Məhkəmə qərarları › İş №e-2-2(113)-1158/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1158/2023

25.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1158/2023 25.06.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və X3 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kredit müqaviləsi, ipoteka müqaviləsi, borcun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və X3 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 “Azər-Türk Bаnk” Açıq Səhmdаr Cəmiyyətinin xeyrinə 23833,84 manat (iyirmi üç min səkkiz yüz otuz üç manat səksən dörd qəpik) əsas, 4401,91 manat (dörd min dörd yüz bir manat doxsan bir qəpik) faiz, əsas borc məbləğinə hesablanmış illik 5% görə 803,72 manat (səkkiz yüz üç manat yetmiş iki qəpik) olmaqla, cəmi 28539,47 manat (iyirmi səkkiz min beş yüz otuz doqquz manat qırx yeddi qəpik) məbləğində pul, 200 (iki yüz) manat mediasiya xərci və bildirişin ƏMDK yanında DƏDRX-nin 1 saylı Ərazi İdarəsi qeydiyyatı ilə bağlı 40 (qırx) manat ödənişin tutulması, tutmanın ünvan 1 ünvanında yerləşən mənzilə yönəldilməsi, ipoteka predmetinin açıq hərrac vasitəsilə satılması və bankın kredit tələbinin satılmış əmlakın hesabına ödənilməsi, ipoteka predmeti olan, X3 məxsus, ünvan 2 ünvanında yerləşən mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi, həmin mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan X5 və digər şəxslərin 1 ay ərzində həmin evi tərk etmədikləri halda, onların məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixli, 007-KRM-026-2020 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin təminatı olaraq, tam mülkiyyət hüququ üzrə X3 məxsus, ünvan 2 ipoteka götürülmüş və bununla bağlı tərəflər arasında xx.xx.2020-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. İpoteka ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin 3208 nömrəli reyestr kitabının 299519 nömrəli vərəqində (reyestr nömrəsi **********79-05301- 093037, qeydiyyat nömrəsi **********) xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. xx.xx.2020-ci il tarixli, 007-KRM-026-2020 saylı krеdit müqаviləsinin şərtlərinə əsаsən Cavabdeh1 xx.xx.2022-ci il tarixə 26833,84 manat (iyirmi altı min səkkiz yüz otuz üç manat səksən dörd qəpik) əsas, 4401,91 manat (dörd min dörd yüz bir manat doxsan bir qəpik) faiz borcu olmaqla, cəmi 31235,75 manat (otuz bir min iki yüz otuz beş manat yetmiş beş qəpik) borcu ödənilməmiş qаlmışdır. Göründüyü kimi, cаvаbdеh xx.xx.2020-ci il tarixli, 007-KRM-026-2020 saylı krеdit müqаviləsinin 1.2-ci bəndini əhəmiyyətli dərəcədə pоzmuş və vurduğu zərər nəticəsində “Аzər-Türk Bаnk” Аçıq Səhmdаr Cəmiyyətini müqаvilə bаğlаnаrkən ümid еtməyə hаqqı çаtаnlаrdаn məhrum еtmişdir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1, 319.1., 385.1, 425.1, və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1, 39.3.3, 59.3-cü maddələrinə istinad olunmuşdur.

5. Cavabdehlər tərəfindən iddiaya qarşı yazılı etiraz daxil olmamışdır.

6. İş üzrə cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-1158/2023 saylı qərardadı ilə iş üzrə icraata mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və digər şəxslərin 1 ay ərzində həmin evi tərk etmədikləri halda, onların məcburi qaydada çıxarılması hissəsində xitam verilmişdir.

Tədqiq olunan sübutlar:

8. İddiaçının nümayəndəsi Nümayəndə3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.

9. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 26 fevral 2020-ci il tarixli, 007-KRM-026-2020 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 bankdan 24 ay müddətinə illik 21 faiz dərəcəsi ilə 28000 (iyirmi səkkiz min) manat məbləğində kredit götürmüşdür.

10. İpoteka saxlayan – İddiaçı ASC ilə ipoteka qoyan – X5 və borc alan – Cavabdeh1 arasında bağlanmış və Bakı şəhəri 12 nömrəli notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli, 007-İPM-027-2020 nömrəli ipoteka müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 26 fevral 2020ci il tarixli, 007-KRM-026-2020 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə X5 tərəfindən onun mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 124 kv.m-dən ibarət olan 19 nömrəli mənzil (yeni qaydalarla: AZ1006, ünvan 2) İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.

11. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilən çıxarışdan müəyyən edilir ki, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 124 kv.mdən ibarət olan 19 nömrəli mənzil (yeni qaydalarla: AZ1006, ünvan 2) xüsusi mülkiyyət hüququ əsasında X2 adına xx.xx.2019-cu ildə Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi: **********).

12. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən tərəfindən qeydiyyata alınmış çıxarışın məzmunundan görünür ki, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 124 kv.mdən ibarət olan 19 nömrəli mənzilin (yeni qaydalarla: AZ1006, ünvan 2) Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır.

13. Azərbaycan Respublikasının Əmlak Məslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli Texniki Pasportdan müəyyən edilir ki, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 124 kv.mdən ibarət olan 19 nömrəli mənzilin (yeni qaydalarla: AZ1006, ünvan 2) hüquq subyekti X4r (Reyestr nömrəsi: **********79-05301-093037).

14. xx.xx.2021-ci il tarixli, xx/xx-1294 nömrəli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin məzmunundan görünür ki, ipoteka saxlayan İddiaçı ASC tərəfindən cavabdeh-ipoteka qoyan X3 müvafiq bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə xx.xx.2021-ci il tarixdə təqdim olunmuş və xx.xx.2021-ci il tarixdə, **********3 nömrə ilə həmin idarədə qeydə alınmışdır. İddiaçı ASC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat məbləğində dövlət rüsumu və 30 manat məbləğində xidmət haqqı ödəmişdir.

15. Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ASC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********26 nömrəli məktubda qeyd olunmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küçəsi, 6 saylı evin 19 nömrəli mənzilinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır.

16. İddiaçı ASC tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, xx.xx.2022ci il tarixə Cavabdeh1 banka 23333,84 manat əsas borc, 4401,91 manat faiz borcu, 803,72 manat cərimə borcu olmaqla, ümumilikdə borcu 28539,47 manat təşkil edir.

17. İddiaçı ASC-nin cavabdehlərə ünvanladığı xx.xx.2023-cü il tarixli, 6-3/07/05-76 nömrəli pretenziya məktubunun məzmunundan görünür ki, 26 fevral 2020-ci il tarixli, 007- KRM-026-2020 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə 23333,84 manat əsas borc, 8538 manat faiz borcunun 2 (iki) iş günü müddətində ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəmə müraciət edilcələyi barədə xəbərdarlıq edilmişdir.

18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 may 2023-cü il tarixli, 9/2277 saylı ekspert rəyindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 007-KRM-026-2020 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 xx.xx.2022-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) əsas borc üzrə 26833,84 manat; faiz borcu üzrə 3988,01 manat; xx.xx.2022-ci il tarixə banka olan borcu əsas borc üzrə 23333,84 manat; faiz borcu üzrə (5%) 857,86 manat; ümumilikdə faiz borcu 4875,87 manat müəyyən olunur.

19. "xxxx" MMC tərəfindən verilən əmlakın qiymətləndirilməsi barədə xx.xx.2022-ci il tarixli, ƏEM/O 66-711/22 saylı qiymətləndirmə rəyindən görünür ki, X3 məxsus olan, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 124 kv.mdən ibarət olan 19 nömrəli mənzilin (yeni qaydalarla: AZ1006, ünvan 2) likvid dəyəri 198000 manat, bazar dəyəri 221000 manat təşkil edir.

20. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında 26 fevral 2020-ci il tarixli, 007-KRM-026-2020 saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh1 bankdan “24 ay müddətinə illik 21 faiz dərəcəsi ilə 28000 manat məbləğində kredit götürmüşdür. İddiaçı ASC ilə X5 və Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixli, 007-İPM-027-2020 nömrəli ipoteka müqaviləsi bağlanmış və sözügedən ipoteka müqaviləsinə əsasən İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 26 fevral 2020-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə X5 tərəfindən onun mülkiyyətində olan, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 124 kv.mdən ibarət olan 19 nömrəli mənzili (yeni qaydalarla: AZ1006, ünvan 2) İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kreditor kredit müqavilələri üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca icra etməmiş, bununla da müqavilə şərtləri və mülki qanunvericiliyin normaları pozulmuşdur.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 270.1-ci maddəsinə əsasən girov və ipoteka müqavilə üzrə əmələ gəlir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

22. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.6-cı maddəsinə əsasən ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 3.1-ci maddəsinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. 10.4-cü maddəsinə əsasən ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. 11.1-ci maddəsinə əsasən daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 11.2-ci maddəsinə əsasən ipoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur. 34-cü maddəsində əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallar ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar kimi nəzərdə tutulur. 39.3-ci maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. 59.3-ci maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 59.4-ci maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

24. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

Məhkəmənin mövqeyi

25. İddia tələbinin bir hissəsini Cavabdeh1 26 fevral 2020-ci il tarixli, 007-KRM-026- 2020 saylı kredit müqaviləsi üzrə iddiaçının xeyrinə 23833,84 manat əsas, 4401,91 manat faiz borcunun tutulması təşkil edir.

26. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehin müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını, ekspert rəyini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas kredit borcunun tutulması hissəsində tam, faiz borcunun tutulması hissəsində isə qismən təmin edilməli, Cavabdeh1 23333,84 manat (iyirmi üç min üç yüz otuz üç manat səksən dörd qəpik) əsas borc və 3988,01 manat (üç min doqquz yüz səksən səkkiz manat bir qəpik) faiz borcu (rəyə əsasn müqavilə müddətinin sonuna olan faiz borcu) iddiaçının xeyrinə tutulmalı, faiz borcunun tutulmasına dair iddia qalan hissədə təmin olunmamalıdr.

27. İddia tələbinin digər hissəsini cavabdehdən Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən pul vəsaitinin ödənilməsi gecikdirildiyi üçün 803,72 manat məbləğin cavabdehdən tutulması təşkil edir.

28. İddia tələbinin göstərilən hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı gecikdirilməyə görə illik beş faizlə hesablanmış məbləğin ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır, həmin hissədə də iddia təmin olunmalı və cavabdehdən tələb həcmində 803,72 manat məbləğində pul (rəydə illik beş faizlə hesablanan məbləğ daha artıqdır) iddiaçının xeyrinə tutulmalıdır.

29. İddiaçı borc üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi tələbini irəli sürmüşdür.

30. Həmin tələblə bağlı məhkəmə araşdırması zamanı müəyyən edildi ki, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq ipoteka müqaviləsinə əsasən X5 məxsus yuxarıda qeyd edilən ünvanda yerləşən daşınmaz əmlak iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Müqavilə qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İpotekaya tutma yönəldilməsi ilə bağlı “İpoteka” haqqında Qanunda nəzərdə tutulmuş prosedura əməl edilmiş, ipoteka qoyana ipotekaya tutma yönəldilməsi barədə bildiriş göndərilmiş, həmin bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı müraciət edilmiş və bildiriş reyestrdə qeydiyyata alınmışdır.

31. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, “İpoteka haqqında” Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğundan və ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yarandığından iddia tələbi tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində təmin edilməli, tutma xx.xx.2020-ci il tarixli, 007-İPM- 027-2020 nömrəli ipoteka müqaviləsinə əsasən X3 məxsus olan (AR ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmış, Reyestr **********79-05301-093037, Qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən) ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 124 kv.mdən ibarət olan 19 nömrəli mənzilinə (yeni qaydalarla: AZ1006, ünvan 2) yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına banka olan borc ödənilməli, satışdan artıq məbləğ qalarsa, qalan məbləğ X3 qaytarılmalıdır.

32. Bundan əlavə “İpoteka” haqqında Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

33. Məhkəmə tərəfindən ipoteka predmetlərinin likvid dəyərlərinin müəyyən edilməsi ilə bağlı qiymətləndirici rəyi alınmışdır. Həmin rəyə əsasən ipoteka predmeti olan ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 124 kv.mdən ibarət olan 19 nömrəli mənzilin (yeni qaydalarla: AZ1006, ünvan 2) likvid dəyərinin 198000 manat olması müəyyən edilmişdir.

34. Belə olan halda məhkəmə hesab edir ki, X3 məxsus olan ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 124 kv.mdən ibarət olan 19 nömrəli mənzilin (yeni qaydalarla: AZ1006, ünvan 2) ilkin satış qiyməti 198000 manat məbləğində müəyyən edilməlidir.

35. Eləcə də, iddiaçı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumu və xidmət haqqının, ödənilmiş 200 manat mediasiya xərcinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.

36. Məhkəmə hesab edir ki, mediasiyaya ödənilmiş 200 (iki yüz) manat və ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 40 (qırx) manat dövlət rüsumu və xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

37. Həmçinin, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.

38. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat pul Cavabdeh1 tutularaq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (VÖEN: **********, Hesab N AZN: AZ30GUNA********************, "xxxx" ASC, VÖEN: **********, müxbir hesab: AZ25NABZ********************, kod: 505594, SWİFT: GUNAAZ22) köçürülməlidir.

39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh1 23333,84 manat (iyirmi üç min üç yüz otuz üç manat səksən dörd qəpik) əsas borc, 3988,01 manat (üç min doqquz yüz səksən səkkiz manat bir qəpik) faiz borcu, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanan 803,72 manat (səkkiz yüz üç manat yetmiş iki qəpik), 200 (iki yüz) manat mediasiya xərci və ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 40 (qırx) manat olmaqla, cəmi 28365,57 manat (iyirmi səkkiz min üç yüz altmış beş manat əlli yeddi qəpik) məbləğində pul İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. X1 məxsus, ipoteka predmeti olan ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 124 kv.mdən ibarət olan 19 nömrəli mənzilə (yeni qaydalarla: AZ1006, ünvan 2) yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan borc ödənilsin, satışdan artıq məbləğ qalarsa, qalan məbləğ X3 qaytarılsın. İpoteka predmeti olan, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 124 kv.mdən ibarət olan 19 nömrəli mənzilin (yeni qaydalarla: AZ1006, ünvan 2) ilkin satış qiyməti 198000 (yüz doxsan səkkiz min) manat müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat pul Cavabdeh1 tutularaq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (VÖEN: **********, Hesab N AZN: AZ30GUNA********************, "xxxx" ASC, VÖEN: **********, müxbir hesab: AZ25NABZ********************, kod: 505594, SWİFT: GUNAAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar