Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1168/2023 19.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, iddiaçı "xxxx" QSC-nin Cavabdeh MMC-yə qarşı pulun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" QSC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" QSC tərəfindən 2019-cu ilin yanvar və fevral aylarında Cavabdeh MMC-yə göstərilmiş stansiya xidmətlərinə görə hesablanmış 4.122 manat məbləğində borcun, 62 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 4.184 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən alınaraq "xxxx" QSC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" QSC (ADY) tərəfindən Cavabdeh MMC-yə 2019-cu ilin yanvar və fevral aylarında stansiya xidmətləri göstərilmiş və həmin xidmətlərə görə yığımlar hesablanmışdır. Belə ki, ADY-nin Xaçmaz stansiyasında göstərilmiş xidmətlərə (“ümumiləşmiş vahid yığım”, “plomb üçün yığım” və s.) görə Cavabdeh MMCyə 4.122 manat yığım hesablanmışdır. Bununla bağlı, Cavabdeh MMC-yə xx.xx.2022-ci il tarixində pretenziya ünvanlanmış, lakin pretenziya tələbi icra edilməmişdir. Ona görə də ADY pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin 3.1-ci bəndinə əsasən cəmiyyətin əsas məqsədi Azərbaycan Respublikası iqtisadiyyatının, fiziki və hüquqi şəxslərin dəmir yolu ilə daşımalara və dəmir yolu sahəsində digər xidmətlərə olan tələbatının təmin edilməsindən, dəmir yollarının, habelə ümumi istifadədə olan dəmir yolu nəqliyyatının infrastrukturunun inkişaf etdirilməsindən və təkmilləşdirilməsindən, dəmir yollarında hərəkətin idarə edilməsinin təmin olunmasından, dəmir yolu nəqliyyat vasitələri parkının, maddi-texniki bazasının müasirləşdirilməsindən və səmərəli istifadə olunmasından və bu sahədə kadr hazırlığının aparılmasından ibarətdir. 3.2.4-cü yarımbəndinə əsasən sərnişin və yük daşımaları ilə əlaqədar xidmət göstərilməsinin həyata keçirilməsi; 3.2.25-ci yarımbəndinə əsasən dəmir yolu nəqliyyatı sahəsində rabitə, informasiya, marketinq, servis və digər xidmətlərin göstərilməsi; 3.2.26-cı yarımbəndinə əsasən ümumi istifadədə olan dəmir yolu infrastrukturundan istifadə ilə bağlı xidmətlərin göstərilməsi; 3.2.29-cu yarımbəndinə əsasən dəmir yolu daşımalarında (ölkədaxili və beynəlxalq yük və sərnişin daşımaları) göstərilən xidmətlərin tariflərinin, yığımların, habelə tariflər üzrə güzəştlərin müəyyən edilməsi Cəmiyyətin fəaliyyət istiqamətlərindəndir. “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 1.4-cü bəndinə əsasən magistral və yerli dəmir yolu xətlərinin, yol qurğu və tikililərin istismarı, hərəkəti idarəetmə və hərəkət təhlükəsizliyi fəaliyyəti, dəmir yolu stansiyaları və sərnişin vağzalları xidmətləri təbii inhisar subyektlərinin fəaliyyət sahəsinə aiddir. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 19 iyul tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Təbii inhisar subyektlərinin Siyahısı”nın 19-cu qrafasında təbii inhisara aid edilən fəaliyyət növü kimi "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin magistral və yerli dəmiryol xətlərinin, yol qurğu və tikililərinin istismarı, hərəkəti, idarəetmə və hərəkət təhlükəsizliyi fəaliyyəti, dəmiryol stansiyaları və sərnişin vağzallarının xidmətləri göstərilmişdir. Göründüyü kimi stansiya xidmətlərinin göstərilməsi ADY-nin təbii inhisar fəaliyyətidir. Ölkə ərazisində bu xidməti göstərən alternativ bir qurum yoxdur. Nəqliyyat Nazirliyi tərəfindən 2008-ci il 28 yanvar tarixdə təsdiq edilmiş № 04/S Yük və baqaj qəbultəhvilçisinin vəzifə təlimatının 3.1.2-ci bəndində qeyd olunmuşdur ki, vaqon və konteynerlərin qeyri-ümumi istifadə yerlərinə (və ya yerlərində) verilməsinin (və ya götürülməsinin) qeydiyyatı qəbul-təhvilçinin vaqonların verilməsi və götürülməsinə dair QU-45 formalı yaddaş vərəqəsi üzrə aparılır. Eyni zamanda, Təlimatın 6 nömrəli əlavəsi ilə müvafiq olaraq vaqonların verilməsi və götürülməsi barədə QU-45 formalı arayışın tərtib olunma qaydası göstərilmişdir. İddia ərizəsinə əlavə edilmiş və cavabdeh təşkilatın nümayəndəsinin imzası ilə təsdiq olunmuş vaqonların verilməsi və götürülməsi barədə QU-45 formalı arayış yuxarıda qeyd edilən Təlimata uyğun tərtib edilmiş və həmin arayışlarla stansiya xidmətlərinin göstərilməsi tam təsdiq olunur. Hazırkı mübahisə ilə bağlı yazılı müqavilə mövcud olmasa da, tərəflər arasında şifahi xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: xx.xx.2019-cu il tarixli etibarnamə ilə müəyyən edilir ki, səlahiyyətlər Cavabdeh MMC tərəfindən MMC-ni bütün dövlət orqanlarında və qeyri-hökümət təşkilatlarında təmsil etmək, MMC-yə çatası maddi nemətləri, kağızları, sənədləri almaq, aldığına imza etmək və digər Nümayəndə2 etibar edilmişdir. Etibarnamə 1 il müdətinə verilir və xx.xx.2020-ci ilədək etibarlıdır. 16-xx.xx.2019-cu il tarixləri arasındakı dövrü əhatə edən müxtəlif nömrəli (Forma QU-45) qəbul-təhvilçinin yaddaş vərəqələrinə (vaqonların yükləməyə verilməsi), məlumat vərəqələrinə və əlavə yığımlar üçün yığım vərəqələrinə əsasən ödəyici Cavabdeh MMCyə "xxxx" QSC-nin Xaçmaz stansiyasında müxtəlif nömrəli vaqonlar üzrə göstərilmiş stansiya xidmətlərinin dəyəri cəmi ƏDV daxil 3.528,69 manat təşkil edir. Qəbul-təhvilçinin yaddaş vərəqələrini (vaqonların yükləməyə verilməsi) və məlumat vərəqələrini həmçinin Cavabdeh MMC tərəfindən “Həsənov” soyadlı şəxs imzalamışdır. 18-xx.xx.2019-cu il tarixləri arasındakı dövrü əhatə edən müxtəlif nömrəli (Forma QU-45) qəbul-təhvilçinin yaddaş vərəqələrinə, məlumat vərəqələrinə və əlavə yığımlar üçün yığım vərəqələrinə əsasən ödəyici Cavabdeh MMC-yə "xxxx" QSC-nin Xaçmaz stansiyasında göstərilmiş stansiya xidmətlərinin dəyəri cəmi ƏDV daxil 593,30 manat təşkil edir. Qəbul-təhvilçinin yaddaş vərəqələrini (vaqonların yükləməyə verilməsi) və məlumat vərəqələrini həmçinin Cavabdeh MMC tərəfindən “Həsənov” soyadlı şəxs imzalamışdır. xx.xx.2019-cu il tarixli, EAAQ seriyalı, 527019 saylı elekron qaimədən görünür ki, "xxxx" QSC tərəfindən yanvar ayında göstərilmiş stansiya xidmətlərinə görə ƏDV daxil 3.528,69 manat məbləğində elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir. xx.xx.2019-cu il tarixli EAAR seriyalı, 675147 saylı elekron qaimədən görünür ki, "xxxx" QSC tərəfindən fevral ayında göstərilmiş stansiya xidmətlərinə görə ƏDV daxil 593,30 manat məbləğinə elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir. xx.xx.2019-cu il-xx.xx.2022-ci illər ərzində "xxxx" QSC tərəfindən tərtib edilmiş Cavabdeh MMC-yə göstərilmiş stansiya xidmətlərinə görə tətbiq edilmiş yığımlardan yaranan debitor borc barədə arayışdan müəyyən edilir ki, Cavabdeh MMC-yə Xaçmaz stansiyasında 2019cu ilin yanvar və fevral aylarında göstərilmiş stansiya xidmətlərinə görə 4.122 manat məbləğində borc hesablanmışdır. "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh MMC-dən xx.xx.2022-ci il tarixə olan 4.122 manat məbləğində borcun 10 gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə QSC-nin pozulmuş hüquqlarının müdafiəsi istiqamətində zəruri addımlar atılacağı bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı "xxxx" QSC ilə Cavabdeh MMC arasında şifahi xidmət müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən ümumilikdə ƏDV daxil qiyməti 4.122 manat olan müxtəlif adda stansiya xidmətlərini göstərərək üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən göstərilmiş stansiya xidmətlərinə görə yığımları ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Nəticədə Cavabdeh MMC-nin həmin müqavilə üzrə 2019-cu ilin yanvar və fevral aylarında göstərilmiş stansiya xidmətlərinə görə "xxxx" QSC-yə ƏDV daxil 4.122 manat məbləğində borcu ödənilməmiş qalmışdır. Məhkəmə qeyd etməyi zəruri sayı ki, iddiaçı mübahisəli müqavilə üzrə 2019-cu ilin yanvar və fevral aylarında stansiya xidmətlərinin göstərilməsi faktını sübuta yetimək üçün ikitərəfli qəbul-təhvilçinin yaddaş vərəqələrini (vaqonların yükləməyə verilməsi) və məlumat vərəqələrini, eləcə də cavabdeh tərəfindən etiraz edilməmiş elektron qaiməni, eləcə də əlavə yığımlar üçün yığım vərəqələrini təqdim etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən 2019-cu ilin yanvar və fevral aylarında stansiya xidmətlərinin göstərilməsi faktı yuxarıda qeyd edilən sübutlarla öz təsdiqini tapır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin: 3.1-ci bəndinə əsasən cəmiyyətin əsas məqsədi Azərbaycan Respublikası iqtisadiyyatının, fiziki və hüquqi şəxslərin dəmir yolu ilə daşımalara və dəmir yolu sahəsində digər xidmətlərə olan tələbatının təmin edilməsindən, dəmir yollarının, habelə ümumi istifadədə olan dəmir yolu nəqliyyatının infrastrukturunun inkişaf etdirilməsindən və təkmilləşdirilməsindən, dəmir yollarında hərəkətin idarə edilməsinin təmin olunmasından, dəmir yolu nəqliyyat vasitələri parkının, maddi-texniki bazasının müasirləşdirilməsindən və səmərəli istifadə olunmasından və bu sahədə kadr hazırlığının aparılmasından ibarətdir. 3.2.4-cü yarımbəndinə əsasən sərnişin və yük daşımaları ilə əlaqədar xidmət göstərilməsinin həyata keçirilməsi; 3.2.25-ci yarımbəndinə əsasən dəmir yolu nəqliyyatı sahəsində rabitə, informasiya, marketinq, servis və digər xidmətlərin göstərilməsi; 3.2.26-cı yarımbəndinə əsasən ümumi istifadədə olan dəmir yolu infrastrukturundan istifadə ilə bağlı xidmətlərin göstərilməsi; 3.2.29-cu yarımbəndinə əsasən dəmir yolu daşımalarında (ölkədaxili və beynəlxalq yük və sərnişin daşımaları) göstərilən xidmətlərin tariflərinin, yığımların, habelə tariflər üzrə güzəştlərin müəyyən edilməsi Cəmiyyətin fəaliyyət istiqamətlərindəndir. “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 1.4-cü bəndinə əsasən magistral və yerli dəmir yolu xətlərinin, yol qurğu və tikililərin istismarı, hərəkəti idarəetmə və hərəkət təhlükəsizliyi fəaliyyəti, dəmir yolu stansiyaları və sərnişin vağzalları xidmətləri təbii inhisar subyektlərinin fəaliyyət sahəsinə aiddir. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 19 iyul tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Təbii inhisar subyektlərinin Siyahısı”nın 19-cu qrafasında "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən magistral və yerli dəmiryol xətlərinin, yol qurğu və tikililərinin istismarı, hərəkəti, idarəetmə və hərəkət təhlükəsizliyi fəaliyyəti, dəmiryol stansiyaları və sərnişin vağzallarının xidmətlərinin göstərilməsi təbii inhisara aid edilən fəaliyyət növlərinə aid edilmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti sədrinin 24 aprel 2017-ci il tarixli 44/S nömrəli əmri ilə təsdiq edilmiş “Yük daşımaları üzrə xidmətlərə görə yığımların hesablanması və tətbiqi qaydaları”na əsasən dəmir yol xidmətlərindən istifadə edən bütün yük göndərənlərdən, yükalanlardan və dalan yolu sahiblərindən stansiyalar tərəfindən onlara göstərilən müxtəlif xidmətlərə görə yığımların qiymətləri müəyyən edilmişdir. Mülki Məcəllənin: 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə olan halda məhkəmə cavabdehin müqaviləyə əsasən iddiaçı tərəfindən 2019-cu ilin yanvar və fevral aylarında göstərilmiş stansiya xidmətlərinə görə yığımların dəyərini – 4.122 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququnun yarandığını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh MMC-dən 4.122 manat məbləğində pul tutularaq "xxxx" QSC-yə ödənilməlidir. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 60 manat məbləğində mediasiya xərcləri ilə yanaşı 2 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanmaması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 61,22 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə dövlət rüsumunun məbləği mediasiya xərclərindən artıq olduğundan iddiaçı ödənilmiş mediasiya xərcləri həddində dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 60 manat və dövlət rüsumunun əvəzi olaraq 1,22 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 4122 manat məbləğində əsas borc, mediasiya xərclərinin əvəzi olaraq 60 manat və dövlət rüsumunun əvəzi olaraq 1,22 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" QSC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1168/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1168/2023
19.04.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver