Məhkəmə qərarları › İş №e-2-2(113)-1152/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1152/2024

10.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1152/2024 10.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Baxşalıyev Cavid Şərif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı ASC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən DC00213287-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 56,142.79 manat əsas borc, 1,314.93 manat faiz borcu, 12,373.96 manat cərimə borcu olmaqla, cəmi 69,831.68 manat məbləğində borcun; mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqının cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2020-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə OnGTC01497LE/2019 saylı Razılaşma imzalanmışdır. Həmin razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş X3 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Sonradan tərəflər arasında ümumi şərtlər toplusu çərçivəsində xx.xx.2021-ci il tarixli DC00213287-02 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 17,5%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32,5% olmaqla, 95,366 (doxsan beş min üç yüz altmış altı) manat məbləğində mal alışı məqsədilə birdəfəlik kredit verilmişdir. Hazırda Borcalanın xx.xx.2023-cü il tarixinə İddiaçı ASC qarşısında öhdəlikləri DC00213287-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 56,142.79 (əlli altı min bir yüz qırx iki manat yetmiş doqquz qəpik) manat əsas borc, 1,314.93 (bir min üç yüz on dörd manat doxsan üç qəpik) manat faiz borcu, 12,373.96 (on iki min üç yüz yetmiş üç manat doxsan altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 69,831.68 (altmış doqquz min səkkiz yüz otuz bir manat altmış səkkiz qəpik) manat təşkil edir. Gecikmə günü: 692. Buna görə də Bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək cavabdehlərə xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Bundan başqa tərəfimizdən mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi istiqamətində tədbirlər görülməsi məqsədi ilə mediasiya institutunun tətbiqi qaydasında mediasiya təşkilatına müraciət edilmiş, lakin tərəflər arasında məhkəmədən kənar qaydada razılıq əldə edilməmişdir. İddiaçı ASC mediasiya prosesi üzrə 400 (dörd yüz) manat məbləğində xidmət haqqı ödəmişdir. X4 4-cü bölümünün 3.11-ci bəndinə əsasən Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun 4-cü bölümünün 5.2.1-ci bəndinə əsasən Kreditin və faizlərin ödənilməsi Müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə Bank Müştəriyə verilən Krediti vaxtından əvvəl ləğv edə və ya Kredit məbləğini vaxtından əvvəl Müştəridən tələb edə bilər. Eyni zamanda X4 əsasən Müştəri tərəfindən Müqavilə öhdəlikləri yerinə yetirilmədikdə, Azərbaycan Respublikası Qanunlarına əsasən məhkəmələrə və digər səlahiyyətli orqanlara müraciət etmək Bankın hüququdur.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi T.Həsənov iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh ilə ümumiyyətlə əlaqə saxlanılması mümkün olmadığı üçün mübahisənin məhkəmədən kənar həlli mümkün olmamışdır.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

7. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə OnGTC01497LE/2019 saylı Razılaşmaya əsasən cavabdeh bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun bankın rəsmi internet səhifəsində link üzrə yerləşdirilən xx.xx.2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərini diqqətlə oxuduğunu, onun bütün müddəalarının başa düşdüyünü, müqavilə üzrə müəyyən edilən xidmətlərin istifadəsinə dair öz öhdəliyinə düşən şərtlərə riayət olunmasına görə məsuliyyət daşıdığını və əks halda yaranan hər hansı maddi zərər və ya məsuliyyəti birbaşa olaraq öz hesabına daşıdığını qəbul edir.

9. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli DC00213287-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən iddiaçı cavabdehə 95366 manat məbləğində krediti illik 17,5 % dərəcəsi olmaqla xx.xx.2022-ci il tarixinədək kredit verir.

10. İddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli PB/BPŞ-OUT-00040-2024 nömrəli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2023-cü il tarixinə DC00213287- 02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 56,142.79 manat əsas borc, 1,314.93 manat faiz borcu, 12,373.96 manat cərimə borcu olmaqla, cəmi 69,831.68 manat borcu vardır.

11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 01 avqust 2024-cü il tarixli, 9/2370 nömrəli ekspert rəyindən görünür ki, iddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, DC00213287-02 saylı kredit müqaviləsinə əsasən Cavabdeh MMC-nin İddiaçı ASC-yə olan borcu xx.xx.2024-cü il tarixə əsas borc üzrə 56.142,79 manat, faiz borcu üzrə 4.616,19 manat təşkil edir. 12.Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin borcun ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. 13.Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 15.442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 16.443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 17.739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 18.Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının gecikdirilmiş borcun ödənilməsi ilə bağlı tələbi tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gəlir. Cavabdehin öz öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. 19.Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsas borc və faiz borcunun tələb edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin edilməlidir. 20.Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hesablanmış 12373,96 manat dəbbə pulunun tutulması tələbini də irəli sürmüşdür. 21.Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. 22.Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 23.Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 24.Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 2700 manat müəyyən edilməlidir. 25.Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən xx.xx.2021-ci il tarixli DC00213287-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 56142,79 manat əsas borc, 1314,93 manat faiz borcu, 2700 manat dəbbə pulu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. 26.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

27. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 400 manat mediasiyaya dair xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

28. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərcinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ekspertiza xərci cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir.

V. Nəticə:

29.Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 56142,79 manat əsas borc, 1314,93 manat faiz borcu, 2700 manat dəbbə pulu, 400 manat mediasiyaya dair xərc, ümumilikdə 60557,72 (altmış min beş yüz əlli yeddi manat yetmiş iki qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatı ilə bağlı 100 (bir yüz) manat ekspertiza xərci cavabdeh "xxxx" MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ22) ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar