Məhkəmə qərarları › İş №e-2-2(113)-1155/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1155/2024

23.04.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1155/2024 23.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “ödənilmiş pulun geri qaytarılması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: reyestrdə qeydə alınmamış yoxlamanın hüquqi nəticəsi, öhdəlikdən kənar icra və əsassız varlanma) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “ödənilmiş pulun geri qaytarılması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı X4 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra Cavabdeh ASC) qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib edilmiş 21 sentyabr 2023-cü il tarixli 602197 nömrəli akt əsasında ünvan 1 ünvanında yerləşən obyektə 073898 saylı müqavilə üzrə hesablanmış 2170,70 manat məbləğində pulun geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. ünvan 2 ünvanında “Mossart” adı altında hotel fəaliyyət göstərir. Cavabdehin əməkdaşları tərəfindən obyektə baxış keçirilən zaman guya “obyektin 1-ci mərtəbəsində dəhliz hissədə sayğac yerləşir, su xətlərindən biri sayğacı əhatə etdiyi halda, digər bir su xətti isə sayğacı əhatə etmir. Qanunsuz xəttin iç diametri D-15 mm-dir” müəyyən edilmiş, bu barədə 602197 nömrəli akt tərtib edilmiş və həmin akta əsasən sudan qeyri-qanuni istifadəyə görə 2170,70 manat borc hesablanmışdır. 2.2. Halbuki sudan heç bir qeyri-qanuni istifadə halı olmamış və istifadə edilmiş suya görə ödənişlər vaxtlı-vaxtında ödənilmişdir. İddiaçı tərəfindən həqiqətən də həmin boru xətti vasitəsilə sudan sayğacdan kənar istifadə edilməsinə dair əsaslı sübutlar yoxdur. Əsassız olaraq cavabdeh tərəfindən sayğacdan kənar “qeyri-qanuni” su xəttinin quraşdırılmasına görə borc hesablanmışdır. Belə ki, qeyd edilən akt tərtib edilən zaman obyektin nümayəndəsinin iştirakı təmin olunmamışdır. 2.3. Eyni zamanda orada hər hansı bir sayğacdan kənar, “qeyri-qanuni” su xəttinin aşkar edilməsi o demək deyil ki, həmin xətt “Mossart” hotel tərəfindən quraşdırılmışdır. Obyektə quraşdırılmış su xətləri sayğaca birləşdirilmiş və hər hansı bir müdaxilə olmamışdır. Digər tərəfdən, belə müdaxilənin qarşısının alınmasını təmin etmək iddiaçının iqtidarında deyildir. Belə ki, su xəttinə hər hansı bir müdaxilə varsa, belə müdaxilə kənar şəxs tərəfindən də edilə bilər. Su xətti kənar müdaxilələrdən mühafizə olunmur. Sözügedən su xətti ümumi həyətdə yerləşir. 2.4. Bundan başqa, cavabdeh tərəfindən qeyri-qanuni su xəttinin olması və həmin xətt vasitəsilə sudan istifadə edilməsinin sübutu kimi yalnız akt tərtib edilmişdir ki, həmin aktın hansı şəraitdə tərtib olması məlum deyildir və buna görə də aktın olması nöqsanın olmasını təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Həmçinin 21 sentyabr 2023-cü il tarixli aktın surətindən müəyyən edilir ki, akt tərtib edilərkən hal şahidlərinin əvəzinə cavabdehin əməkdaşları iştirak edərək akta imza etmişlər. Belə halda, sözügedən aktın tərtib edilməsi üçün əsas olan hallar, yəni nöqsanın həqiqətən aşkar edilməsi şübhəlidir. Çünki hal şahidləri marağı olmayan şəxslər sırasından seçilməli və akta imza etməli olduqları halda, həmin nöqsanların aşkar edilməsini aktı tərtib edən orqanın öz əməkdaşları təsdiq etmişlər. 2.5. Həmçinin iddiaçının istifadəsində olan obyektdə aparılmış yoxlamanın heç bir qanuni əsası yoxdur. Belə ki, cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmuş, heç bir hüquqi əsas olmadan yoxlama keçirilmiş və əsassız olaraq borc hesablanmışdır.

3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1, 2.3 və 3.2-ci maddəsinə, Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.5 və 1.7-ci bəndlərinə istinad edilmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin 04 aprel 2024-cü il tarixli məhkəmə iclasında X4 əsl İddiaçı ilə əvəz edilmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

6. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda bildirdi ki, ünvan 2 ünvanında yerləşən sahə mülkiyyət hüququ ilə İddiaçı, onun həyat yoldaşı və oğluna məxsusdur. İddiaçının həyat yoldaşı özünə məxsus hissəni X2 icarəyə vermiş, sonuncu da orada “Mossart” adı altında hotel işlədir. 21 sentyabr 2023-cü il tarixli 602197 nömrəli akt əsasında iddiaçıya qanunsuz olaraq borc yazılmışdır. İddiaçı həmin borcla razı olmasa da, hotelin fəaliyyətini təmin etmək zərurəti ilə bağlı cavabdehə ödənişlər edilmiş, bu zaman edilən ödənişlərin 70%-i məcburi olaraq 21 sentyabr 2023-cü il tarixli akta əsasən hesablanmış borca silinmiş, bu qaydada aktla yazılan bütün borc ödənilmişdir.

7. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi və vəkili qeyd etdi ki, cavabdehlə müqavilə iddiaçı arasında bağlanmış, sayğac iddiaçının adına qeydə alınmışdır. Cavabdehin müvafiq yoxlama zamanı aşkar etdiyi qanunsuz qoşulmanın isə iddiaçıya aidiyyəti yoxdur.

8. Məhkəmənin baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddiaya etiraz etdi və bildirdi ki, baxış zamanı qanunsuz qoşulma aşkar edilmiş, bu zaman 15 mm diametrli boru vasitəsilə sudan istifadə edildiyindən “Sudan istifadə Qaydaları”na əlavəyə uyğun olaraq sərfiyyat hesablanmışdır.

9. Məhkəmənin suallarına cavab olaraq cavabdehin nümayəndəsi göstərdi ki, yoxlama dövlət qeydiyyatına alınmamışdır.

III. Məhkəmə baxışının hədləri:

10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

11. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

12. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

13. İşin müəyyən olunan halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında 13 fevral 2012-ci il tarixdə su təchizatı və kanalizasiya xidmətlərinə dair qeyri-əhali istehlakçıları üçün 073898 nömrəli müqavilə bağlanmış, həmin müqavilə ilə cavabdehin su təchizatı sistemindən iddiaçının tələbatına uyğun lazımi miqdarda, tərkib və keyfiyyətinə görə DÜİST2874-82-№-li Dövlət Standartının tələblərinə uyğun içməli suyun buraxılması, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar tərəflərin hüquq və öhdəlikləri müəyyən edilmişdir. İddiaçıya məxsus abonent haqqında məlumata əsasən, iddiaçı ünvan 2 ünvanında xx.xx.2021-ci il tarixdə quraşdırılmış 245662 nömrəli “Smart CSS” markalı sayğacdan istifadə edir. Cavabdehin əməkdaşları 21 sentyabr 2023-cü il tarixdə adıçəkilən ünvanda obyektə baxış keçirmiş, bu barədə 21 sentyabr 2023-cü il tarixli 602197 nömrəli akt tərtib etmişlər. Həmin aktda obyektin 1-ci mərtəbəsində dəhliz hissədə obyektə məxsus sayğac yerləşdiyi, sayğacın yerləşdiyi hissədə mövcud olan sanitar qovşağın sayğacı əhatə etdiyi halda, eyni hissədə yerləşən digər bir su xəttinin isə saygacı əhatə etmədiyi, qanunsuz xəttin iç diametrinin d-15 mm olduğu, kanalizasiyaya qoşulmanın mövcud olduğu göstərilmişdir. 2023-cü ilin sentyabr ayı üçün sudan qanunsuz istifadəyə görə 1098 manat və çirkab sudan qanunsuz istifadəyə görə 1098 manat məbləğində borc iddiaçının abonent haqqında məlumatına daxil edilmiş və ödənilmişdir.

14. İddiaçı sözügedən hesablamanın qanunsuz olduğunu və 2170,70 manat məbləğində pulun qaytarılmasını xahiş edir.

15. Cavabdeh yoxlamanın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmadığı, lakin iddianın rədd edilməsini xahiş edir.

16. Məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

17. “Su təchizatı və tullantı suları haqqında” Qanununun 12-ci maddəsinə əsasən, su təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.

18. Həmin Qanunun 34-cü maddəsinin 3-cü bəndinə əsasən, kanalizasiya müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.

19. Həmin Qanunun 5-ci maddəsinin 3-cü bəndinə əsasən, su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər sudan istifadə qaydaları ilə tənzimlənir. Sudan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

20. Su təchizatı və kanalizasiya sistemlərindən (sudan) istifadə sahəsində su təchizatı və kanalizasiya müəssisəsi ilə istehlakçı arasında qarşılıqlı münasibətləri və bununla əlaqədar digər məsələləri tənzimləyən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 6.18-ci bəndinə əsasən, su təchizatı və kanalizasiya müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin su sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar su təchizatı və ya kanalizasiya sisteminə qanunsuz qoşulma (su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan sistemə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.

21. Göründüyü kimi, su təchizatı və tullantı sularının axıdılması sahəsində tənzimləməni həyata keçirən qanunvericilik aktlarında birbaşa təsbit edilmişdir ki, su təchizatı və kanalizasiya müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir və sayğacdan kənar su təchizatı və ya kanalizasiya sisteminə qanunsuz qoşulma (su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan sistemə qoşulma) halları müəyyən edildikdə, məhz həmin Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi təşkil edilməlidir.

22. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir.

23. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

24. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır.

25. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

26. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.

27. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.

28. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən, yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır.

29. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, reyestr sahibkarlıq subyektlərinin hüquqlarının müdafiəsi, iqtisadi tərəqqinin təmin edilməsi, sahibkarlığın inkişafı üçün əlverişli şəraitin yaradılması, sui-istifadələrin, o cümlədən korrupsiya və ya korrupsiyaya şərait yaradan hüquqpozmaların qarşısının alınması baxımından mühüm və səmərəli dövlət nəzarəti mexanizminin bir elementi kimi nəzərdə tutulmuşdur. Bu səbəbdən də qanunvericiliyə əsasən, yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

30. Nəzərə alınmalıdır ki, həm “Sahibkarlıq sahəsində yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunda, həm də Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 saylı Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”də hər hansı istisna olmadan, imperativ şəkildə bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) müvafiq Reyestrdə qeydiyyata alınmasının təmin edilməsi təsbit edilmişdir.

31. İş materiallarında görünür ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmiş, aparılan yoxlama vahid məlumat reyestrində qeydə alınmamışdır. Bu səbəbdən cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan yoxlamanın nəticəsi də qanunsuzdur.

32. Belə olan halda, cavabdeh tərəfindən hesablanmış 2196 manat məbləğində borcun hüquqi əsası olmadığından, lakin həmin vəsait artıq ödənildiyindən iddianın hüquqi əsası kimi Mülki Məcəllənin 439.4 və 1092.1-ci maddəsi çıxış edəcəkdir.

33. Belə ki, Mülki Məcəllənin 439.4-cü maddəsinə əsasən, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər.

34. Həmin Məcəllənin 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

35. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

36. Göründüyü kimi, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun tələb edilə bilər və əsassız varlanma zamanı isə qanuni əsas və ya müqavilə əsası mövcud olmur.

37. Həmin normaları işin hallarına tətbiq etdikdə aydın olur ki, cavabdeh hüquqi qüvvəsi olmayan 21 sentyabr 2023-cü il tarixli 602197 nömrəli akta əsasən 2196 manat borc hesablamış, iddiaçı isə həmin borc məbləğini ödəmişdir. Halbuki borcun hesablanmasının qanuni əsası və ya müqavilə əsası mövcud olmamışdır. Başqa sözlə, cavabdeh həmin məbləğdə pulun ödənilməsi ilə əsassız varlanmışdır.

38. Yuxarıda göstərilənləri və iddiaçının 2170,70 manat pulun geri tələb etməsini nəzərə alan məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh ASC-dən 2170,70 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir.

V. Nəticə:

39. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən 2170 (iki min yüz yetmiş) manat 70 (yetmiş) qəpik məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar