Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1160/2025 10.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: yük daşınması müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh3, onun nümayəndəsi və vəkili Vəkil4, Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra-iddiaçı) cavabdehlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 (bundan sonra-cavabdehlər) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 08 yanvar 2024-cü il tarixdə, 1 nömrəli nəqliyyat (daşıma) xidmətlərinin göstərilməsi haqqında müqaviləyə əsasən 60525 manat məbləğində əsas zərərin, 5400 manat məbləğində əldən çıxmış fayda məbləğinin, yekun olaraq 65400 manat məbləği və ödənilmiş olan 286,2 manat dövlət rüsumunun, 1000 manat hüquqi yardıma görə xərc və 320 manat vəkil xərcinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 08 yanvar 2024-cü il tarixdə İddiaçı ilə Cavabdeh3 arasında 1 nömrəli nəqliyyat (daşıma) xidmətlərinin göstərilməsi haqqında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən sifarişçi nəqliyyat daşıma xidmətlərinin göstərilməsini sifariş verib icraçıya razılaşdırlmış xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada daşıma xidmətlərini göstərməyi öhdəsinə götürür. Müqaviləyə əsasən Cavabdeh3 xidmətlərini həyata keçirmək üçün müxtəlif növ mallar verilmişdir. Müqavilənin 5.2-ci bəndinə əsasən icraçının təqsiri nəticəsində xidmət göstərilməsi zamanı sifarişçinin əmlakının məhv olması və ya zədələnməsi riski icraçının sifarişçiyə təhvil verdiyi vaxtadək icraçının üzərinə düşür. İcraçı tərəfindən daşınma prosesində sifarişçinin mallarından bir hissəsi, xüsusilə yağlar, təhvil verilmədən yanğın zamanı məhv olmuşdur. Yanğın baş vermiş yükdaşıma nəqliyyat vasitəsinin mülkiyyəti iki şəxsə məxsusdur. Belə ki, nəqliyyat vasitəsinin dartıcı hissəsininə dair mülkiyyət hüququ Cavabdeh2, yarımqoşqu hissəsinin mülkiyyət hüququ isə Cavabdeh4 məxsusdur. Bu halda, malların məhv olmasına görə icraçı yük daşıma nəqliyyat vasitəsinin sahibləri ilə birlikdə məsuliyyət daşıyır. Bu səbəbdən, Cavabdeh3 göstərilən şəxslərlə birlikdə (Cavabdeh2 və Cavabdeh4) bu məhsulların zərəri üçün məsuliyyət daşıyırlar. Hazırda müqaviləyə əsasən icraçı tərəfindən ödənilməli olan məhsulların zərərinin məbləği 60000 (altımış min) manat (ƏDV daxil) müəyyən edilmişdir.
3. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddiaçıya vurulmuş maddi zərərin əvəzinin ödənilməsi məqsədilə 4500 ədəd balon bitki yağınının alınması üçün ödənilmiş 35600 manatın, malın gətirilməsi üçün çəkilən daşıma xərci, gömrük xərcləri və 18% əlavə dəyər vergisi nəzərə almaqla 9200 manatın, əldən çıxmış fayda olaraq 15725 manatın və 5400 manatın, hazırkı iddianın məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumun əvəzi olaraq 286,2 manat, hüquqi xidmət göstərilməsi ilə bağlı çəkilmiş xərcin əvəzi olaraq 1000 manat, iddiaçının məhkəmədən vəkillə təmsil olunması üçün çəkilmiş xərcin əvəzi olaraq 320 manat, cəmi isə 67531,2 manat məbləğində pulun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı ilə Cavabdeh3 arasında yük daşınması müqaviləsi mövcuddur, həmin müqavilənin etibarsız hesab edilməsi üçün hər hansı əsas yoxdur. Belə ki, həmin müqavilə üzrə iddiaçıya məxsus malların ölkəyə idxal edilməsi dəfələrlə Cavabdeh3 sifariş verilmiş, sonuncu özünün tapdığı, iddiaçının tanımadığı daşıyıcılar vasitəsilə malları daşıyaraq iddiaçıya dəfələrlə təhvil vermiş, daşıma haqqı Cavabdeh3 göndərdiyi elektron qaimələr əsasında iddiaçı tərəfindən ona ödənilmişdir. Lakin sonuncu yük daşınması zamanı iddiaçıya məxsus olan malların yanaraq tam məhv olması barədə Cavabdeh3 telefonla iddiaçıya məlumat vermiş, ona yanğın hadisəsinin videosunu vatsap proqramına göndərmişdir. Yanğının hansı səbəbdən baş verməsi iddiaçıya məlum deyildir. İddiaçının müqaviləsi Cavabdeh3la olsa da, iddiaçı hesab edir ki, dəymiş zərər müştərək qaydada həm də digər cavabdehlərdən tutulmalıdır, belə ki, yük onların mülkiyyətində olmuş nəqliyyat vasitəsində daşınmışdır.
5. Məhkəmə iclasında Cavabdeh3 iddia ərizəsinə etiraz edib iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı özü ondan yazılı müqavilə bağlamağı xahiş etmiş, o, həmin müqaviləni oxumadan qol çəkmişdir. Belə ki, malları daşıyan sürücülər iddiaçı tərəfindən vəsaitin birbaşa onlara köçməsini istəmədikləri üçün o, iddiaçı ilə sürücülər arasında vasitəçi rolunu oynamış, iddiaçıdan sifarişi aldıqdan sonra malları daşıya biləcək olan uyğun maşın və sürücü tapmış, mallar çatdırıldıqdan sonra öz adından iddiaçıya elektron qaimə vermiş, ödənişlər ona ödənildikdən sonra o, həmin vəsaitdən özünə çatası az bir məbləği götürdükdən sonra qalan pulu sürücülərə ödəmişdir. Hesab edir ki, hazırkı iddia tələbi ona qarşı verilə bilməz, belə ki, hazırkı iddia sürücü Murad Qasımova, habelə nəqliyyat vasitələrinin mülkiyyətçilərinə qarşı qaldırılmalıdır. Belə ki, nəqliyyat vasitələrinin mülkiyyətçiləri daşıma başlanmazdan əvvəl maşınların sazlığını yoxlamalı idilər, hesab edir ki, maşının yük hissəsində olan nöqsan səbəbindən yanğın çıxmış, yük alışaraq tam məhv olmuşdur, ona hadisəni görmüş sürücülər yanğının maşında olan nasazlıq səbəbindən çıxmasını bildirmişlər. Bundan əlavə, Rusiya Federasiyasında həmin ay bir neçə maşın kənar qüvvənin təsirindən xəsarət almış, yanmışdır.
6. Cavabdeh T.Hüseynovun nümayəndəsi və vəkili Vəkil4 iddia ərizəsinə etiraz edib iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı ilə cavabdeh T.Hüseynov arasında bağlanmış müqavilə etibarsızdır, cavabdeh həmin müqaviləni formal olaraq imza etmiş, oxumamış, şərtləri ilə tanış olmamış, iddiaçı ilə daşıyıcılar arasında sadəcə vasitəçi rolunu oynamışdır.
7. Məhkəmə iclasında Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil3 iddia ərizəsinə etiraz edib iddianın Cavabdeh4 aid hissədə rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, nəqliyyat vasitəsində hər hansı nasazlıq olmamış, sürücü M.Qasımova etibarnamə verilmiş, yanğın hadisəsi nəticəsində maşının içərisində olan mal yanaraq məhv olsa da, bunda Cavabdeh4 hər hansı təqsiri yoxdur.
8. Əvvəlki məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə etiraz edib iddianın Cavabdeh2 aid hissədə rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, nəqliyyat vasitəsində hər hansı nasazlıq olmamış, sürücü M.Qasımova etibarnamə verilmiş, yanğın hadisəsi nəticəsində maşının içərisində olan mal yanaraq məhv olsa da, bunda Cavabdeh2 hər hansı təqsiri yoxdur. Maşının sürücüsü hər hansı məsuliyyətə cəlb edilməmişdir.
9. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasına gəlməmiş, ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmiş, sonuncu məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
11. İddiaçı (sifarişçi) ilə Cavabdeh3 (icraçı) arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 01 nömrəli nəqliyyat xidmətlərinin göstərilməsi haqqında müqaviləyə görə sifarişçi nəqliyyat daşıma xidmətlərinin göstərilməsini sifariş verib icraçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada normal və ya soyuduculu yükdaşıma nəqliyyatları vasitəsi ilə beynəlxalq və ölkə daxili üzrə daşıma xidmətləri göstərməyi öhdəsinə götürür.
12. Müqavilənin 5.2-ci bəndinə görə icraçının təqsiri nəticəsində təsadüfən xidmət göstərməsi nəticəsində sifarişçinin əmlakının məhv olması və ya zədələnməsi riski icranın sifarişçiyə təhvil verildiyi vaxtadək icraçının üzərinə düşür.
13. Müqavilənin 5.3-cü bəndinə görə icraçı sifarişçinin əmlakı barəsində diqqətsizlik üzündən həmin əmlakın məhv olması və ya zədələnməsi üçün məsuliyyət daşıyır.
14. Cavabdeh3 tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixli MT2409 11077564 nömrəli 2057 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2409 11993920 nömrəli 2337,5 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT 2409 nömrəli 2057 manat məbləğində, xx.xx.2024cü il tarixli MT2409 10519433 nömrəli 2431 manat məbləğində elektron qaimə-fakturalar təqdim olunmuşdur.
15. Cavabdeh3 tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixli, 10 nömrəli 2431 manat məbləğində,xx.xx.2024-cü il tarixli, 11 nömrəli 2057 manat məbləğində, xx.xx.2024-cü il tarixli, 12 nömrəli 2057 manat məbləğində, xx.xx.2024-cü il tarixli, 13 nömrəli 2337,5 manat məbləğində, xx.xx.2024-cü il tarixli, 14 nömrəli 2337,5 manat məbləğində hesabfakturalar təqdim olunmuşdur.
16. xx.xx.2024-cü il tarixli, 10 nömrəli təhvil-təslim aktına görə 2431 manat məbləğində, xx.xx.2024-cü il tarixli, 11 nömrəli təhvil-təslim aktına görə 2057 manat məbləğində, xx.xx.2024-cü il tarixli, 12 nömrəli təhvil-təslim aktına görə 2057 manat məbləğində, xx.xx.2024-cü il tarixli, 13 nömrəli təhvil-təslim aktına görə 2337,5 manat məbləğində, xx.xx.2024-cü il tarixli, 14 nömrəli təhvil-təslim aktına görə 2337,5 manat məbləğində xidmət (beynəlxalq yük daşınması) Cavabdeh3 tərəfindən həyata keçirilmiş, iddiaçı tərəfindən xidmətlər təhvil alınmışdır.
17. İddiaçı tərəfindən "xxxx" ASC-yə xx.xx.2024-cü il tarixli MT2412 10814730 nömrəli 519,99 manat məbləğində elektron qaimə-faktura təqdim olunmuşdur.
18. İddiaçı tərəfindən "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixli MT2412 10080838 nömrəli 1142,99 manat məbləğində elektron qaimə-faktura təqdim olunmuşdur.
19. İddiaçı tərəfindən X1 xx.xx.2024-cü il tarixli MT2412 10178113 nömrəli 1369,99 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2412 10458435 nömrəli 926,69 manat məbləğində elektron qaimə-fakturalar təqdim olunmuşdur.
20. 29.10.2024-cü il tarixli CMR adlı sənədə görə “Urussa” markalı hər biri 5 litr olan 1500 ədəd qutu (ümumi çəkisi 21705 kq) günəbaxan yağının qiyməti ümumi ******* rubl təşkil edir, malı daşıyacaq nəqliyyat vasitələrinin nömrələri: 99NY396 və 99YE296-dır.
21. Malın mənşə şəhadətnaməsinə əsasən Urussa” markalı ümumi ******* rubl təşkil edən, hər biri 5 litr olan 1500 ədəd qutu (ümumi çəkisi 21705 kq) günəbaxan yağı iddiaçının mülkiyyətindədir, Rusiya Federasiyasından Azərbaycan Respublikasına daşınmalıdır.
22. Rusiya Federasiyasının yük gömrük bəyannaməsinə əsasən ümumi dəyəri ******* rubl təşkil edən malları alacaq olan şəxs iddiaçıdır.
23. İddiaçı tərəfindən təqdim edilmiş ödəniş tapşırıqlarına əsasən ******* rubl (35600 manat) vəsait iddiaçı tərəfindən satıcı Resurs Yuq Şirkətinə ödənilmişdir.
24. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələrinə əsasən 99NY396 nömrəli nəqliyyat vasitəsi Cavabdeh2, 99YE296 nömrəli nəqliyyat vasitəsi Cavabdeh4 mülkiyyətindədir.
25. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, materialları araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.
26. Belə ki, hazırki iddia ərizəsi bir neçə tələbdən ibarətdir: 1. 35600 manat dəymiş zərərin ödənilməsi; 2. 9200 manat daşıma, vergi və gömrük xərclərinin tutulması; 3. 15725 manat və 5400 manat əldən çıxmş faydanın tutulması.
27. Məhkəmə iddia ərizəsini birinci hissədə Cavabdeh3 aid hissədə əsaslı hesab edir.
28. Belə ki, iddiaçı özünə məxsus olan dəyəri 35600 manat təşkil edən malların daşınmasını ekspeditor Cavabdeh3 həvalə etdiyini, sonuncunun özünün tapdığı daşıycı və sürücülər vasitəsilə malların daşınmasını həyata keçirdiyini, lakin sonuncu daşıma zamanı malların Rusiya Federasiya ərazisində daşıma prosesi gedişində yanaraq məhv olması səbəbindən ona zərər dəydiyini iddia edir.
29. Cavabdeh3 iddia tələbinə etirazında ümumiyyətlə tərəflər arasında bağlanmış müqavilənin etibarsız olduğunu bildirir.
30. Məhkəmə cavabdehin bu dəlilinə münasibətdə aşağıdakıları qeyd edir.
31. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli Qərarına əsasən “... məhkəmələr tərəfindən müqavilə üzrə mübahisələrə baxılarkən, ilk növbədə, iddia tələbinin əsaslandığı əqdin etibarlılığı araşdırılmalıdır. Belə ki, məhkəmənin gələcəyi nəticə məhz əqdin etibarlılığından asılıdır”.
32. Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında da vurğulamışdır ki, “müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olubolmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir”.
33. Materiallardan görünür ki, Cavabdeh3 qarşı yönəlmiş iddia tələbi tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 01 nömrəli yük daşınması müqaviləsindən irəli gəlir.
34. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
35. 324.1-ci maddəsinin tələbinə görə əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
36. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
37. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
38. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
39. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
40. 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.
41. Mülki Məcəllənin 354.2-ci maddəsi Mülki Məcəllənin əqdlərin etibarsızlığını müəyyən edən fəslində (XİV fəsil) nəzərdə tutulmaqla həmin norma Mülki Məcəllənin iddia müddətini və onun tətbiq olunma əsaslarını müəyyən edən fəslin (XVİİİ fəsil) normalarından fərqli qaydanı müəyyən edir və iddia müddəti kimi dəyərləndirilmir.
42. Belə ki, Mülki Məcəllənin 354.2-ci maddəsi qanunda müstəqil xarakter daşıyan xüsusi norma kimi nəzərdə tutulmaqla əqdin etibarsızlığı barədə mübahisə yalnız orada müəyyən olunmuş müddətlər çərçivəsində irəli sürülə bilər.
43. Cavabdeh3 tərəf qeyd edilən müqavilənin etibarsızlığını mübahisələndirsə də, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14-cü fəslində müəyyən edilmiş əqdlərin etibarsızlığının əsasları hazırkı iş üzrə müəyyən edilməmişdir.
44. Məhkəmə qeyd edir ki, əqdlərin etibarsızlığı ilə bağlı müddəaları özündə əks etdirən Mülki Məcəllənin 14-cü fəslində əqdin etibarsızlığının əsasları konkret göstərilmişdir ki, məhkəmə araşdırması zamanı da bu əsaslar (hallar) müəyyən edilməmişdir.
45. Bundan əlavə, həmin müqavilə üzrə tərəflər arasında daha əvvəl də mütəmadi olaraq yük daşınmalarının həyata keçirildiyi, daşınmaların təhvili ilə bağlı iddiaçı ilə Cavabdeh3 arasında təhvil aktlarının imzalandığı, daşıma haqlarının Cavabdeh3 təqdim etdiyi fakturalar əsasında iddiaçı tərəfindən ödənildiyi, iddiaçının sifarişlərini məhz Cavabdeh3 qəbul etdiyi, malları daşıyacaq nəqliyyat vasitələrinin, habelə sürücülərin Cavabdeh3 tərəfindən daşınmaya cəlb edildiyi məhkəmə araşdırması zamanı müəyyən edilmişdir.
46. Mülki Məcəllənin 351.2-ci maddəsinə əsasən əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir.
47. Həmin Məcəllənin 351.3-cü maddəsinə əsasən əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir.
48. Bu səbəbdən məhkəmə Cavabdeh3 müqavilənin etibarsız hesab edilməli olması barədə arqumnetini məhkəmə əsassız hesab edir, yaranmış məsuliyyətdən yayınma cəhdi kimi qiymətləndirir.
49. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı dəyəri 35600 manat təşkil edən, hər biri 5 litr olan 1500 ədəd qutu (ümumi çəkisi 21705 kq) günəbaxan yağının Rusiya Federasiyasından Azərbaycana daşınmasını ekspeditoru olan Cavabdeh3 sifariş etmiş, sonuncu malların daşınması üçün əlavə daşıyıcıları işə cəlb etmiş, mallar digər cavabdehlərin mülkiyyətində olan nəqliyyat vasitələrinə yüklənmiş, nəqliyyat vasitəsi yolda, hərəkətdə olan zaman nəqliyyat vasitəsində baş vermiş yanğın səbəbindən yük yerində olan həmin mallar yanaraq tam məhvil olmuşdur.
50. Malların tam məhv olmasını cavabdehlər Cavabdeh2 və Cavabdeh4 nümayəndələri məhkəmə iclasında təsdiq etmiş, habelə Cavabdeh3 tərəfindən iddiaçıya göndərilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş video görüntü ilə müəyyən edilmiş, göstərilən fakt ümumiyyətlə məhkəmə araşdırması zamanı proses işirakçıları tərəfindən mübahisələndirilməmişdir.
51. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.
52. Həmin Məcəllənin 852.1-ci maddəsinə əsasən ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir.
53. Həmin Məcəllənin 859.1-ci maddəsinə əsasən yükün itirildiyi və ya məhv olduğu halda daşıyıcı onun tam dəyərini ödəyir. Əgər yük daşıyıcı tərəfindən daşımaya qəbul edildikdən sonra üç ay ərzində çatdırılmazsa, əksi sübut edilənədək itirilmiş sayılır.
54. Həmin Məcəllənin 859.2-ci maddəsinə əsasən bundan başqa, daşıyıcı çatdırmanın gecikdirilməsi və ya yükün zədələnməsi və ya qismən məhv olması ilə bağlı bütün zərər üçün məsuliyyət daşıyır.
55. Məhkəmə araşdırması zamanı iddiaçının mülkiyyətində olan malların yanaraq məhv olması, bununla ona ümumilikdə malın dəyərini təşkil edən 35600 manat məbləğdə zərər dəyməsi müəyyən edildiyindən məhkəmə hesab edir ki, iddiaçı hazırda həmin zərəri tələb etməklə haqlıdır.
56. Məhkəmə qeyd edir ki, göstərilən zərər yalnız Cavabdeh3 tutulmalıdır.
57. Belə ki, iddiaçı ilə müqavilə bağlayaraq onların daşınmasının həyata keçirilməsi Cavabdeh3 həvalə edilmiş, daşımaya nəqliyyat vasitələri sonuncu tərəfindən cəlb edilmişdir.
58. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının ekspeditoru olan Cavabdeh3 həmin daşıyıcılar, habelə nəqliyyat vasitələrinin mülkiyyətçilərinin vurduğu zərərə görə iddiaçı qarşısında məsuliyyəti birbaşa özü daşıdığı üçün iddiaçıya dəymiş zərər Cavabdeh3 tutularaq iddiaçıya ödənilməli, iddia digər cavabdehlərə aid hissədə təmin edilməməlidir.
59. Məhkəmə iddianı ikinci, 9200 manat daşıma, vergi və gömrük xərclərinin tutulması hissəsində əsassız hesab edir.
60. Belə ki, iddiaçı tərəfindən məhkəməyə ümumiyyətlə daşıma, vergi və gömrük xərclərinin ödənilməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.
61. Məhkəmə iddianı qalan, əldən çıxmış faydanın tutulması hissəsində də əsassız hesab edir.
62. Belə ki, Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
63. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
64. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir.
65. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.
66. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablaşmalarla, sübutlarla (smeta, kalkulyasiya və s.) təsdiq olunmalıdır.
67. Bundan əlavə, məlum olduğu kimi, Mülki Məcəllə zərər vurulmasını öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi təsbit edir (m. 386.1).
68. Mülki Məcəllə daha sonra mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (m. 1096 və 1097). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün (1) zərərin özünün varlığı, (2) zərər vuranın təqsirli (təqsirsiz məsuliyyət halları istisna olmaqla) və (3) hüquqa zidd əməli, (4) əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur.
69. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
70. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
71. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
72. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsi barədə tələblə məhkəməyə müraciət edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir.
73. Belə ki, ziyanın ödənilməsi ilə bağlı tələb öncə həmin ziyanı onu vuran şəxsə aid edilməsini nəzərdə tutur.
74. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
75. Həmin Məcəllənin 78.1-ci maddəsinə müvafiq olaraq sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
76. “Məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər”. (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2021-ci il 14 aprel tarixli Qərarı).
77. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq cavabdehin vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün onun iddiaçıya birbaşa və ya zərər vurulması ilə nəticələnən hüquqa zidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur.
78. Hazırkı halda iddiaçı cavabdehlərin təqsiri nəticəsində ona maddi zərər vurulduğunu iddia etsə də, MM-in 21-ci maddələrində göstərilən halların mövcudluğunu əsaslandıra bilməmiş, ona ziyan vurulması faktı və dəymiş zərər barədə məhkəməyə müvafiq sübutları təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır və təmin edilməməlidir.
79. Belə ki, iddiaçı iddia ərizəsində cavabdehlərin vurduğu zərərlə əlaqədar olaraq ona əldən çıxmış fayda şəklində zərər dəydiyini, malın ona vaxtında çatdırılması halında qazanc əldə edə biləcəyini bildirsə də, göstərilən halların mövcudluğunu əsaslandıra bilməmiş, həmin qazancın əldə edilməsi ilə bağlı aparılmış hazırlıq işləri ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.
80. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh3 35600 manat borc tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
81. Bundan başqa iddia ərizəsində nümayəndəyə çəkilmiş xərcin əvəzi olaraq 1000 manat və 320 manat vəkil xərcinin cavabdehdən tutulması da tələb edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən çəkilmiş 320 manat vəkil xərci Cavabdeh3 tutularaq iddiaçıya ödənilməli, qalan xərc iddiaçının özünə aid edilməlidir.
82. Belə ki, hüquqi yardımın göstərilməsi haqqında xx.xx.2024-cü il tarixli, EM- 1821VK-18537/24 nömrəli müqavilədən görünür ki, iddiaçı tərəfindən Bakı şəhəri 17 saylı Vəkil Bürosuna 320 manat hüquqi xidmət haqqı ödənilmişdir.
83. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
84. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
85. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən 196,80 manat dövlət rüsumu (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) Cavabdeh3 tutularaq iddiaçıya ödənilməli, qalan ödənilmiş 92,20 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
86. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh3 35600 manat məbləğində pul, 196,80 manat dövlət rüsumu, 320 manat hüquqi yardıma görə xərc, ümumilikdə 36116,80 (otuz altı min bir yüz on altı manat səksən qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qalan məhkəmə xərcləri (1000 manat hüquqi yardıma görə xərc və 92,20 manat dövlət rüsumu) İddiaçı özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova