Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-115/2024 15.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Nəsrulla oğlunun cavabdeh “X9 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: ziyanın ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçı Nəsrulla oğlunun, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Nəsrulla oğlunun cavabdeh “X9 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Nəsrulla oğlu cavabdeh “X9 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinə (“X9 Kompleksi” MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən pambıq əkininə dəymiş maddi zərərə görə 15000 (on beş min) manat pulun, mediasiya və məhkəmə xərclərinin alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə arasında xx.xx.2022-ci il tarixdə bağlanmış 281 saylı müqavilənin şərtlərinə uyğun olaraq fermer kimi 8,90 hektar sahədə əkdiyi pambıq sahəsinin 07 hektar sahəsində əkdiyi və becərib yetişdirdiyi pambıq bitkisi "xxxx" MMC-nin aqronom və entimoloqlarının pambıq sahəsinin dərmanlanması zaman yol verdikləri səhvlər nəticəsində tamamilə məhv olmuşdur. Göstərilən faktlar xx.xx.2022-ci il tarixlə keçirilmiş baxış nəticəsində müəyyən olunmuş və akt tərtib edilmişdir. "xxxx" MMC-nin aqronom və entimoloqlarının səhvləri və qeyripeşəkar hərəkətlərinin nəticəsində ona dəymiş maddi zərərin bir hissəsi ödənilmiş və dəymiş maddi zərərin ümumi məbləğinin 15000 manat hissəsi isə bu günədək ödənilməmişdir. AR KOBİ Agentliyinə müraciətinə cavabda da göstərilirdi ki, ona vurulmuş ziyan cəmiyyət tərəfindən ödəniləcəkdir, lakin ödənilmədi. Cavabdehə pretenziya verərək ödənilməmiş qalan maddi zərərin 10 gün müddətində ödənilməsini xahiş etmişdir. "xxxx" MMC-nin göndərdiyi 05 aprel 2023-cü il tarixli cavabda göstərilir ki, pambıq sahəsində baş vermiş hadisə ilə bağlı xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə "xxxx" MMC-nin X11 və Tədarükü məntəqəsi filialının və İmişli DAİM-nin mütəxəssisləri birlikdə sahəyə baxış keçirmiş və müəyyən edilmişdir ki, 3,5 hektar pay torpağında əkdiyi pambıq sahəsi dərmanlama aparan zaman dərman səpən aqreqatın çənində əvvəlki aparılmış çiləmədə başqa dərmanın qalıqlarının təmiz yuyulmaması səbəbindən sahəyə ciddi ziyan dəymişdir. Pambıq sahəsində dəymiş ziyanın məbləği "xxxx" MMC tərəfindən müəyyən edilərək tam şəkildə bank hesabına köçürülmüşdür. Həmin cavabda ona ziyan vurulması etiraf edilsə də, dəymiş ziyanın məbləğinin tam şəkildə hesabına köçürülməsi düzgün deyildir. Belə ki, 7 hektar əkininə zərər dəydiyi halda, 3,5 hektara dəymiş zərər ödənilmişdir. Çünki xx.xx.2022-ci il tarixli aktda müəyyən edilmişdir ki, onun 7 hektar pambıq sahəsinə ziyan dəymişdir. Baş aqronom, entimoloq aqronom, sahə aqronomları ona 40 ton pambığın dəyərinin 30 noyabr 2022-ci il tarixdə ödənilməsini öz üzərlərinə götürmüşlər. 08 iyun 2022-ci ilədək çəkilmiş 6179,64 manat vəsait 40 ton xam pambığın dəyərindən çıxılacaqdır. Sahə 30 noyabr 2022-ci il tarixdə İddiaçı Nəsrulla oğluna təhvil veriləcəkdir. Həmin akta və verilmiş vədə əməl edilməmişdir. Cavabdeh tərəfindən ona 15000 manat dəymiş zərərin əvəzi ödənilməlidir.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1097.1-ci maddələrinə istinad olunmuşdur.
4. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-3038/2023 saylı, 31 avqust 2023-cü il tarixli qərardadına əsasən iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Müəyyən edilmişdir ki, X1 aparıcı eksperti X5 tərəfindən 21 noyabr 2023cü il tarixli, 9/7280 saylı ekspert rəyi verilmişdir. Qeyd olunan rəydə göstərilənlərlə qəti şəkildə razı deyillər. İddiaçı Nəsrulla oğlu 2022-ci mövsüm ilində İmişli Pİ və TM-si filialı ilə 3 ayrı-ayrı sahələrdə (2,4 + 3,0 + 3,5) olmaqla, cəmi 8,9 hektar pambıq əkmək barədə müqavilə bağlamışdır. Müqaviləyə əsasən İddiaçı Nəsrulla oğluna avans olaraq, nağd vəsait 4490,14 manat, toxumluq çiyid 1300 manat, gübrə, dərman preparatları 2611,50 manat və aqrotexniki xidmət işləri 1745,50 manat olmaqla, cəmi 10147,14 manat vəsait verilmişdir. İddiaçı hər hektardan orta hesabla 22,3 sentner olmaqla 19817 kq kondisiya çəkidə xam pambıq təhvil vermişdir. Bundan əlavə aparıcı aqronom Şahid1 verdiyi izahata əsasən İddiaçı Nəsrulla oğlu xx.xx.2022-ci ildə yığdığı fiziki çəkidə 7240 kq xam pambığını qardaşı Şahid3 Nəsrulla oğlunun adına yazılaraq sənədləşdirib. Sənədlərdə qardaşının adına xx.xx.2022 ci ildə kondisiya çəkidə 6278 kq xam pambıq verildiyi yazılmışdır. İddiaçı Nəsrulla oğlu bildirir ki, 2022-ci ilin may ayında sahəsində ziyanvericilərə qarşı dərman çiləməsi aparılmış, çiləmə aparıldıqdan sonra sahəsinə ciddi ziyan dəymişdir. Sahə aqronomu Şahid2 izahat verərək bildirmişdir ki, 17 may 2022-ci il tarixdə sahələrə baxış keçirərkən həmin sahədə pambıqların yarpaqlarının solduğunu müşahidə edib və filialın rəhbərliyinə məlumat verib. Filial rəhbərliyi tərəfindən 18 may 2022-ci il və 01 iyun 2022-ci il tarixlərdə İmişli rayon DAİM-in mütəxəssisləri dəvət olunaraq həmin sahəyə baxış keçirilmiş və akt tərtib olunaraq aşağıdakılar müəyyən edilmişdir: İddiaçı Nəsrulla oğlu özünün 3,5 hektar pay torpağında əkdiyi pambıq sahəsində dərmanlama aparan zaman dərman səpən aqreqatın çənində əvvəlki aparılmış çiləmədə başqa dərmanın qalıqlarının təmiz yuyulmaması səbəbindən sahəyə ciddi ziyan dəymişdir. İddiaçı Nəsrulla oğlunun pambıq sahələrində bioloji məhsuldarlığın təyininə dair 02 sentyabr 2022-ci il tarixdə baxış keçirilmiş, 3 sahənin 2,4 hektar sahəsindən 40 sentner olmaqla, 9600 kq, 3,0 hektar sahəsindən 25 sentner olmaqla, 7500 kq, 3,5 hektar sahəsindən 35 sentner olmaqla, 12250 kq, cəmi 29350 kq xam pambıq gözlənildiyi müəyyən edilmişdir. İmişli Pİ və TM-si filialının mütəxəssisləri 08 iyun 2022-ci il tarixdə aparıcı aqronom Şahid1, entimoloq aqronomu X7 (vəfat edib), sahə aqronomu Şahid2, ərazi nümayəndəsi Şahid3 Nəsrulla oğlunun və fermer İddiaçı Nəsrulla oğlunun iştirakı ilə akt tərtib olunmuşdur. Fermer həmin sahədən əvvəlki illər 40 ton xam pambıq tədarük etdiyini və bununla əlaqədar olaraq aparıcı aqronom və sahə aqronomları sahəyə dəymiş ziyanı pambıq yığımı dövrü 40 ton xam pambığın dəyərindən xx.xx.2022-ci il tarixədək verilmiş avans vəsaiti 6179,64 manat çıxılmaqla fermer İddiaçı ödəməyi öz üzərlərinə götürür. İmişli Pİ və TM-si filialında 08 iyun 2022-ci il tarixdə tərtib edilmiş aktda ziyan dəymiş pambıq sahənin 7 hektar yazılmasına baxmayaraq, İmişli rayon DAİM-in mütəxəssislərinin iştirakı ilə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə yerində baxış keçirilərək yazılan aktlarda həmin sahə öz pay torpağında əkdiyi 3,5 hektara ziyan dəydiyi göstərilmişdir. Fermerin həmin sahədən əvvəlki ildə 40 ton xam pambıq tədarük etməsi barədə sənəd yoxdur. Fermer İddiaçı Nəsrulla oğlu 2022-ci mövsüm ilində 8,9 hektar sahəsindən 19817 kq xam pambıq təhvil verib. Ziyan dəyməyən sahələrindən bioloji məhsuldarlığın təyini aktına əsasən 2,4 hektar sahəsindən 40 sentner olmaqla kondisiya çəkidə 9600 kq, 3 hektar sahəsindən 25 sentner olmaqla kondisiya çəkidə 7500 kq, cəmi 5,4 hektar sahəsindən hər hektara 31,7 sentner olmaqla, 17100 kq xam pambıq təhvil vermişdir. Ziyan dəymiş 3,5 hektar sahədən (19817 – 17100) 2717 kq xam pambıq təhvil verib. Tərtib edilmiş aktda ziyan dəymiş əkin sahəsinin 7 hektar göstərilməsinə baxmayaraq, İmişli rayon DAİM-in mütəxəssislərinin iştirakı ilə sahəyə baxış keçirilən zaman tərtib edilmiş aktda həmin sahənin 3,5 hektar olduğu müəyyən edilmiş və aktda göstərilmişdir. Həmin sahəyə dəymiş ziyanın hesablanması ziyan dəyməmiş 2,4 hektar və 3 hektar, cəmi 5,4 hektar sahəsindən yığılmış xam pambığın hər hektara düşən orta məhsuldarlığı ilə, yəni 31,7 sentnerlə hesablanması məqsədəuyğundur. Ziyan dəymiş 3,5 hektar sahədən hər hektara 31,7 sentner olmaqla, 11095 kq xam pambıq olmalı idi. Bundan həmin sahədən 2717 kq xam pambıq yığılaraq filiala təhvil verilib, nəticədə fermer İddiaçı Nəsrulla oğluna (11095 – 2717) 8378 kq, bir kiloqramının qiyməti 0,97 manat (0,80 manat xam pambığın qiyməti və 0,17 manat subsidiya) olmaqla, 8126,66 manat dəyərində ziyan dəyməsi müəyyən edilmişdir. Qeyd olunan miqdarda ödəniş də İddiaçı Nəsrulla oğluna tam şəkildə ödənilmişdir. Lakin iş üzrə nəzərə alınmamışdır ki, İddiaçı Nəsrulla oğluna məxsus sahənin 7 hektarına deyil, sadəcə 3,5 ha sahəyə ziyan vurulmuş və vurulmuş ziyanın əvəzi tam şəkildə tərəfimizdən ödənilmişdir. Onu da qeyd edək ki, həmin ərazidən 40 ton xam pambığın yığılması mümkün deyildir və həmin pambıq ilində digər ətraf sahələrdən də 40 ton məhsuldarlıq olmamışdır.
Tədqiq olunan sübutlar:
5. İddiaçı Nəsrulla oğlu məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
6. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında etiraz göstərilənlərə uyğun izahat verərək, iddia tələbinə etiraz etdi və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
7. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, İddiaçı qardaşıdır. “X9 Kompleksi” MMC-də ərazi nümayəndəsi işləmişdir. Ərazidə dərmanlama işləri aparıldıqdan sonra Elnur dedi ki, pambıq ölür. Bu barədə aqronoma məlumat verildi. Daha sonra Bakıdan gəlib baxdılar. Dedilər ki, pambıq düzələcək. Elnur dedi ki, təkrar əkək. Lakin ona bildirdilər ki, ehtiyac yoxdur düzələcək. Elnura bildirdilər ki, ərazini onlara təhvil versin və ona əvvəlki il əldə etdiyi qədər pambıq verəcəklər. Akt tərtib olundu. Həmin akta onun adını da yazdılar, lakin onun səlahiyyəti daxilində olmadığı üçün aktı imzalamadı. Bundan sonra “X9 Kompleksi” MMC-nin nümayəndələri əraziyə baxmadılar. Elnur özü əraziyə qulluq etdi. Təxminən 19 ton pambıq əldə edildi. Həmin pambığı qəbul edib Elnurun zavoda olan borcunu bağladılar. Özünə cüzi məbləğdə vəsait qaldı. Dərman səpinində iştirak etmişdir.
8. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, İddiaçı həmkəndlisidir. 2022-ci ildə İddiaçıla müqavilə bağlanıldı. xx.xx.2022-ci il tarixdə sahəyə baxış keçirilən zaman pambıqda xəstəlik aşkar olundu. Bu barədə məntəqəyə məlumat verildi. Dərman səpildi. Bundan 1-2 saat keçdikdən sonra gördülər ki, pambıqda şoka düşmə deyilən hal baş verdi. 35-40 illik təcrübəsində belə bir hala rast gəlməmişdir. Çiləyicinin çənində alaq otlarına qarşı dərman qaldığı üçün belə hal baş verdi. İddiaçı bildirdi ki, ərazini yenidən əksin və məsuliyyəti də öz üzərinə götürür. Bundan sonra akt tərtib edildi. Həmin aktı oxumadan imzaladı. Sahədən 30 sentner məhsul əldə edildi. May ayında həmin sahədən nə qədər məhsul əldə ediləcəyini proqnozlaşdırmaq mümkün deyil. İddiaçıya 40 sentner ziyan dəyib. Bu da 28 ton edir.
9. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, İddiaçıla hər hansı bir qohumluğu yoxdur. İddiaçı ilə 7 hektar sahəyə dair müqavilə bağlanmışdı. İki fərqli yerdə 3,5 hektar ərazidə pambıq əkildi. 3,5 hektar sahədə dərmanlama işləri aparıldı və pambığa zərər dəydi. Digər 3,5 hektar sahəyə zərər dəyməyib. Sahəyə baxdığı zaman məsləhətləşdilər ki, həmin sahəni düzəltmək olar. Sahədə yuma işləri aparıldı. 30 sentner məhsul əldə edildi. Hadisə baş verən zaman iddiaçı ilə birlikdə müəssisəyə getdilər. Orada Elnurun halı pisləşdi. Təcili tibbi yardım çağırıldı. Bundan sonra akt tərtib olundu. Həmin aktı oxumadan imzaladı. Sahəyə zərər dəyməsə, təxminən 45 sentner, hər hektara 4,5 ton məhsul əldə etmək olardı.
10. Alıcı qismində “X9 Kompleksi” MMC tədarükçü qismində "xxxx" MMC-nin X11 və Tədarükü Məntəqəsi ilə fermer qismində İddiaçı Nəsrulla oğlu arasında xx.xx.2022-ci il tarixli, 281 nömrəli 2022-ci il mövsümü üzrə xam pambığın alqı-satqısına dair müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilənin şərtləri daxilində fermer mülkiyyətində, istifadəsində və ya icarəsində olan 8,90 ha torpaq sahəsində (icarəyə və ya istifadəyə götürülən torpaq sahələri barədə müqavilə və sair hüquq müəyyənedici sənədlər bu müqaviləyə əlavə olunur) pambıq əkib alıcıya satmağı, alıcı isə fermerin istehsal etdiyi xam pambığı qəbul etməyi və onun dəyərini müqavilə üzrə nəzərdə tutulmuş qiymətlə fermerə ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən fermerlǝ alıcı arasında müqavilə şərtlərinin təminatları, işin icrasına nəzarət, xam-pambığın qəbulu, saxlanılması və emalı tədarükçü tərəfindən həyata keçirilir. Müqavilənin 2.1.1-ci bəndinə əsasən mülkiyyətində olan və ya icarə (istifadə) müqaviləsi əsasında istifadə etdiyi 8,90 ha torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkir və hər hektardan 30 sentnerdən az olmamaqla xam pambıq istehsal edib alıcının mükiyyətinə verir. Müqavilənin 2.1.2-ci bəndinə əsasən pambıq əkiləcək torpağın şum edilməsindən başlayaraq pambığın yığılmasınadək bütün aqrotexniki tədbirlərin optimal müddətlərdə və keyfiyyətlə aparılmasını təmin edir. Müqavilənin 2.1.3-cü bəndinə əsasən müqavilənin 2.1.2 bǝndində göstərilən işlərin vaxtında və qüsursuz yerinə yetirilməsi üçün aqrotexniki ardıcıllığa uyğun olaraq alıcıdan avans vəsaitlər - (nağdsız qaydada pul vəsaiti, toxumluq çiyid, gübrələr, zəhərli-kimyəvi preparatlar və s.) alınması, həmçinin texnikalarla (şum, mala, disk, arx, kultivasiya, dərmanlama və s.) işlər görülməsi barədə müraciət edir. Müqavilənin 2.1.4-cü bəndinə əsasən istehsal olunan xam pambığın mövcud standartlara və 23 avqust 2007-ci il tarixdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilmiş xam-pambığın yığılması və tədarükünə dair təlimatın tələblərinə əsasən Azərbaycan Bitki Mühafizə və X17-Tədqiqat İnstitutu tərəfindən hazırlanmış və alıcıda saxlanılan xam-pambıq etalonlarına uyğun təhvil verir. Müqavilənin 3.1-ci bəndinə əsasən fermer bu müqavilədə nəzərdə tutulmuş şərtlərə uyğun olaraq istehsal etdiyi xam pambığı bütövlüklə 01 noyabr 2022-ci il tarixinədək tam yetişmiş halda, təmiz, içərisində kənar qatqılar olmadan standarta uyğun şəkildə tədarükçüyə təhvil verir.
11. Fermerin hesabından görünür ki, İddiaçı Nəsrulla oğluna cəmi 10147,14 manat avans vəsaiti verilmiş, onun tərəfindən 15828,24 manat dəyərində xam pambıq təhvil verilmiş, xam pambığın dəyərndən avans borcuna, yığım puluna tutulma həyata keçirilmiş və fermerə 4315,4 manat məbləğində ödəniş həyata keçirilmişdir. Həmçinin fermerin 3,5 hektar əkin sahəsinə dərmanlama nəticəsində dəymiş ziyana görə 8126,66 manat məbləğində ödəniş edilmişdir.
12. Vətəndaşların şikayətlərinə baxılması haqqında xx.xx.2022-ci il tarixli akt tərtib edilmişdir. Aktda qeyd edilmişdir ki, fermer İddiaçı Nəsrulla oğlu mərkəzə ərizə ilə müraciət edərək bildirmişdir ki, ona məxsus şəxsi pay torpağında 3,5 ha "xxxx" MMC ilə müqavilə ilə əkdiyi pambıq sahəsində pambıqda mənənə, tripsə qarşı aparılan kimyəvi mübarizə pambığın yanmasına və soluxmasına səbəb olmuşdur. Sahəyə yerində baxış keçirilmişdir. Müəyyən olunmuşdur ki, bundan əvvəl istifadə olunan aparat taxıl sahəsində səpmə həyata keçirmişdir. Aparat təmiz yuyulmalı olduğu halda təmiz yuyulmamışdır. Dərman qalığı ciddi fəsad törətmişdir. Sahəyə yeddi gündən az olmayaraq təkrar baxış keçiriləcək və qərar veriləcəkdir. Akt İmişli DAİM-in bitkiçilik sektorunun müdiri X12, İmişli DAİM-in torpaq məsələləri üzrə baş məsləhətçisi X8, fermer İddiaçı Nəsrulla oğlu, "xxxx" MMC-nin sahə üzrə aqronomu Şahid2 və sahə üzrə nümayəndə Şahid3 Nəsrulla oğlu tərəfindən imzalanmış, X19 İnkişaf Mərkəzinin möhürü ilə təsdiq edilmişdir.
13. Vətəndaşların şikayətlərinə baxılması haqqında xx.xx.2022-ci il tarixli akt tərtib edilmişdir. Aktda qeyd edilmişdir ki, fermer İddiaçı İmişli DAİM-ə müraciət edərək müqavilə əsasında "xxxx" MMC ilə 3,5 ha əkdiyi pambıq sahəsində şirkətin aqronomları tərəfindən dərmanlama apardıqdan sonra sahədə yanma müşahidə olunmuşdur. Həmin sahəyə baxış keçirilmişdir. Fermerin göstərdiyi faktlar öz təsdiqini tapmışdır. Başqa sahəyə dərman səpilmiş və aparat yuyulmamış və yaxud pis yuyulmuş, nəticədə pambıq üçün əks təsir göstərərək sahəni yandırmışdır. Sahədəki pambıq bitkilərində mutasiya baş vermiş və davam etməkdədir. Bu isə gələcəkdə pambığın məhsuldarlığına ciddi təsir göstərəcəkdir. Akt İmişli DAİM-in bitkiçilik sektorunun müdiri X12, İmişli DAİM-in torpaq məsələləri üzrə baş məsləhətçisi X8, fermer İddiaçı Nəsrulla oğlu, Şahid3 Nəsrulla oğlu və X6 tərəfindən imzalanmış, X19 İnkişaf Mərkəzinin möhürü ilə təsdiq edilmişdir.
14. xx.xx.2022-ci il tarixli aktda qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixdə 281 nömrə ilə İddiaçı Nəsrulla oğlu ilə 8,90 ha sahədə pambıq əkmək üçün üçtərəfli müqavilə bağlanmışdır. Həmin sahəyə xx.xx.2022-ci il tarixdə baxış keçirilən zaman müəyyən edilmişdir ki, pambıq sahəsinin dərmanlanması zamanı aqronom və entomoloqların səhvləri nəticəsində 7 hektar pambıq sahəsi məhv olmuşdur. Fermer həmin sahədən əvvəlki illərə uyğun olaraq 40 ton xam pambıq tədarük etmişdir. Bununla əlaqədar olaraq həmin sahəyə dəymiş ziyanı baş aqronom, entomoloq, aqronom, sahə aqronomları pambıq yığımı mövsümündə İddiaçı Nəsrulla oğluna 40 ton xam pambığın dəyərinin xx.xx.2022-ci il tarixdə ödənilməsini öz üzərlərinə götürürlər. xx.xx.2022-ci ilədək çəkilmiş 6179,64 manat vəsait 40 ton xam pambığın dəyərindən çıxılacaqdır. Sahə xx.xx.2022-ci il tarixdə fermer İddiaçı Nəsrulla oğluna təhvil veriləcəkdir. Akt Şahid1, Ş.Ağayev, Şahid2 və İddiaçı tərəfindən imzalanmışdır.
15. xx.xx.2022-ci il tarixli bioloji məhsuldarlığın təyinatına dair aktdan görünür ki, İddiaçı Nəsrulla oğlunun Qızılkənd kəndi ərazisində əkilmiş 3 ha pambıq sahəsinə baxış keçirilmiş və hər hektarından 25 sentner olmaqla cəmi 7500 ton xam pambıq məhsulu gözlənildiyi qeyd edilmişdir.
16. xx.xx.2022-ci il tarixli bioloji məhsuldarlığın təyinatına dair aktdan görünür ki, İddiaçı Nəsrulla oğlunun Qızılkənd kəndi ərazisində əkilmiş 3,5 ha pambıq sahəsinə baxış keçirilmiş və hər hektarından 35 sentner olmaqla cəmi 1225 ton xam pambıq məhsulu gözlənildiyi qeyd edilmişdir.
17. xx.xx.2022-ci il tarixli bioloji məhsuldarlığın təyinatına dair aktdan görünür ki, İddiaçı Nəsrulla oğlunun Qızılkənd kəndi ərazisində əkilmiş 2,4 ha pambıq sahəsinə baxış keçirilmiş və hər hektarından 40 sentner olmaqla cəmi 9600 ton xam pambıq məhsulu gözlənildiyi qeyd edilmişdir.
18. xx.xx.2023-cü il tarixli hesabdan çıxarışdan görünür ki, İddiaçı Nəsrulla oğlunun hesabına xx.xx.2022-ci il tarixdə 3636,37 manat, xx.xx.2022-ci il tarixdə 679,03 manat və xx.xx.2023-cü il tarixdə 8126,66 manat məbləğində pul vəsaiti köçürülmüşdür.
19. Sahə aqronomu Şahid2 xx.xx.2022-ci il tarixli yazılı izahatında qeyd edilmişdir ki, 2022-ci il İddiaçı Nəsrulla oğlu ilə müqavilə bağlanmışdır. xx.xx.2022-ci il tarixdə sahəyə baxış keçirib müəyyən etdilər ki, sahədə xəstəlik var. Odur ki, entomoloqdan aqreqat istədi. Dərman səpiləndən sonra pambıqda soluxma qeyd olundu. O da dərhal rəhbərliyə məlumat verdi. Şirkət aqronomları və DAİM aqronomları qərara gəldilər ki, təkrar səpinə getməyə ehtiyac yoxdur və nəticədə 30 sentner pambıq yuyuldu. Həmin sahə barədə xx.xx.2022-ci ildə akt tərtib edilmiş və akta imza etmişdir. İmza etməyinin səbəbi o olmuşdur ki, İddiaçı səhhətinin pis olması, təcili yardımın çağırılması, məntəqədə pis vəziyyətdə qalmasını nəzərə alaraq qol çəkməyə məcbur olmuşdur. Rəhbərliyin xəbərdarlığından vəziyyəti nəzərə alaraq aktı oxumamış, həyəcanlı olaraq qol çəkmişdir.
20. Aparıcı aqronom Şahid1 xx.xx.2022-ci il tarixli yazılı izahatında qeyd edilmişdir ki, 2022-ci ildə İddiaçı Nəsrulla oğlu ilə müqavilə bağlanmışdır. Sahə aqronomu Şahid2 xəbər verdi ki, sahədə dərmanlamadan sonra pambıq bitkisində soluxma var. DAİM-in aqronomları ilə birlikdə sahəyə baxış keçirdilər və məlum oldu ki, dərman çiləyən yaxşı yuyulmamışdır və nəticədə 3,5 ha sahədə ciddi fəsadlar törətmişdir. Orada məsləhət olundu ki, pambıq sahəsi su ilə yuyulmalıdır. Bütün aqrotexniki tədbirlər görüldü. Kökdən kənar yemləmə aparıldı və nəticədə 30 sentner məhsul verildi. xx.xx.2022-ci ildə akt tərtib edilmiş və həmin akta imza etmişdir. İddiaçı vəziyyəti pis olduğuna görə onları məcbur etdilər ki, akta qol çəksinlər.
21. xx.xx.2022-ci il tarixli aktda qeyd edilmişdir ki, İmişli rayonun Qızılkənd kənd sakini İddiaçı Nəsrulla oğlunun "xxxx" MMC-yə ünvanladığı şikayətlə bağlı xx.xx.2022-ci il tarixdə araşdırma aparıldı. İddiaçı Nəsrulla oğlu 2022-ci mövsüm ilində İmişli Pİ və TM-si filialı ilə 3 ayrı-ayrı sahələrdə (2,4 + 3,0 + 3,5) olmaqla cəmi 8,9 hektar pambıq əkmək barədə müqavilə bağlamışdır. Müqaviləyə əsasən İddiaçı Nəsrulla oğluna avans olaraq, nağd vəsait 4490,14 manat, toxumluq çiyid 1300,00 manat, gübrə, dərman preparatları 2611,50 manat, və aqrotexniki xidmət işləri 1745,50 manat, cəmi 10147.14 manat vəsait verilmişdir. Şəxsi hesab vərəqəsi əlavə edilir. İddiaçı hər hektardan orta hesabla 22,3 sentner olmaqla, 19817 kq kondisiya çəkidə xam pambıq təhvil vermişdir. Bundan əlavə aparıcı aqronom Şahid1 verdiyi izahata əsasən İddiaçı Nəsrulla oğlu xx.xx.2022-ci ildə yığdığı fiziki çəkidə 7240 kq xam pambığını qardaşı Şahid3 Nəsrulla oğlunun adına yazılaraq sənədləşdirib. Sənədlərdə qardaşının adına xx.xx.2022 ci ildə kondisiya çəkidə 6278 kq xam pambıq verildiyi yazılmışdır. İddiaçı Nəsrulla oğlu şikayətində bildirir ki, 2022ci ilin may ayında ziyanvericilərə qarşı dərman çiləməsi aparılmış, çiləmə aparıldıqdan sonra sahəsinə ciddi ziyan dəymişdir. Sahə aqronomu Şahid2 izahat verərək bildirdi ki, 17 may 2022-ci il tarixdə sahələrə baxış keçirərkən həmin sahədə pambıqların yarpaqlarının solduğunu müşahidə edib və filialın rəhbərliyinə məlumat verib. Filial rəhbərliyi tərəfindən 18 may 2022-ci il və 01 iyun 2022-ci il tarixlərdə İmişli rayon DAİM-in mütəxəssisləri dəvət olunaraq həmin sayəyə baxış keçirmiş və müəyyən edilmişdir: İddiaçı Nəsrulla oğlu özünün 3,5 hektar pay torpağında əkdiyi pambıq sahəsi dərmanlama aparan zaman dərman səpən aqreqatın çənində əvvəlki aparılmış çiləmədə başqa dərmanın qalıqlarının təmiz yuyulmaması səbəbindən sahəyə ciddi ziyan dəymişdir. İddiaçı Nəsrulla oğlunun 02 sentyabr 2022-ci il tarixdə pambıq sahələrində bioloji məhsuldarlığın təyininə dair baxış keçirilmiş 3 sahǝnin 2,4 hektar sahəsindən 40,0 sentner olmaqla 9600 kq, 3,0 hektar sahəsindən 25,0 sentner olmaqla, 7500 kq, 3,5 hektar sahəsindən 35,0 sentner olmaqla, 12250 kq, cǝmi 29350 kq xam pambıq gözlənildiyi müəyyən edilmişdir. İmişli Pİ və TM-si filialının mütəxəssisləri 08 iyun 2022-ci il tarixdə aparıcı aqranom Şahid1, Entimoloq aqranomu X7 (vəfat edib), sahə aqranomu Şahid2, ərazi nümayəndəsi Şahid3 Nəsrulla oğlunun və fermer İddiaçı Nəsrulla oğlunun iştirakı ilə akt tərtib olunub. Fermer həmin sahədən əvvəlki illər 40,0 ton xam pambıq tədarük etdiyini və bununla əlaqədar olaraq aparıcı aqranom və sahə aqranomları sahəyə dəymiş ziyanı pambıq yığımı dövrü 40,0 ton xam pambığın dəyərindən xx.xx.2022-ci il tarixədək verilmiş avans vəsaiti 6179,64 manat çıxılmaqla, fermerǝ İddiaçı ödəməyi öz üzərlərinə götürür. İmişli Pİ vǝ TM-si filialında 08 iyun 2022-ci il tarixdə tərtib edilmiş aktda ziyan dəymiş pambıq sahənin hektarının 7,0 hektar yazılmasına baxmayaraq, İmişli rayon DAİM-in mütəxəsislərinin iştirakı ilə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə yerində baxış keçirilərək yazılan aktlarda həmin sahə öz pay torpağında əkdiyi 3,5 hektara ziyan dəydiyi göstərilmişdir. Fermerin həmin sahədən əvvəlki ildə 40,0 ton xam pambıq tədarük etməsi barədə sənəd olmadı. Fermer İddiaçı Nəsrulla oğlu 2022-ci mövsüm ilində 8.9 hektar sahəsindən 19817 kq xam pambıq təhvil verib. Ziyan dəyməyən sahələrindən bioloji məhsuldarlığın təyini aktına əsasən 2.4 hektar sahəsindən 40 sentner olmaqla, kondisiya çəkidə 9600 kq, 3.0 hektar sahəsindən 25 sentner olmaqla, kondisiya çəkidə 7500 kq, cəmi 5.4 hektar sahəsindən hər hektara 31.7 sentner olmaqla, 17100 kq xam pambıq təhvil vermişdir. Ziyan dəymiş 3.5 hektar sahəsindən (19817 – 17100) 2717 kq xam pambıq təhvil vermişdir. Tərtib edilmiş aktda ziyan dəymiş əkin sahəsinin 7 hektar göstərilməsinə baxmayaraq, İmişli rayon DAİM- nin mütəxəsislərinin iştirakı ilə sahəyə baxış keçirilən zaman tərtib edilmiş aktda həmin sahənin 3.5 hektar olduğu müəyyən edilmiş və aktda göstərilmişdir. Həmin sahəyə dəymiş ziyanın hesablanması ziyan dəyməmiş 2.4 hektar və 3.0 hektar, cəmi 5.4 hektar sahəsindən yığılmış xam pambığın hər hektara düşən orta məhsuldarlığı ilə, yəni 31.7 sentnerlə hesablanması məqsədəuyğundur. Ziyan dəymiş 3.5 hektar sahədən hər hektara 31.7 sentner olmaqla, 11095 kq xam pambıq olmalı idi. Bundan həmin sahədən 2717 kq xam pambıq yığılaraq filiala təhvil verilmiş, nəticədə fermer İddiaçı Nəsrulla oğluna (11095 - 2717) 8378 kq, bir kiloqramının qiyməti 0.97 manat (0.80 manat xam pambığın qiyməti və 0.17 manat subsidiya) olmaqla, 8126,66 manat dəyərində ziyan dəyməsi müəyyən edildi. Müəyyən edilmiş 8126.66 manat dəyərində ziyanın aparıcı aqranom Şahid1, aqranom entimoloq X7, sahə aqranomu Şahid2 və traktorçu X4 tərəfindən ödənilməsi məqsədəuyğun hesab edilir. Həmin akt A.Əsədov, N.Quliyev, Şahid1, Şahid2 tərəfindən imzalanmışdır.
22. İddiaçı Nəsrulla oğlu pretenziya məktubu ilə “X9 Kompleksi” MMC-yə müraciət edərək, 15000 manat məbləğində dəymiş zərərin 10 gün müddətində ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.
23. “X9 Kompleksi” MMC tərəfindən İddiaçı Nəsrulla oğluna ünvanlanmış xx.xx.2023cü il tarixli məktubda qeyd edilmişdir ki, pambıq sahəsində baş vermiş hadisə ilə bağlı xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində "xxxx" MMC-nin X11 və Tədarük Məntəqəsi filialının və İmişli rayon DAİM-in mütəxəssisləri birlikdə sahəyə baxış keçirmiş və müəyyən edilmişdir ki, 3,5 hektar pay torpağında əkilmiş pambıq sahəsi dərmanlama aparan zaman dərman səpən aqreqatın çənində əvvəlki aparılmış çiləmədə başqa dərmanın qalıqlarının təmiz yuyulmaması səbəbindən sahəyə ciddi ziyan dəymişdir. Pambıq sahəsinə dəymiş ziyanın məbləği "xxxx" MMC tərəfindən müəyyən edilərək tam şəkildə bank hesabına köçürülmüşdür.
24. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 noyabr 2023-cü il tarixli, 3-16-16/2-9/7280/2023 saylı ekspert rəyində qeyd olunur ki, "xxxx" MMC-nin İmişli Pİ və TM-si filialı tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktda 7 hektar pambıq sahəsi məhv edilməsi nəticəsində 40 ton xam pambığa dəymiş zərərin məbləği 32000 manat müəyyən olunur.
25. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 aprel 2024-cü il tarixli, 3-16-16/2-9/270/2024 saylı ekspert rəyində qeyd olunur ki, ekspertiza tədqiqatına təqdim edilmiş iş materialında olan 28 dekabr 2022-ci il tarixli mütəxəssis rǝyinə əsasən ekspertiza təyini haqqında qərardadda qeyd edilən pambıq sahəsinə dəymiş ziyanın ümumi miqdarı təxminən 8126,66 (8378 kq x 0,97 manat) manat müəyyən edilir. 1 kq xam pambığın qiyməti - 0,80 manat, 1 kq xam pambığa verilən subsidiya 0,17 manat. İlkin ekspertiza zamanı müəyyən edilmiş qiymətlə, təkrar ekspertiza zamanı müəyyən edilmiş qiymət arasındakı fərq, təkrar təyin edilmiş ekspertizanın iş materialına əlavə edilmiş fərqli məlumatlar olan mütəxəssis rəyi əsasında aparılması olmuşdur.
Tətbiq edilən hüquq
26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
28. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
Məhkəmənin mövqeyi
29. İddia tələbi dəymiş maddi zərərə görə 15000 manat məbləğin cavabdehdən tutulmasından ibarətdir.
30. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2022-ci il tarixdə xam pambığın alqı-satqısına dair müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə uyğun olaraq “X9 Kompleksi” MMC tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsinə dərman səpini həyata keçirilmiş və səpin nəticəsində əkilmiş pambığa zərər dəymişdir. Əkin sahəsinə zərər dəyməsi işin mübahisəsiz halıdır. İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı ona məxsus olan 7 hektar torpaq sahəsinə zərər dəydiyini, cavabdeh isə bununla razılaşmayaraq 3,5 hektar sahəyə zərər dəydiyini və həmin zərərin də hesablanaraq iddiaçıya ödənildiyini bildirmişdir.
31. Məhkəmə qeyd edir ki, iddiaçı 7 hektar əkin sahəsinə zərər dəydiyini bildirsə də, bununla bağlı hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Həm şahid ifadələri, həm də iş materialları ilə müəyyən olunur ki, iddiaçıya məxsus 3,5 hektar torpaq sahəsinə dərman səpini zamanı zərər dəymişdir. İddiaçı xx.xx.2022-ci il tarixli akta istinad etmişdir. Həmin aktı imzalamış şəxslər iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş və bildirmişlər ki, aktı oxumadan imzalamışlar. Oxumadan imzalamalarının səbəbi kimi sahəyə zərər dəyən zaman iddiaçının səhhətinin pisləşməsini qeyd etmişlər.
32. Dəymiş zərərin məbləği ilə bağlı məhkəmə bildirir ki, iş üzrə ilkin və təkrar ekspertizalar təyin edilmiş, təkrar ekspertiza təyin edilən zaman tərtib edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 aprel 2024-cü il tarixli, 3-16-16/2-9/270/2024 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, pambıq sahəsinə dəymiş ziyanın ümumi miqdarı təxminən 8126,66 (8378 kq x 0,97 manat) manat müəyyən edilir.
33. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 noyabr 2023-cü il tarixli, 3-16-16/2-9/7280/2023 saylı ekspert rəyində qeyd edilir ki, 7 hektar pambıq sahəsinin məhv edilməsi nəticəsində 40 ton xam pambığa dəymiş zərərin məbləği 32000 manat müəyyən olunur. Bununla bağlı məhkəmə qeyd edir ki, həmin ekspert rəyində pambıq sahəsinə nə qədər zərərin dəyməsi müəyyən edilməmiş, ekspert tərəfindən sadə riyazi hesablama yolu ilə 40 ton pambığın hər kiloqramının qiyməti 0,80 manat olmaqla həmin miqdarda pambığa görə dəymiş zərərin məbləği 32000 manat (40000 x 0,80=32000) olaraq müəyyənləşdirilmişdir. Ekspert tərəfindən hər hansı əlavə araşdırma aparılmadan xx.xx.2022-ci il tarixli akta istinad olunmuş və həmin aktda qeyd edilənlər əsas götürülməklə hesablama aparılmışdır. Ona görə də həmin rəy mötəbər sübut kimi qiymətləndirilə bilməz.
34. xx.xx.2023-cü il tarixli hesabdan çıxarış və fermerin hesabı ilə müəyyən edilir ki, iddiaçıya 3,5 hektar əkin sahəsinə dərmanlama nəticəsində dəymiş ziyana görə 8126,66 manat məbləğində ödəniş edilmişdir. Göründüyü kimi, dəymiş zərərin məbləği cavabdeh tərəfidnən tam həcmdə iddiaçıya ödənilmişdir.
35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin olunmamalıdır.
36. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.
37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia təmin edilməsin. Ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova