Məhkəmə qərarları › İş №e-2-2(113)-1164/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1164/2024

29.03.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1164/2024 29.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “avadanlığın qaytarılması və pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: zərər, əldən çıxmış fayda) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “avadanlığın qaytarılması və pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “avadanlığın qaytarılması və pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4 ədəd konteynerin və onun avadanlıqlarının naturada, özləri olmadıqda isə 29500 manat pulun, 210 manat mediasiya xidmətləri üçün çəkilmiş xərcin və 1400 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdehdən 4 ədəd konteynerlərin naturada, özləri olmadıqda 29500 manat, konteynerlərin avadanlıqları naturada, özləri olmadıqda 29000 ABŞ dollarının qətnamənin icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla, konteynerlərin və avadanlıqlaın daşınması üçün sərf edilmiş 280 manat, icarə haqqı üçün ödənilmiş 90126,36 manat, 1400 manat vəkil xidməti üçün ödənilmiş pulun, 210 manat mediasiya xərcinin, 251 manat dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə iddiaçı arasında TES/TS/01 saylı, 17 yanvar 2020-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqavilədən əmələ gələn münasibətlərdən iddiaçıya məxsus 4 ədəd cəmi qiyməti 29500 manat dəyərində konteynerlər və onun avadanlıqları müvəqqəti cavabdehə məxsus əraziyə yerləşdirilmişdir. Həmin vaxt cavabdehin direktoru X1 (Ş/V AA0829268, FİN 1LVVZXE) olmuşdur. Cavabdehlə iddiaçı arasında bağlanmış müqavilə digər şəxslərə olan xidmətin qiyməti dəfələrlə aşağı olduğu üçün cavabdeh həmin konteynerləri təmənnasız öz ərazisində müvəqqəti saxlamağı öz öhdəsinə götürmüşdür. Sonradan cavabdehin direktoru başqa şəxs təyin edilmişdir. İddaçıya məxsus konteynerlər və avadanlıqlar cavabdehdən tələb edilərkən cavabdeh buna süni maneə yaradaraq həmin konteynerləri və onun daxilində olan avadanlıqları geri qaytarmadan qərəzli olaraq imtina etmişdir. Cavabdehin direktoru bir dəfə həmin konteynerləri şifahi olaraq qaytaracağını bildirən zaman iddiaçı tərəfindən “166 yük daşıma” xidmətinə müraciət edilmiş və yük avtomobili sifariş edərək həmin əraziyə aparılsa da, cavabdeh tərəfindən yenidən qərəzli olaraq imtina edilmiş və həmin vaxt yük daşıma xidməti üçün ödənilmiş məbləğ yəni 1600 manat məbləğində iddiaçıya maddi zərər vurulmuşdur. Həmin konteynerlər və avadanlıqları iddiaçıya lazım olan vaxtda cavabdehin qanunsuz hərəkətləri nəticəsində təhvil verilmədiyi üçün iddiaçı digər şəxslər qarşısında öhdəliyini icra etmək üçün həmin konteynerlər və ləvazimatlarını icarə müqaviləısinə əsasən başqa şirkətdən əldə edərək istifadə etmiş və bununlada növbəti dəfə maddi zərər görmüşdür. Avadanlıqlar 02907 saylı, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, 4 ədəd konteyner isə 0001-SHRF-TES saylı, xx.xx.2021-ci il tarixli “alqı-satqı” müqaviləsinə əsasən "xxxx" MMC-dən satın alınmışdır. Həmin konteynerlər və avadanlıqlar yeni olmuşlar və alınan zaman birbaşa cavabdehə məxsus əraziyə yerləşdirilmişlər. İddia ərizəsində qeyd edildiyi kimi qeyd edilən konteynerlər və onun avadanlıqları iddiaçının öz vəsaiti hesabına alınmışdır, buna dair “alqı-satqı” müqavilələri, ödəniş tapşırıqları mövcuddur, iddiaçının mülkiyyətidir.

4. Daha sonra əlavə edərək, cavabdehin həmin konteynerlər və avadanlıqların iddiaçıya vaxtında təqdim edilməməsi səbəbindən iddiaçıya aşağıda siyahıda olan maddi zərərlər dəymişdir. Belə ki, cavabdeh iddiaçıya şifahi şəkildə konteynerlər və onların avadınlıqlarının cavabdehə məxsus ərazidən götrülməsinə razılıq verdiyi üçün iddiaçı "xxxx" MMC ilə yük daşınması müqaviləsi bağlayaraq xx.xx.2023-cü il tarixdə yüklərin daşınmasını təşkil etmişdir.Ancaq cavabdehin sonradan buna süni maneə yaratması nəticəsində yukdaşıma yəni konteyner və avadanlıqları ərazidən götürə bilməmişdir.Bundan sonra xx.xx.2023- cü il tarixli “göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında” AKT-a əsasən iddiçı tərəfindən 280 manat rüsum ödəniş edilmişdir. xx.xx.2023cü il tarixli elektron qaiməyə əsasən 28977,26 manat; xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 37191,24 manat;xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 47837.20 manat; xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 41014,44 manat; xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 23164,58 manat; xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 1888,00 manat -cəmi 90126.36 manat məbləğində maddi zərər həmin konteyerlərin tələb olunan vaxtda verilməməsi və evakusiyanın baş tutmaması səbəbindən iddiaçıya vurulmuşdur. Bu barədə məhkəmə iclasında tərəfimdən geniş izahat veriləcəkdir.Həmin konteynerlə və avadanlıqlara zərurət iddiaçı ilə “Azərtexnolayn" MMC arasında bağlanmış 01 iyul 2021-ci il tarixli 20210701/ATL/LB/001 saylı müqavilə üzrə öhdəliyi icra etməkdən ötrü yaranmışdır.Cavabdehin qanunsuz olaraq saxladığı konteynerlər tələb edilən dövrdə iddiaçıda olduğu təqdirdə iddiaçı yuxarıda qeyd edilən maddi zərərlə qarşılaşmayacaqdır və bu zərərin həcminin gələcəkdə artması qaçılmazdır.İddia ərizəsində qeyd edildiyi kimi xx.xx.2021-ci il tarixli “alqı-satqı” müqaviləsinə əsasən konteynerlər 29500 manata, xx.xx.2021-ci il tarixli “alqı-satqı" müqaviləsinə əsasən avadanlıqlar isə 29000 ABŞ dollarına yəni -49300 manata iddiaçı tərəfindən satın alınmışdır və hal-hazırda da cavabdehə məxsus ərazidədirlər.

5. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC hüquqlarını müdafiə etdiyim Cavabdeh MMC-yə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək "xxxx" MMCyə məxsus 4 ədəd konteyner və onun avadanlıqlarının, naturada özləri olmadıqda isə 29500 (iyirmi doqquz min beş yüz) manat, 210 (iki yüz on) manat mediasiya xərci və 1400 (min dörd yüz) manat məbləğində pulun ondan tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırda həmin iş Sizin icraatınızdadır Daha sonra, iddianın həcminin artırılması tələbi ilə çıxış edərək, "xxxx" MMC-yə məxsus 4 ədəd konteyner və onun avadanlıqlarının, naturada özləri olmadıqda isə 29500 (iyirmi doqquz min beş yüz) manat, 210 (iki yüz on) manat mediasiya xərci, 1400 (min dörd yüz) manat vəkil xidməti üçün ödənilmiş məbləğ, icarə haqqı üçün ödənilmiş 90123.36 manat, 251 manat dövlət rüsumununCavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bildirirəm ki, "xxxx" MMC-nin hazırki iddiası və iddia həcminin artırılmasına dair ərizəsinin heç bir hüquqi tərəfi mövcud deyildir. İddia ərizəsi yalnızca formal mülahizələr əsasında tərtib olunmuş və məhkəməyə verilmişdir. İddiaçının hazırki iddia ərizəsini qaldırmaqda yeganə məqsədi əsassız varlanmaqdır. Baş verənlər heç də iddia ərizəsində qeyd olunduğu kimi deyildir və iddiaçı təqdim etdiyi sənədlərlə öz iddiasını təkzib etmişdir. Belə ki, İddiaçı öz ərizəsində 4 ədəd konteyner və onun avadanlıqlarının Cavabdeh MMC-yə məxsus ərazidə saxlanmasına razılıq verilməsi əsası kimi iddiaçı ilə cavabdehin arasında bağlanmış 17 yanvar 2020-ci il tarixli TES/TS/01 saylı xidmət müqaviləsinin dəyərinin digər şirkətlərə münasibətdə dəfələrlə az olması kimi göstərmişdir. Lakin bu özündə həqiqəti əks etdirmir. Bunun əyani sübutu kimi, iddiaçı tərəfindən təqdim olunmuş tamamlama aktlarına diqqət yetirmək kifayət edir. Həmin tamamlama aktları ilə Cavabdeh MMC ilə görülmüş işlərə dair imzalanmış tamamlama aktları müqayisə olunduqda, cavabdehə daha yüksək qiymətlərlə xidmət göstərdiyi aydın şəkildə görünür. Həmçinin, iddiaçının iddianın həcminin artırılması ərizəsinə əlavə etdiyi müqavilə, tamamlama aktları və elektron qaimələr "xxxx" MMC-nin digər bir şirkətlərlə - "xxxx" MMC və “X6 ve Ticaret Anonim” Şirkətinin Azərbaycan Respublikasındakı filialı” MMC ilə bağlanmış xidmət müqaviləsini, onun əsasında görülmüş işləri və ödənilmiş məbləğləri əks etdirir. Belə ki, icarə haqqı üçün ödənildiyi iddia edilən 90126,36 manat məbləğ iddiaçının gördüyü işlər müqabilində şirkətlərə ödədiyi məbləğdir. İddiaçının digər sifarişçilərə göstərdiyi xidmətlərin vahidinin qiymətində bütün xərclər, o cümlədən konteynerlərin dəyəri, onlara çəkilən xərclər, icarə xərcləri maya dəyərinə əlavə edilməli idi. Belə olan halda, vahidin qiyməti Cavabdehə göstərilən xidmətlərin qiymətindən daha yüksək olmalı idi. Lakin bunun əksinə olaraq təqdim edilmiş sənədlərdə digər sifarişçilərə göstərilən xidmətlərin qiyməti cavabdehə göstərilən xidmətlərin qiymətlərindən 28- 30% aşağı qiymətdə müəyyən edilmişdir. Bu hal isə cavabdehə bazar qiymətinə uyğun olmayan qiymətlərlə xidmət göstərərək əsassız varlanmanın yaranmasına səbəb olmuşdur. Göründüyü kimi verilmiş iddia ərizəsi qanunsuz və əsassız olmaqla həqiqəti əks etdirmir.

II. Tərəflərin mövqeləri:

7. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

8. Əvvəlki məhkəmə iclasında iddiaçının qanuni təmsilçisi Nümayəndə2 iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, ilk dəfə konteynərlərin geri qaytarılması tələbi ilə rəsmi qaydada 2023-cü ilin avqust ayında müraciət etmişlər. Konteynerlər alınan gündən cavabdehə məxsus əraziyə yerləşdirilib. Cavabdehin 2023-cü ilin iyun ayında rəhbərliyi dəyişəndən sonra tərəflər arasında münasibətlər kəskinləşmişdir. O, xx.xx.2023-cü il tarixdə evakuasiya xidmətindən istifadə edildiyi gün dörd ədəd konteyneri ləvazimatları ilə birlikdə cavabdehin ərazisində şəxsən görmüş, konteynerlər salamat olmuş, qapıları bağlı olmuşdur. Konteynerlər tərəflər arasında əldə edilmiş şifahi razılığa əsasən cavabdehin əvəzsiz saxlancına verilmişdir. Həmin konteynerlərin açarları ondadır, cavabdeh həmin konteynerlərdən istifadə edə bilməz.

9. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsinə etiraz edib yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçının tələb etdiyi konteynerlər cavabdehə məxsus sahədə saxlanılır. Həmin avadanlıqlar əvəzsiz olaraq saxlanılmış, iddiaçı tərəfindən cavabdehə bununla bağlı hər hansı vəsait ödənilməmişdir. Konteynerlərin qapısı bağlı olmuş, cavabdehin onlardan istifadə etməsi mümkün deyildir. Konteynerlərin iddiaçıya məxsus olmasını təsdiq edən sənədlər cavabdehə təqdim edilmədiyi üçün onların qaytarılması tələbi təmin edilməmişdir.

III. Məhkəmə baxışının hədləri:

10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

11. İddiaçı (sifarişçi) və cavabdeh (icraçı) arasında bağlanmış 17 yanvar 2020-ci il tarixli TES/TS/01 nömrəli müqaviləyə əsasən icraçı müqavilənin 1 saylı Əlavəsində nəzərdə tutulmuş şərtlərlə və qiymətlərlə sınaq xidmətlərini sifarişçi üçün icra edir. Sifarişçi ona göstərilmiş xidmət müqabilində bu müqavilədə nəzərdə tutulmuş ödənişi icraçının bank hesabına köçürür.

12. Müqavilənin 2.2.4-cü bəndinə əsasən sifarişçi test avadanlıqlarının yerləşdiyi konteyner və digər daşıyıcı xüsusiyyətə malik bütün predmetlərin icraçı üçün ayrılan sahəyə təhlükəsiz çatdırılıb yerləşdirilməsini təmin edir.

13. "xxxx" MMC (satıcı) və iddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli 001- SHRF-TES nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı tərəfində müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymətlərin razılaşdırılması protokolunda göstərilən malları müqavilə müddəti dövründə alıcıya satılması və alıcı tərəfindən isə həmin malların dəyərinin bu müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada satıcıya ödənilməsi ilə bağlı münasibətlərin tənzimlənməsi müqavilənin predmetini təşkil edir.

14. Müqaviləyə 01 nömrəli xx.xx.2021-ci il tarixli Əlavə qiymət razılaşdırma protokoluna əsasən alıcı və satıcı 29500 manat məbləğində malın alqı-satqısını razılaşdırmışlar.

15. "xxxx" MMC və iddiaçı arasında tərtib olunmuş xx.xx.2021-ci il tarixli hazır məhsulların təhvil-təslim aktından görünür ki, satıcı tərəfindən 29500 manat məbləğində sifariş (konteyner 1 (pres və proktor otağı), konteyner 2 (ofis), konteyner 3 (laboratoriya otağı), konteyner 4 (vanna otağı) alıcıya təhvil verilmişdir.

16. “Utest” X2 və X3 Ticaret AŞ (satıcı) və iddiaçı (alıcı) arasında bağlanmış xx.xx.2021-ci il tarixli 02907 nömrəli alqı-satqı müqaviləsinə əsasən bu müqavilə alıcıya laborator avadanlıqların satılmasına dair məsələləri və münasibətləri tənzimləyir.

17. "xxxx" MMC tərəfindən tərtib olunmuş 19/24 saylı aktdan görünür ki, iddiaçı və "xxxx" MMC və iddiaçı arasında xx.xx.2023-cü il tarixli 235/23 saylı “Evakuasiya xidmətlərinin göstərilməsi haqqında” müqaviləyə əsasən xx.xx.2023-cü il tarixində ***-***- **-** nömrəsindən konteynerin daşınması üzrə daxil olan sifarişi icra etmək məqsədilə daşıyıcı tərəfindən Sabunçu Balaxanı yolu Asfalt zavodu (Akkord) ünvanına 99JT651 dövlət qedyiyyat nişanlı bir manipulyator və 99JR898, 77JD565, 77JC353, 99JK040 dövlət qeydiyyat nişanlı dörd evakuator tipli nəqliyyat vasitəsi göndərilmişdir. Lakin təyinat ünvanına çatdıqda sifarişçinin bəyan etdiyi ünvanda müştəri – üçüncü şəxs daşınar əşyaları verməkdən imtina etdiyindən sifarişçi sifarişin tamamalanmasından imtina etdiyini bildirmişdir. xx.xx.2022-ci il tarixində daşıyıcı tərəfindən çəkilən xərc 280 manat məbləğində xərc iddiaçı tərəfindən tam olaraq ödənilmişdir.

18. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirdi ki, 2022-ci ilin noyabr ayından 2023-cü ilin iyun ayınadək İddiaçı MMCdə direktor vəzifəsində işləmiş, hazırda "xxxx" MMC-də işləyir. Təxmini 2021-ci il və yaxud 2022-ci ildə iddiaçıya məxsus konteynerlər İddiaçı MMC tərəfindən cavabdehə sonuncunun razılığı ilə əvəzsiz olaraq saxlanca verilmişdir. Konteynerlər cavabdehin anbarına (təxmini Bakı şəhəri, Balaxanı qəsəbəsi yaxınlığı) çatdırılmışdır. Konteynerlərin kim tərəfindən gətirilməsinə dair dəqiq məlumatı yoxdur. Avadanlıqlar Cavabdeh MMC tərəfindən istifadə olunmurdu. O, hazırda Cavabdeh MMC-də müşavir vəzifəsində işləyir. O, direktor olan vaxt iddiaçı ondan konteynerləri geri tələb etməmişdir. Direktor kimi işdən ayrılan vaxt iddiaçıya bununla bağlı məlumat vermişdir, 2023-cü il iyun ayına qədər konteynerlər avadanlıqları ilə birlikdə cavabdehin anbarında olmuşdur.

19. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

20. Belə ki, iddia tələbi 3 hissədən ibarətdir: iddiaçıya məxsus əşyaların qaytarılması (əşyalar mövcud olmadığı təqdirdə isə dəyərinin ödənilməsi); 280 manat daşıma xərcinin ödənilməsi; 90126,36 manat icarə haqqının ödənilməsi.

21. Məhkəmə iddia tələbinin birinci hissəsi ilə bağlı aşağıdakıları qeyd edir.

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 822-ci maddəsinə əsasən saxlama müqaviləsinə görə bir şəxs (yük götürən, saxlayıcı) başqa şəxsin (yük verənin, tapşıranın) ona verdiyi daşınar əşyanı saxlamağı və müqavilənin qüvvəsi sona çatdıqda qaytarmağı öhdəsinə götürür.

23. Həmin Məcəllənin 823.2-ci maddəsinə əsasən tapşıran saxlama üçün muzdu yalnız o halda ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya şərait nəzərə alınmaqla saxlama üçün muzd ödənilməsi qəbul edilmiş olsun. Zərurət olduqda muzd saxlamanın sonunda ödənilir. Müəyyən zaman hissələri üçün muzd ödənilməsi barədə razılaşma olduqda həmin muzd müvafiq olaraq ayrı-ayrı zaman hissələrinin sonunda hissələr şəklində ödənilir.

24. Həmin Məcəllənin 824.3-cü maddəsinə əsasən tapşıranın xahişi ilə saxlayıcı əşyanı qaytarmalıdır. Saxlama üçün konkret müddətin təyin edildiyi halda da bu müddəa həmişə qüvvədədir. Əşya onun saxlandığı yerdə qaytarılmalıdır. Əşyanın saxlayıcısı onu tapşırana çatdırmağa borclu deyildir. Əşya tapşıranın hesabına və tapşıranın riski ilə qaytarılır.

25. Həmin Məcəllənin 825.2-ci maddəsinə əsasən əgər saxlama üçün müddət təyin edilməyibsə, saxlayıcı istənilən vaxt tapşırandan əşyanı geri götürməyi tələb edə bilər, bu şərtlə ki, həmin tələb tapşıran üçün açıq-aşkar qeyri-münasib vaxtda irəli sürülməsin və əlverişsiz müddətdə icra edilməli olmasın. Saxlama müddəti müəyyənləşdirildikdə saxlayıcı əşyanın geri götürülməsini yalnız vacib əsaslar üzrə tələb edə bilər.

26. Belə ki, materiallardan görünür ki, "xxxx" MMC və iddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 4 ədəd konteyner, “Utest” X2 və X3 Ticaret AŞ (satıcı) və iddiaçı (alıcı) arasında bağlanmış xx.xx.2021-ci il tarixli 02907 nömrəli alqı-satqı müqaviləsinə əsasən isə laborator avadanlıqlar iddiaçı tərəfindən satın alınmışdır.

27. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 4 ədəd konteyner içərisində laborator avadanlıqlar olmaqla cavabdehin razılığı əsasında onun əvəzsiz saxlancına verilmiş, cavabdehə məxsus əraziyə yerləşdirilmiş, konteynerlərin qapısı bağlı olmaqla açarları iddiaçıda olmuş, cavabdeh tərəfindən istifadə edilməmiş, hazırda da cavabdehdədir. Həmin avadanlıqların hazırda cavabdehdə olmasını məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 da təsdiq etmişdir. İddiaçı tərəfindən həmin avadanlıqların xx.xx.2023-cü il tarixdə götürülməsinə cəhd edilmiş, lakin avadanlıqların götürülməsinə cavabdeh razılıq verməmişdir. İddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü ildə yazılı xəbərdarlıq göndərilmiş, 3 iş günü ərzində konteynerlərin avadanlıqları ilə birlikdə qaytarılması tələb edilmişdir.

28. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi 4 ədəd konteynerin avadanlıqları ilə birlikdə qaytarılması hissəsində əsaslıdır və təmin edilməlidir.

29. Məhkəmə iddia tələbini ikinci hissədə də əsaslı hesab edir.

30. Belə ki, iddiaçı tərəfindən avadanlıqların xx.xx.2023-cü il tarixdə götürülməsinə cəhd edilmiş, bunun üçün "xxxx" MMC ilə xx.xx.2023-cü il tarixdə müqavilə bağlanmış, lakin həmin daşımanın həyata keçirilməsinə cavabdeh tərəfindən maneə törədilmiş, əşyaların daşınmasına razılıq verilməmiş, nəticədə iddiaçı tərəfindən "xxxx" MMC-yə 280 manat vəsait ödənilməklə, iddiaçıya zərər dəymişdir.

31. Hazırda iddiaçı ödənilmiş həmin vəsaitin cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.

32. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğundan təmin edilməlidir.

33. Məhkəmə iddia tələbini sonuncu hissədə isə əsassız hesab edir.

34. Belə ki, iddiaçı avadanlıqların cavabdeh tərəfindən iddiaçıya vaxtında qaytarılmadığı üçün 90126,36 manat zərər çəkdiyini, həmin konteynerlərin içərisində olan avadanlıqların başqa hüquqi şəxsdən icarəyə götürməyə məcbur olduğunu bildirir.

35. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, avadanlıqlar iddiaçının özünün razılığı ilə cavabdehin müddət müəyyən edilmədən əvəzsiz saxlancına verilmişdir.

36. İddiaçı həmin avadanlıqlara ehtiyacının yarandığını bildirsə də, məhkəmə iclasında iddiaçının vəsatəti əsasında dindirilmiş cavabdehin əvvəlki direktoru olmuş X1 2023-cü ilin iyun ayına qədər (direktor vəzifəsindən azad edilənə qədər) iddiaçının avadanlıqların qaytarılması ilə bağlı xahişinin olmadığını bildirmişdir.

37. İddiaçı tərəfindən həmin avadanlıqların qaytarılması ilə bağlı yazılı tələb isə xx.xx.2024-cü il tarixdə irəli sürülmüşdür.

38. İddiaçı və "xxxx" MMC arasında bağlanmış birgə fəaliyyət haqqında müqavilə isə 01 iyul 2021-ci il tarixdə bağlanmışdır.

39. İddiaçı tərəfindən məhkəməyə zərərin məhz cavabdehin təqsiri nəticəsində dəyməsini təsdiq edən (icarəyə götürülmüş avadanlıqların məhz cavabdehin saxlancına verilmiş avadanlıqlarla eynilik təşkil etməsini təsdiq edən) sübut isə təqdim edilməmişdir.

40. Belə ki, Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

41. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

42. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir.

43. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.

44. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablaşmalarla, sübutlarla (smeta, kalkulyasiya və s.) təsdiq olunmalıdır.

45. Bundan əlavə, məlum olduğu kimi, Mülki Məcəllə zərər vurulmasını öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi təsbit edir (m. 386.1).

46. Mülki Məcəllə daha sonra mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (m. 1096 və 1097). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün (1) zərərin özünün varlığı, (2) zərər vuranın təqsirli (təqsirsiz məsuliyyət halları istisna olmaqla) və (3) hüquqa zidd əməli, (4) əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur.

47. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

48. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

49. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsi barədə tələblə məhkəməyə müraciət edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir.

50. Belə ki, ziyanın ödənilməsi ilə bağlı tələb öncə həmin ziyanı onu vuran şəxsə aid edilməsini nəzərdə tutur.

51. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

52. Həmin Məcəllənin 78.1-ci maddəsinə müvafiq olaraq sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

53. “Məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər”. (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2021-ci il 14 aprel tarixli Qərarı).

54. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq cavabdehin vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün onun iddiaçıya birbaşa və ya zərər vurulması ilə nəticələnən hüquqa zidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur.

55. Hazırkı halda iddiaçı cavabdehin təqsiri nəticəsində ona maddi zərər vurulduğunu iddia etsə də, Mülki Məcəllənin 21-ci maddələrində göstərilən halların mövcudluğunu əsaslandıra bilməmiş, ona ziyan vurulması faktı və dəymiş zərər barədə məhkəməyə müvafiq sübutları təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsassızdır və təmin edilməməlidir.

56. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçıya məxsus 4 ədəd konteynerin və onların avadanlıqlarının naturada qaytarılması öhdəliyi cavabdehə həvalə edilməli, cavabdehdən 280 manat daşıma xərci tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

57. İddia ərizəsində 1400 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin cavabdehdən tutulması da tələb edilmişdir.

58. 14.11.2023-cü il tarixli 000İPX********** nömrəli ödəniş tapşırığına əsasən iddiaçı tərəfindən Bakı şəhəri 25 saylı Vəkil Bürosunun hesabına 1400 manat köçürülmüşdür.

59. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

60. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən hüquqi yardımla bağlı çəkilmiş xərcin 500 manat hissəsi cavabdehə, qalan 900 manat hissəsi isə iddiaçının özünə aid edilməlidir.

61. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

62. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 210 manat mediasiyaya dair xərc cavabdehə, ödənilmiş 251 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

63. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı MMC-yə məxsus 4 (dörd) ədəd konteynerin və onların avadanlıqlarının naturada qaytarılması öhdəliyi Cavabdeh MMC-yə həvalə edilsin. Cavabdeh MMC-dən 280 manat daşıma xərci, 500 manat hüquqi yardıma görə çəkilmiş xərc, ödənilmiş 210 manat mediasiyaya dair xərc, ümumilikdə 990 (doqquz yüz doxsan) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 251 (iki yüz əlli bir) manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar