Məhkəmə qərarları › İş №e-2-2(113)-1164/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1164/2025

05.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1164/2025 05.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı “borc” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi, dəbbə borcu, dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi ilə, iddiaçının nümayəndəsi/vəkili Vəkil iştirakı ilə, cavabdehin nümayəndəsinin iştirakı olmadan İddiaçı Cavabdeh MMC-yə qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdeh MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 10.643,88 manat məbləğində əsas borcun, Müqavilənin 6.3.4-cü bəndinə əsasən borcun gecikdirilməsinə görə 19930 manat cərimə məbləğinin və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 181,72 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 27 mart 2023-cü il tarixli icarə müqaviləsinin 1.1-ci bəndinə əsasən, İcarəyə verən (iddiaçı) ona məxsus olan texnikaları müqaviləyə 1 nömrəli əlavədə razılaşdırılmış qiymətlərlə İcarəçiyə (cavabdeh) icarəyə verməyi, İcarəçi isə bunun qarşılığında müqavilə ilə müəyyən edilmiş icarə haqqı məbləğini İcarəyə verənə ödəməyi öhdəsinə götürür. Müqavilənin şərtlərinə uyğun olaraq iddiaçı özünə məxsus texnikaları cavabdehin istifadəsinə vermişdir. Müqaviləyə 1 saylı əlavə olan “qiymətlərin razılaşdırılması protokolu”na əsasən, “Ekskavator TEREX 44 ba 064” və “Ekskavator CAT 60 T 794” texnikalarının hər biri üçün bir günlük icarə haqqı 246,93 manat müəyyən edilmişdir. Müqavilənin 6.2-ci bəndinə əsasən ay ərzində faktiki göstərilmiş xidmət haqqı Sifarişçi tərəfindən xidmət göstərənin bank hesabına köçürülmə yolu ilə ödənilir. Təqdim edilmiş xx.xx.2023-cü il tarixli, EBDE 768511 nömrəli və xx.xx.2023-cü il tarixli, EBDH 151006 nömrəli elektron qaimə faktura sənədlərindən görünür ki, cavabdehə ümumilikdə 28.643,88 manat məbləğində xidmət göstərilmişdir. Təqdim edilmiş iddiaçıya məxsus AZ77AİİB******************** saylı bank hesabının mədaxil əməliyyatlarının çıxarış sənədindən görünür ki, cavabdeh tərəfindən qeyd olunan elektron qaimə faktura sənədləri üzrə xx.xx.2023-də 7.000 manat, xx.xx.2023-də 5.000 manat, xx.xx.2023-də 4.000 manat, xx.xx.2024-də 2.000 manat olmaqla ümumilikdə 18.000 manat məbləğində ödəniş edilmişdir. Göründüyü kimi iddiaçı müqavilə üzrə öhdəliklərini tam şəkildə icra etsə də cavabdeh öz öhdəliklərini bu günə kimi icra etməmişdir. Belə ki, Cavabdeh MMC müqavilə üzrə icarə haqqını tam şəkildə ödəməmiş və nəticədə 10.643,88 manat məbləğində qalıq borcu qalmışdır. Qalıq borcun ödənilməsi məqsədilə cavabdehə dəfələrlə xəbərdarlıqlar edilmiş və danışıqlar aparılmış, lakin heç bir ödəniş həyata keçirilməmişdir. Həmçinin mübahisənin məhkəmədənkənar həlli məqsədilə cavabdehə müvafiq icra hakimiyyəti orqanının elektron sistemində yaradılmış şəxsi kabinet vasitəsilə pretenziya məktubu göndərilmiş, lakin münasibətlərin qaydaya salınması məqsədilə heç bir addım atılmamışdır. Tərəflər arasında bağlanmış müqavilənin 6.3.4-cü bəndinə əsasən, aylıq ödəmə növbəti ayın 10-a qədər ödənilməlidir, 45 gündən artıq gecikmə olarsa hər gecikən günə görə 0.5% cərimə tətbiq edilir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir.

5. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 01/2023 saylı icarə müqaviləsinə əsasən:

8. Müqavilənin 1.1-ci bəndinə əsasən texnikalar bu müqaviləyə 1 nömrəli əlavədə göstərilən razılaşdırılmış icarə qiymətləri ilə “icarəyə verən" “Sifarişçinin” müvəqqəti istifadəsinə verir. 1 nömrəli əlavə müqavilənin ayrılmaz hissəsi sayılır və tərəflər üçün hesablaşmaya əsas verir.

9. Müqavilənin 2.1-ci bəndinə əsasən sifrişçinin öhdəlikləri aşağıdakılardır:

10. Müqavilənin 2.1.1-ci bəndinə əsasən texnikalann nəzərdə tutulan xidmət haqqını bu Müqavilədə qeyd edilən məbləğdə ödəmək.

11. Müqavilənin 2.1.2-ci bəndinə əsasən texnikaları ona uyğun olan texniki istismar qaydalarına müvafiq olaraq saxlamaq və birbaşa təyinatı üzrə yalnız xidməti ehtiyacları üçün istifadə etmək.

12. Müqavilənin 6.1-ci bəndinə əsasən tərəflər arasında olan bütün hesablaşmalar müəyyən olunmuş köçürmə yolu ilə bank besabına Ödənilir.

13. Müqavilənin 6.2-ci bəndinə əsasənn sifarişçi hər ayın sonu göstərilmiş xidmət üçün təhvil-təslim aktı tərtib etməlidir və 3(üç) gün müddətində “İcarəyə verənə” göndərməlidir və akt icarəyə verən tərəfindən təsdiqlənməlidir. Akta əsasən ay ərzində faktiki göstərilmiş xidmət haqqı Sifarişçi tərəfindən Xidmət göstərənin bank hesabına köçürmə yolu ilə ödənilir.

14. Müqavilənin 6.3-cü bəndinə əsasən 3-cü tərəfin vurduğu ziyan və ya səhv istismar nəticəsində dəyən ziyan xərcləri icarəyə götürən tərəfındən ödənilir.

15. Müqavlənin 6.3.4-cü bəndinə əsasən aylıq ödəmə növbəti ayın 10-nə qədər ödənilməlidir, 45 gündən artıq gecikmə olarsa hər gecikən günə görə 0.5% cərimə tətbiq edilir.

16. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli icra müqaviləsinə 1 saylı əlavə əsasən işlərin və xidmətlərin miqdarı 12840,36 manat məbləğində müəyyən edilmişdir.

17. İddiaçı tərəfindən müqavilə üzrə 13828,08 manatlıq məbləğə dair xx.xx.2023-cü il tarixli, EBDE768511 saylı və 14815,80 manat məbləğə dair isə xx.xx.2023-cü il tarixli EBDH151006 saylı e-qaimələr tərtib edilərək göndərilmişdir.

18. xx.xx.2023-cü il tarixli ödəniş qəbzinə əsasən Cavabdeh MMC tərəfindən İddiaçı hesabına EBDE768511 saylı qaimə üzrə 7000 manat dəyərində, xx.xx.2023-cü il tarixli ödəniş qəbzinə əsasən EBDE768511 saylı e-qaimə üzrə 5000 manat dəyərində, xx.xx.2023-cü il tarixli ödəniş qəbzinə əsasən EBDE768511 və EBDH151006 saylı eqaimələr üzrə 4000 manat dəyərində, o cümlədən xx.xx.2024-cü il tarixli e-qaimə üzrə 2000 manat dəyərində ödənişlər edilmişdir.

19. Məhkəmə materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

21. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

22. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

23. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur;

24. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən əgər həmin Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə həmin Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir;

25. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür;

26. Həmin Məcəllənin 684.1-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir.

27. İşin halları ilə təsdiq olunur ki, tərəflər arasında icarə müqaviləsi bağlanmış, cavabdeh üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmiş, müqavilə üzrə 10643,88 manat borcu yaranmışdır (iddiaçı tərəfindən cavabdehə iki e-qaimə göndərilmiş, hər iki e-qaimə üzrə ayrı-ayrılıqda qismən ödənişlər edilmişdir, tələb olunan borc məbləği də məhz həmin e-qaimələr üzrədir). Buna görə də məhkəmə hesab edir ki, iddiaçının icarə haqqı üzrə yaranmış borcun ödənilməsi barədə tələbi təmin edilməlidir.

28. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfat daxili yerdəyişməsini həyata keçirən vergi orqanında uçotda olan şəxs elektron qaimə-faktura verməlidir.

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2009-cu il tarixli, 156 №-li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının" 2.3.-cü bəndinə əsasən ƏDV ödəyicisi kimi qeydiyyatdan keçmiş və vergi tutulan əməliyyat aparan şəxs (bundan sonra - vergi ödəyicisi (satıcı) malları (işləri, xidmətləri) alan şəxsə (alıcıya, yaxud sifarişçiyə) elektron vergi hesab-fakturasını elektron formatda təqdim etməlidir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən elektron vergi hesabfakturası malların (işlərin, xidmətlərin) alıcıya (sifarişçiyə) təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər (qaimələr, qəbzlər, müqavilələr (əqdlər), təhviltəslim aktları və s.) əsasında doldurulmalı və bu barədə məlumat elektron vergi hesabfakturasının "Əsas" rekvizitində öz əksini tapmalıdır.

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.”

31. Məhkəmə hesab edir ki, icarəyə verilən avadanlıqların cavabdehə verilməsi təqdim olunmuş sübutlarla ( elektron qaimə və cavabdehin özünün həmin avadanlıqların icarəsinə görə qismi ödənişlər etməsi) təsdiqini tapdığından iddia tələbinin əsas borc hissədə təmin olunması üçün əsaslar mövcuddur.

32. İddiaçı həmçinin əsas borcun gecikdirilməsinə görə 19930 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüş və əsas olaraq müqavilənin 6.3.4-cü bəndinə istinad etmişdir.

33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

34. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.

35. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

36. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdükləri öhdəlikləri lazımi qaydada icra etmədiyini, nəticədə müqavilədə nəzərdə tutulmuş ödənişləri üzrə borcunun yarandığını, öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə ödənilməsi nəzərdə tutulduğuna görə iddiaçı həmin müqavilə üzrə əsas borcun və dəbbə pulunun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.

37. Cavabdehdən tutulacaq dəbbə pulunun məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, tənasüb müəyyənləşdirilərkən cavabdehin həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

38. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 532 manat məbləğində müəyyən edilməlidir.

39. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə icarə müqaviləsi üzrə iddiaçıya 10643.88 manat əsas bоrcu, 532 manat cərimə borclarının yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən cəmi 11175,88 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

40. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 181,72 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

41. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

42. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyi üçün iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun əvəzi qismində 124 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

V. Nəticə:

43. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2023-cü il tarixli 01/2023-cü il tarixli icarə müqaviləsi üzrə 10.643,88 manat əsas borc məbləği, 532 manat dəbbə pulu və dövlət rüsumunun əvəzi olaraq 124 manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar