtlı-vaxtında ödəmək cavabdehin əsas öhdəliyi kimi nəzərdə tutulmuşdur. Həmçinin qeyd olunur ki, icarə müqaviləsinə əlavə və dəyişikliklərin edilməsi barədə 29 dekabr 2019-cu il tarixli, 1 №-li Əlavə Razılaşma ilə icarə haqqı məbləğinə tərəflərin qarşılıqlı razılığı əsasında dəyişikliklər edilməklə, 1 №-li Əlavənin 1-ci bəndinə əsasən icarə müddətinin 01 yanvar 2020-ci il – 31 dekabr 2020-ci il tarixləri aralığında olan dövrünün hər ayı üçün ƏDV daxil 1031,08 manat (bir min otuz bir manat səkkiz qəpik), 01 yanvar 2021-ci il tarixindən etibarən isə ƏDV daxil 1213,04 manat (bir min iki yüz on üç manat dörd qəpik) aylıq icarə haqqı müəyyənləşdirilmişdir. Bununla belə, icarə müqaviləsi üzrə ödənişlərin vaxtlı-vaxtında təmin edilməsi barədə cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə və möhlət verilməsinə baxmayaraq, (09 avqust 2019-cu il tarixli, FMG 01/19/320 №-li və 21 fevral 2020-ci il tarixli, FMG 01/20/059 №-li xəbərdarlıq məktubları, o cümlədən 30 oktyabr 2020-ci il tarixli, FMG 01/20/393 №-li pretenziya bildirişi cavabdehə göndərilmişdir) cavabdeh tərəfindən icarə müqaviləsi üzrə ödəniş öhdəliklərinə və şərtlərinə riayət edilməmiş və iddiaçının etibarından, yaxşı niyyətindən sui-istifadə edilərək ona xeyli miqdarda ziyan vurulmuşdur. Bu səbəbdən İcarə Müqaviləsinin 8.5.2-ci və 8.5.3-cü yarımbəndlərinin müddəaları rəhbər tutularaq 31 oktyabr 2020-ci il tarixində iddiaçının tələbi ilə xəbərdarlıq müddətini gözləmədən icarə müqaviləsinə birtərəfli qaydada xitam verilmişdir. İcarə müqaviləsinin müvafiq olaraq 8.5.2ci və 8.5.3-cü yarımbəndlərinə əsasən iki ardıcıl müddət üçün icarə haqqının və ya onun xeyli hissəsinin ödənilməsinin gecikdirilməsi və ikidən çox müddət üçün iki aylıq icarə haqqı məbləğinə çatan məbləğdə icarə haqqının ödənilməsinin gecikdirilməsi iddiaçıya xəbərdarlıq müddətini gözləmədən icarə müqaviləsini birtərəfli qaydada ləğv etmək səlahiyyəti verir. Cavabdehə ünvanlanmış xitam və pretenziya bildirişində də qeyd edildiyi kimi, icarə müqaviləsinin predmeti olan icarəyə verilən əmlak həmin əmlakın mülkiyyətçisinin qərarı ilə notariat qaydasında təsdiqlənmiş “daşınmaz əmlakın alqı-satqı müqaviləsinə” əsasən 02 noyabr 2020-ci il tarixindən etibarən X1 adına özgəninkiləşdirilmişdir. Həmin alqı-satqı əməliyyatının baş tutmasından əvvəl icarəyə verilən əmlakı mülkiyyət hüququ ilə əldə etmək cavabdehə təklif edilmiş, lakin imtina cavabı alınmışdır. Buna görə də mülkiyyətçi rentabelli hesab etmədiyi icarəyə verilən əmlakı cavabdehə deyil, üçüncü şəxsə satmaq məcburiyyətində qalmışdır. Aydındır ki, icarəyə verilən əmlakın özgəninkiləşdirilməsi, eyni zamanda İddiaçı MMC-nin həmin əmlakın idarə edilməsinə dair səlahiyyətlərindən məhrum olmasına gətirib çıxarmışdır. Həmçinin xitam və pretenziya bildirişində cavabdehə izah edilmişdir ki, xitam tarixindən sonra icarəyə verilən əmlaka münasibətdə icarə münasibətlərinin davam etdirilməsi ilə əlaqədar bütün məsələlər yeni mülkiyyətçi ilə cavabdeh arasında tənzimlənəcək və bununla əlaqədar iddiaçı hər hansı vəzifə və ya öhdəlik daşımayacaqdır. İcarə müqaviləsinin 31 oktyabr 2020-ci il tarixində ləğvinin rəsmiləşdirilməsi məqsədilə daha əvvəl əməkdaşlıq münasibətlərindən irəli gələrək iddiaçı tərəfindən ikitərəfli xitam razılaşmasının layihəsi cavabdehə göndərilmiş, lakin dəfələrlə xatırlatmaların edilməsinə baxmayaraq hər dəfə ikitərəfli xitam razılaşmasının imzalanması müxtəlif bəhanələrlə gecikdirilmiş və faktiki olaraq razılaşmanın imzalanmasından imtina edilmişdir. Buna görə də icarə müqaviləsinin ləğvinin rəsmiləşdirilməsi məqsədilə yuxarıda qeyd olunmuş xitam və pretenziya bildirişi göndərilməklə, icarə müqaviləsinin 31 oktyabr 2020-ci il tarixində ləğv edildiyi və borcun ödənişinin bu bildirişdə qeyd edilmiş müddətdə təmin edilməsi zərurəti bir daha qabardılmışdır. Beləliklə, icarəyə verilən əmlakın icarəsi ilə əlaqədar ödənişlərin cavabdeh tərəfindən həyata keçirilməməsi və cavabdehin üzərinə düşən öhdəlikləri sistematik olaraq pozması nəticəsində ümumilikdə ƏDV daxil 2986,48 manat (iki min doqquz yüz səksən altı manat qırx səkkiz qəpik) əsas borc məbləği yığılmışdır. 25 yanvar 2021-ci il tarixli, FMG 01/21/010 №-li İcarə Müqaviləsinə xitam verilməsi və müqavilə üzrə borcun ödənilməsi tələbi barədə xitam və pretenziya bildirişində də qeyd edildiyi kimi, icarə müqaviləsinə xitam verilməsi qanunvericiliyə və icarə müqaviləsinin müvafiq şərtlərinə əsasən cavabdehi xitam tarixinədək icarə müqaviləsi üzrə təmin etməli olduğu öhdəliklərin icrasından azad etmir. Sözügedən xitam və pretenziya bildirişində müvafiq borc məbləğinin ödənişinin bildirişin verildiyi tarixdən etibarən 10 (on) iş günü ərzində cavabdeh tərəfindən təmin edilmədiyi təqdirdə iddiaçının pozulmuş hüquq, maraq və mənafelərinin bərpası hüququndan istifadə edərək məhkəmə və hüquq-mühafizə orqanlarına müraciət edəcəyi və bu zaman yalnız borc məbləğinin deyil, həm də dəbbə pulu daxil olmaqla, cavabdehin iddiaçıya vurduğu bütün zərərin əvəzinin ödənilməsini tələb edəcəyi bildirilmişdir. Lakin cavabdeh sözügedən pretenziya bildirişinə də məhəl qoymamış və xitam tarixindən 1 il 2 aylıq bir müddətin keçməsinə baxmayaraq, müvafiq borc məbləğinin ödənilməsi istiqamətində heç bir addım atmamışdır. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 02.03.2021-ci il tarixli müraciət məktubunda da etiraf edildiyi və iddiaçı tərəfindən qeyd olunmuş məktuba cavab olaraq göndərilmiş 29 mart 2021-ci il tarixli, FMG 01/21/132 №-li məktubdan da məlum olduğu kimi, icarə müddəti ərzində iddiaçı tərəfindən cavabdeh barəsində icarə haqqının ödənişində davamlı güzəştlər olunmaqla, 2020-ci ilin mart ayı üzrə icarə haqqının 50%-i həcmində, aprel ayı üzrə icarə haqqının 100%-i həcmində, may-iyun ayları üzrə icarə haqqının 50%-i həcmində, iyul ayı üzrə icarə haqqının 100%-i həcmində, avqust ayı üzrə icarə haqqının 50 %-i həcmində və oktyabr ayı üzrə icarə haqqının 25%-i həcmində silsilə endirimlər tətbiq edilmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir: Belə ki, iş materiallarından görünür ki: - İddiaçı (icarəyə verən) ilə Cavabdeh (icarəçi) arasında 01 yanvar 2018-ci il tarixdə, 126 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən icarəyə verən icarə və idarəetmə hüququ əsasında istifadəsində olan, ünvan 2 ünvanında yerləşən, sahəsi 51,4 m2 olan qeyri-yaşayış sahəsini icarəçiyə icarəyə verməyi, icarəçi isə icarəyə verilən əmlakı qəbul edib icarə haqqını müqavilə ilə müəyyən olunmuş şərtlərlə icarəyə verənə ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən icarəyə verənin əvvəlcədən alınmış yazılı razılığı olmadan icarəçi icarəyə verilən əmlakı subicarəyə verə bilməz. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən icarəçi bu icarənin qüvvədə olduğu müddət ərzində icarəyə 01 yanvar 2018-ci il tarixdən başlayaraq hər ay 677,97 manat (altı yüz yetmiş yeddi manat doxsan yeddi qəpik) + 122,03 manat (bir yüz iyirmi iki manat üç qəpik) ƏDV daxil olmaqla, cəmi 800 (səkkiz yüz) manat aylıq icarə haqqı ödəməlidir. - İddiaçı MMC ilə Cavabdeh arasında 29 dekabr 2019-cu il tarixli, 1 nömrəli (qeyriyaşayış sahəsinin icarəyə verilməsi haqqında 01 yanvar 2018-ci il tarixli, 126 nömrəli müqaviləyə əlavə və dəyişiklər edilməsi barədə) Əlavə Razılaşma bağlanmışdır. Həmin Razılaşmanın 1-ci bəndinə əsasən tərəflər razılığa gəlirlər ki, icarə müqaviləsinin 1.1-ci bəndində nəzərdə tutulmuş icarəyə verilən əmlaka (ünvan 1 ünvanında yerləşən, sahəsi 51,40 m2 təşkil edən qeyri-yaşayış sahəsi) görə icarə haqqı bu əlavə razılaşmanın icra olunduğu tarixdən etibarən aşağıda göstərilən qaydada və məbləğdə ödəniləcəkdir: 1.1-ci bəndinə əsasən İcarə müddətinin 01 yanvar-31 dekabr 2020-ci il tarixləri aralığında olan dövrünün hər ayı üçün İcarə Müqaviləsinin 1.1-ci bəndində nəzərdə tutulmuş icarəyə verilən əmlak(lar)a görə ƏDV daxil 1031,08 manat (bir min otuz bir manat səkkiz qəpik) aylıq icarə haqqı; 1.2-ci bəndinə əsasən 01 yanvar 2021-ci il tarixindən etibarən İcarə Müqaviləsinin 1.1-ci bəndində nəzərdə tutulmuş icarəyə verilən əmlak(lar)a görə ƏDV daxil 1213,04 manat (bir min iki yüz on üç manat dörd qəpik) aylıq icarə haqqı. Həmin Razılaşmanın 2-ci bəndinə əsasən tərəflər həmçinin razılığa gəlirlər ki, icarəçi icarə müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsinin təminatı qismində icarəyə verənin təqdim etdiyi müvafiq hesab-faktura əsasında icarəyə verənin bank hesabına bu əlavə razılaşmanın 1.1-ci bəndində nəzərdə tutulmuş 1 (bir) aylıq icarə haqqına bərabər məbləğdə zəmanət depoziti ödəməlidir. İcarə müqaviləsinə xitam verildikdə icarəçinin həmin müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirib-yetirməməsindən asılı olaraq zəmanət depoziti müəyyən tutulmalar aparılmaqla və ya aparılmadan icarəçiyə geri qaytarılacaqdır. - 30.01.2020-ci il tarixli, EBAF seriyalı, 659373 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1031,08 (ƏDV daxil) manat təşkil edir. - 03.02.2020-ci il tarixli, EBAF seriyalı, 815341 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1031,08 (ƏDV daxil) manat təşkil edir. - 03.03.2020-ci il tarixli, EBAH seriyalı, 088297 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1031,08 (ƏDV daxil) manat təşkil edir. - 02.07.2020-ci il tarixli, EBAK seriyalı, 840732 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 515,54 (ƏDV daxil) manat təşkil edir. - 30.08.2020-ci il tarixli, EBAN seriyalı, 560956 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 515,54 (ƏDV daxil) manat təşkil edir. - 30.09.2020-ci il tarixli, EBAQ seriyalı, 683749 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1031,08 (ƏDV daxil) manat təşkil edir. - 09.10.2020-ci il tarixli, EBAQ seriyalı, 802958 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1031,08 (ƏDV daxil) manat təşkil edir. - 11.11.2020-ci il tarixli, EBAS seriyalı, 428227 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1031,08 (ƏDV daxil) manat təşkil edir. - Qeyd olunan olunan elektron qaimələrin əsasında dayanan hesab fakturalar məhkəməyə təqdim edilmişdir. - 13 aprel 2022-ci il tarixli (01 yanvar 2018-ci il tarixli, 126 nömrəli icarə müqaviləsi üzrə qalıq borc haqqında) cədvəldən görünür ki, Cavabdeh İddiaçı MMC-yə borcu 2986,48 manat (iki min doqquz yüz səksən altı manat qırx səkkiz qəpik) təşkil edir. - İddiaçı MMC 30.10.2020-ci il tarixli, FMG 01/20/393 nömrəli və 25.01.2021-ci il tarixli, FMG 01/21/010 nömrəli pretenziya və xitam məktubları ilə Cavabdeh müraciət edərək, tərəflər arasında bağlanmış icarə müqaviləsinə əsasən borcun İddiaçı MMC-yə ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. - Cavabdeh tərəfindən İddiaçı MMC-yə göndərilən 02.03.2021-ci il tarixli ərizə deyilir ki, ona ünvanlanmış 30.10.2020-ci il tarixli məktuba cavab olaraq bildirmək istəyir ki, 2016cı il avqust ayının 1-dən iddiaçı şirkətə məxsus obyekti icarəyə götürmüş və vaxtlıvaxtında icarə haqqını ödəmişdir. 2020-ci ildən ölkəyə yayılan koronavirus infeksiyası Azərbaycan iqtisadiyyatı və biznesinə mənfi təsirini göstərmişdir. İddiaçı şirkət bu günə kimi ona müəyyən güzəştlər etmişdir... Pandemiya dövründə fəaliyyət göstərdiyi sahə elm və təhsil müəssiələrinə xidmət etdiyi sahə olduğu üçün və bu dövr ərzində distant təhsilə keçildiyi üçün onun biznesinə mənfi təsir göstərmişdir. Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən fərdi sahibkarlara dövlətin dəstəyini nəzərə alıb və fors major vəziyyət yarandığı üçün onun borclu olduğu məbləğin güzəştə gedilməsini xahiş edir. - İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış 29.03.2021-ci il tarixli, FMG- 01/21/132 nömrəli məktubda qeyd edilmişdir ki, Cavabdeh tərəfindən ünvanlanmış 02.03.2021-ci il tarixli ərizəyə cavab olaraq bildirirlər ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış 01 yanvar 2018-ci il tarixli, 126 №-li müqaviləsinin (İcarə müqaviləsi) qüvvədə olduğu müddətdə (İcarə müqaviləsi 31.10.2020-ci il tarixində ləğv edilmişdir) pandemiya ilə əlaqədar tətbiq olunan karantin rejiminin şərtləri nəzərə alınaraq, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 51.40 m2 təşkil edən qeyri-yaşayış sahəsinin icarəsinə münasibətdə İcarə müqaviləsində şərtləşdirilmiş icarə haqqına 2020-ci ilin mart-oktyabr ayları (sentyabr ayı istisna olmaqla) üzrə aşağıdakı həcmdə endirimlər olunmaqla, barənizdə güzəştli icarə şərtləri tətbiq edilmişdir: 1) 2020-ci ilin mart ayı üzrə - İcarə haqqının 50 %-i həcmində; 2) 2020-ci ilin aprel ayı üzrə - İcarə haqqının 100 %-i həcmində; 3) 2020-ci ilin may ayı üzrə - İcarə haqqının 50 %-i həcmində; 4) 2020-ci ilin iyun ayı üzrə - İcarə haqqının 50 %-i həcmində; 5) 2020-ci ilin iyul ayı üzrə - İcarə haqqının 100 %-i həcmində; 6) 2020-ci ilin avqust ayı üzrə - İcarə haqqının 50 %-i həcmində; 7) 2020-ci ilin oktyabr ayı üzrə - İcarə haqqının 25 %-i həcmində. Ərizədə “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş müvafiq Tədbirlər Planına əsasən dövlət əmlakını icarəyə götürmüş və pandemiya nəticəsində zərər çəkmiş sahibkarlıq subyektləri (o cümlədən, kiçik və orta sahibkarlar) üçün icarə haqqının 2020-ci ilin sonunadək hesablanmaması müddəasının təsbit edildiyi qeyd olunmuşdur. Lakin Cavabdeh tərəfindən də vurğulandığı kimi, sözügedən müddəa yalnız dövlət əmlakını icarəyə götürmüş sahibkarlara şamil edilir. ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 51.40 m2 təşkil edən qeyri-yaşayış sahəsi isə dövlət mülkiyyətini təşkil etməyərək, xüsusi mülkiyyətdədir. Bu səbəblə də sözügedən müddəa İddiaçı MMC-nin üzərinə hər hansı öhdəlik qoymur. Lakin yuxarıda da qeyd edildiyi kimi, hər hansı öhdəlikləri olmamasına baxmayaraq, xüsusi karantin rejiminin tətbiq edildiyi dövr ərzində tərəflərindən icarə haqqı ödənişi ilə bağlı Cavabdeh əhəmiyyətli güzəştlər tətbiq edilmişdir. Ərizənin fors-majorla bağlı hissəsinə münasibətdə isə bildirirlər ki, Cavabdeh tərəfindən pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin davam etdiyi müddət ərzində icarə müqaviləsinə vaxtından əvvəl xitam verilməsi ilə əlaqədar müraciət daxil olmamışdır. Hətta icarə müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi ilə bağlı İddiaçı MMC tərəfindən göndərilmiş ikitərəfli xitam razılaşmasının imzalanmasından belə imtina edilmişdir. Buna görə də ərizədə fors-major hadisəsinin mövcudluğuna və ondan irəli gələn nəticələrə istinad edilməsi tamamilə əsassızdır. Yuxarıda qeyd edilənlər və qalıq borc məbləğinin ödənilməsi ilə bağlı daha öncə göndərdilən xitam və pretenziya bildirişi nəzərə alınaraq, icarə müqaviləsi üzrə ödənişlərin Cavabdeh tərəfindən təmin edilməməsi nəticəsində xitam tarixinə yığılmış ümumilikdə ƏDV daxil 2986,48 manat məbləğin qısa zaman ərzində ödənilməsi qeyd edilmiş və bir daha bildirilmişdir ki, borc məbləğinin ödənilməsi təmin edilmədiyi təqdirdə pretenziya bildirişində qedy edilmiş müvafiq tədbir tətbiq ediləcəkdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Müəyyən olunur ki, 2020-ci ilin yanvar-oktyabr ayları üçün cavabdehə ümumilikdə ƏDV daxil 6186,48 manat icarə haqqı hesablanmış, həmin icarə haqqından 3200 manat ödənilmiş, 2986,48 manat isə ödənilməmiş qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qanunvericilik normaları və müqavilə şərtlərinə əsasən belə qənaətə gəlir ki, iddaçı cavabdehdən müqavilə üzrə öhdəliyinin yerinə yetirilməsini, yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır və icarə haqqına görə ƏDV daxil 2986,48 manat (iki min doqquz yüz səksən altı manat qırx səkkiz qəpik) məbləğində borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı 60 (altmış) manat mediasiya xərcinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, cavabdehdən mediasiyaya ödənilmiş 60 (altmış) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ƏDV daxil 2986,48 manat (iki min doqquz yüz səksən altı manat qırx səkkiz qəpik) məbləğində borc və 60 (altmış) manat mediasiya xərci olmaqla, cəmi 3046,48 manat (üç min qırx altı manat qırx səkkiz qəpik) məbləğində pul İddiaçı xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar