Məhkəmə qərarları › İş №e-2-2(113)-1153/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1153/2025

08.05.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1153/2025 08.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: şifahi tapşırıq müqaviləsi, tapşırığın icrası nəticələrini vermək vəzifəsi, sübutetmə) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi ilə İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh2 iştirakları ilə İddiaçı Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabehdən 20000 manat məbləğində pulun və ödənilmiş 150 manat məbləğin dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçının əvvəlcədən tanıdığı cavabdeh X3 sifariş əsasında avtomobil gətirilməsi ilə məşğuldur. Cavabdeh iddiaçıya əməkdaşlıq təklif edərək sərmayə verilməsi qarşılığında avtomobil alıb-sataraq pul qazanıb iddiaçıya da xeyir verə biləcəyini bildirmiş, iddiaçı da həmin təklifə müsbət yanaşmış, bundan sonra cavabdeh onun adına etibarnamə verilməsi ilə birbaşa iddiaçının adına avtomobilləri ala biləcəyini bildirmişdir. Bu məsələ ağlabatan gəldiyi üçün iddiaçı təkliflə razılaşmışdır. Razılaşmaya əsasən cavabdeh iddiaçının etibarnaməsi əsasında adına avtomobil alaraq ölkəyə gətirməli, sonra həmin avtomobilləri təmir etdirərək satışa yararlı hala salmalı, daha sonra isə avtomobilin satışını iddiaçının iştirakı ilə həyata keçirərək avtomobilləri satıb iddiaçının sərmayəsini qaytararaq yerdə qalan gəliri bölməli idi. 2.2. Lakin cavabdeh iddiaçını aldatmış, ondan 20000 manat məbləğində pul vəsaitini alaraq iki ədəd – VF1KZ0B********** ban nömrəli “Renault Megane” markalı 2010-cu il buraxılışı və KMHDC81TP8014657 ban nömrəli “Hyundai i30” markalı 2008-ci il buraxılışı minik avtomobillərini almışdır. Avtomobilləri aldıqdan sonra verilən etibarnamə ilə gömrük hərəkətlərini icra etmiş və avtomobilləri Azərbaycan Respublikasında gömrük ödənişlərini edərək qeydiyyata aldırmışdır. Bundan sonra həmin avtomobillərə dair xx.xx.2022-ci il tarixində BB322739 saylı və BB322735 saylı qeydiyyat şəhadətnamələri verilmişdir. Cavabdeh gömrük prosedurlarını həyata keçirmək üçün verilən etibarnamədən sui-istifadə edərək həmin avtomobilləri digər üçüncü şəxslərə satmış və əldə olunan pul vəsaitindən nə iddiaçıya çatası xeyri, nə də sərmaye kimi qoyulmuş pulu vermişdir. Yəni ona edilən etibardan sui-istifadə edərək pulları ələ keçirmişdir. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edilmiş, həmin məhkəmənin e-2(005)-2901/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadına əsasən aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə müraciət edilməsi izah edilmişdir. 2.3. İddiaçıya məxsus olan və cavabdeh tərəfindən satılmış həmin avtomobillərin dəyəri olan pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsinə zəruri məlumatları əldə etmək üçün səlahiyyətli nümayəndə və vəkil tərəfindən sorğu verilmiş və həmin idarə tərəfindən sorğuya cavab olaraq xx.xx.2024-cü il tarixində 3-xx-xx/250003/2024 saylı cavab məktubu ilə avtomobillərin qeydiyyat tarixləri və digər məlumatlar təqdim edilmişdir.

3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 1092.1, 1092.2, 1092.3, 1093-cü maddələri göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

5. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda göstərdi ki, iddiaçı ilə cavabdeh arasında avtomobilin alqı-satqısı ilə bağlı şifahi razılaşma olmuşdur. Həmin şifahi razılaşma əsasında iddiaçı cavabdehə 20000 manat məbləğində pul vəsaiti vermişdir. Pulun müqabilində cavabdeh xaricdən iki nəqliyyat vasitəsi gətirməli, nəqliyyat vasitələrinin gətirilməsi, təmir olunması və satışını təşkil etməli, satışdan əldə olunan gəlir tərəflər arasında bölünməli idi. İddiaçı pul vəsaitini vermiş, cavabdeh iki nəqliyyat vasitəsinin xaricdən sifarişini etmiş, nəqliyyat vasitələri ölkə ərazisinə daxil olaraq, təmiri və satışı cavabdeh tərəfindən təşkil olunmuşdur. X13 təqdim olunmuş sorğu nəticəsində əldə olunan alqı-satqı müqavilələrindən “Renault Megane” markalı nəqliyyat vasitəsinin satışının 5000 manat olduğu qeyd olunmuşdur, lakin cavabdeh məhkəmə iclaslarında həmin məbləğin 9500 manat olduğunu bildirmişdir. Digər nəqliyyat vasitəsinin rəsmi satış qiymətinin 14500 manat olduğu qeyd olunsa da, cavabdeh tərəfindən həmin məbləğin 17400 və ya 18000 manat olduğu barədə fikirlər səsləndirilmişdir. Nəqliyyat vasitələrinin ölkə ərazisinə gətirilməsi üçün iddiaçı tərəfindən həm cavabdehə, həm də nəqliyyat vasitələrinin daşınmasını həyata keçirən müəssisəyə etibarnamələr verilmişdir. Belə ki, iddiaçının cavabdehə verdiyi 14 dekabr 2021-ci il tarixli bütün əmlakın idarə olunması ilə bağlı baş etibarnamə məhkəməyə təqdim edilmişdir. Bundan başqa, 25 oktyabr 2022-ci il tarixli etibarnamə Sovdal Alıev adlı Gürcüstan vətəndaşına verilmişdir. Həmin şəxs evakuator xidmətləri ilə məşğuldur, evakuator sürücüsüdür. 11 noyabr 2022-ci il tarixli etibarnamə Cavabdeh2 tərəfindən nəqliyyat vasitəsini sürmək üçün X6 verilmiş, 12 noyabr 2022-ci il tarixli etibarnamə isə Cavabdeh2 tərəfindən nəqliyyat vasitəsini sürmək üçün X1 verilmişdir. Bundan əlavə, 26 noyabr 2022-ci il tarixli etibarnamə X8 verilmişdir. Həmin etibarnamə isə sərəncam hüququ verir. Digər bir etibarnamə 31 yanvar 2023-cü il tarixli etibarnamədir, X1 verilib və sərəncam hüququ verir.

6. İddiaçı məhkəmə iclaslarında iştirak edərək göstərdi ki, cavabdehlə dostluq münasibəti olmuş, onunla 2 nəqliyyat vasitəsinin gətirilməsi, satılması və əldə edilən vəsaitin 20000 manat məbləğində pul çıxılmaqla bölüşdürülməsi razılaşdırılmışdır. Cavabdeh tərəfindən nəqliyyat vasitələri gətirilərək satılsa da, bu barədə iddiaçı sonradan məlumatlı olmuş, ödənilmiş məbləğini tələb etsə də, cavabdeh pul vəsaitinin qaytarılmasından imtina etmişdir. Belə ki, nəqliyyat vasitələri gətirildikdən sonra iddiaçıya məlumat verilsə də, onların satışında iddiaçı iştirak etməmişdir.

7. Məhkəmənin suallarına cavab olaraq iddiaçı bildirdi ki, 2021-ci ilin sonunda 20000 manat məbləğində pul nağd qaydada təkbətək görüş əsnasında cavabdehə verilmişdir.

8. Cavabdeh2 iddiaya etiraz edərək qeyd etdi ki, əvvəllər öz adına nəqliyyat vasitələrini gətirərək satışını həyata keçirirdi. Lakin vergi ödənişlərindəki problemlərlə bağlı nəqliyyat vasitələrini başqa şəxslərin adına gətirmək məcburiyyətində olmuşdur. Belə ki, il ərzində şəxsin adına yalnız 2 nəqliyyat vasitəsinin gətirilməsinə icazə olduğundan valideynlərinin, bacısının adına nəqliyyat vasitələri gətirmişdir. İddiaçı da tanışı olduğu üçün ondan da xahiş etmiş, etibarnamə əsasında “Renault Megane” və “Hyundai i30” markalı 2 nəqliyyat vasitəsini gətirmiş, birincini 9500 manata, ikincini isə 17400-17500 və ya 18000 manata satmış, pulu özü götürmüşdür. İddiaçı tərəfindən ona hər hansı vəsait təqdim edilməmişdir. 20000 manat məbləğində pulun verilməsi üçün hər hansı sənəd olmalıdır. Belə bir sənəd isə mövcud deyildir.

9. Məhkəmənin suallarına cavab olaraq cavabdeh bildirdi ki, 2021-ci ilin dekabr ayında etibarnamə verilib, 1 il sonra nəqliyyat vasitələri gətirilib, avtomobilin biri növbəti gün, digəri isə 14 gün sonra satılıb. Nəqliyyat vasitələrindən biri qonşuya satılıb. Əgər iddiaçı verdiyini iddia etdiyi pulu istəsə idi, həmin vaxt istəyər və ya etibarnaməni ləğv edərdi.

III. Məhkəmə baxışının hədləri:

10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Pulun tutulması tələbi ilə bağlı

11. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

12. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

13. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki: – iddiaçı xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 6 saylı notariat ofisində etibarnamə verərək harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus rəsmi reyestrlərdə qeydə alınmış bütün daşınar əmlakı üzərində sərəncam verməyi, gömrük orqanlarında və “X14”da, Bakı Şəhər Baş Gömrük İdarəsində, AZ BDYPİ-də nümayəndəsi olmağı, sürücülük hüququ olduqda idarə etməyi, adına gələn yükü qəbul etməyi, lazım olan sənədləşmə işlərini aparmağı, əvəzindən imzalar etməyi, adından ərizələr verməyi, rüsumları ödəməyi, öz mülahizəsinə görə müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri (alqı-satqı, bağışlamaq, dəyişdirmək, ipoteka qoymaq və s.) bağlamağı, ona çatası pulu, eləcə də sənədləri almağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi 10 il müddətinə, xx.xx.2031-ci il, saat 23:59-dək cavabdehə etibar etmişdir; – iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 6 saylı notariat ofisində etibarnamə verilərək adına daxil olan maşınların idarə olunması, gömrük rəsmiləəşdirilməsinin həyata keçirilməsi ilə bağlı səlahiyyətlər Sovdal Alıevə 3 il müddətinə, xx.xx.2025-ci il, saat 23:59-dək etibar edilmişdir; – cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli etibarnamə üzrə etibar edilmişi etibaretmə qaydasında xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 21 saylı notariat ofisində etibarnamə verilərək, “Hyundai i30” minik markalı 77HR581 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti X4 6 ay müddətinə, xx.xx.2023-cü il, saat 23:59-dək etibar edilmişdir; – cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli etibarnamə üzrə etibar edilmişi etibaretmə qaydasında xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 21 saylı notariat ofisində etibarnamə verilərək, “Renault Megane” minik markalı 77HR573 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti X1 1 ay müddətinə, xx.xx.2022-ci il, saat 23:59-dək etibar edilmişdir; – cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli etibarnamə üzrə etibar edilmişi etibaretmə qaydasında xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 21 saylı notariat ofisində etibarnamə verilərək, “Renault Megane” minik markalı 77HR573 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sürücülük hüququ olduqda, idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyəti X1 1 il müddətinə, xx.xx.2024-cü il, saat 23:59-dək etibar edilmişdir; – cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli etibarnamə üzrə etibar edilmişi etibaretmə qaydasında xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 21 saylı notariat ofisində etibarnamə verilərək, “Hyundai i30” minik markalı 77HR581 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sürücülük hüququ olduqda, idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyəti X8 1 il müddətinə, xx.xx.2023-cü il, saat 23:59-dək etibar edilmişdir; – Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X16 İdarəsinin xx.xx.2025ci il tarixli 3-13-16/2-14561/2025 nömrəli məktubuna əlavə edilmiş çıxarışlardan görünür ki, “Renault Megane” minik markalı 77HR573 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi **********4186 nömrəli gömrük sənədi əsasında əvvəlcə iddiaçının adına qeydiyyata alınmış, daha sonra xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi əsasında X2 adına qeydiyyata alınmışdır. xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin 2-ci bəndinə əsasən nəqliyyat vasitəsinin satış qiyməti 5000 manat təşkil etmişdir. “Hyundai i30” minik markalı 77HR581 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi **********4239 nömrəli gömrük sənədi əsasında əvvəlcə iddiaçının adına qeydiyyata alınmış, daha sonra xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi əsasında X5 adına qeydiyyata alınmışdır. xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin 2-ci bəndinə əsasən nəqliyyat vasitəsinin satış qiyməti 14500 manat təşkil etmişdir.

14. İddiaçı tərəflər arasında nəqliyyat vasitələrinin xaricdən sifariş verilərək ölkəyə gətirilməsi, təmir edilərək satılması, əldə edilən pulun bölüşdürülməsi ilə bağlı razılıq olduğunu, bu səbəbdən 20000 manat məbləğində pulun cavabdehə ödənildiyini, lakin cavabdeh tərəfindən razılığa riayət edilmədiyini bildirərək 20000 manat məbləğində pulun qaytarılmasnı tələb edir.

15. Cavabdeh iddiaya etiraz edərək bildirir ki, nəqliyyat vasitələrindən birini 9500 manata, ikincini isə 17400-17500 və ya 18000 manata satıb pul vəsaitini özü götürüb, iddiaçıya hər hansı vəsait təqdim etməyib. Belə ki, tərəflər arasında iddiaçının qeyd etdiyi kimi bir razılıq olmamış, vergi ödənişləri ilə bağlı problemlərinin olması səbəbindən öz adına deyil, ailə üzvlərinin, tanışlarının adına nəqliyyat vasitələri gətirərək satışını həyata keçirmiş, iddiaçının da sadəcə etibarnamə vermiş, istinad etdiyi məbləği ödəməməmişdir. Ona görə də, iddianın rədd edilməsini xahiş edir.

16. Məhkəmə kommersiya mübahisəsinin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

17. İddiaçı ilə cavabdeh arasında yaranmış hüquq münasibətinin xarakteri ilə bağlı göstərilməlidir ki, tərəflər arasında tapşırıq müqaviləsindən irəli gələn öhdəlik münasibəti formalaşmışdır. Belə ki, iddiaçı birgə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı razılığın olduğu, bu məqsədlə də 20000 manat məbləğində pul vəsaitinin cavabdehə ödənildiyini bildirsə də, həmin halları təsdiq edəcək hər hansı sübut təqdim etməmişdir. İddiaçının sübutların tələb edilməsi barədə vəsatətinə əsasən Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-1153/2025 nömrəli qərardadına əsasən İddiaçı istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə Cavabdeh2 istifadəsində olan ***- ***-**-** mobil nömrəsi arasında xx.xx.2023 – xx.xx.2023-cü il tarixləri arasında baş tutan və ya baş tutmayan danışıqlar, göndərilmiş “SMS”lər barədə məlumatlar, o cümlədən həmin danışıqların və “SMS”lərin məzmunu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tələb edilmiş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2025-ci il tarixli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2025ci il tarixli məktubu ilə “SMS”lərin məzmunu və danışıqların müddəti və sayı barədə məlumatlar məhkəməyə təqdim edilmişdir.

18. Lakin təqdim edilən həmin sübutlarda iddiaçının istinad etdiyi halların mövcudluğunu təsdiq edən hər hansı məlumat aşkar edilməmişdir.

19. Digər tərəfdən, cavabdehə etirazının əsasını təşkil edən hallar – vergi ödənişləri ilə bağlı problemlərinin olması, ailə üzvlərinin və digər tanışlarının adına nəqliyyat vasitələri gətirərək satışını həyata keçirməsi və s. ilə bağlı sübutların təqdim edilməsi təklif olunmuş, lakin cavabdeh həmin hallarla bağlı izahat verməklə kifayətlənmişdir.

20. Bu mənada məhkəmə qeyd edir ki, işdə iştirak edən şəxslərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Ona görə də iş üzrə işdə iştirak edən şəxslərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Çünki işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsi).

21. Belə olan halda, iddiaçı tərəfindən “Renault Megane” minik markalı 77HR573 dövlət qeydiyyat nişanlı və “Hyundai i30” minik markalı 77HR581 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ölkəyə gətirilməsi ilə bağlı cavabdehə etibarnamə verilməsi, cavabdehin həmin nəqliyyat vasitələrini ölkəyə gətirərək iddiaçının adına rəsmiləşdirməsi, nəqliyyat vasitələrini iddiaçının adından üçüncü şəxslərə satması iddiaçı ilə cavabdeh arasında tapşırıq münasibətlərinin yarandığına dəlalət edir.

22. Mülki Məcəllənin 777.1-ci maddəsinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

23. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən, tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.

24. Həmin Məcəllənin 778.2-ci maddəsinə əsasən, tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur.

25. Göründüyü kimi, tapşırıq müqaviləsi mülki qanunvericiliyin xidmətlərin göstərilməsi kateqoriyasına aid müqavilələrdən biri olmaqla, şifahi və ya yazılı formada bağlana bilər və tapşırıq müqaviləsində tapşırığın məzmununun bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilməsi mümkündür.

26. Hazırkı işin halları ilə təsdiq edilir ki, cavabdeh “Renault Megane” minik markalı 77HR573 dövlət qeydiyyat nişanlı və “Hyundai i30” minik markalı 77HR581 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrini iddiaçının verdiyi xx.xx.2021-ci il tarixli etibarnamə əsasında xaricdən gətirmiş, onları iddiaçının adına qeydiyyata salmış, alqı-satqı müqavilələri əsasında iddiaçının adından üçüncü şəxslərə satmışdır.

27. Belə olan halda iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 782.1-ci maddəsi nəzərdən keçirilməlidir.

28. Mülki Məcəllənin 782.1-ci maddəsinə əsasən, vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur.

29. Məhkəməyə təqdim edilən “Renault Megane” minik markalı 77HR573 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin 2-ci bəndinə əsasən nəqliyyat vasitəsinin satış qiyməti 5000 manat, “Hyundai i30” minik markalı 77HR581 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2023-cü il tarixli alqısatqı müqaviləsinin 2-ci bəndinə əsasən nəqliyyat vasitəsinin satış qiyməti 14500 manat təşkil etmişdir.

30. Lakin cavabdeh məhkəmə iclaslarında etibarnamə əsasında “Renault Megane” və “Hyundai i30” markalı 2 nəqliyyat vasitəsini gətirdiyini, faktiki olaraq birincini 9500 manata, ikincini isə 17400-17500 və ya 18000 manata satıb pul vəsaitini əldə etdiyini bildirmişdir.

31. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.

32. Belə olan halda cavabdeh tərəfindən faktiki olaraq əldə etdiklərinin xx.xx.2023cü il və xx.xx.2023-cü il tarixli alqı-satqı müqavilələrinin qiymətindən çox olduğu, iddiaçının tələb etdiyi 20000 manat məbləğində pulun cavabdehin əldə etdiyi məbləğlə əhatə olunduğunu nəzərə alan məhkəmə Mülki Məcəllənin 782.1-ci maddəsinə əsasən iddianı əsaslı sayır.

33. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

34. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

35. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

36. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

37. Beləliklə, məhkəmə hesab edir ki, tapşırıq müqaviləsi üzrə tapşırığın icrası nəticələrini vermək ilə bağlı öhdəliyi pozaraq, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (vəkalət alan) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

38. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, Cavabdeh2 20000 manat tutularaq İddiaçı ödənilməlidir.

b) Məhkəmə xərcinin tutulması ilə bağlı

39. İddiaçı eyni zamanda ödənilmiş 150 manat dövlət rüsumunun tutulmasını tələb edir.

40. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən məhkəmə müəyyən edir ki, iddiaçı tərəfindən ********** nömrəli mədaxil qəbzi əsasında 150 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsinə görə dövlət büdcəsinə ödənilmişdir.

41. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

42. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

43. Beləliklə, yuxarıda göstərilənləri və iddia tələbinin təmin edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 150 manat məbləğində pul Cavabdeh2 tutularaq İddiaçı ödənilməlidir.

V. Nəticə:

44. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh2 20000 manat tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 150 manat məbləğində pul Cavabdeh2 tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar