Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-117/2025 09.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik, prosessual maraq, əqdin etibarlılığı, dəbbə pulunun azaldılması, ekspert rəyinin mötəbərliyi, mediasiya xərci) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, Cavabdeh2 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) cavabdehlər Cavabdeh1 (bundan sonra Cavabdeh1 MMC) və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli DCS90054752-01 saylı kredit müqaviləsi üzrə 27385,65 manat əsas borc, 1037,26 manat faiz borcu, 6498,98 manat cərimə borcu olmaqla ümumilikdə 34921,88 manat məbləğində pulun və ödənilmiş 194,77 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə Cavabdeh1 MMC arasında sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə dövlət zəmanətinin verilməsi və fazilərin subsidiyalaşdırılması üzrə xx.xx.2020-ci il tarixli DCS90054752-01 saylı kredit müqaviləsi bağlanmışdır. Müqavilənin predmeti ondan ibarət olmuşdur ki, kreditor, Azərbaycan Respublikası X1 28 iyul 2020-ci il tarixli ZM-08/2020 nömrəli zəmanət məktubunun şərtlərinə uyğun olaraq məqsədli istifadə, qaytarılmaq, faizlər ödəmək (müqavilənin 7-ci hissəsi nəzərə alınmaqla) və müqavilənin 1.5-ci bəndində müəyyən edilmiş təminatı vermək şərtilə borcluya 150 000 manat məbləğində illik 15% faiz dərəcəsi ilə 24 ay müddətinə kredit verir, borclu kredit üzrə əsas borcu və ona hesablanmış faizləri (müqavilənin 7-ci hissəsi nəzərə alınmaqla), o cümlədən mövcud olduğu təqdirdə dəbbə pulunu bu müqavilədə nəzərdə tutulmuş qaydada kreditora ödəyir. 2.2. Qeyd olunan kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədilə iddiaçı ilə X11 arasında xx.xx.2020-ci il tarixli DG**********1 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zamin iddiaçı və cavabdeh arasında bağlanmış 07 avqust 2020-ci il tarixli DCS90054752-01 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəlik borcalan tərəfindən icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, kredit müqaviləsi üzrə öhdəliyi tamamilə icra etməyi öz üzərinə götürür. 2.3. Borcalan müqavilə üzrə öhdəliklərini icra etməmiş və hazırda maliyyə arayışına əsasən borcalanın 04 sentyabr 2023-cü il tarixinə iddiaçı qarşısında borcu aşağıdakı kimidir: 27385,65 manat əsas borc, 1037,26 manat faiz borcu, 6498,98 manat cərimə borcu olmaqla cəmi 34921,88 manat. İddiaçı tərəfindən borcalana və zaminə kredit müqaviləsi üzrə iddiaçı qarşısında olan öhdəliklərin yerinə yetirilməsi ilə bağlı pretenziya məktubları ünvanlanmışdır. Məktuba hər hansı münasibət bildirilməmişdir. X2 31 avqust 2023-cü il tarixdə vəfat etməsi səbəbindən onun qanun üzrə birinci növbədə vərəsəsi Cavabdeh2 atasına məxsus ünvan 1 ünvanında yerləşən mənzili miras əmlak olaraq qəbul etdiyindən kredit müqaviləsi üzrə öhdəliyi icra etməsi barədə Cavabdeh2 da xəbərdarlıq bildirişi (pretenziya) təqdim edilmişdir. Lakin borclular tərəfindən öhdəliyin icrası ilə bağlı hər hansı tədbir görülməmişdir. Nəticədə iddiaçının hüquqları pozulmuş və məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442, 470, 500.2, 739, 1151.1-ci və s. maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə digər cavabdehlər tərəfindən iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil əvvəlki məhkəmə iclaslarında iştirak edərək, iddianın məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, müqavilə bankda deyil, evdə bağlanıb, lakin hansı şəraitdə imzalanması barədə dəqiq məlumatı yoxdur.
6. İddiaçının nümayəndəsi və vəkili Vəkil “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq göstərmişdir ki, iddia tələbinin əsaslı olmasını iş materiallarına əlavə edilmiş sənədlər və sübutlar, borca dair ekspert rəyi təsdiq edir. Zaminin vərəsəsinə münasibətdə də iddia tələbi əsaslıdır və qeyd edilməlidir ki, zaminin zaminlik müqaviləsini imzalamaması barədə qeyd edilənlər əsassızdır. Məsələ ilə bağlı keçirilmiş məhkəmə-xəttşünaslıq ekspertizasının nəticələrinə dair rəy də mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, zamin özü rəhmətə getdiyindən ekspertiza təqdqiqatına təqdim olunmuş imza nümunələri müxtəlif sənədlər - zamin X9 məxsus pensiya vəsiqəsi, sürücülük vəsiqəsi, pasportun əsli, şəxsiyyət vəsiqəsinin surəti, 13 mart 2020-ci il tarixli tarixli 7E-4815 nömrəli etibarnamə olmuş və həmin sənədlər zaman etibarilə illər öncə alınan və çəkilən imzaların çoxu xüsusi texniki vasitələr vasitəsilə icra edilmiş, yəni xüsusən vəsiqələrdə sırf olaraq zaminin əlyazma ilə icra etdiyi imzalar olmamışdır. Bundan əlavə zaminin vərəsəsinin də qeyd etdiyi kimi zaminin çox ağır xəstə olması və bu baxımdan onun zaminlik müqaviləsində icra etdiyi imzanın əvvəlik yazı vərdişinə, sürətinə və ölçülərinə uyğun olmamasının onun ağır xəstəliyi ilə bağlı olması ilə izah olunur. Bu baxımdan hazırkı məsələ ilə bağlı ekspert rəyi əsaslı hesab edilə bilməz. İddia tələbi zaminin vərəsəsinə münasibətdə də təmin edilməlidir. Bundan əlavə vərəsəlik şəhadətnaməsinin alınmaması kreditorların öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4 və 307.2.9-cu maddələrinə əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır. Zaminin vərəsəsi həm mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməklə və eyni zamanda əmlaka sahiblik etməyə və əmlakı idarə etməyə faktik başlamaqla mirası qəbul etmiş sayılır.
7. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir.
8. Cavabdeh2 məhkəmə iclaslarında iştirak edərək izahatında bildirmişdir ki, X4 uzun müddət xəstə yatmış və xx.xx.2023-cü il tarixdə ölmüşdür. X4 ilə bağlandığı iddia edilən zaminlik müqaviləsinin imzalandığı qeyd edilən tarixlərdə atasının fiziki imkanları məhdud olmuşdur, bu səbəbdən də sonuncunun müqaviləyə imza etməsi mümkün deyildir.
9. Məhkəmə bildirişləri Cavabdeh1 MMC-nin hüquqi ünvanına göndərilməklə, onun və qanuni təmsilçisi Qanuni nümayəndə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilməklə, qanuni təmsilçisinin mobil telefon nömrələrinə “SMS” xəbərdarlıq çatdırılmaqla məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə həmin cavabdehin iştirakı olmadan baxmışdır.
III. Məhkəmə baxışının hədləri:
10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Kredit müqaviləsi üzrə əsas borcun və faiz borcunun tutulması tələbi ilə bağlı
11. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
12. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
13. Məhkəməyə təqdim edilən iddiaçı (Kreditor qismində) ilə Cavabdeh1 MMC (Borclu qismində) arasında bağlanmış sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılması üzrə 07 avqust 2020-ci il tarixli DCS90054752-01 saylı kredit müqaviləsinin müqavilənin predmeti ilə bağlı şərtlərindən görünür ki, Kreditor Azərbaycan Respublikası X1 28 iyul 2020-ci il tarixli ZM- 08/2020 nömrəli Zəmanət məktubunun şərtlərinə uyğun olaraq məqsədli istifadə, qaytarılmaq, faizlər ödəmək (bu müqavilənin 7-ci hissəsi nəzərə alınmaqla) və bu müqavilənin 1.5-ci bəndində müəyyən edilmiş təminatı vermək şərtilə Borcluya 150 000 manat məbləğində illik 15% faiz dərəcəsi ilə 24 ay müddətinə (kredit üzrə güzəşt müddəti - əsas borcun ödənilməsinə möhlət verilmiş müddət 6 (altı) ay olmaqla) kredit verir (1.1). Borclu kredit üzrə əsas borcu və ona hesablanmış faizləri (bu müqavilənin 7-ci hissəsi nəzərə alınmaqla), o cümlədən mövcud olduğu təqdirdə dəbbə pulunu bu müqavilədə nəzərdə tutulmuş qaydada Kreditora ödəyir (1.2). Kredit mal alışı məqsədləri üçün Borclununünvan 2 ünvanında yerləşən sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsinə verilir (1.3). Borclu kredit vəsaitini digər kredit öhdəliklərinin icrasına yönəltməyəcəyini, özünün maliyyə vəziyyəti, üçüncü şəxslər qarşısında olan öhdəlikləri barədə Kreditorun tələb etdiyi qaydada tam və dəqiq məlumat verdiyini və əmlakı üzərində üçüncü şəxslərin ona məlum olan hər hansı hüquqları, girov/ipoteka predmetinin yüklülükləri, üçüncü şəxslərin iddiaları və məhkəmə mübahisələri mövcud olmadığını bəyan edir. Bu bənddə qeyd olunmuş məlumatın düzgün verilməməsi Kreditora əsas öhdəliyin vaxtından əvvəl icrasının və ya bu müqavilənin şərtlərinin dəyişdirilməsini, yaxud bu müqavilənin pozulmasını və vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ verir (1.4).
14. Adıçəkilən müqavilənin kredit üzrə faizlərin hesablanması və ödənişlərin həyata keçirilməsi barədə şərtlərindən görünür ki, kredit üzrə əsas borc və faizlər bu müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəli (bu müqavilənin 7-ci hissəsi nəzərə alınmaqla tərtib edilmiş) əsasında ödənilir. Əgər ödəniş günü iş günü hesab olunmayan günə təsadüf edərsə, ödəniş iş günü hesab olunmayan gündən sonra gələn növbəti iş günü ödənilir (2.1). Kredit üzrə faizlərin hesablanması ildə 360 təqvim günü, ayda isə 30 təqvim günü götürülməklə həyata keçirilir (2.2). Kredit müqaviləsinə uyğun olaraq Borclu tərəfindən aparılan ödənişlər Kreditor tərəfindən akseptsiz qaydada aşağıdakı ardıcıl istiqamətlərə yönəldilir (2.3): bu müqavilənin 3.2.11-ci yarımbəndində nəzərdə tutulmuş ödənişlər (əgər varsa); Borclunun öhdəliklərini lazımınca icra etməməsi səbəbindən Kreditorun ödəmiş olduğu məhkəmə və digər xərclər; əmlak sığortası müqaviləsi üzrə sığorta haqları (əgər varsa); dəbbə pulu (əgər varsa); hesablanmış faizlər (bu müqavilənin 7-ci hissəsi nəzərə alınmaqla); əsas borc üzrə ödənişlər.
15. Həmin müqavilənin faiz subsidiyası ilə əlaqədar şərtlərindən görünür ki, Borclu bu müqavilə üzrə hesablanmış faizləri kreditin illik faiz dərəcəsindən Fond tərəfindən ödəniləcək faiz subsidiyası üzrə 7,5% faiz bəndi çıxıldıqdan ödəniş cədvəlinə uyğun olaraq ödəyir (7.1). Fond tərəfindən 28 iyul 2020-ci il tarixli ZM-08/2020 nömrəli Zəmanət məktubu ləğv ediləcəyi təqdirdə (zəmanət verilmiş kreditin restrukturizasiyası və təyinatına uyğun istifadə edilməməsi halları istisna olmaqla), Kreditor kreditin illik faiz dərəcəsini faiz subsidiyası üzrə Fond tərəfindən ödəniləcək 7,5% faiz bəndi həcmində aşağı salır və bununla bağlı tərəflər bu müqaviləyə dəyişikliklər edirlər (7.2). Bu müqavilənin 7.2-ci bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, digər hallarda faiz subsidiyasının ödənilməsi ləğv edildikdə, Fond tərəfindən faiz subsidiyasının ödənilməsi dayandırılan dövr də daxil olmaqla Borclu kredit müqaviləsi üzrə illik faiz dərəcəsinə uyğun olaraq hesablanmış faizləri ödəməyə davam edir (7.3).
16. 07 avqust 2020-ci il tarixli DCS90054752-01 saylı kredit müqaviləsinə əlavə edilən faiz subsidiyasının aylıq və cəmi məbləğini əks etdirən ödəniş cədvəlindən görünür ki, ilk ödəniş tarixi xx.xx.2020-ci il, son ödəniş tarixi xx.xx.2022-ci il tarixi olmaqla ümumilikdə 150 000 manat əsas borc, 14844,46 manat faiz borcu (subsidiya məbləği çıxılmaqla) ödənilməsi nəzərdə tutulmuş, faiz borcu üzrə subsidiya məbləği isə 14844,46 manat razılaşdırılmışdır.
17. İş materiallarında olan iddiaçı (Kreditor qismində) ilə Cavabdeh1 MMC (Borclu qismində) və X11 (Zamin qismində) arasında bağlanmış sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılması üzrə 10 avqust 2020-ci il tarixli DG**********1 saylı zaminlik müqaviləsinin şərtlərindən görünür ki, Zamin Kreditor və Borclu arasında Bakı şəhərində bağlanmış 10 avqust 2020-ci il tarixli DCS90054752-01 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi üçün Borclu tərəfindən bu öhdəlik icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, Kredit müqaviləsi üzrə öhdəliyi tamamilə icra etməsi üzrə məsuliyyəti öz üzərinə götürür (1.1). Kredit müqaviləsi üzrə öhdəlik aşağıdakılardan ibarətdir (1.2): kreditin məbləği 150 000 manat; kredit üzrə illik 15 faiz dərəcəsinə əsasən hesablanan faizlər; kreditin qaytarılma tarixi 24 ay müddətinə xx.xx.2022-ci il tarixinədək (Zaminin əlavə razılığı olmadan, Kreditor ilə Borclu arasında qarşılıqlı razılaşmaya əsasən kreditin ödənilməsi müddəti azaldıla bilər); kredit üzrə kredit müqaviləsinə əlavə olan ödəniş cədvəli ilə müəyyən edilmiş olan ödənişlər (əsas borc və ona hesablanan faizlər kredit müqaviləsində müəyyən edilmiş qaydada ödənilir. Borclu tərəfindən faktiki ödənişlərin məbləği artıq olduqda, növbəti ödənişlərin məbləği kredit müqaviləsinin şərtlərinə müvafiq qaydada azaldıla bilər). Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, Zamin və Borclu Kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (1.3). Zamin Kreditor qarşısında kredit məbləğinin, ona hesablanmış faizlərin, cərimə məbləğinin, borc tutulması üzrə məhkəmə xərclərinin, təminatın sığorta xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Borclu ilə eyni həcmdə məsuliyyət daşıyır (1.4).
18. Məhkəməyə təqdim edilən iddiaçı (Bank qismində) ilə cavabdeh X11 (Zamin qismində) arasında bağlanmış 20 iyul 2020-ci il tarixli DG**********1 nömrəli zaminlik müqaviləsinin şərtlərindən görünür ki, Bank ilə bu müqavilənin 2.3-cü bəndində göstərilən şəxs (“Borcalan”) arasında müqavilənin 2.1-ci bəndində göstərilən kredit müqaviləsi əsasında Borcalana veriləcək müqavilənin 2.2-ci bəndində göstərilən məbləğdə kreditlə əlaqədar olaraq Borcalan Bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək Zamin, Borcalan ilə birlikdə Bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürür (1-ci hissə). Zaminliklə təmin olunan öhdəlik(lər): Borcalana verilən kredit üzrə DCS90054752- 01 saylı kredit müqaviləsi (2.1). Zaminliklə təmin olunan müqavilənin predmeti (öhdəliyin məbləği): illik 15% olmaqla 150 000 manat məbləğində və 24 ay müddətə birdəfəlik kredit (cərimə faizi – illik 30%, gündəlik 0,0833%) (2.2). Borcalan: Cavabdeh1 MMC (2.3). Zamin, Bank qarşısında Borcalanın müqavilənin 2.1-ci bəndində göstərilən öhdəliyi üzrə Banka olan borcları, həmçinin bu öhdəliklə əlaqədar yaranan və yarana biləcək hər cür zərər, komisyon, dəbbə pulu, məhkəmə xərcləri və s. məbləği həcmində məsuliyyət daşıyır (3-cü hissə).
19. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Ölüm haqqında şəhadətnamə”dən görünür ki, X11 xx.xx.2023-cü il tarixdə ölmüşdür.
20. İş materiallarında olan ərizələrdən görünür ki, Cavabdeh2 notariat ofisinə ərizə ilə müraciət edərək mənzildən ibarət mirası qəbul etdiyini bildirmiş, X10 və X7 notariat ofisinə ərizələr ilə müraciət edərək mirasın onlara çatası hissəsindən qardaşları Cavabdeh2 xeyrinə imtina etmişlər.
21. Məhkəməyə təqdim edilən xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, DCS90054752-01 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 MMC-nin iddiaçıya olan əsas borcu 27385,65 manat, faiz borcu isə 1037,26 manat təşkil edir.
22. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1727/2024 nömrəli qərardadı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış 24 iyul 2024-cü il tarixli 9/4153 nömrəli məhkəmə-mühasibatlıq ekspertizası üzrə ekspert rəyindən görünür ki, xx.xx.2020-ci il tarixli DCS90054752-01 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə əsas borc 27385,65 manat, faiz borcu 8226,05 manat təşkil edir.
23. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə Cavabdeh1 MMC arasında 07 avqust 2020-ci il tarixli DCS90054752-01 saylı kredit müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi üçün, qaytarılmaq, faizlər ödəmək və əsas borcun ödənilməsinə 6 ay möhlət verilməsi şərti ilə cavabdehə 150 000 manat məbləğində illik 15% faiz dərəcəsi ilə 24 ay müddətinə kredit verməyi, cavabdeh isə kredit üzrə əsas borcu və ona hesablanmış faizləri (illik faiz dərəcəsindən fond tərəfindən ödəniləcək faiz subsidiyası üzrə 7,5% faiz bəndi çıxıldıqdan ödəniş cədvəlinə uyğun olaraq), o cümlədən mövcud olduğu təqdirdə dəbbə pulunu müqavilədə nəzərdə tutulmuş qaydada iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür.
24. Cavabdeh1 MMC kredit məbləğini təşkil edən 150 000 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu əldə etsə də, pul məbləğini iddiaçıya tam qaytarmamışdır.
25. İddiaçı adıçəkilən 07 avqust 2020-ci il tarixli DCS90054752-01 saylı kredit müqaviləsi üzrə 27385,65 manat əsas borc, 1037,26 manat faiz borcunun cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş edir.
26. Cavabdeh2 iddiaya etiraz edərək zaminlik müqavilələrinə atasının imza etmədiyini, bu səbəbdən də onun zamin kimi məsuliyyət daşımadığını bildirdi.
27. Cavabdeh1 MMC hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına rəğmən iddiaya heç bir etiraz etmir.
28. Məhkəmə adıçəkilən cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
29. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).
30. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.
31. Buna görə də məhkəmə Cavabdeh1 MMC-nin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına və özünün və qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə təqdim edilən bütün sübutlarla real vaxt rejimində tanış olmaq imkanına malik olmasına baxmayaraq baxmayaraq, mülki mühakimə icraatında onlardan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqelərini ifadə etməmələrini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.
32. Məhkəmə kredit müqaviləsi üzrə borcun tutulması tələbinə hüquqi qiymət verilməsi üçün əvvəlcə tərəflər arasında bağlanmış kredit müqaviləsinin hüquqi qüvvəsi məsələsinin müqavilə bağlanarkən qüvvədə olan maddi hüquq normaları əsasında şərh edilməsini zəruri sayır.
33. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən (müqavilə bağlanarkən qüvvədə olan redaksiyası) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
34. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
35. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir.
37. X5 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur.
38. Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir.
39. Hazırkı mübahisə üzrə borc verən pula mülkiyyət hüququnu borc alana keçirmək öhdəliyini icra etsə də, borc alan müqavilə üzrə öhdəliyini icra etməyərək aldıqlarını borc verənə qaytarmaq öhdəliyini icra etməmişdir.
40. Məhkəmə iddiaçının tələbini təşkil edən borcun məbləği (annuitet ödənişlər – əsas məbləğ və hesablanmış faizlər) ilə bağlı qeyd edir ki, borc məbləğinin həcmi müəyyənləşdirilərkən iddia tələbindən kənara çıxmamaq şərtilə məhkəmə-mühasibatlıq ekspertizasının rəyi əsas götürülməlidir. Belə ki, maliyyə arayışında qeyd edilən məbləğlər hər bir halda iddiaçının mövqeyini əks etdirməklə birtərəflidir, lakin məhkəmə ekspertizası təhqiqat, ibtidai istintaq orqanının və ya məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır və həmin tədqiqatın nəticəsində əldə olunan məlumatlar (nə qədər ki mötəbərdir) kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləğlərinin müəyyənləşdirilməsində həlledicidir. Məhkəmə bu nəticəyə gələrkən həmçinin nəzərə alır ki, iddiaçı və ya cavabdehlər ekspert rəyinə etiraz etməmiş, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı vəsatət də verməmişlər.
41. Məhkəmə qeyd edir ki, 24 iyul 2024-cü il tarixli 9/4153 nömrəli ekspert rəyinə əsasən, xx.xx.2020-ci il tarixli DCS90054752-01 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə əsas borc 27385,65 manat, faiz borcu 8226,05 manat təşkil edir.
42. Lakin mülki məhkəmə icraatında “ne ultra petita” prinsipindən irəli gələrək məhkəmənin müstəsna hallar istisna olmaqla iddia tələbindən kənara çıxması mümkün deyildir.
43. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 07 avqust 2020-ci il tarixli DCS90054752-01 saylı kredit müqaviləsi üzrə əsas borc 27385,65 manat və faiz borcu 1037,26 manat müəyyən edilməlidir.
44. Məhkəmə zaminlik müqavilələrin hüquqi qüvvəsi ilə bağlı isə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, ... Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olubolmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir.
46. Məhkəmə tərəfindən Konstitusiya Məhkəməsinin adıçəkilən Qərarında ifadə olunan hüquqi mövqeyə uyğun olaraq, Cavabdeh2 etirazına əsasən, xx.xx.2020-ci il tarixli DG**********1 nömrəli zaminlik müqaviləsinin 1-ci səhifəsinin aşağı hissəsində sağ tərəfdə və 2-ci səhifəsinin “Zamin” qrafasında yerləşən imza və xətt nümunələrinin, xx.xx.2020-ci il tarixli DG**********1 nömrəli zaminlik müqaviləsinin 1-3-cü səhifələrinin aşağı sol tərəfində olan imza nümunəsi və aşağı tərəfində olan xətt nümunəsi (“X11” yazısı), 4-cü səhifəsində “Zamin” qrafasında olan imza və xətt nümunəsinin X11 tərəfindən icra edilibedilməməsinin müəyyənləşdirilməsi məqsədi ilə xx.xx.2024-cü il tarixli e-2-2(113)- 1727/2024 nömrəli qərardadla iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/1666 nömrəli 07 noyabr 2024-cü il tarixli məhkəmə-xətşünaslıq ekspertizası üzrə ekspert rəyinə əsasən, ekspertizaya təqdim edilmiş DG**********1 nömrəli 20 iyul 2020-ci il tarixli İddiaçı ASC və X8 adlarından olan zaminlik müqaviləsinin 1-ci səhifəsinin aşağı sağ tərəfində olan imza və 2-ci səhifəsinin aşağı hissəsində “8. TƏRƏFLƏRİN HÜQUQİ ÜNVANLARİ” bölməsində “Zamin” qrafasındakı imza, DG**********1 nömrəli 10 avqust 2020-ci il tarixli İddiaçı ASC və X8 adlarından olan zaminlik müqaviləsinin 1-3-cü səhifələrinin aşağı hissəsində “X11” yazıları və həmin yazılardan əvvəlki imza, 4-cü səhifənin aşağı hissəsindəki “X11” yazıları və “Zamin” hissəsində “İmza” qrafasındakı imza – X11 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur.
47. Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
48. Həmin Məcəllənin 324.3-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
49. Həmin Məcəllənin 358.1-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır.
50. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
51. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında ifadə olunmuş hüquqi mövqelərə əsasən, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar).
52. Əqdin etibarlı olması (arzu olunan hüquqi nəticəni yaratması) üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə, əqdin məzmununa, əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə və əqdin formasına dair şərtlər. Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarı).
53. Məhkəmə qeyd edir ki, xx.xx.2020-ci il tarixli DG**********1 nömrəli və xx.xx.2020-ci il tarixli DG**********1 nömrəli zaminlik müqavilələri cavabdeh X11 tərəfindən imza edilmədiyindən həmin müqavilələrin əqdin subyekt tərkibi ilə bağlı meyara uyğun olaraq etibarlılığından söhbət gedə bilməz. Həmçinin iddiaçı tərəfindən X6 ölümündən əvvəl həmin müqavilələri bəyənməsi ilə bağlı da hər hansı sübut təqdim edilməmişdir.
54. Digər tərəfdən, iddiaçı həmin rəyin mötəbərliyini şübhə altına almaq üçün ekspert tədqiqatına təqdim edilən sənədlərdə (1) X9 məxsus imzaların xüsusi texniki vasitələrlə icra edildiyinə, (2) həmin sənədlərin uzun müddət əvvəl tərtib edildiyinə və (3) X6 ağır xəstəliyi ilə bağlı yazı vərdişlərini itirə biləcəyinə istinad edir.
55. Məhkəmə qeyd edir ki, 4/1666 nömrəli 07 noyabr 2024-cü il tarixli məhkəməxətşünaslıq ekspertizasının aparılması üçün iş materialları, X9 məxsus pensiya vəsiqəsi, sürücülük vəsiqəsi, pasportun və 13 mart 2020-ci il tarixli tarixli 7E-4815 nömrəli etibarnamənin əslləri, şəxsiyyət vəsiqəsinin və xx.xx.2008-ci il tarixli etibarnamənin surətləri ekspertizaya təqdim edilmişdir.
56. Həmin sənədlərdən pensiya vəsiqəsinə, 13 mart 2020-ci il tarixli 7E-4815 nömrəli etibarnaməyə X11 heç bir xüsusi texniki vasitə ilə deyil, birbaşa qələmlə imza etmişdir. Digər tərəfdən, təqdim edilən etibarnamə də 13 mart 2020-ci il tarixdə verilmiş, başqa sözlə, zaminlik müqavilələrinin bağlanması ilə etibarnamənin tarixləri arasında vaxt dövrü uzun deyildir. Bu səbəbdən X9 məxsus imzaların xüsusi texniki vasitələrlə icra edildiyinə, həmin sənədlərin uzun müddət əvvəl tərtib edildiyinə dair dəlillər əsassızdır.
57. İddiaçının X6 ağır xəstəliyi ilə bağlı yazı vərdişlərini itirə biləcəyinə dair dəlillərinə münasibətdə isə göstərilməlidir ki, iddiaçı, X6 hansı dövrlərdə ağır xəstəlikdən əziyyət çəkdiyi barədə hər hansı sübut təqdim etməmişdir. Ümumiyyətlə, məhkəməyə bu barədə məlumatı Cavabdeh2 “atasının 7 il ağır xəstəlikdən əziyyət çəkdiyi və vəfat etdiyi” şəklində bildirmişdir. Belə olan halda, əgər cavabdehin izahatı həqiqi qəbul edilərsə, ekspert tədqiqatına təqdim edilən 13 mart 2020-ci il tarixli 7E-4815 nömrəli etibarnamə verilərkən artıq X11 ağır xəstəlikdən əziyyət çəkirdi və yazısındakı ehtimal edilən qüsur həmin etibarnamədə də mövcud olmalı idi. Qeyd edilən “qüsur”un əks olunduğu etibarnamə də ekspert baxışına təqdim edildiyindən iddiaçının qeyd edilən kateqoriyadan olan dəlilləri də əsassıdır və 4/1666 nömrəli 07 noyabr 2024-cü il tarixli məhkəməxətşünaslıq ekspertizasının nəticələrini şübhə altına ala bilməz.
58. Belə olan halda, iddiaçının xx.xx.2020-ci il tarixli DG**********1 nömrəli və xx.xx.2020-ci il tarixli DG**********1 nömrəli zaminlik müqavilələrinə və həmin müqavilələr üzrə vəzifələrin vərəsəlik qaydasında ötürüldüyünə istinad edərək Cavabdeh2 07 avqust 2020-ci il tarixli DCS90054752-01 saylı kredit müqaviləsi üzrə pul tələb etməsi əsassız olmuşdur.
59. Qeyd olunanlara əsasən məhkəmə bu qənaətə gəlir ki, 307 avqust 2020-ci il tarixli DCS90054752-01 saylı kredit müqaviləsi üzrə 27385,65 manat əsas, 1037,26 manat faiz borcu Cavabdeh1 MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
b) Kredit müqaviləsi üzrə cərimənin tutulması tələbi ilə bağlı
60. İddiaçı 6498,98 manat cərimə məbləğinin də cavabdehlərdən iddiaçının xeyrinə tutulmasını xahiş edir.
61. Sahibkarlıq subyektləri tərəfindən alınan kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılması üzrə 07 avqust 2020-ci il tarixli DCS90054752-01 saylı kredit müqaviləsinin 4.2-ci bəndinə əsasən, borclu ödəniş cədvəli üzrə ödənişləri (bu müqavilənin 7-ci hissəsi nəzərə alınmaqla) vaxtında icra etmədikdə, hər gecikdirilən gün üçün kredit üzrə əsas borcun gecikdirilmiş hissəsinə görə kredit üzrə illik faiz dərəcəsi həcmində dəbbə pulu ödəməlidir.
62. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
63. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
64. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).
65. İş materialları ilə müəyyən olunur ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlə ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır. Həmçinin məhkəmə nəzərə alır ki, cavabdeh pul məbləğini qaytarmadığı, 07 avqust 2020-ci il tarixli DCS90054752-01 saylı kredit müqaviləsi üzrə sonuncu ödənişi xx.xx.2022-ci il tarixdə (ekspert rəyinə əsasən) həyata keçirdiyi halda, iddiaçı da uzun müddət iddia ilə məhkəməyə müraciət etməmiş, dəbbə pulunun artmasına rəvac vermişdir.
66. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, iddiaçının tələb etdiyi cərimə məbləğinin 1400 manat müəyyən edilməsi ağlabatan və ədalətlidir.
67. Beləliklə məhkəmə bu qənaətə gəlir ki, cərimə olaraq 1400 manat pul Cavabdeh1 MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
c) Məhkəmə xərcləri ilə bağlı
68. İddiaçı dövlət rüsumunun da cavabdehlərdən tutulmasını xahiş edir.
69. İddia ərizəsinə əlavə edilmiş 24 avqust 2023-cü il tarixli MŞB/9/2023-01279 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, mediasiya xərci olaraq 400 manat iddiaçı tərəfindən ödənilmişdir.
70. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, mediasiya prosesinə dair xərclərə daxildir: mediatora və ya mediasiya təşkilatına ödənilən haqq, o cümlədən mübahisə mediasiya vasitəsilə müsbət həll olunduqda mediatora və ya mediasiya təşkilatına ödənilən mükafat (36.1.1); mediasiyanın keçirilməsi ilə əlaqədar mediatorun və ya mediasiya təşkilatının çəkdiyi xərclər, o cümlədən mübahisənin baxıldığı yerə getmək üçün yol, yaşayış və yemək xərcləri (36.1.2).
71. Həmin Qanunun 36.5-ci maddəsinə əsasən, “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
72. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyası ilə bağlı müraciət olunarkən (2023-cü ilin iyun-avqust ayı) Mülki Prosessual Məcəllənin 4.6-cı maddəsinin tələbinə əsasən ilkin mediasiya sessiyasında iştirak qanunun tələbi olmuşdur.
73. Cavabdeh1 MMC mediasiya sessiyasında iştirak etmədiyindən və iştirak etməsinin səbəbləri və ya mümkünsüzlüyünün üzrlü olması barədə məlumat vermədiyindən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə uyğun olaraq bütün mediasiya xərcləri cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir.
74. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişlərindən görünür ki, 24 iyul 2024-cü il tarixli 9/4153 nömrəli ekspertiza üzrə aparılmış tədqiqatın dəyəri 100 manat, 07 noyabr 2024-cü il tarixli 4/1666 nömrəli ekspertiza üzrə aparılmış tədqiqatın dəyəri 110 manat təşkil edir.
75. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
76. Həmin Məcəllənin 115.0 və 115.0.9-cu maddələrinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir.
77. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
78. Həmin Məcəllənin 119.3-cü maddəsinə əsasən, iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər.
79. Məhkəmə hesab edir ki, zaminlik müqavilələri üzrə həyata keçirilmiş ekspertiza nəticəsində həmin müqavilələrə zamin tərəfindən imza edilmədiyi müəyyən edildiyindən həmin ekspertizanın xərci olaraq 110 manat iddiaçıdan, Cavabdeh1 MMC borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar müvafiq qaydada xəbərdarlıq olunması və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl onunıa mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atıldığı, lakin Cavabdeh1 MMCnin tələb üzrə heç bir addım atmadığı nəzərə alındığında məhkəmə-mühasibatlıq ekspertizasının xərci olaraq 100 manat Cavabdeh1 MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir.
V. Nəticə:
80. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli DCS90054752-01 saylı kredit müqaviləsi (maliyyələşdirmə üçün ərizə) üzrə 27385,65 manat əsas borc, 1037,26 manat faiz borcu, 1400 manat cərimə olmaqla ümumilikdə 29822,91 manat məbləğində pul Cavabdeh1 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Mediasiya prrosesinə çəkilmiş xərcin əvvəzi olaraq 400 manat Cavabdeh1 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ekspertiza xərci olaraq 100 manat pul Cavabdeh1, 110 manat pul İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X3, 210005, VÖEN – **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN – **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova