Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1149/2025 30.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “icarə müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi, icranın gecikdirilməsi hüquqi faktı, qanuni faiz) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı “icarə müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli icarə müqaviləsi üzrə 5045,62 manat icarə haqqı, icarə haqqına illik 5 faizlə hesablanmaqla 504 manat məbləğində pulun və ödənilmiş 75,5 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, 2.1. iddiaçı ilə cavabdeh arasında bağlanmış 08 noyabr 2023-cü il tarixli icarə müqaviləsinin 1.1-ci bəndinə əsasən, iddiaçı ona məxsus olan ağır texnikaları cavabdehin istifadəsinə verməyi, cavabdeh isə bunun qarşılığında müqavilə ilə müəyyən edilmiş icarə haqqı məbləğini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə uyğun olaraq iddiaçı özünə məxsus ağır texnikaları cavabdehin istifadəsinə vermişdir. Müqavilənin 3.1-ci bəndinə əsasən, tərəflər “Backhoe Loader” markalı bir inşaat texnikasının icarə haqqı məbləğinin aylıq 5000 olması barədə razılığa gəlmişlər. İcarə haqqının ödənilməsinin hər ay cavabdeh tərəfindən icarəyə verilən gündən 60 gün sonra iddiaçının hesablaşma hesabına köçürülməsi razılaşdırılmışdır. 2.2. Təqdim edilmiş xx.xx.2023-cü il tarixli EBDV 948120 nömrəli və xx.xx.2023cü il tarixli EBDU 379279 nömrəli elektron qaimə-faktura sənədlərindən görünür ki, cavabdehə ümumilikdə 8845,62 manat məbləğində elektron qaimə-faktura göndərilmişdir. Təqdim edilmiş iddiaçıya məxsus AZ77AİİB**********0437516122 saylı bank hesabının mədaxil əməliyyatlarının çıxarış sənədindən görünür ki, cavabdeh tərəfindən qeyd olunan elektron qaimə-faktura sənədləri üzrə xx.xx.2024-cü il tarixində ümumilikdə 3800 manat məbləğində ödəniş edilmişdir. Göründüyü kimi, iddiaçı müqavilə üzrə öhdəliklərini tam şəkildə icra etsə də, cavabdeh öz öhdəliklərini bu günə kimi icra etməmişdir. Belə ki, cavabdeh müqavilə üzrə icarə haqqını tam şəkildə ödəməmiş və nəticədə 5045,62 manat məbləğində qalıq borcu qalmışdır. Qalıq borcun ödənilməsi məqsədilə cavabdehə dəfələrlə xəbərdarlıqlar edilmiş və danışıqlar aparılmış, lakin heç bir ödəniş həyata keçirilməmişdir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385, 425, 445.7, 700.1-ci və s. maddələri göstərilmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-8950/2024 nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmış, cavabdehə iddia ərizəsinə dair yazılı etirazın və etiraza dair sübutların 20 gün ərzində məhkəməyə təqdim edilməsi təklif olunmuşdur.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
6. Məhkəmənin iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianın məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi.
7. Cavabdehin nümayəndəsi X3 tərəflər arasında bağlanmış icarə müqaviləsi üzrə icarə haqqı borcunun mövcud olduğunu, cavabdehin maliyyə vəziyyəti ilə bağlı ödənişlərin edilə bilmədiyini, lakin yaxın vaxtlarda borcun ödənəcəyini bildirdi.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) İcarə müqaviləsi üzrə icarə haqqının tutulması tələbi ilə bağlı
9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
11. İşin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında 08 noyabr 2023-cü il tarixli ASN-2311-08-03 nömrəli icarə müqaviləsindən irəli gələn öhdəlik münasibəti formalaşmış, iddiaçı ona məxsus ağır texnikaları cavabdehin istifadəsinə verməyi, cavabdeh isə müqavilə ilə müəyyən edilmiş icarə haqqı məbləğini icarəyə verənə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə ilə “Backhoe Loader” markalı bir inşaat texnikasının icarə haqqının aylıq 5000 manat olması, icarə haqqının hər ay icarəçi tərəfindən icarəyə verilən gündən 60 gün sonra icarəyə verənin hesablaşma hesabına köçürülməsi yolu ilə ödənilməsi razılaşdırılmışdır. xx.xx.2023-cü il tarixli EBDU 379279 seriya və nömrəli elektron qaimə 3461,1 manat, xx.xx.2023-cü il tarixli EBDV 948120 seriya və nömrəli elektron qaimə 5384,62 manat olmaqla cəmi 8845,72 manat icarə haqqı üçün iddiaçı tərəfindən tərtib edilərək cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli EBDU 379279 və xx.xx.2023cü il tarixli EBDV 948120 seriya və nömrəli elektron qaimələrə istinad edilməklə xx.xx.2024-cü il tarixdə cəmi 3800 manat ödəniş edilmişdir.
12. İddiaçı 08 noyabr 2023-cü il tarixli ASN-2311-08-03 nömrəli icarə müqaviləsi üzrə 5045,62 manat icarə haqqının tutulmasını tələb edir.
13. Cavabdeh maddi çətinliklərlə bağlı ödənişləri icra edə bilmədiyini, lakin borcunun olduğunu bildirir.
14. Məhkəmə mübahisənin həlli üçün əvvəla icarə müqaviləsinin hüquqi məzmununun şərh edilməsini zəruri sayır.
15. Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
16. Həmin müqavilənin 700.3-cü maddəsinə əsasən, əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
17. Göründüyü kimi, icarə müqaviləsi icarəçi ilə icarəyəverən arasında əmlak kirayəsi müqaviləsi olub, icarəyəverənin icarəçiyə icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququnu verməyi, icarəçinin isə müəyyənləşdirilmiş icarə haqqını ödəməyi öhdəsinə götürdüyü icrası davamlı olan öhdəlik münasibətini ifadə edir. Bu zaman icarəçi tərəfindən icarə haqqının ödənilməsinin hüquqi əsası qismində Mülki Məcəllənin 700.1-ci maddəsi çıxış edir.
18. Eyni zamanda mülki prosessual qanunvericiliyin sübutetmə vəzifəsindən və mülki qanunvericilik normalarından irəli gələrək məhkəmə göstərir ki, kreditor tərəfindən borcluya qarşı müqavilənin dəyərinin ödənilməsi tələblərində: (a) tərəflər arasında müqavilə münasibətlərinin mövcudluğu, (b) həmin müqavilə üzrə kreditorun öz vəzifələrini lazımınca icra etdiyi, (c) lakin borclunun müqavilə öhdəliklərini – müqavilənin dəyərini ödəmək vəzifəsini pozduğunu sübutetmə vəzifəsini, bir qayda olaraq, kreditor daşıyır. Borclu isə, bir qayda olaraq, kreditorun adıçəkilən tələbinə qarşı etirazının məzmunundan irəli gələrək (a) müqavilə münasibətlərinin mövcud olmadığını və ya (b) kreditorun öz vəzifələrini vaxtında və lazımınca icra etmədiyini və ya (c) müqavilənin dəyərini ödədiyini sübut etməlidir.
19. Qeyd edilənləri hazırkı işin hallarına tətbiq etdikdə görünür ki, cavabdeh icarə müqaviləsi üzrə öz öhdəliklərini icra etməmiş, icarə haqqını ödəməmişdir. Belə olan halda iddiaçının icarəçidən – cavabdehdən icarə haqqını təşkil edən müvafiq pul məbləğini tələb etmək hüququ yaranmışdır. Ona görə də məhkəmə hesab edir ki, icarə haqqının tutulması hissəsində iddia əsaslıdır.
20. Məhkəmə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
21. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
22. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
23. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
24. Beləliklə, məhkəmə hesab edir ki, icarə müqaviləsi üzrə razılaşdırılmış icarə haqqının ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (icarəçi) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
25. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi icarə haqqının tutulması hissəsində təmin olunmalı, 08 noyabr 2023-cü il tarixli ASN-2311-08-03 nömrəli icarə müqaviləsi üzrə 5045,62 manat icarə haqqı Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməlidir.
b) Alqı-satqı müqaviləsi üzrə qanuni faizin tutulması tələbi ilə bağlı
26. İddiaçı iddia ərizəsində Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq 504 manat məbləğində pulun da tutulmasını tələb edir.
27. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.
28. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsi borclunun icranı gecikdirməsi nəticəsində yaranan kreditorun tələb hüququdur. Bu mənada həmin normanın tətbiqi bilavasitə borclunun icranı gecikdirməsi hüquqi faktının müəyyən olunmasından asılıdır.
29. Mülki Məcəllənin 445.2-ci maddəsinə əsasən, borclunun icranı gecikdirməsi üçün (1) öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və (2) icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi kimi hallar (ümumilikdə 2 hal) təsdiqlənməlidir.
30. Göründüyü kimi, mülki qanunvericiliyə əsasən, icranın gecikdirilməsi hüquqi faktının müəyyən olunması üçün öhdəliyin icrası müddəti çatanadək kreditor tərəfindən xəbərdarlıq göndərilməli və həmin xəbərdarlığa rəğmən öhdəlik müəyyənləşdirilmiş müddətdə icra edilməməlidir.
31. Qeyd edilən qaydadan istisnanı isə Mülki Məcəllənin 445.4-cü maddəsi təşkil edir. Belə ki, həmin maddəyə görə, icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. Başqa sözlə, icra üçün təqvim gününün müəyyənləşdirilməsi zamanı öhdəliyin icrasının gecikdirilməsi hüquqi faktı üçün yalnız öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi halının təsdiq edilməsi kifayət edir, digər halın təsdiqinə zərurət olmur. Göstərilən yanaşma – xəbərdarlığın göndərilməsi hələ qədim Roma hüququnda kreditor tərəfindən borcluya “interpellatio” göndərilməsi formasında məlum idi.
32. Lakin tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli icarə müqaviləsinin 3.1-ci bəndinə əsasən icarə haqqının ödənilməsinin hər ay icarəçi tərəfindən icarəyə verilən gündən 60 gün sonra icarəyə verənin hesablaşma hesabına köçürülməsi yolu ilə həyata keçirilməsi razılaşdırılsa da, faktiki olaraq cavabdehə borcun ödənilməsi üçün möhlət verilmiş, borc məbləğinin ödənilməsi tələb edilməmişdir. Belə olan halda, Mülki Məcəllənin 445.4-cü maddəsinin hazırkı işə tətbiqi istisna edilir.
33. İddiaçının xx.xx.2024-cü il tarixdə 7 gün müddətində pulun ödənilməsi tələbi barədə pretenziya məktubunu cavabdehə X1 Sistemi vasitəsilə çatdırmaqla pulu tələb etməsini nəzərə alan məhkəmə qeyd edir ki, borclunun icranı gecikdirməsi anı Mülki Məcəllənin 445.2-ci maddəsinə uyğun olaraq xx.xx.2024-cü il tarixdən müəyyənləşdirilməli, ödənilməsi gecikdirilmiş borca görə illik 5 faizlə hesablamanın başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmaqla iddia ərizəsinin verildiyi xx.xx.2024-cü il tarixə qədər 38 gün üçün həyata keçirilməlidir.
34. Həmin müddət üçün hesablama aparıldıqda isə müəyyən olunur ki, cavabdeh tərəfindən pul öhdəliyinin icrasının gecikdirilməsi nəticəsində əsas borca illik 5% ilə hesablanan məbləğ 26,26 manat (5045,62 manat x 5% / 100 / 365 gün (1 günün faizi) * 38 gün (gecikdirilən gün sayı)) təşkil edir.
35. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, əsas borca illik 5 faizlə hesablanmaqla 26,26 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməlidir.
c) Məhkəmə xərcinin tutulması ilə bağlı
36. İddiaçı ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 75,5 manat pulun da cavabdehdən tutulmasını xahiş etmişdir.
37. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, **********98 nömrəli mədaxil qəbzi ilə 75,5 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
38. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
39. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
40. Beləliklə, iddia tələbinin qismən təmin edildiyini və yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 69 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməlidir.
V. Nəticə:
41. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 08 noyabr 2023-cü il tarixdə bağlanmış icarə müqaviləsi üzrə 5045,62 manat əsas borc, əsas borca illik 5 faizlə hesablanmış 26,26 manat olmaqla ümumilikdə 5071,88 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 69 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova